“Azərbaycançılıq kimi başa düşülən milli
ideya cəmiyyətdəki ahəngdarlığa
və konsensusa xidmət edir”
“Milli ideyanın formalaşması
prosesinin beşinci mərhələsi müsahibədə
Azərbaycan xalqının
siyasi oyanışı,
onun siyasi proseslərdə fəal iştirakı dövrü
kimi səciyyələndirilir. Hesab
olunur ki, bu mərhələ 1987-ci ilin
axırları - 1988-ci ilin əvvəlində
başlanmış, 1990-cı ilin
yanvarından sonra keyfiyyətcə yeni hərəkata - milli
azadlıq hərəkatına çevrilmiş
xalq hərəkatı ilə
bağlıdır. Milli ideyanın formalaşmasının altıncı mərhələsi
(1990-cı ilin yanvarından 1993-cü ilin iyununa qədər) milli şüurun inkişaf edərək Azərbaycan milləti
tərəfindən müstəqil dövlətini yaratmaq zərurətinin dərk edilməsi dövrü kimi qiymətləndirilir.
O zaman, yəni SSRİ-nin
dağılması ərəfəsində yaranan
böhran bu prosesin başa
çatması və müstəqil dövlətin
yaranmasının ilk illərində də
davam etdi”. Bu fikirləri fəlsəfə elmləri doktoru, professor Nigar Ələkbərova səsləndirib. O əlavə
edib ki, həmin illər
yeni, effektiv sosial-siyasi sistemlərin
formalaşmasının labüdlüyü
get-gedə daha ciddi dərk
edilirdi: “Milli ruhun dirçəlişinin məntiqi nəticəsi
kimi müvafiq milli ideyanın axtarışını, lakin səhvən yalnız etnik
faktorla əlaqələndirilməsini qeyd etməliyik. Akademik Ramiz Mehdiyev haqlı olaraq həmin dövrü
belə xarakterizə edir: "Bu dövrün xüsusiyyəti
ondan ibarət idi ki, kollektiv özünüidentifikasiya
formalarından biri, məhz müstəsna
türkçülüklə eyniləşdirilən sosiomədəni
özünüidentifikasiya dövlət
siyasətinin əsası olub. Titul millətin
özünüidentifikasiya prosesində prioritet kimi müəyyən
edilmiş türk bazis komponenti milli ideyanın yeganə forması kimi təklif edilmişdi və
istər daxili, istərsə də xarici siyasi fəaliyyətdə
bütün sonrakı addımlar
yalnız bu amildən irəli gəlirdi...”.
Nəhayət, faktlara əsaslanaraq
tamamilə düzgün göstərilir ki, milli ideyanın
formalaşması tarixinin 1993-cü ilin yayından başlanan
və 2003-cü ildə həmin ideyanın gerçəkləşməsi
ilə başa çatan
sonuncu, yeddinci mərhələsi
ictimai-siyasi sabitliyin bərqərar
olması, ölkənin gələcək sıçrayışının
və siyasi tərəqqinin əsaslarının
yaradılması ilə seçilir. Bu illər milli ideya özünün
inkişafında zirvə nöqtəsinə çatıb. Bununla əlaqədar, akademik
qeyd edir ki, ulu öndər Heydər
Əliyevin siyasəti nəticəsində "millət"
anlayışının strukturuna
özünüidentifikasiyanın bir çox komponentləri, o
cümlədən etnik, dini,
sosiomədəni, siyasi formaları daxil edilmişdir. Bu dövrdən başlayaraq
azərbaycançılıq ideyası Azərbaycanda yaşayan və onu özlərinin
ümumi Vətəni hesab
edən bütün etnik
qrupların ideyası kimi
çıxış edib. Hörmətli
akademik milli
ideyanın yaranması, inkişafı və transformasiyası prosesini düzgün metodoloji yanaşmaya əsaslanaraq
ardıcıllıqda izlədikdən və təfərrüatıyla
təhlil etdikdən sonra xüsusi
vurğulayır ki, 2003-cü ilin axırlarından başlayaraq
milli ideya müstəqil
dövlətin inkişafının və dünya ilə münasibətlər
qurulmasının keyfiyyətcə yeni
aspektləri ilə zənginləşir. Beləliklə,
milli ideyanın formalaşması və
transformasiyası və indiki spesifikası
barədə kifayət qədər elmi
baxımdan əsaslandırılmış məlumat alan oxucuya tam
aydın olur ki, azərbaycanlıların
milli ideyası Azərbaycanın dünya birliyində yeri, onun tarixi, mədəniyyəti,
milli mentallığı və milli xarakteri haqda təsəvvürlər sistemini əks etdirir”. O deyib ki, azərbaycançılıq
kimi başa
düşülən milli ideya
cəmiyyətdəki ahəngdarlığa və konsensusa xidmət edir, sosial tərəqqi və ölkənin
inkişafının stimullaşdırıcı faktoruna çevrilir: “İctimai şüura aktiv təsir edərək, azərbaycançılıq
ideyası sosial subyektlərin
davranışının əsas dəyər və siyasi motivasiyalarından biri
olur və bütün
milləti birləşdirərək onu xaotik defraqmentasiyadan xilas edir. Azərbaycançılıq
Azərbaycan millətinin şüurunun tarixi inkişafı nəticəsində
formalaşıb, millətlə yanaşı və ona uyğun olaraq çoxmərhələli yol keçib. Həmin ideya inteqrativ ideyadır,
özündə sosial ədalət, səmərəlilik
və vətəndaş azadlıqlarını birləşdirir.
