Xaricdəki soydaşlarımız azərbaycançılıq
məfkurəsi ətrafında sıx birləşiblər
Bu gün azərbaycançılıq
həm Azərbaycanda, həm də bütün dünyada
yaşayan azərbaycanlılar üçün əsas ideyaya
çevrilib.
Azərbaycançılıq öz milli mənsubiyyətini,
milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda
onların ümumbəşəri dəyərlərlə
sintezindən, inteqrasiyasından bəhrələnmək və
hər bir insanın inkişafını təmin etməkdən
ibarətdir. Dövlət xaricdə
yaşayan azərbaycanlıların birliyi və təşkilatlanması
məsələsini daim diqqət mərkəzində
saxlayır, Azərbaycan diaspor cəmiyyətlərinin problem və
qayğılarına böyük həssaslıqla
yanaşır. Diaspor təşkilatlarına
öz tövsiyələrini verən ulu öndər Heydər
Əliyev həmvətənlərimizi Azərbaycanın
ictimai-siyasi, iqtisadi və mədəni həyatında fəal
olmağa çağırıb. O xarici ölkələrdə
Azərbaycan diasporunun formalaşdırılmasının
vacibliyini, lobbiçilik fəaliyyətinin əsas istiqamətlərini
və perspektivlərini bəyan edib. Xarici siyasətin
strateji hədəflərini müəyyənləşdirərək
müasir dövrdə hər bir dövlətin qüdrətinin
yalnız iqtisadi resurslarla deyil, həm də onun xaricdə
formalaşdırdığı diaspor və lobbinin
gücü ilə ölçüldüyünü nəzərə
alıb. Bu sahəyə xüsusi diqqət
yetirmədən xarici siyasətdə hansısa ciddi nailiyyətlər
qazanmaq, eyni zamanda milli məsələlərin beynəlxalq
müstəviyə çıxarılmasına nail olmaq
mümkün deyil. Elə bu səbəbdən də
dövlət dünya azərbaycanlılarının həmrəyliyinə
nail olmaq üçün üzərinə düşən
tarixi missiyanı məsuliyyətlə yerinə yetirib, bu sahədə
ardıcıl siyasət aparılır.
Diaspor quruculuğu sahəsində
dövlət siyasətinin məqsədi xaricdə yaşayan
soydaşlarımızın milli özünəməxsusluğunu
qorumaq və inkişaf etdirmək, Azərbaycanla əlaqələrini
genişləndirməkdən ibarətdir. Azərbaycan dövləti
dünya azərbaycanlılarının potensial
imkanlarını cəmləmək, müstəqil dövlət
quruculuğu prosesində meydana çıxan müxtəlif
problemlərin həllinə yönəltmək, daha sıx əlaqələr
yaratmaq, milli birliyə nail olmaq və mütəşəkkil
birgə qüvvə təşkil etmək səylərinə
ciddi fikir verir. Heydər Əliyev dünyanın müxtəlif
ölkələrində yaşayan
soydaşlarımızın və həmvətənlərimizin
müstəqil Azəbaycan Respublikası ilə əlaqələrinin
daha da möhkəmləndirilməsi, dünya azərbaycanlıları
arasında mənəvi, siyasi birliyin və həmrəyliyin təmin
olunması, Azərbaycan icmaları, cəmiyyət və
birliklərinin fəaliyyətinin gücləndirilməsi və
əlaqələndirilməsinin ətraflı müzakirəsinin
zəruriliyini nəzərə alaraq 2001-ci il mayın 23-də
xüsusi sərəncam imzalamış, həmin sərəncama
uyğun olaraq 2001-ci il noyabrın 9-10-da Bakıda
keçirilmiş Dünya azərbaycanlılarının I
qurultayı soydaşlarımızın azərbaycançılıq
ideyası ərtafında sıx birləşməklə təşkilatlanması
baxımından tarixi əhəmiyyət kəsb etmişdir. Bu addım diaspor hərəkatının
inkişafında yeni mərhələnin
başlanğıcını qoyub. Qurultaydan
sonra Azərbaycan diaspor hərəkatı tamamilə yeni mərhələyə
qədəm qoydu. Heydər Əliyev bu sahədə
sistemli dövlət siyasətinin həyata keçirilməsini
təmin etmək məqsədilə 2002-ci ildə “Xarici
Ölkələrdə Yaşayan Azərbaycanlılarla
İş üzrə Dövlət Komitəsinin
yaradılması barədə” fərman imzaladı. Komitənin
yaradılması xaricdəki Azərbaycan cəmiyyətlərinin,
birliklərinin və dərnəklərinin fəaliyyətinin
vahid mərkəzdən koordinasiyasına, habelə onların
dövlət qayğısı ilə əhatə
olunmasına geniş imkanlar verdi. Dövlət komitəsinin yaradılması dünya
azərbaycanlılarının konsolidasiyasında, diaspordan
lobbiyə doğru inkişafında yeni mərhələnin
başlanğıcını qoydu. Artıq
dünya azərbaycanlıları istədikləri vaxt öz
paytaxtlarına gələ və öz problemlərini
müzakirə edə bilərdilər. Komitə qısa
bir müddətdə dünyanın müxtəlif ölkələrində
yaşayan soydaşlarımızın azərbaycançılıq
ideyası və Azərbaycan dövləti ətrafında birləşməsi
istiqamətində xeyli iş görməyə müvəffəq
oldu.
