“Müstəqil Azərbaycanın dövlətçilik
ideologiyası - azərbaycançılıq və türk
birliyi konsepsiyası”
Kəmalə
Nuriyeva: “Azərbaycançılığın mühüm tərkib
hissələrindən biri Azərbaycan dilidir, ona adekvat
dövlət münasibətinin formalaşmasıdır”
“Respublikanın dövlət müstəqilliyinin bərpası,
ölkədə siyasi və iqtisadi stabillik, beynəlxalq əlaqələrin
genişlənməsi, həyata keçirilən
ardıcıl əməli tədbirlər Azərbaycan
xalqının milli ideologiyasının - milli və bəşəri
dəyərlərə əsaslanan müstəqil, dünyəvi
dövlətçilik ideologiyasının tam
formalaşması və inkişafı üçün
geniş imkanlar açmışdır. Hazırda Azərbaycan
xalqının adət və ənənələrini, milli-mənəvi
dəyərlərini, polietnik zənginliyini özündə
yaşadan və əlaqələndirən baxışlar
sistemi kimi azərbaycançılıq ideyası təşəkkül
tapıb”. Bunu AMEA-nın əməkdaşı
Kəmalə Nuriyeva səsləndirib. O bildirib ki, Azərbaycan
tarixən çoxmillətli ölkə, milli və dini
tolerantlığın bərqərar olduğu məkan kimi
tanınıb və bu cəhətlər azərbaycançılıq
məfkurəsinin əsasını təşkil edib: “Bu səbəbdən
mahiyyət etibarı ilə "azərbaycançılıq"
Azərbaycanda yaşayan müxtəlif xalqların mədəniyyətlərinin,
ənənələrinin, konfessiyalarının vəhdətidir.
Azərbaycanda müxtəlif millətlərin
nümayəndələri yaşayır. Azərbaycançılıq
bütün bu millətlərin nümayəndələrini
birləşdirən bir ideya, bir məfkurədir. Azərbaycançılıq bizim keçmişimizdən
gələn dəyər olaraq vahid Azərbaycanın ideya
olmaqla yanaşı, ölkədəki bütün konfessiya və
etnosların həmrəyliyi və birgəyaşayışının
tarixi təcrübəsidir. Azərbaycançılıq
Azərbaycanın müstəqilliyini qoruyan və onu gücləndirən
ideoloji sistemdir. Azərbaycançılıq
ideyasında vahid polietnik Azərbaycan dövlətçiliyinin
yaranmasına dair maraqların ümumiliyi, demokratiyanın, sərbəst
iqtisadiyyatın, sosial həyat şəraitinin inkişafı
uğrunda mübarizəsinin məqsədləri öz əksini
tapıb. Azərbaycançılıq təliminin
formalaşdırılmasının özünəməxsusluğu
hansı milli mənəviyyatı, dini cərəyanı və
tarixi məqamı özündə birləşdirməsindən
asılı olamayaraq Azərbaycan əhalisinin əksəriyyəti
üçün xarakterik olan ümumi əlamətlərin
sintezi ilə səciyyələnir. Azərbaycanın
milli oyanışı, onunla bağlı milli ideya uğrunda
mübarizə hərəkatı milli gerçəkliyimizin
çox mühüm tərkib hissələrindən biridir.
1. Azərbaycançılığın XIX əsrin sonu - XX əsrin
əvvəllərində bir ideya kimi formalaşması Qədim
və Orta əsrlərdə Azərbaycanda buna oxşar ideyalar
- vahid ərazi hissi, maddi-məişət şəraitinin
ümumiliyi, xarici dövlətlərə qarşı birlikdə
mübarizə, dil və qan qohumluğu, soykökünün
eyniliyi, mənəvi mədəniyyət sahəsində
oxşar cəhətlər, iqtisadi-siyasi və coğrafi birlik
zəminində formalaşmış müəyyən
xüsusiyyətlər olub. Xalqın
böyük mütəfəkkirlərinin, dövlət
adamlarının, ictimai xadimlərinin fəaliyyətində
bu ideya uzun zaman özünü göstərib. Lakin bütün bunlar bir qayda olaraq
dağınıq, sistemsiz xarakter daşıyırdı.
