Azərbaycan Səfəvilər dövlətində idarəetmə
sistemi
6-cı yazı
Mənbələrdəki
materiallardan məlum olur ki, mahal mərkəzi ilə
yanaşı, hətta qəsəbə və kəndlərdə
də hakim və kətxudaların tabeçiliyində müəyyən
sayda qoşun saxlanılırdı. Bu barədə Sansonun
məlumatı daha maraqlıdır. Sanson
yazır ki, mahal və kəndlərdə də süvari
qoşun var. Adətən mahalı polkovnikə və bir
neçə kənd qarnizonunu kapitana
tapşırırdılar. Bu şərtlə
ki, onlar öz tabeliyində olan süvari qoşunların (hər
bir süvarinin illik xərci 100 ekuya bərabər idi) xərcini
başçılıq etdikləri inzibati vahidin hesabına
ödəməli idilər. Müharibə
vaxtları mahal ərazisində yaşayan ellərdən,
obalardan isə qeyri-nizami əsgəri qüvvə
toplanılır və cəbhəyə göndərilirdi.
Məsələn, 961-ci (1533-34) ildə Gürcüstan
vuruşmasında Qarabağ bəylərbəyi Şahverdi
Sultan Ziyad oğlu Qacarla yanaşı, Bərdə hakimi Xanəli
Sultan Baharlı, Arran hakimi Pərtaloğlu iyirmi dörd
qoşunları ilə iştirak edirdi.
Sanson yazır ki, mahallarda
hökmranlıq edən xanlara «qolbəyi» (yəni vilayət
xanın qolu) deyilir. Bəylərbəyi əmr etdikdə,
onlar dərhal qoşunlarını səfərbər edib, bəylərbəyinin
sağ və sol cinahlarında yerləşirdilər. Mahalda geniş hərbi funksiyaya malik olan hakimin
müharibə vaxtları öz qoşunu ilə bəylərbəyinin
xidmətində olması, onların arasında xüsusi
qaydalarla tənzimlənən tabeçilik münasibətlərindən
irəli gəlirdi. Bəylərbəyi
vilayətinin ərazisindəki bütün mahalların
silahlı qüvvələrinin əmir əl-ümərası,
yəni başçısıydı. Başqa
sahədə olduğu kimi, hərbi sahədə də
kiçik hakimlər ona tabe idilər.
Mahalların iqtisadi işləri
ilə yerli hakimlər (sultanlar, bəylər) məşğul
olurdular. Onlar mahallarda vergiləri toplayır və bunun bir
hissəsi dövlət büdcəsinə daxil olurdu.
Adı bilinməyən fransalı səyyah yazır ki, təkcə
Bakı sultanı Şah xəzinəsinə hər il 700 tümən göndərməli idi ki, bu
Fransa pulu ilə 42000 livrdir. Mənbələrdə
vergilərin yerli hakimlər tərəfindən
toplanıldığı və ümumiyyətlə, mahal
daxilində iqtisdai məsələlərdə onların
geniş hüquqlara malik olduğu göstərilir. Məsələn, Adam Oleari yazır ki, Xalxal Azərbaycana
tabe olub, Bayandur xan tərəfindən idarə olunur və
buranın bütün vergisini də o toplayır.
A.P.Volınski isə səfəvi
dövlətinə 1715-1717-ci il
elçiliyi zamanı Şirvan barədə danışarkən
yazır: «Bu vilayətin birinci şəhəri bəylərbəyinin
başçılıq etdiyi Şamaxıdır. Qalanlarında kiçik hakimlər var. Bakı, Quba,
Dərbənd, Ağdaş Şirvan vilayətinə daxildir.
Onların gəliri xüsusi qayda ilə
toplanır, ancaq onlar Şamaxı xanının fərmanına
itaət edirlər». Göründüyü
kimi, iqtisadi məsələlərdə mahal hakimləri
müstəqil olmasına baxmayaraq müəyyən mənada
bu sahədə də bəylərbəyi onlara nəzarət
edirdi. Şah tərəfindən təyin
olunan mahal hakimlərinə hərbi-inzibati və polis
funksiyası verilirdi. Mahal hakimi mahalın
daxili sakitliyini təmin etməli, kiçik qoşun dəstəsi
saxlamalı, vergi və mükəlləfiyyətləri
vaxtında toplamalı, müharibə vaxtları öhdəsində
olan qoşunla tabe olduğu bəylərbəyinin xidmətinə
gəlməli idi. O, Şahın illik peşkəş və
hədiyyələrini də vaxtında göndərməliydi.
Bir sözlə, mahal hakimi nə qədər
özünün hökmranlıq etdiyi sahədə müstəqil
və geniş ixtiyara sahib olsa da, mühüm məsələlər
barədə bəylərbəyi ilə məsləhətləşməklə
birbaşa ona tabe idi.
