Dövlət quruculuğunda azərbaycançılıq
ideologiyasının rolu
Azərbaycan tarixən müxtəlif
millətlərin dinc yanaşı yaşadığı, milli
və dini tolerantlığın bərqərar olduğu
ölkə olub. Burada hər bir xalqın və millətin
nümayəndəsinə bərabər münasibət
göstərilib. Ona görə Azərbaycan vətəndaşı
sayılan hər kəs azərbaycançılıq
ideyası ətrafında birləşib. Azərbaycan
xalqının adət-ənənələrini, milli-mənəvi
dəyərlərini birləşdirən baxışlar
sistemi kimi azərbaycançılıq ideyası bu gün də
mövcuddur. Bu ideya ictimai-siyasi proseslərə,
konstitusiya sisteminə, xüsusilə dövlət
quruculuğuna öz müsbət təsirini göstərir.
Millət vəkili
Rövşən Rzayevin fikrincə, azərbaycançılıq
termini ictimai elmlər dövriyyəsində nisbətən
yeni yaranan anlayışdır. Bununla belə, son illər
alim və tədqiqatçılar, ictimai xadim və yazarlar tərəfindən
bu mövzuda bir sıra dəyərli məqalələr,
monoqrafiya və dərsliklər yazılmış, azərbaycançılığın
əsasları, mahiyyəti və konseptual tərəfləri
şərh edilmişdir. Azərbaycançılıq
ideyası Azərbaycanın müstəqilliyini qorumaq,
demokratik inkişafı təmin etməklə bərabər,
davakar millətçilik və şovinizmə qarşı təşəkkül
tapmış ideologiyadır. Azərbaycançılıq
ideyasının kökündə millətçilik yox, vətəndaşlıq
dəyəri dayanıb. Bu ideyanın məqsədi
çoxmillətli Azərbaycan xalqının birləşməsi
və demokratik yolla inkişaf etməsinə zəmin yaradan dəyərlər
sistemini formalaşdırmaqdır.
Çoxmillətli Azərbaycan
xalqını birləşdirən azərbaycançılıq
ideyası müstəqilliyin qorunmasına, demokratik inkişafa
və hüquqi, sosial dövlətin qurulmasına xidmət
edir. Azərbaycançılıq Azərbaycanın ərazisində
yaşayan xalqın həmrəyliyi ilə məhdudlaşmır.
Bu ideologiya davakar millətçiliyi inkar etməklə
bərabər, Azərbaycanın müstəqilliyini arzulayan,
onun güclənməsini istəyən insanları birləşdirir.
Professor Nizaməddin Şəmsizadə qeyd edir
ki, “Azərbaycançılıq coğrafi anlayış
deyil, o daha çox siyasi anlayışdır”. Azərbaycançılıq
ideologiyası Azərbaycan cəmiyyətində milli birliyi və
ümumxalq münasibətlərini qorumaq, millətin və
onun dövlətinin mövqeyini izah, təsdiq və inkişaf
etdirmək məqsədini daşıyır: “Beləliklə,
azərbaycançılıq milli-mənəvi
varlığının ilkin əlamətlərini, xalqın
kimliyini əks etdirən, milli təfəkkürünü
birləşdirən dəyərlər sistemidir. Bu dəyərləri cəmləşdirən dil, ərazi,
vətəndaşlıq, adət-ənənə və
ideoloji birlik azərbaycançılıq ideologiyasının
əhatə dairəsini sərhədsiz edir. Azərbaycandan kənarda yaşayan
soydaşlarımızla yanaşı, milliyyətindən
asılı olmayaraq Azərbaycanın müstəqilliyini,
birliyini və hüquqi, demokratik dövlət kimi
inkişafını arzulayan hər bir kəs azərbaycançılıq
ideologiyasının daşıyıcısıdır”.
Azərbaycançılıq
məfhumunun təhlil etmək, onun mahiyyətini dərk etmək,
tərkib elementlərini səciyyələndirmək metodoloji
cəhətdən çətindir. Bu da təbiidir. Çünki ictimai elmlərdə əksər
kateqoriya və anlayışların dəqiq çərçivələrini
aşkar etmək çətindir. Neotomizmin
yaradıcısı, fransız filosofu J.Mariten qeyd edirdi ki,
“müasir tarixin faciəsi əsas anlayışların
sistematik ümumiləşdirməsindədir”.
İslam nəzəriyyəçiləri
də etiraf edirlər ki, İslam dinində əsas
anlayışlar fərqli şərh olunurlar, lakin ümumi fəlsəfə
kimi təqdim edilir. İctimai elmlərin əsas vəzifəsi
sosial reallıq haqqında sistemləşmiş bilik
yaratmaqdır. Avstriyalı sosioloq A.Şyus
nəzəriyyəsində göstərir ki, “ictimai elmlərdə
bir anlayışa vahid yanaşma yoxdur, bu tədqiqatlarda ən
əsası elmi məntiqdən çıxış edərkən
obyektivliyə doğru getməkdir”. Ona
görə azərbaycançılığın mahiyyətinin
açıqlanmasında vahid yanaşma olmasa da, elmi məntiqə
əsaslanaraq onun tərkib elementlərini müəyyənləşdirməyə
cəhd etmək olar.