Azərbaycançılıq ideyasının
ardıcıl və məqsədyönlü
formalaşması prosesi elmi ədəbiyyatda XIX əsrdə təşəkkül
tapan və inkişaf edən Maarifçilik hərəkatına
aid edilir. M.F. Axundov, H.Zərdabi, Ə.Haqverdiyev, C.Məmmədquluzadə,
N.Nərimanov, F.Köçərli kimi məşhur
ziyalılarla yanaşı Ə.Topçubaşov, Ə.Ağayev
kimi maarifçi publisistlərin ictimai fikir meydanına gəlməsi
də bu dövrə təsadüf edir. Bu şəxslər
milli şüurun müxtəlif ideya təmayüllərinin
inkişafında yaxından iştirak edirdilər. Milli ideologiyanın - həm
türkçülüyün (məhz ideologiya olaraq), həm
də azərbaycançılığın konsepsiya səviyyəsində
formalaşması milli mətbuatın yaranması ilə
bağlıdır. 1877-ci il "Əkinçi" qəzetinin
nəşrindən - 1920-ci il Azərbaycan Xalq Cümhuriyyətinin
süqutuna qədərki təqribən yarım əsr Azərbaycanda
milli oyanışın və onun nəzəri təməli
olan ideologiyanın formalaşma dövrü idi: "Azərbaycançılıq
qayəsini tarixi-siyasi ideya kimi formalaşdıran - publisistikada
"Əkinçi", bədii yaradıcılıqda C.Məmmədquluzadə
və M.Ə. Sabir, elmi siyasətdə M.Ə. Rəsulzadə
olmuşdur". Ümumiyyətlə, XIX əsrin
sonu XX əsrin əvvəlləri Azərbaycanın bədii
estetik və ictimai fikrində milli oyanış və
özünüdərk, istiqlal kimi düşüncələrinin
formalaşması dövrü hesab olunur. O dövrdə
formalaşan milli təfəkkür türk
dünyasının görkəmli nümayəndələri
İ.Qaspiralı, Ə.Hüseynzadə, Ə.Ağaoğlu,
Z.Göyalp kimi mütəfəkkirlərin
türkçülüyə dair fikirlərindən bəhrələnirdi.
Onlar ilkin mərhələ üçün
adekval obyektivliklə Azərbaycanın milli müstəqillik məsələsini
ümumtürk azadlığının tərkib hissəsi
kimi qarşıya qoyurdular”. Onun fikrincə, Azərbaycançılığın
milli ideyası ideologiyaya çevrilmə prosesində tarixi
inkişaf baxımından həm islamçılıq, həm
də türkçülük mərhələlərini
yaşamış, XX əsrin əvvəllərindən etibarən
isə tədricən müstəqil ideya cərəyanına
çevrilməyə başlamış və yalnız bundan
sonra Azərbaycan milli dövlətçiliyini meydana gətirə
bilmişdi: “Azərbaycan Xalq Cümhuriyyətinin rəsmən
elan edilməsi ilə azərbaycançılıq ideyası
öz inkişafının keyfiyyətcə yeni mərhələsinə
qədəm qoydu. Ə.Topçubaşov, M.Ə. Rəsulzadə,
M.B. Məmmədzadə, Y.V. Çəmənzəminli və
digər azərbaycanlı ideoloqlar öz sələflərinin
ideoloji irsini yeni tarixi-siyasi şəraitlə
uyğunlaşdırmaq yönündə gərgin fəaliyyət
göstərməyə başladılar. Məsələn,
Mirzə Bala Məmmədzadənin "Milli Azərbaycan hərəkatı"
adlı monoqrafiyası sırf siyasi əsər olsa da onun
bütün yanaşmalarını, milli hərəkatın
başlanmasını, əsasən azərbaycançılıq
ideyasının yüksəlişi kontekstində
götürdüyü üçün burada irəli
sürülən ideyaları milli ideologiyanın mühüm
komponentləri hesab etmək olar. Azərbaycan
Xalq Cümhuriyyətinin mövcud olduğu iki ildə milli
ideologiya ən çox siyasi-publisistik fikir vasitəsilə
inkişaf edirdi ki, bu da təbii idi. Dövlətçiliyin
qorunub saxlanması, inkişafı, dünya miqyasında
tanıdılması kimi real və praqmatik vəzifələr
siyasi təfəkkürün ictimai-mənəvi dəyərlərlə
uzlaşdırılması zərurətini meydana gətirdi.
