1918-ci ildə Bakıda ermənilərin
törətdikləri qırğınlar
3-cü
yazı
Ermənilərin 1918-1920-ci illərdə törətdikləri
soyqırımı bəşər tarixində rast gəlinən
ən dəhşətli vandallıq olayıdır. Bu yazıda
1918-ci ildə Bakı qırğınları haqqında tarixi
faktlarla danışılır. Tarix elmləri doktoru
Ataxan Paşayevin araşdırmasında vurğulanır ki,
"o mart günlərini fotoqraf vasitəsilə təsbit
etmiş bir çox iranlı, polyak, gürcü
tanıyıram və bunların heç birindən olmayan
M.Kulqe adlı bir əcnəbi hadisələri belə
anladır: “Yalnız müsəlman əhali tərəfindən
məskunlaşmış məhəllələri
qırıb, əhalini öldürür, qılıncla
parçalayır, süngülərlə dəlik-deşik
edir, evlərə atəş vurur, çocuqları bu atəşlərə
ataraq diri-diri yaxır, 3-4 günlük südəmər
çocuqları isə süngülərinə
taxırdılar. Bunların qulaqları,
burunları qoparılmış, qarınları
yırtılmış, əzaları kəsilmişdi. Öldürmədikləri qadınların
saçlarını bir-birinə bağlayaraq üryan bir halda
küçələrdə qabaqlarına qatıb
sürür və özlərini tüfəng dibçəkləri
ilə vururdular. Kimsəyə rəhm
edilmirdi. Çocuqlara rəhm edilmədiyi
kimi, ixtiyarlara da aman yoxdur. Məsələn, Əlizadə
Hacı Əmirin evində 80 yaşlı anası, 60-70
yaşında qadınları öldürmüş və 25
yaşında təzə gəlini diri-diri divara
mıxlamışlardı…”
Bir sözlə, Moskva Azərbaycanda sosializm və
kommunizm qurmaqla məşğul idi. Gərək M.Kulqenin gərəksə
digər əcnəbilərin, o günlərin xatirəsi olmaq
üzrə almış olduqları və bu gün əllərdə
mövcud fotoqraflar çox faciəli mənzərələr əks
edirlər. Mələk qədər sevimli
bir azəri yavrusu Bakının bir divarına çivlənib
və çiv yavrunun ta qəlbini dəlib keçməkdədir.
Bir yığım qızlı-erkəkli
çocuq ölüləri üzərində qocaman
çoban köpəkləri bu məsum yavruları gəmirir.
Çılpaq bir qadın yerə sərilmiş,
ölmüş… bu ölü vücudun qurumuş məməsini
canlı bir yavru əmməkdədir…
31 martın xatirələri yalnız bunlar deyil. Mən hələ
10 minlərlə azəri qız və qadınlarının əsir
sürüsü halında götürüldüyünü,
“Rekord” teatrosunun o gün məhşəri andıran mənzərələrini,
əsir bazarında azəri qızlarının
satıldıqlarını və sairini qeyd etmirəm. Çünki 31 martı xatırlamaq və
canlandırmaq üçün bu qədər də kafidir, bu
qədər də bəsdir”.
Mart faciələrini öz gözləri ilə
görmüş, bu hadisələrin bütün
iztirablarına dözmüş, xoşbəxt təsadüf nəticəsində
sağ qalmış yeniyetmə bir gənc Məhəmməd
Muradzadənin 1918-ci ilin dekabrında qələmə alıb,
1919-cu ildə çap etdirdiyi “Mart hadiseyi-əliməsi” kitabçası
bu cəhətdən xüsusi maraq doğurur. (Bu
kitabça Sədaqət Məmmədova tərəfindən
kiril əlifbasına çevrilərək 1996-cı ildə
“Azərnəşr”də yenidən
buraxılmışdı).
Burada həmin gəncin ailəsinin və
qonşularının timsalında ermənilərin
Bakıdakı mart qırğınları zamanı azərbaycanlılara
qarşı törətdikləri vəhşiliklər qələmə
alınıb.
O, yazırdı: “Həyatım durduqca martın 19-cu gecəsini,
yəni bazar ertəsi gününün axşamını
unutmaram. Bu gecə ailə bir-biri ilə elə
rəftar ilə davranırdı ki, sanki sabah bir-birini görməyəcəklər,
əbədi bir fərağa məhkum olacaqlar”.
Martın 20-də (yeni təqvimlə 31-də) səhər
M.Muradzadənin atasının tanışlarından bir nəfər
Hacı özünün 50-55 yaşında yaralı
qardaşını onların evinə gətirir. Hacı ailəsinin
harada olduğunu bilmir. Yaralını
görən gənc ona baxmağa dözə bilməyib
qonşu yəhudilərin evinə qaçır. Onların həyətinə soxulan erməni caniləri
hacıdan və M.Muradzadənin atasından silah tələb
edirlər. Silah olmadıqda onlar pul tələb
edirlər. O, yazırdı: “Atamla Hacı öz əllərilə
pul kisələrini çıxarıb canilərə verdilər.