2002-ci ildə Milli Məclisdə
qəbul olunmuş “Xaricdə yaşayan
soydaşlarımıza dövlət qayğısı
haqqında” qanun xaricdəki azərbaycanlılara dövlət
qayğısının hüquqi əsaslarını müəyyənləşdirdi. Qanuna əsasən,
xaricdə yaşayan, fəaliyyət göstərən
soydaşlarımızın hüquqları Azərbaycan
dövləti səviyyəsində qorunur. Həmçinin imkanlı azərbaycanlıların
ölkə iqtisadiyyatına sərmayə qoyması
üçün qanunda vergi, gömrük güzəştləri
nəzərdə tutulur. Bu qanun ölkəmizin
diaspor və lobbi quruculuğu sahəsindəki fəaliyyətinin
hüquqi əsaslarını və prinsiplərini müəyyənləşdirən
mühüm sənəd kimi təqdirəlayiqdir. Hazırda Azərbaycan diasporunun dünyanın
müxtəlif ölkələrində 400-ə yaxın
birlik, cəmiyyət və assosiasiyası fəaliyyət
göstərir.
Dövlətimizin diaspor siyasəti,
həmvətənlərimizin birlik və həmrəyliyinin
möhkəmləndirilməsi, onların daha mütəşəkkil
formada təşkilatlanması prosesi özünün yeni mərhələsinə
qədəm qoymuşdur. Artıq dünya azərbaycanlıları
yaşadıqları ölkələrin sosial-iqtisadi,
ictimai-siyasi və mədəni həyatında daha fəal rol
oynayır, respublikamızla qarşılıqlı əlaqələrin
genişlənməsinə böyük töhfə verir, Azərbaycan
həqiqətlərinin dünya ictimaiyyətinə
çatdırılmasında, zəngin mədəni irsimizin təbliğində,
təcavüzkar erməni dairələrinin ideoloji təxribatlarının
qarşısının alınmasında qətiyyət
nümayiş etdirirlər. Onlar Azərbaycan dövlətinin dəstəyi
sayəsində qardaş və dost xalqların lobbi və
diasporları ilə səmərəli əməkdaşlığın
qurulması sahəsində təsirli tədbirlər həyata
keçirir, Azərbaycanın, xalqımızın tarixini
yazır və nəsillərdən-nəsillərə
ötürürlər. Diaspor təşkilatlarımız
tərəfindən keçirilən tədbirlər, Azərbaycan
həqiqətləri ilə bağlı dərc olunan məqalələr,
yayımlanan verilişlər soydaşlarımızın milli
birliyini təcəssümüdür. Yaponiyanın
internet televiziyasında bir verilişin Dünya Azərbaycanlılarının
Həmrəyliyi Gününə həsr edilməsi də təsadüfi
deyildi. Belə ki, dekabrın 28-də Tokioda "World
Investors TV"-nin 2015-ci il
üçün sonuncu canlı buraxılışı
Dünya Azərbaycanlılarının Həmrəyliyi
Gününə həsr edilib. Verilişin
xüsusi qonağı olan Hokkaydo Universiteti Xarici Tələbələr
Assosasiyasının prezidenti, doktorant tələbə Əlibəy
Məmmədov Azərbaycanın milli bayramları haqqında ətraflı
məlumat verib. Azərbaycanın
coğrafi-mövqeyi, milli bayramları və dövlət əhəmiyyətli
günləri haqqında danışan soydaşımız
Dünya Azərbaycanlıların Həmrəyliyi Günü
bayramı ilə əlaqədar çıxışında
bu günün tarixini və əhəmiyyətini diqqətə
çatdırıb. O bildirib ki, Heydər Əliyevin təşəbbüsü
ilə 1991-ci ildə 31 dekabr Dünya Azərbaycanlılarının
Həmrəyliyi Günü elan edildikdən sonra tək Azərbaycanda
deyil, dünyanın müxtəlif ölkələrində
yaşayan həmvətənlərimiz böyük fəxr və
qürur hissi ilə bu günü qeyd edirlər. Azərbaycan diasporunun fəallığı, xaricdəki
soydaşlarımızın azərbaycançılıq məfkurəsi
ətrafında sıx birləşərək Azərbaycanın
tanıtımı istiqamətində iştirakının
vacibliyini də tokialı tamaşaçıların diqqətinə
çatdırıb. Verilişin produseri İşida Kazuyasu
isə bildirib ki, yaponların da belə bir günə
ehtiyacı var və Dünya Azərbaycanlılarının Həmrəyliyi
Günü buna çox gözəl nümunə ola bilər. Qeyd edək ki, bu,
sayca həmyerlimizin sözügedən verilişdə 3-cü
çıxışı idi. İlk
çıxışını cari ilin oktyabr ayında yapon
şirkətlərinin Azərbaycana axını mövzusuna,
noyabr ayındakı ikinci çıxışını isə
Azərbaycan Dövlət Bayrağı Günü, Konstitusiya
Günü və Milli Dirçəliş Gününə həsr
edib.
