Azərbaycan təbiəti tarixi mənbələrdə

 

 

4-cü yazı

 

Quldur” pələng də Qafqaz canişinindən belə bir sənəd almamışdı. Hökumət tərəfindən göndərilən ovçular pələngi mühasirəyə alırlar. O, əvvəlcə bu mühasirənin nə demək olduğunu, ondan nə istədiklərini başa düşmür, ancaq elə ki, böyrünə güllə dəyir, gələnlərin onun sərbəst məşğuliyyətinə mane olduqlarını anlayır, sıçrayıb ovçulardan ikisini öldürür, üçüncüsü isə yaralı halda birtəhər qaçıb canını qurtarır. Nə Qazı Mollaya, nə Şamilə güzəştə getməyən rus hökuməti bir pələngin qarşısında aciz qala bilməzdi. Hökumət adamları ikinci dəfə pələngi mühasirəyə alırlar; bu dəfə həvəskar ovçular deyil, bütöv bir silahlı dəstə işə girişir. Pələng doqquz güllə yarası alandan sonra ağaca çıxıb ona doqquzuncu gülləni sıxan kazakın üstünə – on beş fut hündürə tullanır ki, onu tutsun; kazak, pələngin başının üstündəki budaqdan yapışıb daha yuxarı qalxmaq istəyir – lakin bacarmır və pələng caynaqlarını onun qarnına keçirib bağırsaqlarını yerə tökür. Pələng ölür; ancaq bu, İmperator Nikolayın beş əsgərinin həyatı bahasına başa gəlir. Həmin əhvalatdan təxminən dörd il sonra əvvəlcə on iki-on beş ovçunun, sonra isə bütöv bir alayın çətinliklə öhdəsindən gəldiyi işi tək bir qadın, özü də bircə zərbəyə görmüşdü. Bu əhvalat Cemçamiran kəndində, meşənin lap ortasında baş vermişdi. Rus nə qədər kasıb olsa da, iki şeysiz keçinə bilməz: gündə iki dəfə çay içməli, həftədə bir dəfə hamama getməlidir. Bir ər-arvad kənddən aralıdakı evlərində ümumi hamam işlədirlərmiş. Bu ev meşənin ortasında, tamamilə gözdən kənar bir yerdə olub. Bir şənbə günü – camaatın hamama gələcəyi gün arvadla kişi hamamxananı qızdırmaq üçün həyətdə odun yarıblar. Bu vaxt onlar öz gücünə güvənən bir pələngin asta-asta, arxayınlıqla hamama girdiyini görürlər. Pələng gedib yuxarı taxçada, ən isti yerdə uzanır. Hələ hamamı yaxşı qızdırmayan hamamçı elə bil pişik qovurmuş kimi qaçaraq içəri girir ki, pələngi qovsun. Pələngsə uzanıb istidən xumarlanırmış. Hamamçı vedrəni qaynar su ilə doldurub pələngin başına atır. Pələng də qəzəblə hamamçının üstünə atılır. Ancaq xoşbəxtlikdən, arvad əlində odun baltası, ərinin dalınca hamama girir və pələngin kişinin üstünə atıldığını görəndə var gücü ilə baltanı onun başına çırpır. Zərbə heyvanın düz alnının ortasına dəyir və başını ortadan ikiyə bölür. Pələng aldığı yaradan arxası üstə yıxılır və yerindəcə ölür; kişi ilə arvad isə səndələyib yıxıldıqlarından heçolmur. Həmin vaxtlar Qafqaz canişini olan qraf Vorontsov pələngi öldürən arvadı Tiflisə gətirdir. Əvvəlcə qrafinya qadını qəbul edir. Qrafinya guya qəzəbliymiş kimi onun üstünə qışqıraraq deyir: – Ay bədbəxt, sən nə cürətlə İmperatorun pələngini öldürübsən? Qrafinyanın sözlərindən özünü itirən arvad həyəcanla deyir: – And içirəm ki, mən onun çarın pələngi olduğunu bilməmişəm. Qrafinya Vorontsova şaqqanaq çəkib gülür, bundan sonra arvad özünə gəlir. Bu vaxt qraf özü də içəri girir və arvadı sakitləşdirir. Qraf ona min rubl mükafat, üstəlik, əsgərlərin döşlərində gəzdirdikləri “Şərəf Nişanı”nı verir. Bizə bu əhvalatı həmin xeyirxah qadın özü danışdı. Bu hadisədən sonra o, camaatın diqqətindən, ətrafındakı çaşqın baxışlardan özünə gələ bilmirdi. Dediyinə görə, əri pələngin başına qaynar su ilə dolu vedrəni tökəndə, özübalta ilə pələngin kəlləsini ikiyə böləndə bu qədər həyəcanlanmayıb. Pələnglər bu əhvalatı xəbərdarlıq kimi qəbul edibbundan sonra bir daha rus hamamlarına girməyiblər.

