“GÖZLƏ,
DÖNƏK QARABAĞA, ŞUŞAYA...”
Şairə
- tərcüməçi Kifayət Salmanqızının
“İki sevgi” kitabı üstündə xarakterik cizgilər
Onun haqqında düşünəndə nəzərimdə
daha çox yurda, el-obaya bağlı bir insan obrazı
canlanır. Onun əxz etdiyi keyfiyyətlər mənsub olduğu
bir ağır elin yadigarıdır, desəm səhv olmaz.
Doğulduğu Qarabağ torpağı
dadını, duzunu ondan əsirgəməyib. Söz və əməl bütövlüyü, mənəviyyata
söykənmək eşqi, türk birüzlüyü
başlıca xarakteridir. Sevindirici
haldır ki, Qarabağ xanımlarına xas olan, nəcabətindən
gəlmə dəyərləri qoruyub saxlamağı, gələcəyə
ötürməyi özünə borc bilir. Barəsində söz açdığım Kifayət
Salmanqızı təbi rəvan, isedadlı şairədir.
Tərcüməçi redaktordur. Filoloqdur. Azərbaycan Dillər
Universitetinin ingilis dili fakültəsini bitirib. AzTV-də çalışıb. Dirili Qurbani Məclisinin aparıcı simalarından
biri olub. “Bizim mövqe” qəzetinin baş
redaktor müavini kimi fəaliyyət göstərib. Buna qədər də dövri mətbuatda
ardıcıl çıxış edib.
Hazırda
Azərbaycan Dövlət İnformasiya Agentliyində -
AZƏRTAC-da “Elm və təhsil xəbərləri
redaksiyası”nın müdiri -
buraxılış redaktoru vəzifəsində
çalışır. Ədəbi
yaradıcılığa hələ gənc ikən
başlayan Kifayət Salmanqızının istedadı onun
çoxillik təcrübəsində özünü
açıq çəkildə göstərir. Təsadüfi deyil ki, bir sıra ədəbi-bədi
nəşrlər onun yaradıcılıq nünunələrindən
vaxtaşırı örnəklər çap ediblər.
Məsələn, şeirləri Tehranda nəşr
olunan “Ərk” qəzetində işıq üzü
görüb. Bir neçə şair və
yazıçının əsərlərini ingiliscəyə
çevirən K.Salmanqızı tanınmış yapon
yazıçısı, bir sıra mükafatlar laureatı
Yoşiko Uçidadan etdiyi tərcümələr (“Qold
Hillini samurayları” povesti və s.) çağdaş Azərbaycan
ədəbiyyatı üçün qiymətli nümunələrdən
sayıla bilər.
Kifayət xanım sözü olduğu tərzdə
çatdırmağı bacarır. Bu baxımdan publisistik
yazıları adamı heyran qoyur. Obyekti
canlandırmaq səriştəsi, obrazlı deyimə meydan
vermək hünəri onun prinsipidir. Xalq
danışıq dilini gözəl bildiyindən bu sarıdan əziyyət
çəkmir. Yaradıcılıq
imkanlarının çoxcəhətliyinə baxmayaraq,
sözə-sənətə misqal-misqal boy verməyi
xoşlayır. Odur ki, istər jurnalistika və
ədəbi mühit, istərsə də pedaqoji fəaliyyət
arenasında Kifayətin fikri məqbuldur.
Müxtəlif sənət növləri
çalarında özünəxas xarakterilə fərqlənən
K.Salmanqızı böyük ədəbiyyata gəncliyinin təzə-tər
vaxtında gəlib. Yolunu “Ümid”dən salıb və inamla
addımlayıb. Doğma Cəbrayılın
ədəbi mühiti üçün əməlli-başlı
mayak rolunu oynayan “Ümid” Ədəbi Birliyində yoğrulub
bişən gənc Kifayət, görkəmli şair
İsmayıl İmanzadənin himayəsilə onlarla həmkarı
kimi poeziya aləminə düşüb. “Ümid”in
yaradıcısı və rəhbəri şair
İ.İmanzadə çox sonralar onun “İki sevgi” adlı
brinci kitabına ön sözündə yazacaqdı: “Kifayət
o zamanlar yaz bənövşəsi kimi həyalı, utancaq bir
qız idi, söz deyəndə yanaqları allanır,
çöhrəsi haldan-hala düşürdü. Rayonun işğalından sonra Ziyaratdan, Diridən əsən
yellər “Ümid”in söz ocağında isinənləri də
yurddan, doğma el-obadan ayırdı. Kifayət
xanım 15 ilə yaxın bir müddətdə Bakıda
yaşasa da paytaxt şəhərdə ilkini-əzəlini
itirmədi. Eləcə, əvvəllər
necə idisə, o nişanda, o biçimdə də qaldı.
Həm şairə kimi, həm tərcüməçi kimi, həm
də Azərbaycan radiosunun əməkdaşı kimi
çeşidli yazıları ilə hamını məftun elədi...”
Şairənin
ədəbi birlikdəki fəaliyyətini xatırlayan
İsmayıl müəllim elə oradaca yazır: “Kifayət
bizim “Ümid”in ən istedadlı üzvlərindən biri idi.