Səfəvi dövləti Azərbaycan
cəmiyyətinin mükəmməl bir siyasi təşkilatı
kimi meydana çıxmış, mərkəzi hakimiyyət
orqanları təşkil edilmiş, onların arasında səlahiyyət
bölgüsü həyata keçirilmiş və inzibati-ərazi
bölgüsü prinsipləri əsasında yerli idarə
orqanları yaradılmış və nəticədə ali hakimiyyətin bütün ölkə ərazisində
həyata keçirilməsi təmin olunmuşdu. Azərbaycan Səfəvi dövlətinin
qurulmasında ona arxa, dayaq olmuş Azərbaycan türklərindən
ibarət hərbi-siyasi qüvvələr həm mərkəzdə,
həm də yerlərdə dövlətin özülünə
çevrilmişdi ki, bu da əslində xalqımızın əski
çağlardan mövcud olan dövlətçilik ənənələrindən
irəli gəlirdi. Səfəvi dövlətinin
idarəçilik və dövlət quruluşunun forması əslində
XV əsrdə Azərbaycanı idarə etmiş Baharlı və
Bayandurlu sülalələrinin hakimiyyəti dövründəki
idarəçilik sistemindən fərqli olmayıb. Səfəvilərin qədim türk dövlətçilik
təcrübəsindən geniş şəkildə bəhrələndiyi
və zaman-zaman Orta Asiya və Osmanlı dövlətçilik
ənənələrinə də əsaslandığı
açıq şəkildə müşahidə olunur.
Səfəvi sülaləsinin
hakimiyyətə gəlməsi ilə formalaşan və cəmiyyətin
sosial-iqtisadi durumuna uyğunlaşan Azərbaycan Səfəvi
dövləti əslində klassik müsəlman dövləti
olub, burada dini hakimiyyətlə dünyəvi hakimiyyət vəhdətdədir. Onları
mövcud şəraitdə və xüsusən sülalənin
hakimiyyətinin ilk illərində bir-birindən ayırmaq
mümkün deyildi. Xətainin "Mənəm
həm pirü, həm soltani-aləm», «Əzəldən
Şah bizim sultanımızdır, Pirimiz, müridimiz,
xanımızdır» - beytləri nəzəri cəhətdən
Şahlıqla ruhani hakimiyyətin birlikdə mövcudluq
ideologiyasının təcəssümü olub, dövlətin
teokratik prinsipə dayandığını əsaslandırır.
I Şah İsmayıl Xətai dünyəvi
başçı
olmaqla yanaşı, ruhani-mənəvi
təsisatlarda nəzarətçi və həm də
mürşid-i kamil vəzifəsini özündə
saxlayırdı.
Hakimiyyətin irsi xüsusiyyəti və
hökmdarın qeyri-məhdud səlahiyyəti ilə
yanaşı, mərkəzi idarə sistemində məşvərətçi
orqan olan Məclisi əla (ali məclis) da
fəaliyyət göstərirdi. Dövlət əhəmiyyətli
mühüm məsələlərin on iki nəfər
üzvü olan bu məclisdə müzakirəsinə
baxmayaraq son sözü Şah deyir, yəni onun rəyi əsasında
qərarlar qəbul olunurdu. Müqavilə
bağlamaq, müharibə elan etmək, ölkə
qanunlarında dəyişikliklər Şahın qeyri-məhdud
səlahiyyəti olub, bu məsələlərdə onun
qarşısında heç bir maneə yox idi. Səfəvilər dövlətinin yaranmasında Azərbaycan
türk etnosu həlledici rol oynamış və bu dövlətin
«konqlomerat imperiya» kimi təqdim olunması doğru deyil.
Ona görə ki, Fars, Yəzd, Kirman,
Xorasan, Astrabad, Mazandaran və Gilanda
aralarında çəkişmələr olan yerli sülalələrin
hakimiyyəti devrilib, inzibati ərazi bölgüsü prinsipləri
əsasında vilayətlər yaradılmışdı. Səfəvi dövlət quruluşunun formasına
uyğun olaraq mərkəzlə yerli idarəetmə
aparatı arasında qarşılıqlı münasibətlər
milli deyil, inzibati-ərazi bölgüsü prinsiplərinə
dayanırdı. Digər tərəfdən
ölkə daxilində əmtəə-pul münasibətləri
başlıca iqtisadi əlaqə forması olub, valilik və
vilayətlər vahid iqtisadi-siyasi mərkəz ətrafında
birləşmişdi. Səfəvilər
siyasi hakimiyyət uğrunda mübarizədə hələ
XVI yüzilliyə qədər bir sıra təşkilatı
tədbirlər həyata keçirib idarə orqanları ilə
yanaşı, xəlifə institutu da yaratmışdılar.