Azərbaycan Xalq Cümhuriyyətinin süqutu və
Azərbaycanın SSRİ-nin tərkibinə daxil olması ilə
azərbaycançılıq ideyası da arxa plana keçdisə
də, lakin əsasən mühacirətdə öz
varlığını saxladı. Milli
hökumət qurucularının öz-özlüyündə
mütərəqqi və milli məzmuna malik
ideyalarının reallaşması həm daxili təşkilatçılığın
zəifliyi, həm də xarici müdaxilələrin
intensivliyinə görə mümkün olmadı. 2.Azərbaycan müstəqillik qazandıqdan
sonra azərbaycançılıq ideyasının təkrar
gündəmə gəlməsi Milli-mənəvi dəyərlərimizin
qorunması, xalqımızın mentalitetinin yaşaması və
bütün bunların ümumbəşəri dünya dəyərləri
ilə zənginləşdirilməsi kimi təməl üzərində
qurulmuş bugünkü milli ideologiya artıq XIX əsrin sonu
- XX əsrin əvvəllərində maarifçilər tərəfindən
böyük səylə inkişaf etdirilirdi. Lakin
birmənalı şəkildə qeyd olunmalıdır ki, azərbaycançılığın
ümummilli ideya halına gəlməsi, bütün dünya
azərbaycanlılarım birləşdirən məfkurəyə,
müstəqil Azərbaycan dövlətinin ideya əsasına
çevrilməsi məhz Heydər Əliyevin tarixi xidmətidir”.
O əlavə edib ki, Azərbaycançılığın
mühüm tərkib hissələrindən biri Azərbaycan
dilidir, ona adekvat dövlət münasibətinin formalaşmasıdır:
“Milli özünüdərk prosesində dil problemi
mühüm rol oynayır. Ə.Hüseynzadə
yazır ki, "millət öz dilinin qədrini bilsin və
onun tərəqqi və təkamülünə
çalışsın". Azərbaycançılığın
tərkib hissələrindən biri də dindir. Ə.Hüseynzadə din məsələsini azərbaycançılığın
əhəmiyyətli komponenti kimi milli tərəqqi ilə
sıx bağlayır. Azərbaycançılıq
təkcə Azərbaycan Respublikasında yaşayan azərbaycanlıların,
təkcə Azərbaycan dövlətinin maraqlarını
deyil, həm də bütün dünyada yaşayan azərbaycanlıların
milli-mənəvi maraqlarını ifadə edir. Müstəqil Azərbaycan Respublikasının
inkişafında dünyanın müxtəlif ölkələrinə
yayılmış azərbaycanlıların həmrəyliyi,
mənəvi-ideoloji siyasi köməyi böyük rol
oynayır. Bundan əlavə, milliyyətcə azərbaycanlı
olmasa da, bir neçə nəsil Azərbaycanda
yaşamış və Azərbaycanı özünün
tarixi vətəni sayan insanlar, xristian və yəhudi
olmalarına baxmayaraq, Azərbaycan Respublikasının
maraqlarına xidmət etməklə və ümumi Azərbaycan
mədəniyyətinə qatılmaqla azərbaycançılıq
məfkurəsinin iştirakçısı olurlar. Azərbaycanın yerli sakinləri olan etnik
qrupların milli-siyasi vətəni ilə doğma vətəni,
mədəni-mənəvi məkanları arasında heç
bir fərq yoxdur. Onlar həm coğrafi məkan
baxımından, həm tarixi, həm milli-siyasi, həm də
mənəvi baxımdan azərbaycanlıdırlar. Azərbaycanda gəlmə olan alman, rus, gürcü
vahid Azərbaycan mədəniyyətinə qatıla bilməsə
də, neçə yüz illər ərzində vahid mədəni-mənəvi
məkanda yaşayan yerli etnik qruplarla birgə milli mədəniyyətin
formalaşmasında eyni hüquqla iştirak edirlər.
3. Azərbaycançılığın milli ideya kimi
seçilməsi və “türk birliyi” konsepsiyası Azərbaycançılıq
elmdə və siyasi ədəbiyyatda artıq bir paradiqma kimi
irəli sürülmüş, onun yaranışı, təkamülü,
hazırkı vəziyyəti, xüsusiyyətləri, türk
birliyi konsepsiyasından fərqli cəhətləri və s.
müəyyən tədqiqatların obyekti olmuşdur: "Azərbaycançılıq
milli özünüdərkin, etnik şüur
intibahının fəlsəfədə, elmdə, ideyada ifadəsidir".
