Azərbaycan Səfəvilər dövlətində idarəetmə
sistemi
4-cü yazı
XVII yüzilliyin
ortalarında dövlətin xarici aləmlə
qarşılıqlı iqtisadi əlaqələri daha da
genişləndiyinə görə, Tavernyenin şəxsi
müşahidələri əsasında yazdığı
kimi, vilayətlərin ərazisindən keçən karvan
yollarının təhlükəsizlik tədbirləri
gücləndirilmiş, yolboyu müəyyən məsafələrdə
qarovulçu məntəqələri
yaradılmışdı. Bu qarovulçular
ayıq-sayıq adamlar olub, oğurluğa imkan vermir və
şübhəli şəxslərlə rastlaşdıqda
onları tutur vilayətin hakiminin yanına aparır və
sorğu-sualla kimlikləri dərhal
aydınlaşdırılırdı. Cemelli Karerinin
yazdığına görə, XVII yüzilliyin 90-cı illərində
karvan yollarında yolçu çox olduğu
üçün yolkəsənlərə, oğurlara az təsadüf edilirdi. Ancaq hər
hansı vilayətin ərazisindən keçən karvan
yolunda oğurluq hadisəsi baş verdikdə, həmin yerin xanı
qırx gün ərzində oğrunu tapmalı və zərər
çəkənin malını qaytarmalı idi. Oğru tapılmadıqda xan zərəri öz
şəxsi əmlakı hesabına ödəyirdi. Ona görə ki, xanlar onların ərazisində
baş vermiş belə hadisənin Şaha çatmasından
ehtiyat edirdilər. Elə buna görə də,
çox vaxt oğurlanmış malın dəyərini bəri
başdan zərər çəkənə ödədikdən
sonra təhqiqata başlayırdılar. Yollarda
oğurluq hadisəsi baş verdikdə tacirə dəyən zərərin
miqdarı onun andı və xüsusi qeyd dəftəri əsasında
müəyyən edilirdi. Xanlar Şardenin
yazdığı kimi, hakimlik etdikləri vilayətlərdə
kiçik padşahlar olub, onların da Şah kimi, sarayı və
mühasibat divanı vardı. Ancaq onların
arasındakı fərq xanın eli və
gəlirinin Şahın idarə etdiyi ölkənin əhalisindən
və gəlirindən çox az olmasında idi. Vilayətdə xandan sonra başqa hakimlər də
vardı ki, onlar xana tabe idilər. Onlar
vilayət tərkibindəki mahalların hakimi olub, vəzifəyə
Şah tərəfindən təyin edilir və yalnız
Şahın əmri ilə vəzifədən azad olunurdular.
Bu hakimlər silkinə sultan deyirlər. Onlar işlərində nöqsana yol versələr
və bu dövlət, hökumət işi ilə
bağlı olsa, xan dərhal Şaha hesabat verir və hadisə
barədə Şahın əmrini gözləyirdi. Və əgər təqsir intizamla əlaqədar
olsa, xan özü bu məsələni həll edib onları
yerində otuzdururdu. Bir qism
üçüncü dərəcəli hakimlər də
vardı ki, onlar Asəf (ağıllı müşavir)
adlanırdılar. Onlar vilayətlərdə
padşahın naibləri idilər.
Vilayət hakimlərinin də
qulluqçuları, məmurları vardı. Xanların
sarayı təxminən Şah sarayı
böyüklüyündə olub, əyalətlərin gəliri
əsasən yerlərdəki məmurlara sərf edilir,
yalnız müəyyən miqdarı saraya göndərilirdi.
Elə buna görə də, Şah vilayətlərdəki
artıq xərclərə qənaət edərək bu hesaba
dövlət mədaxilini artırmaq üçün vilayətlərin
bəzisində xanlıq məqamını ləğv edib,
onların yerinə «Asəf» təyin etdi. Şah
Abbasın nəvəsi Şah Səfi birinci şəxs idi ki,
bu fikrə düşmüşdü. O, öz xəzinəsini
doldurmaq üçün bəzi xanlıqları vəqf əmlakı
etmişdi. Bu işə xanları içərisində
ən qüdrətlisi olan Fars vilayətinin hakimi İmamqulu
xandan başlamışdı. I Şah
Abbas, xüsusilə I Şah Səfi dövründə həyata
keçirilən aqrar siyasət əsnasında
ayrı-ayrı şəhərlər, mahallar, hətta Xorasan
kimi bütöv vilayətlər xassə əmlakına
çevrilmişdi. Yeni aqrar siyasətlə
Səfəvi Şahları xəzinənin gəlir
qaynağını artırmaq məqsədini
güdürdülər ki, bu kiçik bir zaman kəsiyində
uğur gətirsə də, çox keçmədi ki,
dövlətçiliyin də böhranına səbəb
oldu. Vilayət daxilində olan mahallar ulka
verildikdə, ulka hakimi bəylərbəyiyə tabe olduğu
halda, xassə əmlakı olan mahalların
başçıları, yəni darğa, vəzir birbaşa
Şaha tabe olub, vilayət bəylərbəyi ilə
hesablaşmırdılar. Bəylərbəyi
yalnız vilayət ərazisində tiyul, soyurqal verilmiş
yerlərə nəzarət edirdi.