İnsan qanına susamış canilər
pulları alıb aralarında böldükdən sonra ikisi həmin
həyətə çıxır. Biri isə bayıra
çıxarkən əvvəlcə atamın sinəsini nişan edərək bir atəş
açır, ardınca Hacının köksündən
vurur. Hər ikisi dəhşətli bir surətdə
yerə yıxılır”.
M.Muradzadə
yazırdı ki, canilər getdikdən sonra: “Mən bu dəhşətlərin
bununla bitdiyini və bir daha təkrar edilməyəcəyini zənn
edirdim. Birdən məhəllədə
böyük qovğa qopdu və bizim məhəllə
qapısı şiddətlə döyülməyə
başlandı”.
Həyətə
soxulan ermənilərin digər canilər dəstəsi
artıq həyətdə kişi tapmayaraq
onlardan iki nəfəri “qoca ilə qadınları heyvan
sürüsü kimi qabaqlarına qatıb əsir adıyla
hara isə aparırlar. İndi canilər
növbə ilə həyətdəki evləri axtarıb qarət
və talan edirdilər. Axırda mən olduğum
evin qapısına gəldilər. Lakin yəhudi
bu evin özünə məxsus olub, burada müsəlmanlar
olmadığını deyib caniləri öz evinə
buraxmır. Bununla da birinci dəfə M.Məmmədzadənin
həyatı xilas edilir. Ermənilərin milli zəmində
törətdikləri qırğınla bağlı öz
fikirlərini M.Muradzadə belə təsvir edir: “Artıq iki
günlük müharibədə kimlərin iştirak etdiyini
və nə üçün bunun belə davamını bir
saat gördüyüm səhnələr gözəlcə
göstərdi. İslam adı daşıyana
aman yox, zira o mənhus qonşu millətin qaniçən
canavarları indi vaxtdan istifadə edərək başqa siyasi
bir maska ilə qurşaqdan dişlərinədək
silahlanıb özlərindən milyonlarca çox və
qapı bir qonşu olan nəcib bir milləti öz
yurdlarında yox etməyə böyük bir cürətlə
əl açmışlardı”.
M.Məmmədzadə
öz gördüklərindən əlavə qonşu yəhudilərin
şəhadətləri əsasında azərbaycanlılara
tutulan divan, küçələrdə tökülüb
qalmış azərbaycanlı cəsədləri haqqında
da yığcam məlumat verərək yazırdı: “Şəhərin
vəziyyətindən xəbər bilmək üçün
yəhudi çocuqları tezdən məhəlləmizə
çıxmışlardı. Gətirdikləri o təsirli və
dil yaxıncı xəbərlərində islam
qurbanlarını bütün küçələr boyu
qırlar üzərində dəniz sahilinə tordan
atılmış balıqlar kimi yan-yana qanlı ölüm
yatağında yatdıqlarını söyləyirlərdi. İki gündən bəri günahsız məzlumları
torpağa endirmiş və böyük xanimanları
söndürən atəşlərin sədası indi şəhərin
uzaq yerlərində eşidilirdi. Bizim məhəllədə
isə böyük bir sükunət hökm
sürürdü”.
Lakin bu
sükunət çox hökm sürmür, elə həmin
gün M.Muradzadənin dediyi kimi, qonşu millətin qaniçən
canavarları yenidən künc-bucaqda gizlənmiş
türk-islam yavrularını qırmağa qol
çırmalamışlar: "Hər bir rus və yəhudi
evlərini axtarıb ölüm hədəsiylə müsəlmanları
vermələrini əmr edirdilər. Belə bir
cani və qarətkarlar dəstəsi bizim küçəyə
dəxi gəlmişlərdi. Bizi bu anadək insanlıq
naminə saxlayan yəhudilər bu əhvalatdan böyük bir
təşvişə düşmüşlərdi… Ev sahibi
Levin çox həlim bir kişi idi. Hərdən yanımıza gəlib övzai-əhvalatdan
bizi agah edərək bu dəqiqələr çox qorxulu
olduğu üçün yalnız mətanətli
olmağımıza tövsiyə edib hər növ olursa bizi
müdafiə edəcəyini söyləyirdi”.