Cəbrayılın dağ havasıyla köklənən ədəbi
məclisdə oxuduğu şeirlərin çoxu hamı tərəfindən
bəyənilir, dövrü mətbuatda işıq
üzü görürdü...”
Və elə
o dövrdən də ard-arda nəinki qəzet və jurnal səhifələrində,
habelə çoxsaylı almanaxlarda, o cümlədən “Xudafərin
nəğmələri”, “Bu dərdin adı Cəbrayıl”,
”Durna qatarı, “Yurd həsrəti”, habelə üzvü
olduğu Dirili Qurbani Məclisinin “Bir ağacın
budaqları”, “Dirli Qurbani”, “Söz karvanı”, “Bənövşə
çələngi” “Qurbani ocağı” kimi elmi, ədəbi-bədii
toplularında dərc olunur. İstiqamətindən
asılı olmayaraq, yaradıcılığının
kökündə Vətən havası çalınan
şairəni ağrısız oxumaq olmur. Yurd nisgilli
şairə:
Öləziyən
ocaqlar da
Quşu
uçan budaqlarda
Çat-çat
olan dodaqlar da
“Vətən”-deyir.
“Qərib
düşüb Vətənə həsrət qalan” şairə
K.Salmanqızı hələ 1983-cü ildə
Qarabağın şah tacı Şuşa
haqqında yazdığı eyniadlı şeirində elə
bil bu həsrəti çəkəcəyni bilirmiş.
Qartal gəzir
zirvələrin qaşında,
Min hikmət
var hər dağında, daşında,
Yaşayırsan
ürəyimin başında,
Sinəm
üstə Şuşa adlı
közüm var.
Kifayətin anlamında Vətən təkcə yaşam
yeri deyil, məskən, sığınacaq, el-oba mahiyyətindən
çox, mənəviyyat məsələsidir. Onun öz
atributları var. “Saz da bir arxadır” şeirində o, Sazı
gerçəkdən başının üstünə
qaldırır. Saza söykənməyin,
yalnız onunla güclü olmağın fərqni anladır.
Yadıma Böyük Azərbaycan filosofu Asif Ata
düşür: “Türklərin Tanrısı Göy
Tanrı idi. Saz Türkün Göy Yoludur. Türk sazında
Göylə birləşirdi – Bir olurdu... Türk
aramsız Tanrı Oduna yanırdı. Sinəsində Od
közərirdi”, “Sazda Türk
Tanrıçılığı səslənir”, “Saz -
Eşq işığıdır”, “Saz Od ruhludur”, “Sazın
Tanrısı Göydür. Saz Tanrıya çatır”, “Saz və
Füzülilik eyni Ahəng üstə köklənib...”
Əgər
biz Qorqudluğumuzun, Hürufiliyimizin, Zərdüştlüyümüzün,
Muğam ecazkarlığımızın, Xürrəmiliyimizin
məzmunundan halı olmaq istəyiriksə, gərək
Sazı dəyərləndirək, mənlandıraq, öyrənək,
qoruyaq və yaşadaq. Asif Ata deyirdi ki,
Koroğluda aşıqlıq və igidlik birləşdiyi
üçün o, yenilməzdir. Saz və
Qılınc – Türkün mahiyyətidir. Adını
yuxarıda çəkdiyimiz şeirində Kifayət
xanım:
Sinəmizdə
igidlərin dağıdır,
Bir “Cəngi”
çal, indi ərlik çağıdır,
Namərdlərə
telli saz da yağıdır,
Aman, aşıq, sazı salma sinəndən.
Mərd
oğullar qana düşüb, qandadır,
Nmus, qeyrət
sayda deyil, qandadır
Nə qədər
ki, torpğımız qan dadır
Aman,
aşıq, sazı salma sinəndən
- hayqırtsı ilə həyacan siqnalı
verir, ikrah doğuran yabançı Avropa musiqisinə bülənməkdə
olan qədim türk torpağında sazı möhkəm
dayanmağa çağırır, çətinliklər
içərisində çırpındığımız
bir zamanda nicatımızın onda olduğuna inandırır. Bu səbəbdəndir ki, narahatlığı yerə-göyə
sığmır. Bir vaxtlar görkəmli el şairi,
Aşq Xəstə Bayraməli saz-söz yurdu Göyçədən
didərgin düşəndə dözə bilməyib
yazmışdı:
Sındı
mizrab, qırıldı saz,
“Göyçə gülü”n kimə qaldı?
“Yanıq Kərəmi” dərdini öz dərdi ilə
birləşdirən Vətən həsrətli şairə
dübarə saza, saz havasına tapınır, “Onsuz da
yanıram, mən də sənin tək, Nə qədər
hicrana dözsün bu ürək,” – deyir. K.Salmanqızının
məhəbbət və təbiət şeirlərində də
Vətən yanğısı, yurda q ovuşmaq istəyi
baş qaldırır. “Bənövşə” şeirindən
bir bəndə baxaq:
Qarabağsız
qarabəxtli yazıyam,
Çoxu
gedən gödək ömrün azıyam,
Əsir
yurdun gözüyaşlı qızıyam
Necə düzüm səni telə, bənövşə?
