1918-ci ildə Bakıda ermənilərin
törətdikləri qırğınlar
6-cı
yazı
AMEA
A.Bakıxanov adına Tarix İnstitutunun
direktoru, akademik Yaqub Mahmudovun 1918-ci ilin mart
qırğınları barədə araşdırmasında
bildirilir ki, sürgündən qaçan Hamazasp yenidən
Şərqi Anadoluya gəlib və burada silahlı dəstə
yaradaraq Rusiya ordusunun tərkibində dinc türk-müsəlman
əhaliyə qarşı soyqırımlarına
başlayıb. Rus ordusu Şərqi Anadoludan
geri çəkilərkən S.Şaumyanın dəvəti ilə
Bakıya gələn Hamazasp burada Azərbaycan xalqına divan
tutmaq məqsədilə erməni silahlı birləşmələri
yaradıb. S.Şaumyan 1918-ci ilin 31 mart
soyqırımında Hamazaspın silahlı birləşmələrindən
geniş istifadə edib: "Bakı
qırğınlarını başa çatdırdıqdan
sonra S.Şaumyan Hamazaspın yalnız daşnaklardan ibarət
olan silahlı birləşmələrini Qubaya göndərib.
Qarabağda və Bakıda Azərbaycan
xalqına divan tutmaqda “zəngin təcrübə”
qazanmış bu daşnak cəlladı Qubanın dinc sakinlərinə
də dəhşətli divan tutub. Quba
qırğınları zamanı Hamazasp etdiyi vəhşiliklərdən
lovğalanaraq açıq etiraf edib: “Mən erməni
xalqının qəhrəmanıyam və onun mənafeyinin
müdafiəçisiyəm… Mənə dəniz (Xəzər
dənizi) sahillərindən Şahdağına qədər
bütün müsəlmanları məhv etmək və sizin
yaşadığınız yerləri, Şirvanda olduğu
kimi, yerlə-yeksan etmək əmri verilib…”
Bütün bu “xidmətləri” nəzərə
alınaraq Hamazasp Quba qırğınlarından sonra
Bakıda yaradılmış erməni-daşnak
silahlılarından ibarət briqadanın komandiri təyin
olunub. Həmin
briqadanın komissarı vəzifəsi isə digər
soyqırımı cəlladı (sonralar Sovet dövlətinin
rəhbərlərindən biri) Anastas Mikoyana etibar edilib:
"Lakin Şamaxı yaxınlığında Azərbaycan-Türkiyə
hərbi qüvvələri ilə qarşılaşarkən
açıq döyüşə girməyə cəsarət
etməyən “erməni xalqının qəhrəmanı”
Hamazasp komandiri olduğu briqadanı döyüş
meydanında qoyaraq Bakıya qaçıb. Azərbaycan-Türkiyə
qoşunları Bakıya yaxınlaşarkən Hamazasp növbəti
dəfə qaçıb yaxasını qurtarıb. Lakin bu dəfə o, Lənkəranda peyda olub və
burada da silahsız dinc əhalini qırmaqda yeni “igidliklər”
göstərib. Şaumyanın ən
yaxın silahdaşlarından olan Hamazasp Lənkərandan
İrana qaçıb, oradan da Ermənistana keçib. Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra həbs
olunan Hamazaspın tərcümeyi-halı layiqli sonluqla başa
çatıb. O, həbsxanada məhbuslardan biri tərəfindən
baltalanıb".
S.Şaumyanın başçılıq etdiyi
daşnak-bolşevik güruhunun ən fəal üzvlərindən
biri də Qriqori Korqanov (Korqanyan) idi. Bakı Sovetinin qərarı ilə
Hamazaspın başçılığı altında
yaradılan qoşunun təşkili Qriqori Korqanova
tapşırılmışdı: "Bu erməni qatili
1918-ci ildə Bakıda və Azərbaycanın digər
bölgələrində türk-müsəlman əhalisinin
soyqırımında fəal iştirak edən “təşkilatçılardan”
biri idi. Bolşevik Qafqaz Ordusunun Hərbi İnqilab
Komitəsinin sədri olan Korqanov Bakı Sovetinin qoşun hissələrinin
(qırmızı qvardiya, qızıl ordu, Xəzər hərbi
donanması) yaradılmasında fəal iştirak edib.
Azərbaycanlılara divan tutan bolşevik drujinaları,
qırmızı qvardiya və daşnak dəstələri
arasında əlaqəni Korqanov özü şəxsən həyata
keçirirdi.
Şaumyanın göstərişi və
Korqanovun əmri ilə Lənkərana və Şamaxıya
göndərilmiş “cəza dəstələri” on minlərlə
dinc azərbaycanlı əhalini məhv edib. Məhz Korqanovun əmrinə əsasən
Hamazaspın komandanlığı altında 2 minlik “cəza dəstəsi”
Qubaya göndərilərək azərbaycanlılara
qarşı soyqırımının növbəti mərhələsini
həyata keçirib. Şaumyandan şəxsən
göstəriş alan Korqanov Hamazaspın
dəstəsinin yalnız daşnak partiyasının üzvlərindən
təşkil olunması, onların pulemyot və toplarla təchiz
edilməsi barədə tapşırıq verib. Quba qırğınının
iştirakçılarından biri Serqo Martikyan Korqanova
teleqramında çox böyük coşqu ilə onun
tapşırığına əməl olunduğu və
Qubanın onların dəstəsi tərəfindən ələ
keçirildiyi barədə məlumat verirdi".
