“Yağımız ətrafda
yırtıcı quş tək, biz sayıq idik”
Orxon-Yenisey
abidələrində türk izləri...
1-ci
yazı
Bəllidir ki, türklər qədim sivilizasiyanın
ayrı-ayrı qatlarında özünəməxsus dərin
və pozulmaz iz buraxıblar. V-VIII əsrlərin
nişanəsi olan Orxon-Yenisey abidələri belə izlərdən
biridir. Bu abidələr qədim türk
xalqlarının həyat tərzini, sosial vəziyyətini,
döyüş şücaətini özündə əks
etdirən kitabələrdir. Kitabələr üzərində
təsvir olunan rəsmlərdə, yazı nümunələrində
qədim türklərin ətraf mühitə münasibətilə
bağlı maraqlı fikirlər var. Orxon abidələrindən
biri - Tonyukuk abidələrinin cənub üzündə (I
daş) yazılmış 8-ci sətrə baxaq: “Keyik yeyərək,
dovşan yeyərək otururduq. Xalqın
boğazı tox idi. Yağımız ətrafda
yırtıcı quş tək idi, biz sayıq idik”.
Təhlilə keçməzdən əvvəl bəzi məqamların
üzərində dayanmaq istərdik. Çünki ifadə
edəcəyimiz fikirdə bu, çox vacibdir. Abidənin tədqiqatçılarından olan S.Malov
Orxon-Yenisey əlifbası ilə cızılmış mətni
çevirərkən məzmun yanlışlığına
yol verib. Türk tədqiqatçısı H.Orkun, həmçinin
azərbaycanlı alimlər Ə.Rəcəbov və Y.Məmmədov
həmin səhvə düzəliş edərək,
yuxarıda göstərilən sətirdə “sayıq”
sözünü “leş”lə əvəzləyiblər. Bu, həm də ekoloji fikir baxımından mətnin
mahiyyətinə uyğundur. Qədim
türklər ov obyektlərinin (keyik-cüyür və
dovşan) adlarını bildirməklə ovçuluğun əhəmiyyəti
və yırtıcı quşların çoxluğunu
göstərmək istəyiblər. Yağının
yırtıcı quşa bənzədilməsi, “sayıq”
olmaqla ondan qorunmağa çağırırdılar. Şübhəsiz, onlar yırtıcı heyvanlar
haqqında müəyyən bilgiyə malik imişlər.
Başqa sözlə, yırtıcı nə
demək olduğunu bilirmişlər. Professor
Q.Mustafayevə görə, yırtıcı başqa
heyvanları tutub yeyən heyvana yox, özü
böyüklükdə və özündən də iri
heyvanları tutub yeyə bilən heyvana deyilir. O, belə
bir misal çəkir: Bülbül həşəratı
tutub yeyir, hər ikisi heyvandır, lakin bülbül
yırtıcı deyil. İnəyi, atı tutub
yeyən canavar isə yırtıcıdır”. Biz də
belə hesab edir və diqqəti 16-cı sətirdəki fikrə
yönəldirik: “Qoşunu altı min imiş. Biz
iki min idik. Döyüşdük.
Tanrı yar olduğu üçün dağıtdıq
(yaydıq), çaya töküldü...”