“Bükük
boynun həsrətimlə tən gələr” – deyən
şairə bu şeirində çox gözəl məcaz
yaratmış, bir çiçəyin-gülün
timsalında “itən-itirilən” yurda qovuşmq arzusunu
maraqlı boyalarla belə təsvir edib:
Ürək
gərək belə dərdi daşıya,
Sən çəkəni, mən çəkəni
daşıya.
Gözlə,
dönək Qarabağa, Şuşaya
O yerlərdə
bitmə hələ, bənövşə,
Bizsiz ora getmə hələ, bənövşə.
Yazılarının böyük hissəsini ələmli-dərdli
Vətən mövzusu təşkil edən Kifayət
Salmanqızının yaradıcılığındakı
aparıcı xətti pessimist saymaq olmaz. “Yağılarla
döyüşlərdə təklənmiş ana yurdum,” – deyən
şairə Dirli Qurbaninin və Dədə Ələsgərin
sazı üstə kökləndiyini də vurğulamqala
Göyçənin, Şuşanın, Cəbrayılın və
başqa yağmalanmış oymaqlarımızın nəmlənmiş
gözlərində sevinc işığının
görünəcəyinə ümidlidir. Nədən
ki, tarixin amansız dolaylarında düşmənə aman
verməyən igidlərimiz doğma yurdu zaman-zaman qoruyaraq bu
günə qədər gətirb çıxarıb. “Haqqa qalıb gümanımız”, deyən şairə
xoşbəxt zamanımızın gələcəyinə əmindir.
“Mənim Azərbaycanım” şeirinə bəstələnmiş
(musiqisi Natiq Qəzənfəroğlu) mahnı 2004-cü ildə
“Hərbi vətənpərvərlik” mövzusunda mahnı
müsabiqəsinin II mükafatına layiq görülüb.
Mahnının sözlərinin ayrıca dəyərə
malik olduğu qeyd edilməlidir. Çünki
şairə Azərbaycanın keçmişi,
çağdaş durumu, onun mübarizlik tarixi, mənəvi dəyərlər
diyarı olması kimi məsələləri ustalıqla
qabarda və təqdim edə bilib ki, bu da mahnının
musiqisi ilə birgə həm şairə K.Salmanqızına,
həm də bəstəkar N.Qəzənfəroğluna
nüfuz qazandırıb.
Kifayət Salmanqızının poeziyasında lirika
üstünlük təşkil etdiyi üçün onu
musiqi dilinə-nəğməyə çevirmək bəstəkara
çətinlik törətmir. Təsadüfi deyil ki,
şairənin bir çox şeirlərinə bəstələnmiş
mahnılar müğənnilər tərəfindən həvəslə
oxunur. “İki sevgi” (musiqisi Məryəm
Əlibəyli) bu cəhətdən xarakterikdir.
Bir ürəyə
necə sığar
İki sevgi, iki sevgi.
Səndə
daşdır, məndə ürək –
Yükü
sevgi, yükü sevgi...
Kifayət ədəbi janrın bir sıra növlərində
mükəmməl əsərlər yaradıb. Folkloru səlis
bildiyi üçün yazdığı bayatılar da, təcnislər
də, qoşma və gəraylılar da axıcıdır,
şirindir, oxunaqıdır. Bayatlarından bir yarpaq:
Dağların
başı bulud,
Gözümün yaşı bulud.
Dağların
qəm yükünü,
Götür, sən daşı bulud.
Və bir
təcnisdən:
Kifayətin
könlü dərdlə oynadı,
Eşq oduna mən alışdım, o yandı.
Nə
yatmısan, qafil sarvan, oyan di,
Yad əldədir karvanımın ovsarı.
Burdan da görünür ki, bitkin bir şairə kimi
Kifayət xanımın sözü ovcunun içindədir. Yönsüz-yöndəmsiz
sözü yonur, yerinə oturdur. Kifayət söz kəşfiyyatçısıdır:
tərcüməçilik fəaliyyətində də belədir,
poetikasında da, jurnalistlik yaradıcılığında da,
publistikasında da. Sözü urvata qaldırmaq
niyyətiylə gedir. Onun yaradıcılığında
baş mövzu bir qayda olaraq Vətəndir. Para-para olmuş Vətən. O, sözlə Vətəni
ayağa qaldırmağa, dirçəltməyə,
bütövləşdirməyə çalışır.
Sözün gücünü, qüdrətini
yaxşı bildiyi üçün şairə, tərcüməçi-jurnalist
K.Salmanqızı inanır, doğma Qarabağı da, Cəbrayılı
da sözün vəhdəti, Söz-Əməl birliyi
qaytaracaq. Axı Aşıq Abbas Tufarqanlı demiş,
“Söz bir olsa, dağ oynadar yerindən...”
Yusif
DİRİLİ
Dirili Qurbani Məclisinin sədri,
şair-publisist
Xalq Cəbhəsi.-
2018.- 6 aprel.- S.14.