“De ki, mən də erməniyəm, sizlərdənəm, səni buraxım...”

 

1918-ci il Şamaxı soyqırımı zamanı qətlə yetirilən Rusiya dövlət dumasının deputatı Məhəmmədtağı Əliyev haqqında həqiqətlər

 

Bu yazıda 1918-ci il Şamaxı soyqırımı zamanı qətlə yetirilən Rusiya Dövlət Dumasının deputatı Məhəmmədtağı Əliyev haqqında indiyədək məlum olmayan həqiqətlər haqqında danışılır. Siyasi elmlər üzrə fəlsəfə doktoru Rövşən Novruzoğlunun araşdırmasında bildirilir ki, 1918-ci ilin mart günlərində Şamaxının altını üstünə çevirən erməni Stepan Lalayanın “döyüş mirzələri”ndən olan Qavri Baxçaçiyan yazırdı: “...Lalayanın əsgərləri onu döyə-döyə meydanın ortasına sürüdülər. Sonra ağaca bağlayıb, başına saxsı qab keçirdilər. Stepan günlüklü şapkasını başına qoyub, yaxın gəldi. Ağaca bağlanmış adamı diqqətlə süzərək, - hə, cənab deputat, – dedi, - erməni millətini söymək olmaz. Sən isə söyürdün. Gah Kremldə, gah Fransada, gah Almaniyada dişinin dibindən çıxanı ünvanımıza dedin. İndi buyur, danış. Bizim nəyimiz pisdir?.. Əsgərlərim səni gözləyir. De ki, mən də erməniyəm, sizlərdənəm. Allahıma, Quranınıza and olsun, mən deyənləri təkrarla, səni buraxım... Deputat isə bizim millətə lənət yağdırırdı. Güllə açıldı. Ətrafa qan damcıları çiləndi. O isə can vermirdi. Yaralı canını dişinə tutub, yaşamaq istəyirdi”...

Araşdırmaçı onun haqqında bütün məlumatları toplamağa çılaşıb: “O, ən yüksək kürsülərdən erməni separatizmini, erməni başbilənlərini ittiham edirdi. Azərbaycanın başına min bir “hiylə toru” hörən, kəndləri viran qoyan, uşaqları, qocaları, bütöv ailələri, nəsilləri qırıb çatan erməni terror dəstələrinə, cinayətkar qruplarına qarşı amansız idi və hədələrdən qorxub çəkinmirdi. Xalqın öz qəhrəman övladını tanımamasının əsas təqsiri, ilk növbədə, biz ziyalıların, tarixçilərin, tədqiqatçıların üzərinə düşür və vaxt itirmədən bu boşluğu necə doldurmaq haqqında fikirləşməliyik”.

Kimdir Məhəmmədtağı Əliyev, o, Vətəni və xalqı üçün nə işlər görüb? Əliyev (zadə) Məhəmmədtağı Hacı Əbdülsəməd oğlu 1858-ci il yanvarın 10-da Şamaxıda, kənd müəlliminin ailəsində doğulub. İctimai-siyasi xadim, iqtisadçı alim, publisist kimi fəaliyyət göstərib. Birinci Dövlət Dumasına (1906) Azərbaycandan seçilən ilk deputat olub. 1918-ci il martın 25-də Şamaxıda erməni quldur dəstələrinin başçısı Stepan Lalayan tərəfindən qəddarcasına öldürülüb, ailəsinə divan tutulub: “Araşdırma materiallarına görə, ilk təhsilini Şamaxı məhəllə məktəbində alıb, dörd ilə (1864-1868) həmin məktəbi bitirib. Sonra atası onu Tiflisə aparır. Qafqaz Müsəlmanları Ruhani İdarəsinin nəzdindəki altı illik məktəbdə təhsilini davam etdirir (1868-1874). Tiflisdən qayıtdıqdan sonra, daha dörd il (1874-1878) Bakı realnı məktəbində oxuyur. M.Əliyev ağıllı və qabiliyyətli olduğu, hadisələrə fərdi və daha məqsədyönlü, düşüncəli yanaşdığı üçün, o vaxt realnı məktəbdə dərs deyən, ixtisasca iqtisadi məsələləri araşdıran Boris Eynşteynin təşəbbüsü ilə Moskvaya oxumağa göndərilir. Orada təhsilini tamamladıqdan sonra ona Moskvada qalmağı, Petrovsk-Razumovsk kənd təsərrüfatı və meşəçilik akademiyasında təhsilini davam etdirməyi məsləhət bilirlər. Bir neçə ildən sonra həmyerlimiz akademiyanın həmişə diqqətdə olan iqtisadiyyat fakültəsini bitirir”.

