Azərbaycançılıq
ideologiyası birgəyaşayışda stimul kimi
Qədim dövrlərdən
başlayaraq bu günümüzə kimi Azərbaycan
xalqının gözəl adət-ənənələrini,
milli-mənəvi dəyərlərini, etnik psixoloji
xüsusiyyətlərini özündə yaşadan və birləşdirən
bir baxışlar sistemi kimi azərbaycançılıq
ideologiyası yaranmış və formalaşmışdır. Azərbaycançılıq
ideologiyasında vahid polietnik millətin Azərbaycan dövlətçiliyinin
yaradılmasına dair maraqlarının ümumiliyi,
demokratiyanın, sərbəst iqtisadiyyatın, sosial həyat
şəraitinin inkişafı uğrunda mübarizəsinin məqsədləri
öz əksini tapmışdır. İdeologiya
kimi azərbaycançılıq müstəqil Azərbaycanın
fəlsəfi-sosial doktrinasının sosiomədəni və
etnik-geosiyasi cəhətlərini özündə birləşdirmişdir.
O, qarşılıqlı dəstək, əməkdaşlıq
və bərabərliyin mühüm əsasını təşkil
edir.
Azərbaycançılıq
iki təməl ideyanı - "dövlətçilik" və
"vətənpərvərliyi" özündə birləşdirir. Məlumdur ki,
müstəqilliyimizin ilk illərində Azərbaycanın
düşdüyü dərin böhran təkcə Ermənistanın
ölkəmizə qarşı hərbi təcavüzü,
Qarabağdakı aqressiv erməni
separatçılığı ilə bağlı deyildi.
Həmin dövrdə bütövlükdə
respublikada milli-etnik ixtilaf, bölücülük
tendensiyası cücərməkdə idi və bu,
ayrı-ayrı bölgələrdə özünü
göstərirdi.
Azərbaycançılığın
əsasları kimi söhbət təkcə milli dildən,
dindən, adət-ənənədən, mədəni-mənəvi
dəyərlərdən, habelə bu dəyərlərin rəsmi
dövlət fərmanları ilə təsbit olunmasından
getmir. Bu milli
sərvətlərin ayrı-ayrılıqda öyrənilməsi,
dəyərləndirilməsi, sadəcə qorunub saxlanması
azdı, bu dəyərlər ictimai miqyasda, Vətən
miqyasında məhz dinamik bir proses kimi saxlanılmalı və
inkişaf etdirilməlidir. Vahid polietnik millətin
Azərbaycan dövlətçiliyinin yaradılmasına dair
maraqlarının ümumiliyi, demokratiyanın, sərbəst
iqtisadiyyatın, sosial həyat şəraitinin inkişafı
uğrunda mübarizəsinin məqsədləri məhz azərbaycançılıq
ideologiyasında real təcəssümünü tapır.
Bu mənada, azərbaycançılıq milli
olduğu qədər də bəşəri, universal səciyyə
daşıyır. Onun ən müsbət
məziyyətləri sırasında tolerantlıq komponentini
xüsusi qeyd etmək lazım gəlir. Azərbaycançılıq
dilindən, millətindən, irqindən, sosial mənsubiyyətindən
asılı olmayaraq bütün ölkə vətəndaşlarını
ümumi Vətən naminə həmrəyliyə dəvət
edir. Milli-dini mənsubiyyətindən
asılı olmayaraq, hər bir vətəndaşın bu
torpaq üçün milli yiyəlik hissini yaşaması isə
tolerantlığın bariz təzahürüdür.
Əslində dini və etnik tolerantlıq Azərbaycan
xalqının qanında, canında, kökündə var.
Milli ənənələrimizdə, mentalitetimizdə, habelə
sosial, mənəvi və dini düşüncə
laylarımızı özündə yaşadan folklorumuzda
başqa dinlərə, millətlərə dözümlü
münasibət özünü yaşadır.
Filologiya elmləri doktoru, professor
Nizaməddin Şəmsizadə “Azərbaycançılıq
dünya azərbaycanlılarının milli
ideologiyasıdır” məqaləsində yazır ki, milyon il əvvəl
ölkəmizin ərazisində hansı tayfanın, hansı
qövmün, hansı xalqın yaşaması Adəmin və
Həvvanın hansı millətdən olması kimi əbədi
bir mübahisədir. Amma mübahisəsizi budur
ki, o zaman da, indi də yaşadığımız vətən
Azərbaycan olub. Bu mənada azərbaycançılıq
türkçülükdən, şamançılıqdan
da, şumerçilikdən də qədim və əzəli
fikir formasıdır.