Azərbaycan
Xalq Cümhuriyyətinin elan edilməsindən sonra
sovet-daşnak qoşunlarının Gəncə istiqamətində
hücuma keçməsi əmrini də 1918-ci il
iyunun 6-da artıq bu zaman Bakı Xalq Komissarları Sovetinin hərbi
və dəniz işləri komissarı olan Korqanov verib:
"Onun tabeliyindəki zabitlərin hamısı erməni idi
(qərargah rəisi Avetisov, korpus komandiri Kazarov, 3-cü
briqadanın komandiri Hamazasp, həmin briqadanın komissarı
Mikoyan və başqaları). Məhz Korqanovun əmri ilə
1918-ci il iyulun 1-də Göyçay
bombardman edilib, Bakı və Şamaxı
soyqırımlarının əsas qatillərindən biri olan
T.Əmirovun quldur dəstəsi isə şəhərin əhalisinə
divan tutub".
Azərbaycan
xalqına qarşı soyqırımı cinayətinin
başında duran S.Şaumyanın ən yaxın
silahdaşlarından biri də Anastas Mikoyan idi: "1918-ci ildə
azərbaycanlıların soyqırımında fəal
iştirak edən A.Mikoyan da “təcrübəli”
soyqırımı cəlladı və təşkilatçısı
idi. Rəsmi sovet sənədlərində
göstərilir ki, Mikoyan guya 1915-ci ildən kommunist
partiyasının üzvü olub. Lakin
Mikoyanın məhz bu dövrdə daşnak partiyasının
üzvü olması kifayət qədər yüksək vəzifəli
sovet rəsmi dairələri tərəfindən təsdiqlənib.
Belə ki, Mikoyanın 1917-ci ildə daşnak
partiyasının üzvü olması barədə L.Trotskinin
və N.Nərimanovun fikirləri var. Digər tərəfdən,
Mikoyanın öz xatirələrindən də məlum olur
ki, o, Birinci Dünya müharibəsinin, demək olar ki, ilk
günlərindən (1914-ci ilin noyabrından) erməni cəlladı
Andranikin könüllülərdən ibarət dəstəsinin
tərkibində Şərqi Anadoluda dinc əhaliyə
qarşı soyqırımlarda və Osmanlı ordusuna
qarşı hərbi əməliyyatlarda fəal iştirak
edib. O, bu əməliyyatlar zamanı yaralanıb və
müalicədən sonra 1917-ci ildə Bakıya gəlib.
Burada o, Stepan Şaumyanla tanış olub. “Daşnaksütyun” partiyasının üzvü olan
Mikoyanın bolşeviklərə qoşulması məhz bundan
sonrakı dövrə aid edilə bilər. Aşkarlanmış yeni arxiv sənədlərindən
məlum olur ki, Mikoyan 1918-ci ilin yazında erməni cəlladı
Hamazaspın üçüncü daşnak hərbi
briqadasının tərkibində Bakıda və
Şamaxıda dinc azərbaycanlı əhaliyə divan
tutulmasında fəal iştirak edib. O, Hamazaspın erməni-daşnak
hərbi briqadasının komissarı idi. Bu barədə
Mikoyanın öz xatirələrində və digər mənbələrdə
məlumat verilir.
Beləliklə, digər daşnak cəlladları kimi
A.Mikoyan da Azərbaycanda və Şərqi Anadoluda
türk-müsəlman əhaliyə qarşı
soyqırımında fəal iştirak etmiş cinayətkarlardan
biridir. Bir həqiqət
gün kimi aydındır: “26-lar” barədə bütün
müəmmaların da, tarixi həqiqətlərin izini itirmək
məqsədilə qəsdən uydurulmuş
dolaşıqların da müəllifi məhz
soyqırımı canilərindən biri olan A.Mikoyanın
özüdür. O, bütün ömrü boyu “26 Bakı
komissarı” ilə bağlı həqiqətin
açılacağından və bununla onun özünün
də ifşa olunacağından narahatlıq keçirib,
dolaşıq və yalan məlumatlarla daim “26-lar” kələfinin
ucunu itirməyə çalışıb. Azərbaycan
xalqına və Şərqi Anadolunun türk-müsəlman əhalisinə
qarşı soyqırımı cəlladlarından olan
A.Mikoyanın Sovet hakimiyyətinin rəhbərlərindən
biri səviyyəsinə “yüksəlməsi” bolşevik
rejiminin də iç üzünü açıb göstərir.