Hər bir halda politoloji,
sosioloji, hətta etimoloji cəhətdən azərbaycançılıq
termininə müxtəlif yanaşmalar mövcud olsa da, onun əsas
fəlsəfəsi dəyişməzdir. Azərbaycançılıq
– özündə “vətəndaşlıq”, “vətənpərvərlik”,
“loyallıq”, habelə cəmiyyət və dövlət
qarşısında vətəndaşın məsuliyyətini
birləşdirir. Beləliklə, Azərbaycançılıq
milli dövlət ideologiyası kimi Konstitusiya əsaslarına
söykənən, insanlarda vətəndaşlıq, vətənpərvərlik,
loyallıq və vətəndaş məsuliyyətini
formalaşdıran, Azərbaycanın müstəqilliyinə,
onun hüquqi və demokratik dövlət kimi inkişafına
və milli təhlükəsizliyinin qorunmasına xidmət edən
dəyərlər sistemidir.
R.Rzayev onu da qeyd edir ki, Azərbaycançılıq
ideologiyası geniş əhatə dairəsi ilə
yanaşı, konkret məqsədlər də güdür. Bu ideologiya Azərbaycanda
azad vətəndaş cəmiyyətinin inkişafına və
güclü dövlət quruculuğuna xidmət edir. Azərbaycanda insanların düşüncələrində
azərbaycançılıq ideologiyasının
formalaşması, onların fəaliyyətlərində bu
ideoloji dəyərlərin rəhbər tutulması konstitusiya
quruluşunun əsaslarının sabitliyinə də zəmin
yaradır. Digər tərəfdən, bu
ideologiyanın mövcudluğu Azərbaycanda yaranmış
sosial birliyi kənardan qiymətləndirməyə imkan verir.
Azərbaycançılıq
nisbətən yeni ideologiya olsa da, uzun müddət hüquqi
dövlət və demokratik rejimin formalaşmasında rol
oynayan, azad xalqları birləşdirən, hüquq elmində
kifayət qədər təhlil olunan konstitusionalizmin elementlərini
cəmləşdirir. Konstitusionalizmin əsas elementlərinə bunları aid
etmək olar: demokratik və hüquqi rejim, insan
hüquqlarının aliliyi, hakimiyyət bölgüsü,
konstitusiya nəzarəti, yerli özünüidarə və
s. Təbiidir ki, konstitusionalizm ideologiyasının hakimiyyət
strukturunda, vətəndaş cəmiyyəti institutlarında
dərk edilməsi konstitusiya münasibətlərinin sabit
inkişafı ilə bağlıdır. Konstitusionalizmin
çox lakonik və əhatəli tərifini macar professoru A.Şayo
vermişdir: “konstitusionalizm – ictimai sabitlik məqsədi ilə
hakimiyyətin məhdudlaşdırılması prosesidir”.
Bu ideologiyanın əsas məqsədi
hakimiyyətin şəffaf və effektiv hüquq çərçivəsində
idarəçiliyini təmin etməkdir. Ona görə
hüquqi cəmiyyətdə konstitusionalizmin mahiyyəti və
Əsas Qanunun fəlsəfəsi aydın təsəvvür
olunmalıdır. Cəmiyyətin hər
bir üzvü, xüsusilə dövlət
qulluqçuları konstitusionalizmin məqsəd və vəzifələrini
dərk edərək onları gündəlik fəaliyyətində
rəhbər tutmalıdır. Belə olan halda hakimiyyət
sistemi, dövlət idarəçiliyi institutları
Konstitusiya əsasında sabit fəaliyyət göstərir və
cəmiyyətdə ali dəyər olan
insan hüquqlarının təminatına real imkan
yaradırlar.
Azrərbaycançılığın
və konstitusionalizmin məqsədlərində böyük
oxşarlıq var. Hər ikisi ideoloji funksiyalarına görə
fərdlə dövlət arasında ədalətli bərabərhüquqlu
münasibətlər və dəyərlər sistemi
yaradır, habelə demokratik və hüquqi dövlətdə
idarəçiliyin effektiv təşkilinə xidmət edir. Azrərbaycançılıqla
konstitusionalizmin oxşarlığını
aşağıdakı fikirlə ifadə etmək olar: azərbaycançılıq
ideologiyası hüquqi və demokratik Azərbaycan dövlətini
möhkəmləndirməyə, müstəqil Azərbaycanı
sivilizasiyalı dövlətlər sırasına
çıxarmağa xidmət edir.