Şanaka kəndində başqa bir pələng isə özünü lap qəribə aparıb. Bir qadın yaşadığı evin yüz addımlığındakı quyunun başında paltar yuyurmuş; on dörd-on beş aylıq uşağı da yanındaymış. Qadının sabunu qurtarır və o, sabun gətirmək üçün evə gedir, uşağı isə özü ilə götürmür, elə quyunun yanına, çəmənliyə qoyur ki, oynasın. Evdə sabun axtararkən uşağından nigaran qaldığından pəncərədən baxır ki, görsün uşaq neyləyir. Ancaq bir pələngin meşədən çıxıb yolu keçərək düz uşağın yanına getdiyini, iri pəncəsini uşağın sinəsinə qoyduğunu görəndə dəhşətə gəlir. Qadın yerindəcə donub qalır, qorxudan rəngi-ruhu saralır. Ancaq uşaq pələngi böyük it zənn edib totuq əllərilə onun qulaqlarından yapışır və pələnglə oynamağa başlayır. Pələng də uşaqdan geri qalmır: bu şən əhval-ruhiyyədən xoşallanan pələng özüuşaqla oynamağa başlayır. Bu qorxunc oyun on dəqiqə davam edir; sonra pələng uşağı buraxıb yolu keçir və meşəyə qayıdır. Özünü itirmiş qadın uşağın üstünə atılır və onun sağ-salamat olduğunu, heç bir yerinin cızılmadığını görür.

Qədim Romada şirlə Androklun 11 macərası məşhur olduğu kimi, indicə danışdığımız bu üç əhvalat da Qafqazda dillər əzbəridir. Bəbirlər də pələnglər kimi Kür çayının sağ sahilində məskən salıblar və sayca çoxdurlar. Onlar qamışlıqlarda, talalarda, kiçik meşəliklərdə, kolluqlarda yaşayır və çaya su içməyə gələn qoyunlara, dağ keçilərinə və hətta öküzlərə də hücum edirlər. Adamlar indi şahinləri əhliləşdirdikləri kimi, əvvəllər bəbirləri də əhliləşdirər, qırqovul əvəzinə ceyran ovuna çıxar; bəbirləri isə şahin kimi əllərinin üstündə yox, yəhərin qaşında özləri ilə aparırdılar. Gürcüstanın cənubunda İran hakimiyyətinin ləğv olunması, ayrı-ayrı xanlıqların Rusiyaya birləşdirilməsindən sonra, əsasən xanların əyləncəsi sayılan bu ov növü sıradan çıxıb. Tiflis gömrükxanasının rəhbəri Çelayev hələ cavanlıqda Qarabağ xanlarından biri ilə belə bir ovda iştirak etdiyini bizə danışdı. Sonra o, iki-üç dəfə bəbir ovunda olmuşdu. Belə ki, onun lap yaxınlığında ovçunun bəbirə necə güllə atıb yaraladığını, vəhşi heyvanın ovçunun üzərinə necə sıçradığını və ovçu macal tapıb ona ikinci gülləni atana qədər bəbirin onun başını bədənindən ayırdığını öz gözlərilə görmüşdü.

Çaqqallara gəlincə isə, onlar dağlara yaxın kəndlərdə o qədərdirlər ki, ulaşmasına öyrəşməyən adamların yuxusunu qaçırırlar. Bu heyvan əslində ziyansız və qorxaqdır. Lakin doğrusu, qorxaq olmasına baxmayaraq, nədənsə səsi adamın tükünü ürpədir. Burada istər-istəməz Olearinin danışdığı əhvalatı xatırlamalı olursan: Holşteynin hersoqu tərəfindən İran şahının yanına göndərilən ləyaqətli bir alman Dağıstan sahillərində gəmi qəzasına uğrayır. Onun herbari toplayan katibi meşədə azır və vəhşi heyvanlara yem olmaqdan qorxduğundan gecəni keçirmək məqsədilə ağaclardan birinin üstünə dırmaşır. Ertəsi gün yoldaşları onu axtarmağa başlayırlar və bir ağacın üstündə tapırlar. O, qorxudan özünə gələ bilmirdi, dili tutulmuşdu. Anlaşılmaz cavablarından yanındakılar başa düşürlər ki, çaqqallardan qorxubmuş. Zavallı and-aman edərək deyirmiş ki, çıxdığı ağacın altına yüzə qədər çaqqal yığışıbmış və öz aralarında çox ciddi halda şüurlu insan kimi almanca şəxsi işlərindən danışırmışlar.

