Azərbaycan
Səfəvilər dövlətində idarəetmə sistemi
7-ci yazı
Bəylərbəyi vilayətin
silahlı qüvvələrinin baş komandanı olduğuna
görə əmir əl-üməra rütbəsi
daşıyır, Şah tərəfindən ona bayraq və təbil
verilirdi. Bəylərbəyinin daimi silahlı qüvvələrinin
sayı adətən 2-3 min nəfər olur, bununla bərabər,
vilayət ərazisindəki mahal hakimlərinin silahlı
qüvvələri də ona tabe idi. Özünün 2-3 minlik
hərbi qüvvəsi ilə yanaşı, 12-15 min nəfərdən
ibarət mahal naiblərinin qoşununa komandanlıq edən bəylərbəyi
təhlükəli vaxtda vilayət ərazisində yaşayan
tayfa və oymaqlardan əlavə hərbi qüvvə səfərbər
edə bilərdi. Şah həmişə bəylərbəyilər
də mərkəzdənqaçma meylinin yaranacağı
ehtimalı ilə bağlı onun daimi silahlı qüvvələrinin
bir neçə mindən çox omasına imkan vermirdi. Bəylərbəyilər
vilayət daxilində sakitliyi, ölkə sərhədlərini
qorumalı, təhlükəli vaxtlarda bir dəstə
qoşunla mərkəzə gəlməli və Şahın
göstərişi ilə bir-birinə hərbi yardım etməli
idilər. Hərbi sahədə bəylərbəyi Şaha
tabe olmaqla başqa dövlət məmurları və hətta
ölkənin silahlı qüvvələrinin baş
komandanı ilə hesablaşmırdı. Baş komandan
yalnız Şahın xüsusi göstərişi olduqdan sonra
vilayət hakimlərinin silahlı qüvvəsindən istifadə
edə bilərdi. Ölkənin silahlı qüvvələrinin
baş komandanı vəzifəsinə əksər vaxtlarda Azərbaycan
bəylərbəyi təyin ounurdu. Azərbaycan bəylərbəyilərinin
Səfəvilər qoşununa baş komandan təyin edilməsinin
əsas səbəbi onun dövlətin metropoliyası
olması, həm də hərbi strateji və iqtisadi baxımdan
çox böyük əhəmiyyətə malik olmasından
irəli gəlirdi. XVI yüzillikdə olduğu kimi, XVII
yüzillikdə də Azərbaycan ölkənin əsas
dayağı idi.
Bəylərbəyilər vilayət
daxilində sakitliyi, sərhədləri qorumalı, vilayət
ərazisindən keçən ticarət karvanları və xarici
elçilərin təhlükəsizliyini təmin etməli
idi. 1563-cü ildə Şirvan bəylərbəyi Abdulla
xanın Rusiyaya, 1634-cü ildə isə İrəvan hakiminin
Osmanlı dövlətinə elçi göndərməsi, sərhəd
bəylərbəyilərinin qonşu ölkələrlə
sərbəst iqtisadi hərbi-siyasi əlaqələr saxlamaq
hüquqlarının da olduğunu göstərir.
Vilayətlərin vergiləri XVI əsrin
ortalarına qədər Uzun Həsənin Qanunnaməsi, bu
vaxtdan sonra isə Sədr Mir-Zeynəddinin
hazırladığı «dəstur-ül-əməl» əsasında
toplanılırdı. I Şah Abbas dövründə vilayətdə
maliyyə məsələləri ilə məşğul olan
vəzirlərin hüquqları genişləndirilmişdi. I
Şah Abbasın məhdudlaşdırma siyasətinə
baxmayaraq başqa məmurlar kimi vilayət vəzirləri də
bəylərbəyinin yaxın adamlarından onun məsləhəti
ilə işə götürülür və işdən
çıxarılırdı. O, vilayətdə əhalinin
siyahıya alınması barədə vaxtaşırı mərkəzə
hesabat verir, vilayət daxilində mülki münaqişəli
və vergi işləri ilə bağlı mübahisəli məsələləri
həll edirdi. Geniş iqtisadi hüquqa malik bəylərbəyilərin
mərkəzdənqaçma meyllərini dövlət həmişə
nəzarətdə saxlayırdı.
Vilayət ərazisində Şah tərəfindən
başqa əyanlara verilmiş tiyul, soyurqal, vəqf əmlakı
bir növ vergi immuniteti hüququna malik olduqlarına görə
bəylərbəyi onların maliyyə işlərinə
qarışmırdı. Məsələn, 1647-ci ildə
Aranda Xaçın mahalının qorçubaşı
Göycə bəyə verilməsi haqqında fərmanda yerli
məmurlar və hakimin
onun işlərinə
qarışmaması qeyd olunur. Bəylərbəyi vilayət ərazisində
bütün dini və dünyəvi idarələrə də
başçılıq edirdi. Onun və yaxud nümayəndələrinin
iştirakı olmadan cinayət və mülki mübahisəli
məsələlər həll olunmurdu. Bir sözlə, vilayətlərdə
şəri və ürfi hüquqa aid məsələlərin
həllində onun mühüm rolu vardı. Bəylərbəyi
ruhanilərin ixtiyarında olan hüquqi məsələlərin
həllində iştirak edə bilmədikdə, şəri məhkəmənin
nəticəsini yoxlayıb qərar çıxarmalı idi.