Konstitusionalizm də dövlət
quruculuğunda analoji məqsədləri güdür. Bu iki
ideologiyaların fərqli xüsusiyyətləri də var. Təsir
etdikləri obyektlərin predmeti eyni olsa da, öz əhatə
dairəsinə görə konstitusionalizm qlobal xarakter, azərbaycanşılıq
isə konkret bir xalqı birləşdirən lokal xarakter
daşıyır. Azərbaycançılığı
neokonservatizmlə də müqayisə edirlər. Neokonservativizm nisbətən yeni ideoloji cərəyandır
və Qərbin sivil dəyərlərini təbliğ edir.
Neokonservativizmin banisi Leo Ştraus olsa da bu
nəzəriyyənin müasir əsasları ətraflı
şəkildə Vilyam Kristal və Robert Kaqan tərəfindən
1996-cı ildə şərh edilmişdir.
Neokonservativizmin tərəfdarları
hesab edirlər ki, demokratiyanı, bazar iqtisadiyyatını və
söz azadlığını cəmiyyətə imperativ
şəkildə çatdırmaq lazımdır. Azərbaycançılıq
sivil cəmiyyət quruluşunu inkar etmir, əksinə, bunun
üçün dəyərlər sistemini yaradır. Beləliklə, azərbaycançılığın
müəyyən hallarda neokonservativizm xarakterli imperativ
olması, digər hallarda isə qloballaşma baxımından
konstitusionalizmin vahid dəyərlər sisteminə
inteqrasiyası vacibdir.
Hər bir xalq inkişafa
doğru gedir.
Bu inkişaf vahid prinsiplərə əsaslanır.
Düzdür, sivilizasiya baxımından
xalqların inkişaf yolları bir qədər fərqlidir.
Məsələn, Şərq
sivilizasiyasının adət-ənənələri Qərb
sivilizasiyasının dəyərlərindən fərqlidir.
Lakin insanlar universal dəyərlərin
daşıyıcılarıdırlar. Hər bir kəs
arzulayır ki, o yaşadığı cəmiyyətdə
hüquqi bərabərlik, hakimiyyətin ədalətliyi, azad
bazar iqtisadiyyatı, söz və vicdan azadlığı,
işgəncələrə məruz qalmamaq, şəxsi
toxunulmazlıq, ədalət mühakiməsi və s. təmin
olunsun. Bu dəyərlər insan hüquqları
üzrə beynəlxalq standartlarda universallaşıb. Onların təminatı üçün demokratik
rejim və hüquqi dövlət quruculuğu tələb
olunur.
Hərçənd müəyyən
tarixi zaman və şəraitdə hətta Avropada
demokratiyanın tənqidçiləri, bu idarəçilik
rejiminin mənfi fəsadlarını müşahidə edənlər
olub. Məsələn, Uunston Çörçill II
Dünya müharibəsindən sonra
çıxışların birində qeyd etmişdir ki,
“Demokratiya – idarəetmə formasının ən pisidir, ancaq
digər formalar ondan da pisdir”. Zaman göstərdi
ki, demokratik rejim və hüquqi dövlət xalqların
rifahının artmasına, qlobal konstitusionalizm ideyası isə
ədalətli cəmiyyət quruluşuna aparan inkişaf
yoludur. Ona görə Azərbaycanda
dövlət quruculuğu prosesində konstitusionalizm, azərbaycançılıq
ideologiyalarının dəyərləri üstün tutulur.
Millət vəkili onu da
vurğulayıb ki, müasir dövrdə qloballaşmanın
bir sıra inkişaf göstəriciləri milli mənsubluğa
təsir göstərir. Qloballaşan dünyada bəzən vətənpərvərlik
hissi daha çox vətəndaşlıq, loyallıq və
tolerantlıq hissləri ilə əvəz olunur. Müəyyən
hallarda isə sənayeləşmə, demokratikləşmə,
məlumat mübadiləsi dairəsinin genişlənməsi və
s. qloballaşma prosesləri etno-milli mənsubiyyətə təsir
edərək münaqişələrə də səbəb
olur. Bunu nəzərə alan bır
sıra təhlilçilər qloballaşmanın milli
ideologiya ilə ziddiyyət təşkil etdiyini önə
çəkir, onları antaqonist dəyərlər sistemi kimi
xarakterizə edirlər. Məhz ona görə
çağdaş zamanda milli ideologiya ilə ümumbəşəri
dəyərlərin ahənginə nail olmaq, qloballaşma
prosesinə öz milli-mənəvi irsi ilə qoşulmaq hər
bir xalq üçün böyük önəm
daşıyır. Azərbaycançılıq
ideyası bu çağırışlara cavab verir, milli mənsubluğun
müdafiəsi ilə yanaşı, ümumbəşəri dəyərləri
də özündə ehtiva edir.
(Davamı var)
Cavid
Xalq cəbhəsi.-
2017.- 18 yanvar.- S.13.