Bakı Ali Neft
Məktəbində “Şotlandiya Günü”
Yanvarın 27-də Bakı Ali Neft Məktəbində (BANM) məşhur
şotland şairi
Robert Börnzün anadan
olmasının 258-ci ildönümünə
həsr edilən “Şotlandiya Günü” adlı tədbir keçirilib.
AZƏRTAC xəbər
verir ki, ölkəmizdə fəaliyyət
göstərən səfirliklərin
nümayəndələrinin də iştirak etdikləri tədbirdə
BANM-in rektoru Elmar Qasımov Azərbaycan-Böyük
Britaniya əlaqələrinin
əhəmiyyətindən danışıb.
Qeyd olunub ki, Bakı
Ali Neft Məktəbi ilə Şotlandiyanın Heriot-Vatt Universiteti arasında müvafiq layihə çərçivəsində
əməkdaşlığa dair müqavilə imzalanıb. Bu müqaviləyə
əsasən BANM-də
bakalavriat səviyyəsində
neft-qaz mühəndisliyi
və kimya mühəndisliyi ixtisasları
üzrə mütəxəssis
hazırlığı Heriot-Vatt
Universitetinin tədris
proqramları əsasında
həyata keçirilir.
Cari ildə bu proqramlar
üzrə məzunların
ilk buraxılışı olacaq və qeyd edilən ixtisaslar üzrə Heriot Vatt Universitetinin
təklif etdiyi proqramlar əsasında iki diplom layihəsi
çərçivəsində BANM-də magistr hazırlığına başlanılacaq.
Rektor xatırladıb
ki, iki ali təhsil müəssisəsi arasındakı
razılaşmaya görə,
mayın 28-də Heriot-Vatt
Universitetində “Azərbaycan
Günü” keçiriləcək.
Birləşmiş Krallığın
Azərbaycandakı səfirinin
köməkçisi Stefan MakKormik,
BP şirkətinin Azəri-Çıraq-Günəşli
qlobal layihələri
üzrə vitse-prezidenti
Kesl Kelli və Böyük Britaniyanın
“British Council” təşkilatının Azərbaycan nümayəndəliyinin
meneceri Nərgiz Hüseynova tədbirin əhəmiyyəti ilə
bağlı fikirlərini
bölüşüblər.
Tədbirdə məşhur şotland şairi R.Börnzün həyat və yaradıcılığı haqqında
məlumat verilib. Bildirilib ki,
R.Börnz şeirlərində
Şotlandiya xalq yaradıcılığı ənənələrini,
qədim xalq mahnılarındakı motivləri
əsas götürüb
və bu, onun şeirlərinin xalq arasında geniş yayılmasına səbəb olub. Şotlandiya xalqı şairini böyük məhəbbətlə
anır.
Sonra Şotlandiya haqqında
film göstərilib, şotland
milli musiqi və rəqsləri ifa olunub.
Xalq cəbhəsi.-
2017.- 28 yanvar.- S.16.