M.Mahmudzadə
yazırdı ki, erməni cəlladları yenə də
küçədə olan yəhudi və rus evlərində
olan azərbaycanlıları zorla çıxarır, islam qurbanlarının dad və fəryadları,
ətraf evlərdən çıxarılan məsum körpələrin
ürək parçalayan bağırtıları
eşidilirdi. Onları canilər gizləndikləri yerdən
güclə çıxarıb küçədə güllə
və qılıncla işgəncələrlə məhv
edirdilər: “Kiçik qardaşımla dayım alt mərtəbədə
idilər. Mən özümdən kiçik
qardaşlarımla Levinin otağında oturmuşdum. Levin isə yalnız bizim pərişan
halımıza aludə olub dirigözlü insanları canilər
əlinə verməmək üçün çarələr
düşünürdü”.
Yalnız rus ordusunda xidmət etmiş əlisilahlı
bir neçə gənc yəhudi öz evlərini müdafiə
etdikləri üçün canilər Levinin
yaşadığı evə girə bilməmiş və
M.Mahmudzadə, onun qardaşları və dayısı canilərin
əlindən xilas olmuşdular. Yeri gəlmişkən
onu da qeyd edək ki, Fövqəladə Təhqiqat
Komissiyasının Bakı hadisələri haqqında
hazırladığı məruzədə də göstərilirdi
ki, Bakıda mart qırğınları zamanı ruslar, yəhudilər
və gürcülər mümkün olan yerdə azərbaycanlıları
xilas etmişdilər. Ermənilər azərbaycanlılara
qarşı qırğını yalnız ermənilərə
qəti ultimatum vermiş 36-cı Türküstan polkunun tələblərinə
görə dayandırmışlar. Bakıda
olan bütün rus icmalarının nümayəndələri
ermənilərin bu vəhşiliklərindən hiddətlənir
və ucadan öz etirazlarını bildirirdilər”.
Xatirələrində yeri gəldikcə gənc müəllif
ermənilərin törətdikləri ümumi vandalizm
haqqında da məlumatlar verir, öz münasibətini də
bildirirdi. O,
yazırdı: “Hələ qarşımda o gün müşahidə
etdiyim ürəkdağlayan bir mənzərə təcəssüm
edib durur. O gün küçə ilə bir neçə
kişinin çiynində qısa bir nərdivan üzərində
əlvan boyalı xalça sarınmış bir meyitin
aparıldığını gördünüz. O, mart
günlərinin məzlum qurbanı, mənim zavallı atam
idi. O dövrün vəziyyətinə nəzərən bu
hala da qibtə edirdilər. Ona görə ki,
çox şəhidlərin meyiti o gün tapılmaz oldu.
Ana və bacıların qəlbinə acı və
daim sağalmaz dağlar basıldı. O gün bu müəzzəm
Bakı şəhərinin yarıdan çoxu bir matəm
saraya çevrildi. Çox evlərin üzvləri
südəmər yavrularınadək zəhərli xəncərlər
ilə doğrandı. Fəryad, ah-fəğan
sədası eşidilməz bir ev qalmadı”.
Mart hadisələri zamanı öz gözləri ilə gördüyü və eşitdiyi hadisələri qələmə alan M.Muradzadə yeri gəldikcə bu hadisələrə öz münasibətini də bildirdi. O, Bakıda tam azlıq təşkil edən ermənilərin bu torpaqların həqiqi sahibləri olan azərbaycanlıların başına açdığı müsibətlərin səbəblərini də aşkarlamağa çalışır. Onun bu haqda söylədiyi fikirlər çox maraqlıdır. M. Muradzadənin fikirləri bir də ona görə maraqlıdır ki, 100 ilə yaxın keçməsinə baxmayaraq, 80-ci illərin axırlarında ermənilərin bizi bu cür ağır vəziyyətə salmasında, ərazimizin 20 faizdən çoxunun işğalında, bir milyondan yuxarı qaçqınımızın olmasında yenə də öz təqsirimiz az deyil. Deməli, tarixin ibrət dərslərindən hələ də özümüz üçün lazımi nəticə çıxara bilməmişik. Hələ mart hadisələri başlamazdan əvvəl özünün və dostlarının düşüncələri haqqında məlumat verən M.Muradzadə yazırdı ki, fikirləşirdim, əgər ermənilərlə dava başlayarsa, azərbaycanlılar tərəfindən “hansı igidlərin iştirak edəcəyini və hansı təşkilat tərəfindən və neyçin elanı həll ediləcəyini bir növ təsəvvürümə belə gətirə bilmirdim, çünki “əlində bir mauzeri ilə altı patronu olub yalnız orada-burada pusquda duraraq öz qardaşının qanını tökməyə adət etmiş, yaxud iştirak edib də öz qardaşına vaxt zərurətində səngərdə patronun birini 7-8 rubleyə satan milli igidlərmi?” O yazırdı ki, düşünürdüm düşmənin toplarına qarşı bizimkilər görəsən nə ilə cavab verəcəklər?
Elçin Qaliboğlu
Xalq Cəbhəsi.- 2018.- 5 aprel.- S.13.