Azərbaycan rəssamlarının əsərləri Daşkənddə

    

 Azərbaycan rəssamlarının əsərləri Daşkənddə nümayiş olunur

Özbəkistan Rəssamlar İttifaqının (ÖRİ) Mərkəzi Sərgi salonunda Beynəlmiləl Mədəniyyət Mərkəzinin (BMM) 25 illiyinə həsr edilmiş “Özbəkistan bizim ümumi evimizdir” adlı sərgi açılıb.

Sərginin açılışında Daşkənddə fəaliyyət göstərən milli mədəniyyət mərkəzlərinin rəhbərləri, mədəniyyət və incəsənət xadimləri, şair və yazıçılar, diasporumuzun üzvləri iştirak ediblər.

Özbəkistan Baş nazirinin müavini Tanzila Norbaeva BMM-in 25 illiyi münasibətilə mədəniyyət mərkəzinin rəhbərliyini və üzvlərini təbrik edərək onların ölkə mədəniyyətinin tanınması və təbliğindəki rolunu vurğulayıb.

BMM-in sədri Nəsrəddin Məhəmmədiyev, ÖRİ-nin sədri Akmal Nuriddinov və başqaları belə sərgilərin keçirilməsinin ölkədə millətlərarası sabitliyin möhkəmlənməsi, xalqlar arasında dostluq və qardaşlığın daha da güclənməsi, dinlərarası tolerantlığın inkişafına zəmin yaratdığını bildiriblər.

Özbəkistandakı səfirliyimizin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə tanınmış fırça ustalarımız - Toğrul Nərimanbəyov, Salam Salamzadə, Maral Rəhmanzadə, Elbəy Rzaquliyev, Həsən Haqverdiyev, Hüseyn Məmmədov və digərlərinin əl işlərindən ibarət 16 rəsm əsəri sərginin ekspozisiyasında yer alıb. Sərgidə Qarabağın milli qadın və kişi geyimləri, milli musiqi alətlərimiz və suvenirlər də maraq doğurub.

 

Xalq cəbhəsi.- 2017.- 28 yanvar.- S.16.