S.C.Pişəvəri Hərəkatı ilə bağlı tarixi sənədlər

 

Sovet dövlətinin başçisi İ.Stalinin Azərbaycan Demokrat Firqəsinin lideri Seyid Cəfər Pişəvəriyə şəxsi məktubu

 

Pişəvəri yoldaşa

 

Mənə elə gəlir ki, Siz İran daxilində, həm də beynəlxalq nöqteyi-nəzərdən yaranmış vəziyyəti düzgün qiymətləndirmirsiniz. Birincisi, Siz hazırda Azərbaycanın bütün inqilabi tələblərinə nail olmaq istəyirsiniz. Lakin indiki şərait belə bir proqramın həyata keçirilməsi imkanını istisna edir. Lenin praktiki tələblər kimi, qeyd edirəm, praktiki tələblər kimi əsas inqilabi tələbləri yalnız xarici düşmənlə uğursuz müharibənin dərinləşdirildiyi ölkə daxilində güclü inqilabi böhranın olduğu bir şəraitdə irəli sürmüşdü. 1905-ci ildə Yaponiya ilə uğursuz müharibə zamanı belə olmuşdu. 1917-ci ildə Almaniya ilə uğursuz müharibə zamanı belə olmuşdu.

Siz indiki halda Lenini təqlid etmək istəyirsiniz. Bu çox yaxşı və tərifəlayiqdir. Ancaq İranda vəziyyət hazırda tamamilə başqadır. İranda hazırda dərin inqilabi böhran yoxdur. İranda fəhlələr azsaylıdır, onlar pis təşkil olunublar. İran kəndliləri hələlik ciddi fəallıq göstərmirlər. İran hazırda xarici düşmənlə müharibə aparmır. Belə bir müharibədə məğlubiyyət isə İranın irticaçı dairələrini zəiflədə bilərdi. Deməli, İranda belə bir şərait yoxdur ki, Leninin 1905-1917-cı illərdəki taktikasını yürütməyə imkan versin.

İkincisi, əlbəttə, Siz Sovet qoşunlarının İranda qalmaqda davam edəcəyi təqdirdə Azərbaycan xalqının inqilabi tələbləri uğrunda mübarizə işində uğur qazanmağa ümid ola bilərdiniz. Lakin biz onları daha İranda saxlaya bilmirik, başlıca olaraq ona görə ki, sovet qoşunlarının İranda olması Avropa və Asiyada bizim xilaskarlıq siyasətimizin əsaslarını sarsıdır. İngilislər və amerikalılar bizə deyirlər ki, əgər Sovet qoşunları İranda qala bilirsə, onda nəyə görə ingilis qoşunları Misir, Suriya, İndoneziya və Yunanıstanda, həmçinin Amerika qoşunları Çin, İslandiya və Danimarkada qalmasın? Buna görə də biz İran və Çindən qoşunları çıxarmaq qərarına gəlmişik ki, ingilislərin və amerikalıların əlindən bu silahı qoparıb alaq, müstəmləkələrdə azadlıq hərəkatını genişləndirək və bununla da öz xilaskarlıq siyasətimizi daha əsaslı və faydalı edək. Siz bir inqilabçı kimi, əlbəttə, başa düşürsünüz ki, biz başqa cür hərəkət edə bilmərik.

Üçüncüsü, deyilənləri nəzərə alaraq, İrandakı vəziyyətlə bağlı aşağıdakı nəticələrə gəlmək olar: İranda inqilabi böhran yoxdur, İranda xarici düşmənlərlə müharibə vəziyyəti yoxdur, deməli, irticanı zəiflədə və böhranı kəskinləşdirə bilən müharibədə uğursuzluq da yoxdur. Nə qədər ki, Sovet qoşunları İranda yerləşib, Siz Azərbaycanda mübarizəni genişləndirmək və daha irəli gedən tələblərlə geniş demokratik hərəkatı təşkil etmək imkanına maliksiniz. Ancaq bizim qoşunlar getməlidirlər və İrandan çıxıb getdilər. Biz artıq İranda nəyə malikik? Biz İranda Qəvam hökumətinin İranın daha irticaçı ünsürlərini təmsil edən anqlofıl dairələrlə münaqişəsinə malikik. Keçmişdə Qəvamın necə bir irticaçı olmasına baxmayaraq, o indi özünümüdafiə mənafeyinə və öz hökumətinin müdafiəsi naminə bəzi demokratik islahatlara getməyə və İranın demokratik elementləri arasında dayaq axtarmağa məcburdur. Belə bir şəraitdə bizim taktikamız necə olmalıdır? Mən fikirləşirəm ki, Qəvamdan güzəştlər qoparmaq üçün bu münaqişədən istifadə etməliyik, anqlofilləri təcrid etmək və bununla da İranın daha da demokratikləşməsi üçün müəyyən bazis yaratmalıyıq. Bizim Sizə bütün məsləhətlərimiz məhz belə bir vəziyyətdən irəli gəlir. Əlbəttə, başqa taktika da qəbul etmək olar: hər şeyə tüpürmək, Qəvamla əlaqələri kəsmək və bununla da anqlofil irticaçıların qələbəsini təmin etmək olar. Amma bu, taktika deyil, axmaqlıq olardı. Bu mahiyyətcə Azərbaycan xalqının işinə və İran demokratiyasına xəyanət olardı.