İlanlara gəldikdə, Bakı ətrafında onlar lap çoxdur, ancaq elə ki, Muğan düzünə qədəm basdın, ya gərək sən birini ayaqlayasan, ya da gərək onlardan biri səni sanca, bu isə heç də xoşagələn hal deyil, başqa cür oranı keçib-getmək mümkün deyil. Mənim gözəl, xeyirxah dostlarımdan biriTiflis konsulu baron Fino kazaklardan ibarət müşayiət dəstəsilə düzlərdən keçərkən yüzlərlə ilan görmüş, onu müşayiət edən kazaklardan biri onlardan birini nizəsinin ucuna keçirmişdi; bu, sarı-qırmızı rəngli olduqca gözəl ilan imiş; adətən, onlar qara və yaşıl olurlar.

1800-cü illərdə səhradan Kür çayı ilə ayrılan Salyanı mühasirəyə almış qraf Zubov qışı Muğanda keçirmək qərarına gəlir. Onun əsgərləri çadır qurmaq üçün yer qazarkən, torpağın üst qatlarında minlərlə keyləşmiş, soyuqdan donmuş ilana rast gəlirlər. Qədim mənbələr də bu faktı təsdiqləyir. Plutarxın dediklərinə diqqət yetirək: Bu axırıncı döyüşdən sonra (həmin döyüş müasir Araz çayının yaxınlığında baş vermişdi) Pompey Hirkan ölkəsini zəbt etmək və Xəzər dənizinə getmək məqsədilə irəliləyir, ancaq üç günlük səfərdə minlərlə zəhərli və öldürücü ilana rast gəldiyindən planını dəyişir, yarı yoldan qayıdır. Bu ilanların sancması ölümcül olsa da, zəhər qana işləmişsə, həmin yerə bitki yağı töksən və ya yaranın üstünü yağlı bir parçayla silsən, təhlükə sovuşar. Yeri gəlmişkən, ilanlarla bağlı daha maraqlı fakt budur ki, yaz gələndə İrandan gələn dəstə-dəstə ilan Arazı keçib Muğana gedirlər. Onları buraya gətirən nədir? Məhəbbət, yoxsa nifrət? İlanların məhəbbəti daha çox nifrətə oxşayır. Bir-iki ay ərzində ilanların fiti səhranı başına götürür, sanki Evmenidlərin səsini eşidirsən. Bir də görürsən ki, ayrı-ayrı yerlərdə sarı-qızılı, yaxud yaşıl-zümrüdü rəngli ilanlar dağ kimi üst-üstə topalaşaraq quyruqları üstündə dikəlir – bəziləri qara, bəziləri isə alov rəngli üçhaça dilləri ilə bir-birini oxşayırlar. Belə vaxtda Muğan düzünə ayaq basmaq hər igidin hünəri deyil, çünki bu ilanların çaldığı adamın sağalması qeyri-mümkündür. İndi mənim dediklərimin doğruluğuna şübhə edən oxucular üçün bir sirr açmaq istəyirəm. Bəzi ailələrdə, xüsusilə də, Gürcüstan knyazları ilə qohumluğu olanlarda, Bakı, Quba, Qarabağs. xanlarının nəslindən olan ailələrdə hind bezoar daşına bənzəyən möcüzəli şəfaverici daş var. Bu daşı dədə-babadan qalan qiymətli miras kimi mücrülərdə saxlayır və nəsildən nəslə ötürürlər. Deyilənə görə, kimisə əqrəb, zəhərli cücü, gürzə, hər hansı bir zəhərli ilan sancarsa, bu daşı yaranın üstünə qoyduqda maqnit dəmiri özünə çəkən kimi, o da zəhəri özünə çəkir və bununla da qorxu sovuşub gedir. Fransa Hersoqinyası Qrammonun qohumu, Tiflisdə knyaginya Orbeliani ilə evlənən polkovnik Davıdovda da bu daşdan var. Bu daş qaratoyuq yumurtası boyda olur, deşikli, göyümtül, dadsızdır, qovurulmuş paxla kimi bəzi yerlərində qaramtıl ləkə var. Kimisə zəhərli heyvan dişləsə, dərhal həmin daşı yaranın üstünə qoyurlar, o, zəhəri sorub özünə çəkir və rəngini dəyişərək boz-göyümtül bir rəng alır. Bundan sonra onu südə salırlar, daş özündə olan zəhəri buraxır və əvvəlki rəngi bərpa olunur. Mən polkovnik Davıdova məsləhət gördüm ki, əgər yolu Parisə düşərsə, həmin daşı özü ilə gətirsin və alimlər onu tədqiq etsinlər. Mənə qalsa, həmin daşın təbiiliyinə inanmıram və zənnimcə, bu, keçmiş İran təbiblərinin hazırladığı padzəhərdir, yəni zəhərin təsirini yox edən maddədir. Dediyimiz kimi, həmin daş təkcə ilan sancarkən kömək etmir, həmçinin böyələrin və əqrəblərin də zəhərini təsirsiz hala salır. İndisə bu iki qorxunc həşərat haqqında bir az qısa danışaq.

 

Yusif Dirili

 

Xalq Cəbhəsi.- 2018.- 3 aprel.- S.14.