Xalqımıza qarşı
soyqırımının təşkil olunmasında və həyata
keçirilməsində S.Şaumyanın ən yaxın əlaltılarından
olan Baqdasar Avakyan da fəal iştirak edib.
1918-ci ilin mart soyqırımı ərəfəsində
B.Avakyan Korqanovun rəhbərlik etdiyi Hərbi İnqilab Komitəsi
ətrafında birləşməyə başlayan
bütün ermənilərə, ictimai vəziyyətləri
və vəzifələrindən asılı olmayaraq, kütləvi
surətdə silah və patron paylayıb. 1918-ci il
aprelin əvvəlində Bakı və onun rayonlarının
komendantı təyin edilən Avakyan azərbaycanlılara
qarşı soyqırımı siyasətinin
yürüdülməsində və praktik olaraq həyata
keçirilməsində fəal rol oynayan əsas fiqurlardan
birinə çevrilmişdi".
1918-ci ildə
Azərbaycan xalqına qarşı soyqırımının həyata
keçirilməsinə S.Şaumyanla birlikdə rəhbərlik
edənlərdən biri də Prokofiy (Alyoşa) Caparidze idi:
"P.Caparidze 1917-ci ilin dekabrından 1918-ci ilin aprelinədək
Azərbaycan xalqına qarşı soyqırımını həyata
keçirən Bakı Soveti sədri Stepan Şaumyanın
müavini və Bakı Soveti İcraiyyə Komitəsinin sədri
olub, 1918-ci il aprelin 25-də isə Bakı Sovetinin daxili
işlər komissarı vəzifəsinə təyin edilib.
Caparidze, həmçinin, 1918-ci il
martın 30-da yaradılan və Azərbaycan xalqına
qarşı soyqırımını bilavasitə təşkil
edən İnqilabi Müdafiə Komitəsinin üzvi idi. Bütün bu faktlar onun azərbaycanlılara
qarşı kütləvi qırğınların ən fəal
təşkilatçılarından və
iştirakçılarından biri olduğunu sübut edir.
Təsadüfi deyil ki, Nəriman Nərimanov “Hümmət” qəzetinin
1918-ci il 3 aprel tarixli sayında məhz
Şaumyan və Caparidzeyə aşağıdakı məzmunda
məktubla müraciət etmişdi: “Əgər siz yaxın
zamanlarda bu hadisələrin üzərindən qara pərdəni
götürməsəniz, bolşevik məfkurəsi və
Sovet hakimiyyəti burada davam gətirə bilməyəcək”.
N.Nərimanov 1919-cu ilin fevralında çap olunmuş
“Qafqazın işğalına bir baxış” adlı məqaləsində
vaxtı ilə Şaumyan və Caparidzeyə müraciət
etdiyini yenidən xatırladır və qeyd edirdi ki, onun məqsədi
həmin şəxslərdən “mart hadisələrinin Sovet
hakimiyyətinin istəyinə zidd olaraq” baş verməsi barəsində
sübutlar almaqdan ibarət olub. N.Nərimanov sözünə
davam edərək yazırdı: “Lakin təəssüflər
olsun ki, mənim sözlərimə fikir verən olmadı”.
Caparidzenin
Azərbaycan xalqına qarşı soyqırımının fəal
təşkilatçılarından biri olduğunu sübut edən
daha bir fakt: mart soyqırımının fəal
iştirakçısı olan “bolşevik” N.Əsriyants öz
xatirələrində yazır: “1918-ci ilin fevralında
T.Əmirov bizi yığıb dedi ki, biz Şaumyan və
Caparidzenin tapşırığını yerinə yetirməliyik.
Şaumyan əvvəlcədən bizi xəbərdar
etdi ki, gecə saat birdə siqnal olacaq. Bu xəbərdarlıq
siqnalı alınan kimi biz “Müsavat”ın qərargahına
hücum edib onu ələ keçirməli idik. Biz belə də etdik”.
“Müsavat”
partiyasının liderləri soyqırımının davam
etdirilməsinin qarşısını almaq üçün
İnqilabi Müdafiə Komitəsinin ultimatumunu qəbul etmək
qərarına gələrək bu barədə
danışıqlar aparmaq üçün martın 31-də
Bakı Soveti İcraiyyə Komitəsinin qərargahına
getmişdilər: "Onlar bu zaman Bakı Soveti İcraiyyə
Komitəsinin sədri olan Caparidze ilə danışıqlar
aparmışdılar. Lakin azərbaycanlı
liderlərin İnqilabi Müdafiə Komitəsinin ultimatumunu qəbul
etmələrinə baxmayaraq, Caparidze ilə aparılan
danışıqlar heç bir nəticə vermədi. Əksinə, danışıqlardan qayıdan
Müsəlman komitəsinin üç üzvü yolda
daşnaklar tərəfindən güllələndi. Bu faktın özü də P.Caparidzenin
soyqırımı canisi olduğunu çox aydın sübut
edir".
Elçin
Qaliboğlu
Xalq Cəbhəsi.- 2018.- 10 aprel.-
S.13.