Hər bir Qızılbaş tayfa sufilərinin
(qazıları) rəhbəri xəlifə və onların
ümumi rəhbəri isə xəlifət əl-xüləfa
adlanırdı. Xəlifələri
Ərdəbildə Səfəvilər cəmiyyətinin əsas
məmuru olan xəlifət əl-xüləfa təyin edirdi.
Səfəvilər hakimiyyətə keçdikdən
sonra bu institutun mahiyyəti bir qədər
dəyişilir. Doğrudur, xəlifət əl-xüləfa
və onun xəlifələri Azərbaycan və onun
hüdudlarından kənarda dövləti möhkəmləndirmək
baxımından əvvəlki kimi təbliğati işləri
davam etdirirdilər. Lakin bununla yanaşı,
artıq onlar XVI-XVII yüzilliklərdə dini mərasimləri
təşkil edir, məscid, mədrəsə binalarını
təmir etdirib, ümumən əhalinin dini vəzifələri
yerinə yetirməsinə nəzarət edirdilər. Qaynaqlardan aydın olur ki, Şah tərəfindən
ayrı-ayrı yerlərə xəlifət əl-xüləfa
və xəlifələr bəzən hakim də göndərilirdi.
Xəlifət əl-xüləfa bir qayda olaraq
Qızılbaş əsilzadələri içərisindən
təyin olunurdular.
Ancaq Şahlıq hakimiyyətinin
getdikcə güclənib dünyəvi mahiyyət kəsb etməsi
ilə paralel, xüləfa institutunun da statusunun getdikcə
ciddi dəyişikliklərə uğraması və dövlət
quruluşunda nüfuzunun azalması müşahidə edilir. Qaraqoyunlu və Ağqoyunlu
hərbi təşkilatı Səfəvilər dövründə
də az dəyişikliklərlə
qalırdı. Ordu dövlət (vilayət hakimləri
qoşunu, qorçular) və Şah qoşununa bölünürdü.
Bir qayda olaraq Səfəvi silahlı qüvvələrinin
baş komandanı, yəni sipahsalar Təbrizin bəylərbəyi
olurdu. I Şah Abbas hərbi islahat
keçirib qulamlar, tüfəngçilər topçular
adı ilə məlum yeni hissələrlə ordunun daha da təkmilləşdirmişdi.
Lakin XVI yüzillikdə olduğu kimi,
qorçuların nüfuzu XVII yüzilliklərdə də zəifləmir,
yenə də orduda əsas yeri qorçubaşı, ikinci yeri
qullarağası, üçüncü yeri tüfəngçibaşı
tuturdu.
Vilayət ərazisində
mühüm şəhərlərdə Azərbaycan türk əhalisindən
ibarət tüfəngçi və topçular da vardı. Ümumiyyətlə,
ölkənin topçubaşı vəzifəsinə də
bir qayda olaraq, təbrizli hərbi əyanlarından təyin
olunurdu. 1619-cu ildə isə təbrizli Məhəmmədtağı
min nəfərdən ibarət Təbriz tüfəngçisinə
rəhbərlik edirdi. Təbrizlə
yanaşı, Dərbənd və sair şəhərlərin
də tüfəngçiləri vardı.
XVI-XVII yüzilliklərdə
vilayətləri Şah tərəfindən təyin edilən
hakimlər - bəylərbəyilər idarə edirdilər. Şah Təhmasibin
(1524-1576) hakimiyyətinin ortalarına qədər vilayət
hakimləri sultan və bu vaxtdan sonra isə xan titulu
daşıyırdılar. Beləliklə,
vilayətə hakim xan, sultan titulu və əmir əl-əməra,
yaxud bəylərbəyi rütbəsi ilə təyin olunurdu.
I Şah Təhmasibin hakimiyyətinin ilk illərinə
qədər bəylərbəyiyə nisbətən əmir əl-üməra
daha çox işlənilmiş, lakin bu vaxtdan sonra bəylərbəyi
rütbəsinə daha çox təsadüf olunur. Əslində isə hər iki titul sinonim olmaq
etibarı ilə XVI-XVII yüzilliklərdə yanaşı
işlənirdi. I Şah Abbasın
dövründən qulamlardan ayrı-ayrı vilayətlərə
bəylərbəyi təyin edilməsi təcrübəsi
özünü doğrultmamışdı.
Yarımköçəri türk aristokratiyanın adət-ənənələrini,
islam dinini, türk dilini qəbul etmiş qulam bəylərbəyi
təyin olunarkən müəyyən bir Qızılbaş
türk tayfasına, obasına başçı qoyulurdu ki, bu
da çox davam etmir və onların ayrı-ayrı vilayətlərdə
qısa müddətli hakimiyyətləri dövlətin milli
mahiyyətini dəyişə bilməmişdi.
Zabil Bayramlı
tarix üzrə elmlər doktoru,
professor
Xalq cəbhəsi.-
2017.- 24 yanvar.- S.14.