"Şərqi Avropada Təhsil alan Azərbaycanlı Tələbələr və
Məzunlar" İctimai Birliyinin fəalı Nailə Məmmədovanın
fikrincə, Azərbaycançılıq ideolgiyası Azərbaycan
Respublikasında yaşayan azərbaycanlıların deyil,
bütövlükdə bütün dünyada yaşayan azərbaycanlıların
milli-mənəvi maraqlarını ifadə edir. Uzun müddət milli ideologiyamızın konsepsiya
şəklində formalaşmadığı dövrlərdə
tariximiz, milli-mənəvi dəyərlərimiz digər
ideologiyaların təxribatına məruz qalmışdır.
Əsassız dəlillərlə ideoloji fikrin
böhranı yaşanmış, ideologiyamız
sıxışdırılmışdır.
Azərbaycançılıq
konsepsiyası xalqımızın tarixi, milli-mənəvi
birliyini əks etdirməklə yanaşı, mühüm
funksional çalarlarla da zəngindir. Bu konsepsiya dövlətçilik
strategiyasının təməlində dayanır, vəhdət
təşkil edir. Azərbaycançılıq
ideologiyası Azərbaycanın keçmişi, bu günü
və gələcəyini özündə əks etdirən,
müstəqil Azərbaycanın qüdrətini,
bütövlüyünü qorumağa, gələcək nəsillərə
ötürməyə istiqamətlənən bir
ideologiyadır. Azərbaycançılıq
ideologiyası mükəmməl şəkildə hazırlanmış
bir konsepsiya olmaqla yalnız Azərbaycanın real tarixini, milli
xüsusiyyətlərini deyil, həmçinin dövlətimizin
hüquqi, unitar, dünyəvi, demokratik prinsiplərini ehtiva
etməklə Azərbaycanın sabitliyinin qorunmasına,
inkişafına yönəlmişdir. Azərbaycançılığın
digər bir xüsusiyyəti isə dövlətin strateji xətti
kimi irəli sürülməsi, xarici və daxili təhdidlərə
qarşı mübarizə kimi mühüm təsirə malik
olmasıdır.
Belə nəticəyə gəlmək
olar ki, milli ideologiyaya söykənməyən, vahid konsepsiyaya
əsaslanmayan kortəbii fəaliyyət, hətta millətçilik,
millətsevərlik hisslərindən doğsa da son nəticədə
ancaq ziyan gətirə bilər. Azərbaycançılıq
ideologiyası da məhz belə bir ziyana düçar olmamaq zərurətindən
yaranmış, millətin tarixindən bəhrələnmiş,
elmi dəlillərlə zənginləşərək vahid
konsepsiya şəklində çıxış etmək
iqtidarına malik olmuşdur. Bu gün
şübhəsiz deyə bilərik azərbaycançılıq
ideologiyası Azərbaycanın milli dövlətçilik
strategiyasının innovativ əsaslardan biri kimi
çıxış edir və real müstəqilliyimizin
qorunub saxlanmasında aparıcı vasitədir.
Şair Vasif
Zöhraboğlunun fikrincə isə hər bir millətin
irqindən, dilindən, yerləşdiyi coğrafi məkandan
asılı olmayaraq öz daxili siyasəti və
ideologiyası mövcuddur. Daxili idealogiyaya dinin,
dövlətin qoyduğu qanunların, adət-ənənənin,
milli mentalitetin təsiri böyükdür. Təbii ki, bizim bir Azərbaycan vətəndaşı
kimi vəzifəmiz bu amilləri nəzərə alaraq vahid
ideologiya yaratmaq, onu daim inkişaf etdirmək və gələcək
nəsilə ötürməkdir. Nəzərə
alsaq ki, bu ideologiya azərbaycançılıq məfkurəsi
adı altında artıq yaradılıb, bizə qalan
ideologiyamızı təbliğ etmək və yetişən
gəncliyə, gələcəyə tanıtmaqdır.
Şair öz şeirində, müəllim öz dərsində,
alim öz araşdırmasında, məmur öz vəsifəsində
və s. hər bir Azərbaycan vətəndaşı
dürüst olmalıdır. Qeyd etdiyim kimi, bu məsələdə
irs və ya irq rol oynamır, əsas vətəndaşlıq,
bərabər hüquqdur ki, azərbaycançılıq
termini bu prinsipi özündə daşıyır. Ümumiyyətlə desək, ideologiya ilk öncə
mövcudluqdur. İdeoloji mövcudluqda isə
məqsəd mövcud olanı tanıtmaq və onun
maraqlarına xidmət etməkdir.