Sonuncular
isə cəm halında bu ideyanın demokratik və modernist
mahiyyətini şərtləndirirlər. Çox
önəmlidir ki, ümummilli
ideya kimi azərbaycançılıq
həm ölkə daxilində, həm də onun
hüdudlarından kənardakı milyonlarla
azərbaycanlını birləşdirmək qüdrətinə
malikdir. Müsahibədə digər
son dərəcə aktual,
həm böyük praktiki,
həm də elmi əhəmiyyət kəsb
edən məsələlərə də tam
aydınlıq gətirilir. Belə ki, milli ideyada
azərbaycanlıların etnogenezinin rolu, bu gün
millətin daha çox
siyasi, yoxsa etnik məzmuna malik
olması, millət anlayışına yeni
yanaşma, ermənlərin süni dövlətçiliyini tarixi Azərbaycan ərazilərində qurması,
onların tarix boyu yer dəyişməsi, Cənubi Qafqaza necə və haçan
gəlməsi məsələləri dolğun
açıqlanır. Zənnimizcə, cavablanan
sualların ikisi xüsusi
önəm daşıyır. Bir sual "azərbaycançılıq
konsepsiyasının təşəkkülündə şəxsiyyətin
rolunu necə səciyyələndirirsiniz"
sualıdır. Akademik tarixə istinad edərək və inandırıcı faktlara əsaslanaraq göstərir ki, cəmiyyətin ictimai-siyasi
proseslərini və millətin inkişafını müəyyən
edən, onları istiqamətləndirən başlıca amillərdən
biri şəxsiyyət fenomenidir.
Millətlərin dünəni və bugünü
görkəmli şəxsiyyətlərin adı ilə
bağlıdır. Azərbaycan xalqının milli
ideyasının təkamülü prosesində ideoloji konsepsiyanın son
versiyasının formalaşmasına öz
töhfəsini verən parlaq şəxsiyyətlər
olmuşdur. Bizim
tariximizdə fəaliyyətləri ilə dərin izlər qoymuş, xalqımızın taleyini
dəyişmiş şəxsiyyətlər sırasında
Heydər Əliyev şəxsiyyətinin müstəsna əhəmiyyəti
elmi dəlillərlə bir
daha sübuta yetirilir. Digər sual
"müasir mərhələdə milli ideyanın inkişafı üçün
hansı şərtlər əsasdır" sualıdır. Öz cavabında akademik demokratiya məsələsini önə
çəkir ki, bu heç də təsadüfi deyil.
Çünki XXI əsrdə iqtisadi tərəqqiyə, azad
və layiqli həyata, millətin müstəqilliyinin
güclənməsinə aparan yol demokratik prinsip və normaların sosial
və siyasi praktikaya tətbiqindən
keçir. Cəmiyyətin demokratikləşməsi
millətin intellektual potensialının həyata
keçməsinə real imkanlar
yaradır, qarşıdan gələn yeni
sivilizasiyaya yaxınlaşmaq üçün meydan
açır. Eyni zamanda
hörmətli alim demokratiya
ilə milli ideyanın qarşılıqlı
əlaqəsinin labüdlüyünü
vurğulayır. Bununla yanaşı, sosiumun sosial quruluşunun vacib elementi, demokratiyanın tərkib hissəsi
sayılan vətəndaş cəmiyyəti məsələsinə
də toxunur. Nəhayət, xüsusi olaraq qeyd edir: "Müasir milli ideyanı zənginləşdirən
odur ki, vətəndaş
özünü dövlətin bir hissəsi hiss edir, özündə dəyişikliklər üçün qüvvə görür,
güclü dövlətin və güclü, iradəli liderin
varlığına ehtiyac duyur.
Prezident İlham Əliyev elə siyasət həyata keçirir ki, orada milli ideya
özündə həm siyasi məkanın
demokratikləşməsini, mütərəqqi və hərtərəfli
iqtisadi inkişafı, dünya
birliyinə inteqrasiyanı, həm də milli
ruhu və özünəməxsusluğu
qoruyub saxlamağı ehtiva
edir. Müstəqil milli dövlətçiliyin və identikliyin qorunub
saxlanmasını və eyni zamanda, dünya birliyinə
inteqrasiya strategiyasını nəzərdə
tutan milli ideyanın Prezident İlham Əliyev
tərəfindən fəlsəfi və politoloji
baxımdan dərk edilməsi onun bütün əməli fəaliyyətində
öz əksini tapır".
Yuxarıda deyilənləri yekunlaşdıraraq belə nəticəyə
gəlirik: Azərbaycanın müasir
milli ideyası olan və
vətən siyasi diskursunda
nisbətən yaxın vaxtlardan işlədilən
azərbaycançılıq anlayışı
yarandığından sonra təxminən
iki əsrlik formalaşma
müddətində inkişaf etmiş və transformasiya
olunmuş bir
ideyanın məntiqi davamıdır. Əvvəlcə dini, sonra etnik başlanğıca müncər edilən
milli ideya müasir dövrdə yeni
çalarlar və komponentlərlə zənginləşib.
Heydər Əliyevin adı ilə bağlı olan bu canlı və
anlaşıqlı ideya bütün
xalqı, milləti birləşdirən, müstəqil Azərbaycanın
möhkəmlənməsinə, onun uğurlu gələcəyinə yönələn
unikal tarixi sərvət
və istiqamətverici qüvvə kimi azərbaycançılıq
ideologiyasının özülünü
təşkil edir...”.
Əvvəli ötən sayımızda
Əli
Xalq cəbhəsi.-
2017.- 28 yanvar.- S.9.