Dördüncüsü, bizə məlum olduğuna görə, Siz demişsiniz ki, biz əvvəlcə Sizi göylərə qaldırmış, sonra isə uçuruma yuvarlamışıq və Sizi rüsvay etmişik. Əgər bu doğrudursa, onda bu bizdə təəccüb doğurur. Əslində isə nə baş verib? Biz burada hər bir inqilabçıya məlum olan adi inqilabi fənd tətbiq etmişik. İrandakı şərait kimi belə bir vəziyyətdə özümüz üçün hərəkatın məlum minimum tələbini əldə etməyi təmin etməkdən ötrü hərəkatı irəli qaçırmaq, minimum tələblərdən irəli getmək və hökumət üçün təhlükə yaratmaq, hökumət tərəfindən ediləcək güzəştlər üçün imkan yaratmaq lazımdır. Daha irəli qaçmadan, Siz İranın indiki vəziyyətində hazırda Qəvam hökumətinin getməyə vadar olduğu tələblərə nail olmaq imkanına malik ola bilməzdiniz. İnqilabi hərəkatların qanunu belədir. Sizin üçün hər hansı bir rüsvayçılıqdan söz ola bilməz. Çox qəribədir ki, əgər Siz fikirləşirsiniz ki, biz Sizin rüsvayçılığınıza yol verə bildik. Əksinə, əgər Siz özünüzü ağıllı aparsanız və bizim mənəvi köməyimiz sayəsində əsasən Azərbaycanın indiki faktiki vəziyyətinin leqallaşdırdığı tələblərə nail olsanız, o vaxt Sizə Orta Şərqdə mütərəqqi demokratik hərəkatın pioneri kimi azərbaycanlılar da, İran da xeyir-dua verər.

 

İ.Stalin. 8 may l946-cı il.

 

***

 

M.C.BAĞIROVUN ÜMUMİTTİFAQ KOMMUNİST

(BOLŞEVİKLƏR) PARTİYASININ MƏRKƏZİ KOMİTƏSİNƏ MƏKTUBU

 

YOLDAŞ STALİNƏ

 

Təbrizdən alınmış məlumatı Sizə göndərirəm: Dekabr ayının 4-də İran qoşunları Zəncan Rayonunda Miyanaya tərəf hərəkətə başlayıblar. Azərbaycanlıların ön hərbi hissələri ilə İran qoşunları arasında bir neçə saat davam edən döyüş baş verib.

İran qoşunları tanklardan, səhra toplarından və minaatanlardan istifadə edirlər. Döyüş nəticəsində gözətçi xidmətlərini yerinə yetirən Azərbaycan partisan dəstələri yeni müdafiə mövqelərindən geri çəkilib, Recein kəndini və dəmiryol stansiyasım tərk ediblər.

Azərbaycan Demokrat Partiyası Miyanadakı hərbi dəstlə minimal olaraq aşağıdakı silahlarla yardım göstərilməsini xahiş edir: 16 TOP, 5 min tüfəng və müvafiq miqdarda mərmi və güllə ilə birlikdə 20 ədəd tank əleyhinə top.

 

M.C. Bağırov.

Dekabr 1946-cı il

 

***

 

AMH RƏHBƏRLİYİNİN KÖMƏKLİK HAQDA SOVETLƏRƏ SON MÜRACİƏTİ

 

 

Siz özünüz çox gözəl bilirsiz ki, bizim nümayəndələrimiz Tehranda müraciət etdikdən sonra, Tehranın sağ və irticai mətbuatı çox ciddi və hərarəti ləhn ilə bizim azadlığımızı pozmaq və demokratik nehzətimizin asarını tamamilə