Azərbaycan xalqı
böyük xalqdır. Bizim hamımızın bir Vətəni
vardır - Azərbaycan. Çalışmalıyıq
ki, doğma Vətənimizi möhkəmləndirək, zənginləşdirək,
qüdrətli dövlətə çevirək. İndi azərbaycançılıq məfkurəsinin
bütün həmvətənlərimiz arasında
yayılması, bu ideyanın geniş ictimai dəyər
qazanması diaspora təşkilatlarımızın da üzərinə
düşən vəzifələrdəndər. Etiraf edilməlidir ki, artıq Azərbaycan ədəbiyyatında,
musiqidə, kinoda, təsviri sənətdə və digər
sahələrdə xalqın ruhunu, tarixini, milli-mənəvi dəyərlərini
təbliğ və tərənnüm edən çoxsaylı
əsərlər meydana gəlmişdir. Məhz
həmin mədəniyyət və incəsənət
nümunələrinin xaricdə yaşayan
soydaşlarımız arasında yayılması ilə real
naliyyətlər əldə etmək mümkündür.
Bununla respublikamızdan kənarda yaşayan azərbaycanlıların
təşkilatlanmasını, diasporun daha da inkişaf etdirilməsinə
nail olmaq olar. Xatırladaq ki, xaricdəki
soydaşlarımızın mütəşəkkil qüvvəyə
çevrilməsi, onların doğma vətənlə əlaqələrinin
möhkəmlənməsi dövlətin prioritet məsələlərindəndir.
Dövlət hesab edir ki, güclü azərbaycanlı
diasporunun ürəyi müstəqil Azərbaycanla, onun əsas
ideyası olan azərbaycançılıqla döyünməlidir.
Sirr deyil ki, bu taktika Azərbaycan dövləti tərəfindən
diaspora təşkilatları qarşısında qoyulan ən
vacib məsələlərdəndir. Belə
halda diaspor təşkilatlarının dövlətin dəstəyi
ilə fəaliyyət qurması daha uğula nəticələrə
yol açır. Diaspor Komitəsinin də
öz növbəsində bu işdə koordinasiya
funksiyası uğurlu gələcəkdən xəbər
verir.
Onu da qeyd edək ki, cəmiyyəti
birləşdirən, onun inkişafına zəmanət verən
dəyərlər sistemi mövcud olmalıdır. Onların əsas
qanunda əks edilməsi ilə bərabər, insanların
şüurunda, düşüncələrində, qəlbində
olması vacibdir. Azərbaycan tarixən
müxtəlif millətlərin dinc yanaşı
yaşadığı, milli və dini tolerantlığın bərqərar
olduğu ölkə olub. Burada hər bir
xalqın və millətin nümayəndəsinə bərabər
münasibət göstərilib. Ona görə
Azərbaycan vətəndaşı sayılan hər kəs azərbaycançılıq
ideyası ətrafında birləşib. Azərbaycan
xalqının adət-ənənələrini, milli-mənəvi
dəyərlərini birləşdirən baxışlar
sistemi kimi azərbaycançılıq ideyası bu gün də
mövcuddur. Bu ideya ictimai-siyasi proseslərə,
konstitusiya sisteminə, xüsusilə dövlət
quruculuğuna öz müsbət təsirini göstərir.
Diaspora təşkilatlarımıza bu
ideyanın aşılanması məhz onların uzunmüddətli
və sistemli fəaliyyəti üçün zəmin
yaratmış olur. Azərbaycançılıq
termini ictimai elmlər dövriyyəsində nisbətən
yeni yaranan anlayışdır. Bununla belə,
son illər alim və tədqiqatçılar, ictimai xadim və
yazarlar tərəfindən bu mövzuda bir sıra dəyərli
məqalələr, monoqrafiya və dərsliklər
yazılmış, azərbaycançılığın əsasları,
mahiyyəti və konseptual tərəfləri şərh
edilib.
Cavid
Xalq cəbhəsi.-
2017.- 25 yanvar.- S.13.