Akademiyanın o vaxtkı rəhbərlərindən olan professor Dmitri İvanoviç Aleksandrov onun haqqında çar Rusiyasının “siyasi şöbəsinin” sorğusuna 1879-cu ildə verdiyi cavabda yazırdı: “...Sizin maraqlandığınız tələbəmiz milliyətcə türk olan, Azərbaycandan gəlmiş Məhəmmədtağı Əbdülsəməd oğlu Əliyev çox istedadlı, vicdanlı və ədalətli insandır. O, çalışqan bir tələbə olmaqla yanaşı, akademiyanın işlərində bizə yaxından kömək göstərir. Onun ciddi iqtisadi layihələri var və bu layihələr, şübhə etmirəm ki, Rusiya üçün çox əhəmiyyətlidir”.

Rövşən Novruzoğlunun araşdırmasında bildirilir ki, M.Əliyev üç ay Strasburqda (Fransa) yaşayıb. Vaxtilə Bakıdan köçüb gedən erməni zərgəri, Stanislav Ter-Akopyanın evində qalıb. “Strasburqa yardım komissiyası”na başçılıq edən qrupda Rusiya nümayəndəsi kimi çalışıb. Həmin vaxtlarda Rusiya məxfi iqtisadi məsələlər idarəsi erməni S.Ter-Akopyandan məktub alır. O, general Ponteleyevə aşağıdakı məzmunda məktub ünvanlamışdı: ”Cənab general! Sizin əmrinizdən çıxa bilmədim. Göndərdiyiniz Əliyev burada Rusiyanın mənafelərindən çox, doğulduğu Şamaxının mənafelərinə xidmət edir. O, Rusiya imperatorluğunu bəyənmir. Rus millətinə qarşı fikirləri dumanlıdır...”.

Yüksək intellekt səviyyəsi, bilik və bacarığı ilə sayılıb-seçilən M.Əliyev çox keçmədən Rusiyaya çağırılır və ona ölkənin maliyyə nazirinin müavini vəzifəsi tapşırılır: “Rusiya imperiyasının maliyyə naziri S.Rixten şamaxılı M.Əliyev haqqında həmişə yüksək fikirlər söyləsə də, onun yenilik yaradan iqtisadi analitik təhlillərini ya qəbul etmir, ya da onlara şübhə ilə yanaşırdı. 1888-ci ildə M.Əliyev vəzifəsindən istefa verərək, Azərbaycana qayıdır. 1906-cı ildə Şamaxı qəzasından Rusiyanın birinci Dövlət Dumasına deputat seçilir. 1905-ci il dekabrın 11-də Rusiya Dövlət Dumasına seçkilər haqqında yeni qanun nəşr olundu. Seçki hüquqlarının genişləndiyini bəyan edən bu qanun fəhlələrə qismən, kəndlilərə cüzi seçki hüquqları verilməsini nəzərdə tuturdu. Rusiyanın ucqarları sayılan Azərbaycan quberniyaları da Dumada təmsil olunmaq hüququ qazandı”.

...Şamaxı səksəkə içində idi. Hər gün ən azı iki-üç nəfər erməni gülləsinə tuş gəlirdi: “Rusiya Dövlət Dumasına seçilən Məhəmmədtağı Əliyev deputat səlahiyyətindən istifadə edərək, Duma kürsüsündən ilk müraciətini edir. O, erməniləri silahı yerə qoymağa, insanlığa və vicdana yaraşmayan ləyaqətsiz əməllərdən əl çəkməyə, Azərbaycan torpaqlarında onlara yaradılmış əvəzsiz şəraitdən istifadə edərək sülh və əmin-amanlıq içində yaşamağa çağırırdı. Ermənilər isə öz anti-Azərbaycan tədbirlərini genişləndirməkdə davam edirdilər. Erməni deputatı S.M.Davidyan 1906-cı il martın 4-də azərbaycanlı deputat M.Əliyevə xəbərdarlıq məktubu göndərir, onu çıxışlarından əl çəkməyə çağırır. Dumanın sədrindən tələb edir ki, Yelizavetpol (Gəncə) quberniyasının “siyasi idarəsi”nin əməkdaşı Madlen Qriqoriyeviçi dinləsinlər. Həqiqəti ancaq o deyə bilər. Onun bu sahədə xüsusi arayışı var”.

Araşdırma materiallarına görə, M.Əliyev Qafqazda cərəyan edən hadisələr haqqında əsl həqiqətləri II Nikolaya dostu, İqtisadi Kəşfiyyat İdarəsinin başçısı olmuş, sonradan imperator dəftərxanasında səlahiyyət sahibi olan Oleq Ponteleyevin yardımı ilə çatdırmağa müvəffəq olur: “Bundan cəmi iki gün sonra Dumanın sədri Paşkov öz səlahiyyətlərindən uzaqlaşdırılır və “...hərəkətləri nəzarətə götürülür”. Bütün məsələlərın arasında ən dəyərli məlumat bu idi ki, general O.Ponteleyev keçmiş dostuna – M.Əliyevə “...nəyin bahasına olursa-olsun, onu – Dövlət Dumasının azərbaycanlı nümayəndəsini imperator II Nikolayla görüşdürməyə söz vermişdi”. Bu, dövrü və zamanı üçün, milli maraqlar baxımından çox vacib və gərəkli bir məsələ idi. Lakin təşəbbüs baş tutmadı. 1906-cı il mayın 14-də general O.Ponteleyev öz iş otağında şərabla zəhərlənib öldürüldü”.