Yarımköçəri
tayfalara dolanışıq üçün irsən bəxş
olunmuş torpaqlar faktiki olaraq onların irsi
başçılarının (mir-i el) hakimiyyəti
altında olurdu. Belə torpaqlar bir qayda olaraq yaylaq və
qışlaqlarla yanaşı, əkin yeri, bağ,
üzüm sahələrindən, yəni oturaq əkinçilərin
də yaşadıqları mahallardan ibarət idi. Ancaq tayfalara verilən bu torpaqlar, şəxsən
tayfa əmirlərinə verilən tiyul və soyurqallardan əlbəttə
ki, fərqləndirilməli idi. Tayfa
başçısı (mir-i el) yalnız öz
tayfalarını idarə etmirdi və o çox hallarda Şah
tərəfindən onlara dolanışıq üçün
verilmiş mahalın irsi sahibkarı olurdu. Şahın tayfa başçısına
dolanışıq üçün bəxş etdiyi torpaqlar
yurt (monq), ocaqlıq (türk), ca – o – məqam (fars-ərəb)
adlanırdı. Tayfa
başçılarına dolanışıq və idarə
üçün torpaq bəxş etdikdə, onlar bunun
müqabilində lazım olanda Şahın xidmətinə
müəyyən sayda qoşun göndərməli idilər.
Yarımköçəri tayfaların
«yurtlarına» rəiyyətin torpaqlarından başqa,
dağlarda (yaylaq) və düzənlərdə
(qışlaq) onlara verilən örüşlər də
daxil idi. Bu torpaqlar formal olaraq tayfalara verilsə
də, faktiki olaraq tayfa başçılarının sərəncamında
idi. Ancaq əmirlər həmin
torpağı sata, yaxud öz şəxsi mülkiyyətlərinə
çevirə bilməzdilər. Şah tərəfindən
şəxsən əmirə, yaxud tayfaya müəyyən məqsəd
və xüsusi şərtlərlə bəxş olunan ərazi
türk dilindəki «ulka» termini ilə ifadə olunur və Azərbaycan
türkcəsində isə «ölkə» kimi tələffüz
edilir. Səfəvilər dövründə ulka
ümumi termin olmaqla müxtəlif şərtlə müvəqqəti
(xidmət dövründə), yaxud ömürlük verilən
tiyulu, irsi sahibkarlıq və tam vergi immuniteti (maaf) hüquqi
ilə verilən soryurqalı, nəhayət, vergi immuniteti
olmadan idarə üçün verilən ərazini göstərir.
Axırıncı halda ulka
sahibi hakim - yerli hökumət adlanır. Dolanışıq
və idarə üçün müəyyən əmirə
tayfa başçısı kimi verilən ərazi də ulka
adlanırdı. O bu halda otlaqları tayfa əsilzadələri
arasında bölməkdə tam sərbəst olurdu. Eyni zamanda tayfa əmirinin ailəsi ulkanın irsi
sahibi olurdu. Ancaq burada irsiliyin bir xətlə
davam etməsi o qədər də vacib deyildi. Lakin Şah tərəfindən onların bu
hüququ fərmanla təsdiq olunmalı idi. Belə tiyullarda tiyuldar vergi yığmaqda sərbəst
olub, ölüm cəzası istisna olmaqla onların rəiyyət
üzərində çox geniş ağalıq
hüquqları vardı. Hətta bu cür
tiyullar Şahın müvafiq xidmətçilərinin nəzarətindən
getdikcə uzaqlaşır, onlar tiyullara öz şəxsi əmlakları
kimi baxırdılar. Bu dövrdə «yurt»,
«ocaqlıq», «ölkə» tiyuldan faktiki olaraq fərqlənmirdi.
Əslində tiyul kimi, ölkə də xidmət
müqabilində verilirdi.
XVII yüzillikdə divan ərazisi
hesabına tiyulların sayı artır və əraziləri
də getdikcə genişlənirdi. Ancaq ölkənin
verilməsi şərtindən asılı olmayaraq onlar divan ərazisi
hesab olunurdular. Mənbələrdəki materialları nəzərdən
keçirdikdə aydın olur ki, ulka ayrı-ayrı əmirlərə,
müvəqqəti, yaxud daimi olaraq onun məişət və
güzəranı, dolanışığı
üçün, həm də dövlətə işləyib,
az miqdarda qoşun saxlaması şərtilə
verilirdi.