Xırda məsələlərlə əlaqədar məhkəməyə
isə darğanı öz nümayəndəsi kimi göndərirdi.
Azərbaycan Səfəvi dövlətinin
ictimai-siyasi, iqtisadi inkişafı ilə əlaqədar olaraq
yerli idarəçilik sistemi də təkmilləşir və
möhkəmləndirilirdi. Vilayətdə bəylərbəyindən
sonra ən nüfuzlu məmur vəzir idi. Maliyyə məsələləri
ilə məşğul olan vilayət vəzirlərinin
Şah tərəfindən təyin olunmasına baxmayaraq onlar
bəylərbəyiyə tabe olurdular. Onu da qeyd etmək
lazımdır ki, Azərbaycan vəziri daha nüfuzlu olmaqla,
çox hallarda Şirvan, Qarabağ və Çuxur-Sədin də
maliyyə işləri ona tapşırılırdı. Bəzi
vaxtlarda vilayət vəziri həm də orada mustoufi
funksiyasına da malik olurdu. Məsələn, Şah Səfinin
hakimiyyətinin əvvəllərində Məhəmməd
İştəharidi Azərbaycanın həm vəziri, həm
də mustoufisi idi. Xassə elan edilən mahal, şəhərlər
və vəqflər xüsusi qayda əsasında idarə
olunurdu. Belə ki, adı çəkilən bölgələri
Şah tərəfindən təyin edilən vəzir,
darğa və ya mütəvəlli idarə edirdi ki, onlar bəylərbəyiyə
deyil, birbaşa Şaha tabe idilər.
Vilayətlər mahallara
bölünürdü. Mahalları sultan, bəzən də bəy
titulu daşıyan Qızılbaş - türk əyanları
idarə edirdilər. Mahal hakimlərini Şah təyin edir,
ancaq bəylərbəyiyə tabe olurdular. Mahalda hakimlər
çox geniş hüquqlara malik idilər. Hakim həm də
mahalın silahlı qüvvələrinin baş komandanı
olurdu. O, mahalın maliyyə məsələləri ilə məşğul
olur və vergi toplanmasına da nəzarət edirdi. Bəylərbəyiyə
tabe olmasına baxmayaraq bu sahədə onlara çox geniş
hüquqlar verilirdi.
Mahal hakimlərinin naibləri bir
qayda olaraq yerli əhali içərisindən seçilir və
mahal mərkəzinin mühafizəsi ona
tapşırılırdı. Mərkəzdəki qarnizona da o
başçılıq edirdi. Azərbaycan Səfəvi
dövlətinin möhkəmlənməsi dini idarələrin
təkmilləşməsinə də təsir göstərmişdir.
Vilayət mərkəzləri ilə yanaşı, oranın
digər şəhərlərinə sədrin təklifi və
Şahın fərmanı ilə şeyxülislamlar,
qazılar təyin olunurdu. Onların hər ikisi təyin
olunduğu vilayətdə bəylərbəyiyə tabe
olmalarına baxmayaraq, divan əs-sədarə tərəfindən
vəzifədən azad oluna bilərdilər.
Vilayət və şəhərlərdəki
vəqfləri divan əs-sədarənin təklifi ilə təyin
olunan mütəvəllilər idarə edirdilər. Onu Şah
və ya sədr vəzifədən azad edə bilərdi. Bəzən
müqəddəs yerlərin yerləşdiyi şəhər
və ya mahalın da idarəsi ona
tapşırılırdı. Mütəvəlli ilə hakim
vəzifəsi bir nəfərə tapşırıldıqda,
o, təyin olunduğu mahal, yaxud şəhərdə teokratik
idarə hüququna malik olurdu. Göstərilən vəzifələrin
bir nəfərə tapşırılması Səfəvilər
dövründə daha qabarıq şəkildə Ərdəbildə
müşahidə olunur.
Başqa müsəlman ölkələrində
olduğu kimi, Azərbaycanda da bir sıra mülki və cinayət
məsələləri şəri qayda-qanun əsasında həll
olunurdu. Ürfi hüquqa aid məsələlərlə divanbəyi,
hakim, darğa, şəri hüquqa aid məsələlərlə
isə başda sədr olmaqla şeyx ül-islam və qazı
məşğul olurdu. Lakin bəzi şəri məsələlərin
həllində divanbəyinin də rolu böyük idi. Vilayətlərdə
ürfi hüquqa aid məsələlərə bəylərbəyi
və darğa baxırdı. Ürfi hüquqa aid ən
ağır cinayət ölüm hadisəsi idi. Adam
öldürən bir qayda olaraq ölüm cəzasına məhkum
olunurdu. Şəri məsələlərin həllində
darğa və yaxud onun nümayəndəsi iştirak edirdi.
Zabil
Bayramlı
tarix üzrə
elmlər doktoru,
professor
Xalq cəbhəsi.-
2017.- 25 yanvar.- S.14.