Birinci Dövlət Duması az yaşadı. Lakin Azərbaycan tərəfi bu məhdud vaxtdan istifadə edərək, dünyanın aparıcı dövlətlərinin Moskvadakı diplomatik korpuslarına, beynəlxalq cəmiyyət və təşkilatlara xatırlatdı ki, Azərbaycan Qafqazda ən güclü və nüfuzlu ərazidir. Onun müharibə ilə, qırğınlarla, terror və basqınlarla heç bir işi yoxdur: “Duma buraxıldıqdan sonra Məhəmmədtağı Əliyevin dostları məsləhət bildilər ki, Moskvada qalsın, akademik kimi iqtisadi-elmi araşdırmalarını davam etdirsin. O isə Şamaxıya qayıtdı. M.Əliyev bilirdi ki, ermənilər gündən-günə öz qanlı fəaliyyətlərini genişləndirməkdə davam edirlər. Əlavə olaraq Şamaxıya 36 erməni ailəsi köçürülmüşdü. İlkin məlumata görə, onlar İrandan gəlmiş ermənilər idi... Onu da bilirdi ki, bu köçürmələrin arxasında Rus imperiyasında bu işlərə məsul olan İnsaf Sarıcanyan adlı birisi və onun qrupu dayanırdı. Bakı onların önündə aciz qalmışdı. Əksinə, köçürülən erməni ailələrinə ən yaxşı torpaq sahələri verilir, işlə, yemək və geyimlə təmin olunurdular...

“Dirijor” artıq öz çubuğunu qaldırmışdı. Bu gözə görünməz dirijor çubuğunun işarəsi ilə ermənilər açıq-aşkar hücuma keçirdilər. Onlar Şamaxının ayrı-ayrı məhəllələrində yığıncaqlar düzəldir, şəhərdəki ziyalı ailələrinə gözlənilməz basqınlar edirdilər. Martın 19-dan 20-nə keçən gecə isə Şamaxıda erməni Rum İsakoviç qonşusu dəmirçi Əlibala Quluzadənin iki qızını ov tüfəngilə vurub öldürdü...

...Ad günündən heç bir ay ötməmiş, toplu-tüfəngli ermənilər Şamaxıya soxuldular. Bu, qəfil hücum idi. Hər yer od tutub yanırdı. Kimisi qaçır, kimisi əldə-ayaqda qalan uşağını axtarır, kimisi yanan evini söndürməyə cəhd edir, kimisi də aldığı güllə yarasından can verirdi...

Şamaxı yanırdı. Erməni quldur dəstəsinə başçılıq edən Stepan Lalayanın əmri ilə müsəlman ailələrinə divan tutulurdu. Yol-yolaq, dönüm-döngələr qana bələndi... Cani Stepan Lalayanın “qəhrəmanlıqlarını” gələcək erməni nəsilləri üçün qələmə alan bədnam erməni mirzəsi Baxçaçiyan yazırdı: “...Əvvəlcə Stepan əmr etdi ki, Duma deputatı Məhəmmədtağı Əliyev diz çöksün... O isə diz çökmədi. Stepanın işarəsilə birinci gülləni onun övladlarına vurdular. İki qızı öldürüldü. Böyük oğlu da güllələndi. Kiçik oğlu isə həmin vaxt tapılmadı... Lalayanın əsgərləri M.Əliyevi döyə-döyə meydanın ortasına sürüdülər. Sonra onu ağaca bağlayıb, başına saxsı qab keçirdilər... Güllə açıldı. Ətrafa qan damcıları çiləndi...”.

Araşdırma materiallarına görə, Şamaxını qan gölündə boğmağa çalışan, günahsız və silahsız insanlara qarşı qırğınlar törədən, dövlət xadimlərini terror edən DRO terror təşkilatının Bakı bürosunun üzvü Stepan Lalayan ingilis generalı Tomsonun əmri ilə 1918-ci il noyabrın 21-də həbs olunur... əlüstü mühakimə edilərək, Gəncə həbsxanasına göndərilir. Arxiv materiallarına görə, S.Lalayan noyabrın 23-də Gəncə həbsxanasında ürək çatışmazlığından ölür.

 

Elçin Qaliboğlu

 

Xalq Cəbhəsi.- 2018.- 11 aprel.- S.13.