"Zeyl-i tarix-i alamaray-i
Abbasi" də qeyd edilir ki, Marağa I Şah Abbas tərəfindən
Müqəddəm obasına iqta hüququ ilə verilmiş və
bu oymağın əsgəri xidmətdə bacarıqları,
müharibədəki igidlikləri nəzərə
alınaraq çobanbəyi və digər divan vergilərindən
azad edilmişdilər. Burada iqta əslində
dolanışıq və idarə statusu ilə bəxş
edilən ulka mənasını ifadə edir. Mənbənin verdiyi məlumatlardan da aydın olur
ki, Ağa xan XVI əsrin əvvəllərində Müqəddəm
obasının əmiri olmaqla bərabər Marağanın da
hakimi idi. Ağa xan vəfat etdikdə
Marağa hakimliyi böyük oğlu Qazi sultana verildi və o,
Ağa xan sani adlandırıldı. Faruk
Sümər bir çox Türk elləri, obaları kimi
Müqəddəm oymağının da Şərqi Anadoludan
Ərzurum-Pasin arasından köç edib Marağada yerləşdiyini
yazır. Ancaq dövrün bir çox mənbələrində,
o cümlədən "Zeyl-i tarixi alamaray-i Abbasi"də də
Müqəddimin Qarabağ vilayətindəki Otuziki elinin
obası olduğu və Qarabağdan Marağaya
köçdükləri qeyd edilir. Məsələyə
tarixi gerçəklikdən yanaşdıqda
görürük ki, XVI-XVII əsrlərdə Xəzərlə
Kayseri, Sivas arasında məskun olan Türkmən el və
obalarının bu doğma yurd yerlərində bir bölgədən
başqasına miqrasiyası təbii və qeyri-təbii hadisələrlə
bağlı olmuş, Batıdan Doğuya və Doğudan da
Batıya köçlər olmuşdu.
Səfəvilər dövründə ayrı-ayrı vilayətlərin tərkibindəki bəzi mahallar kimi müqəddəs ocaq olan Ərdəbil xüsusi statusa malik olub, ərazi baxımından Azərbaycan vilayətinə daxil olsa da, oranın bəylərbəyiliyinə tabe deyildi. Ərdəbil mahalının hakimi Şeyx Səfi məzarı vəqfinin qəyyumu olmaqla İsfahan sarayı tərəfindən təyin olunur və birbaşa ora tabe olurdu. Bu deyilənlərə onu da əlavə etmək lazımdır ki, Şeyx Səfi məqbərəsinə görə Ərdəbil vəqf olsa da, bəzən bura xassə əmlakı tərkibinə daxil edilmiş, oraya hakim deyil, mütəvəlli ilə yanaşı, vəzir-i xassə və darğa da təyin edilmişdi.
Mənbələrdə mütəvəllinin həmin şəhər və onun ətraf bölgələrinin vəziri olması hallarına da təsadüf edilir. Ərdəbil vəqfləri də şəriət ehkamları əsasında tərtib olunmuş vəqfnamə əsasında Şahın təyin etdiyi mütəvəlli adlı məmur tərəfindən idarə olunurdu. Məqbərədə mütəvəllinin başçılığı altında mükəmməl idarə orqanı fəaliyyət göstərirdi. Burada vəqf əmlakı hesabına maliyyələşdirilən xidmətçilər işləyir və gündəlik nəzirləri qeydiyyata alan müşriflər isə mütəvəllinin nəzarəti altında çalışan maliyyə orqanının məmurları idilər. Məzarın idarə aparatında onun təsərrüfatını idarə edən başqa məmurlar, din xadimləri, gözətçilər, aşbazlar da fəaliyyət göstərirdilər. Ərdəbil xassə olduğu vaxtlar bura əsasən şahzadələr hakim təyin olunurdu. Məsələn, Sam Mirzə 12 ildən artıq Ərdəbil hakimi olmuşdu. Bəzən isə Sərab ilə Ərdəbilə bir nəfər hökmranlıq edirdi. Məsələn, İsgəndər bəy Münşi H.1037-ci (1616-1617) il hadisələrindən danışarkən Şikari Sultanın Ərdəbil və Sərab hakimi olduğunu yazıb. "Zeyl-i tarix-i alamara-yi Abbasi"də isə h.1048-ci ildə darülirşad Ərdəbilin hakimi Kəlbəli xanın vəfatı və Zülqədər elinin Söklən obasından Nəzərəli bəyin bura hakim təyin edildiyi göstərilir. Şah Təhmasibin hakimiyyətinin ilk illərində Məsum bəy Səfəvi ibn Xacə Əhməd ibn Xacə Məhəmməd ibn Sultan Şeyx Cüneyd neçə il Ərdəbilin mütəvəllisi olmuşdu. Mirzə Məhəmməd Kirmani də Şah Təhmasib dövründə bir müddət Ərdəbil dar ül-irşadının mütəvəllisi vəzifəsində işləmişdi. Sultan Məhəmməd hakimiyyətə keçdikdə Ərdəbil mütəvəllisi Əmir Əbdülvəli İncu idi. O, h.987-ci (1579-80) ildə tutduğu vəzifədən azad edilmiş və qoşun qazısı təyin olunmuşdu.
Zabil Bayramlı
tarix üzrə elmlər doktoru,
professor
Xalq cəbhəsi.-
2017.- 19 yanvar.- S.14.