ortadan aparmaq üçün Azərbaycana qoşun yeritməyi təbliğ edirdilər. Qəvamüssəltənə isə əvvəl intixabat üçün qüvayi-təminə (asayişi qorumaq) göndərmək bəhanəsi ilə, nəhayət, açıqdan-açığa Azərbaycan nehzətini ləğv edib, onun başçılarını məhv etmək şüarilə üzərimizə həmlə edəcəyini rəsmi sürətdə özünün teleqraflarında və bəyaniyyətlərində dünyaya bildirmişdi. Nəhayət, iş söz və yazı ilə qurtarmayıb həmin ayın on üçündə günortadan qabaq saat yeddidə onun göndərdiyi müsəlləh qüvvələr Rəcəin məntəqəsinə bizim fədai postlarımızı 12 saat tamam tüfəng, müsəlsəl, TOP və tank vasitəsi ilə (atəŞə tutaraq) yol açıb torpağımıza soxulmağa çalışıb. Bundan əlavə müvafiq qətnaməmizin xilafına olaraq, Zəncana müsəlləh qüvvə göndərilib və rəsmi surətdə onun müavini Müzəffər Firuzun bizə yazdığı naməyə baxmayaraq məşhur feodal Zülfüqarini və sairlərini Zəncandan uzaqlaşdırmayıb, hətta ona sərhəng dərəcəsi (Polkovnik rütbəsi) verdikdən sonra müsəlləh edib üzərimizə göndərib. Bunlar isbəta edir ki, Qəvam bizim ilə bağladığı sazişini, özünün Azərbaycan valisi doktor Cavidə yazdığı namələrinin mürəkkəbi qurumadığı bir halda həyasızcasına onu pozmağa başlamaqla özünün sui-qəsdini aşkara çıxarıb. Görünür, o, özünü bizim saziş üçün vasitə qərar verdiyi sovet nümayəndələrinə etdiyi rəsmi vədəyə, yəni Azərbaycan məsələsinin sülh yolu ilə həll edilməsinə əməl etmək fikrində deyil.

Belə olduğu halda Azərbaycan xalqı üçün vahid bir yol qalır: o da öz silahının gücü, öz cavanlarının qəhrəmanlığı ilə azadlığını müdafiə etməkdən ibarətdir. Xalqımız çox gözəl bir surətdə anlayıb ki, onun azadlığının zamini sazişlər, kağızlar, müvafiq qətnamələr və teleqraflar deyil, bəlkə onun qolunun gücü və süngüsünün qüdrəti ola bilər. Bizim xalqımız Qəvamın doktora (doktor Cavidə) yazdığı saziş məktubunun ardınca göndərilən qoşun və silahlı qüvvələri eləyə bilməz görməsin. Qəvam bu işi hər dəqiqə görə bilər və heç bir kağız, müvafiq qətnamə onun xainanə hərəkatının qabağını ala bilməz. Biz səkkiz ay tamamdır ki, xalqımızın ehsasatı və firqə üzvlərimizin arzuları, firqə aktivinin meylinin xilafına olaraq, iş xatirəsi və ixtilafin sülh və saziş yolu ilə həll edilməsi və böyük

dostumuz Şuralar İttifaqına dünya siyasətini gözləmək, həmçinin Şura dövlətinin ortamızda vasitə olmasını nəzərə alıb Qəvamın irticai simasını demokratik və mütərəqqi göstərməyə çalışmışıq, hətta bəzən öz fıkir və əqidəmizin xilafına olaraq, onu tərif və təmcid (yüksək) dəxi etmişik ki, iş bizim tərəfimizdən pozulmasın. Hətta fədailərimizin Qəzvin, Rəşt və Tehranı götürmək imkanı olduğu halda öz nüfuz və hörmətimizi sərf edib onların qabaqlarını saxlamışıq ki, onun əlinə həhanə düşməsin. Bizim böyük güzəştlərimizi bütün dünya bildiyi kimi siz daha gözəl bilirsiz.

Biz bu saziş yolunda Milli Hökumətimizi ləğv etdik, Milli Məclisimizi Əyalət Əncüməninə döndərdik, fədai dəstələrini nigəhban təşkilatına təbdil etdik (çevirdik), milli qoşunumuzun ixtiyarını və fərmandehliyini (əmr verməyi) onların əlinə tapşırmağa hazırlandıq, bütün aidatımızı onların xəzinəsinə, yəni Milli Banka verməyə başladıq. Bunların hamısı ondan ötrü idi ki, onların əllərinə dəstaviz verməmiş olaq. Qəvam isə bizim güzəştlərimizi gördükdə hər gün tələbatını artırıb axırda iş o yerə gətirib çıxardıb ki, istəyir nağəhani (qəfləti) bir həmlədə azadlığımıza birdəfəlik xatimə versin. O, neft məsələsini qabağa çəkmişdi ki, Qızıl Ordunun İrandan çıxmasını təmin etsin və Azərbaycan Milli Nehzətini ortadan aparsın.

 

(ardı var)

 

Xalq cəbhəsi.- 2017.- 28 yanvar.- S.14.