V.Zöhraboğlu onu da qeyd
edib ki, ideologiyaya ilk öncə valideyinlərimiz yiyələnməli
və bu termini ailədaxili tətbiq etməlidirlər. Belə ailələrdə
tərbiyə almış uşaq üçün, terminin
milli yükü qavranılmaz bir məsələyə
çevrilməz. Çünki hər
hansısa bir məqsəd artıq praktiki əmələ
çevrilirsə, onun təsiri ilk öncə uşaqlarda
özünü göstərir. Milli olan
bütün dəyərlərdə də bu məsələ
önə çıxır və özünü ilk olaraq
ailələrdə göstərir. Yəni,
fikrimcə, bütün hadisələr əlifbasından
öyrənilməlidir. Milli ideologiya da həmçinin.
Bu zaman qeyd etdiyim kimi, müşgülə
çevrilən heç nə qalmaz.
Şükürlər olsun,
elə dövrdə yaşayırıq ki, informasiya əldə
etmək üçün heç bir çətinliyimiz
yoxdur. Müşahidəmə əsaslanaraq deyə bilərəm
ki, artıq xeyli vətəndaşımız bu yükün məsuliyyətini
dərk edir. Çünki ziyalı, elm
adamlarımız, bəzi yazarlarımız ideologiyadan bəhs
edən əsərlər yazıb və o əsərlər də
KİV-ə tanışdır. Əgər
informasiya vasitəsi sayılan qəzet və jurnalların,
saytların da əməyini nəzərə alsaq, hansı ki,
bu da danılmazdır, maarifləndirmə yolunda müxtəlif
layihələr işlənir, təbliğatlar gedir. Amma bu məsələyə birbaşa milli televiziya
və radio şirkətlərimiz aktiv şəkildə
qoşulsa, maarifləndirmə daha da surətlə baş verərdi.
Sözüm ondadır ki, istənilən ailədə valideyin
istədiyi digər imkanlar kimi, bu imkanı da övladlarına
suna bilər: “İlk öncə cəmiyyətimizdə maqnitləşmiş
sevgi sistemi yaradılmalı və bu sistem ideologiyanın
özü olmalıdır. Bu zaman təbliğat
sevgiylə qarşılanar və qəbul edilər. Ümumiyyətlə isə insanın
yaranışı torpağa bağlı olduğuna görə
əsasən sevgilərin kökü də vətənpərvərlikdən
gəlir. Hardansa oxumuşdum ki, “vətənpərvərlik
dəyişkən fenomendir və bunsuz nə dövlət, nə
də cəmiyyət inkişaf edə bilər”.
Təbii ki, modernləşmə,
qloballaşma şəraitində vətənpərvərlik fərqli
xüsusiyyətlərə malikdir. Azərbaycan vətəndaşları
vətənpərvərdirlər. Bizim
üçün ən qiymətli dəyər – müstəqil
dövlətimizdir. Lakin çətinlik
törədən məsələ vətənpərvərliyin
müxtəlifliyindədir ki, bu da qeyd etdiyimiz kimi, Azərbaycan
vətəndaşlığında olan başqa-başqa
xalqların genindən gələn məsələdir. Bundan başqa, vətənpərvərlik digər
sevgilər kimi, insanları birləşdirə də bilər,
ayıra da. Həmçinin, cəmiyyəti,
xalqın mədəniyyətini inkişaf da etdirə bilər,
eyni zamanda, mədəniyyəti qapalı vəziyyətə
salar. Təməlində dövlət, cəmiyyət,
ölkənin keçmişi, bugünü və gələcəyi
haqqında biliklər sistemi olan vətənpərvərlik
artıq maarifçi vətənpərvərlikdir. Burada həm siyasi, həm iqtisadi, həm də mədəni
münasibətlər nəzərdə tutulur. İdeologiyaya yaranan sevgi isə cəmiyyətdəki
müxtəlif təbəqələrə, əsasən də
işi sevgi ilə yoğrulan yaradıcı zümrəyə
bilavasitə vətənpərvərlik hissi bəxş edir.
Televiziyada isə tez-tez görsənən simalar
məhz yaradıcı insanlara məxsusdur. Beləliklə
bayaq dediyim kimi, şairlər öz şeirlərində,
muğənnilər öz mahnısında, yazarlar öz əsərlərində
və s. bu termini məhz sevgi ilə təbliğ etmiş
olacaqlar ki, onda da maqnitləşmiş sevgi sistemi mövcud
olduğunu göstərəcək. Ondan sonra isə
ideologiya bütün fərdlərin yaşam tərzinə
daxil olacaq”.
Cavid
Xalq cəbhəsi.-2017.-
24 yanvar.- S.13.