Azərbaycançılığın milli ideya kimi
seçilməsi heç də onun türk birliyi
konsepsiyasına qarşı qoyulması demək deyildir... Etnik kökə dayanan türk birliyindən fərqli
olaraq, azərbaycançılıq siyasi-coğrafi əsaslara
dayanır və bütün respublika xalqları və vətəndaşları
üçün inteqrativ rol oynayır. Ona
görə də azərbaycançılıq dövlətçiliyin
möhkəmləndirilməsi yolunda bir vasitədir.
Müasir dövrdə Azərbaycanın milli
ideologiyasının formalaşmasında
aşağıdakıların nəzərə
alınmasının böyük əhəmiyyəti
vardır: - Dövləti formalaşdıran millətin - Azərbaycan
türklərinin tarixi və mədəni-siyasi irsi, başqa
sözlə, türkçülük; - Azərbaycan vətənpərvərliyi
ideyası və ümumi Vətən naminə Azərbaycanda
yaşayan xalqların həmrəyliyi, başqa sözlə,
azərbaycançılıq. Bunları bir-birinə
qarşı qoymaq, birinin əhəmiyyətini artırıb,
digərinin əhəmiyyətini azaltmaq tarixi taleyimizlə
bağlı əvvəlcədən səhvə yol vermək
deməkdir. Azərbaycanın tarixdə
ikinci dəfə müstəqillik əldə etdikdən sonra
azərbaycançılıq aparıcı ideya kimi həm
ölkəmizdə, həm də dünyada yaşayan
soydaşlarımız üçün əsas ideyaya
çevrildi. Heydər Əliyev
üzünü dünyanın müxtəlif ölkələrindən
gəlmiş həmyerlilərimizə tutaraq deyirdi ki, azərbaycançılıq
öz milli mənsubiyyətini, millimənəvi dəyərlərini
qoruyub saxlamaqdır. Azərbaycançılıq
hər şeydən öncə bir məfkurədir. Bu məfkurə təkcə Azərbaycan ərazisində
yaşayan insanların maraqlarını deyil, həm də
bütün dünyada yaşayan azərbaycanlıların məqsəd
və məramlarını özündə ehtiva etməlidir.
Həmin məfkurənin məzmunu Azərbaycanda
ilk dəfə Heydər Əliyev tərəfindən bəyan
edilib və dünyada yaşayan hər bir azərbaycanlıya
ünvanlanıb. O vaxt bu məfkurə - azərbaycançılıq
ideyası dövlətin strateji xətti kimi irəli
sürüldü. XX əsrin əvvəlində
azərbaycançılıq başlıca istiqlal ideyası
oldu. İndi əsrin sonunda da "istiqlal
ideologiyamızın təməlində
türkçülük və islamçılıq dayanan azərbaycançılıq
olmalıdır". Azərbaycanın
müxtəlif ölkələrdəki icmaları,
diasporları lobbiçilik fəaliyyətində türkdilli
xalqların müvafiq təşkilatları ilə sıx əlaqə
saxlamalı, birgə çalışmağın
metodlarına yiyələnməlidirlər. Etiraf edək
ki, Türkiyə türklərinin, tatarların, özbəklərin,
qazaxların və s. da bu sahədə o qədər
böyük təcrübəsi: yoxdur. Bununla belə,
Türk dünyası, bütün mövcud problemlərə
baxmayaraq, azərbaycanlıların öz milli ideallarım həyata
keçirməsində ən etibarlı kontekst, ən
münasib etnososial mühitdir. Azərbaycançılıq
ideyasında milli dövlət konsepsiyası və Azərbaycanda
yaşayan xalqların milli-mədəni inkişafı
konsepsiyası çox böyük əhəmiyyətə
malikdir. Azərbaycançılıq Azərbaycan
dövlətçiliyi tarixinin yaxın gələcəyi ərzində
milli ideologiyanın əsası olaraq qalacaq”.
Əli
Xalq Cəbhəsi.- 2017.- 31 yanvar.-
S.9.