Bundan əvvəlki sətirlərdə də həyəcan,
qorxu dolu ifadələr var. Deməli, burda
"yırtıcı" sözü təsadüfi işlədilməyib. Onun yerində
hər hansı ifadənin işlənməsi səhv
olardı. Ona görə də “biz
sayıq idik” deyirdilər. Sayıq,
ehtiyatlı heyvan özünü qoruduğu, salamat qalıb
yaşaya bildiyi kimi, insan toplumu da özünü müdafiə
edə, hətta qələbə çala bilər. Qədim türklərə nəinki
yırtıcılıq anlayışı, hətta
yırtıcı heyvan növləri də məlum idi. Orxon-Yenisey abidələrindən olan II əlyazmada
(Irk Bitik) yırtıcı heyvanların adları çəkilmiş
və düzgün təsvir edilib. Əlyazmanın
4 və 5-ci səhifələrində “Arxam qızıl
qanadlı qara quşam. Vücudum(un)
görünüşü hələ tükənməzkən
dənizdə yatıb arzu etdiyimi tuturam, sevdiyimi yeyirəm. O qədər
güclüyəm. Onu bilin: yaxşıdır o. Parlaq xalxal
şahin quşam, səndəl ağacı üstündə
oturub zövq alıram. Onu bilin!”, 15-ci səhifədə
“Xallı barsam. Qamışlar arasında
başım, o qədər igidəm, cəsuram. Onu bilin”, 19, 20, 21 və 22-ci səhifələrdə
“Quzğunu ağaca bağlamış, möhkəmcə
bağla, yaxşıca bağla, deyir. Onu
bilin. Yuxarıda duman durdu,
aşağıda toz durdu. Quş balası
uçaraq azdı, keyik balası qaçaraq azdı, insan
oğlu yürüş edərək azdı. Yenə tanrı nəzərində
üçüncü ildə hər şey salamat
bütöv görünmüş, hamı şadlanır,
sevinir deyir. Onu bilin, yaxşıdır o”, 40 v 41-ci səhifələrdə
“Varlı kişinin qoyunu hürküb getmiş, canavar rast gəlmiş,
canavarın ağzı sulanmış, keyfi çağ
olmuş, - deyir. Onu bilin, yaxşıdır o”,
47 və 48-ci səhifələrdə “Bars - heyvan ov aramağa
getmiş, ovunu ovlamış, ovlayıb yuvasına tərəf
fərəhlənərək, sevinərək gəlir, deyir.
Onu bilin: yaxşıdır o!”, 65-ci səhifədə
“Doğan (şahin) çay quşu ov(un)a getmiş,
qarşısına yırtıcı qara quş
çıxmış, - deyir. Onu bilin: pisdir o!”,
66 və 67-ci səhifələrdə “Doğan quş
(şahin) göydən ada dovşanı deyib
şığımış, şahinin caynağı
açılmış, yenə yığılmış. Doğan quşun (şahinin) caynağı
(dovşana) batıb yuxarı qalxmış, dovşanın dərisi
yırtılıb qaçaraq getmiş, belə deyir. Onu
bilin: pisdir o!”, 74 və 75-ci səhifələrdə
“Bars keyik, ov ovlamağa getmiş. Orta yerdə
(yolun ortasında) ilanla qarşılaşmış.
Xallı ilan sərt qayaya çıxıb getmiş,
ölümdən qurtulmuş, ölümdən qurtulub fərəhlənərək,
sevinərək gedir, - deyir. Onu bilin: yaxşıdır o!”, 78-ci səhifədə “Yırtıcı
qara quşam. Yaşıl qaya yaylağım,
qızıl (qırmızı) qaya qışlağım.
O dağda durub zövq alaram. Onu bilin!”, 99-cu
səhifədə “Mavi ala şahinəm, gözəl qayaya
qonub gözləyirəm. Yarpaqlı, qovaq
ağacına qonub yaylayıram, deyir. Onu bilin: yaman
yaxşıdır o!” - deyilir.
Gətirilən misalları şərh edək. 1-ci misalda arxası
“qızıl qanadlı” qara quşun dilindən onun bioekoloji
xüsusiyyətləri qeyd edilir: xarici görünüşcə
hələ tükənməz enerjiyə malik olduğu bilinən,
arzu etdiyini və sevdiyini tutub yeyən, bəzi digər
canlılara münasibətdə qorxulu və güclü
heyvan təsiri bağışlayan bu quşun
yırtıcı olduğu şübhə doğurmur. 78-ci səhifədəki “Yırtıcı qara
quşam” ifadəsi də fikrimizi təsdiq edir. “O qədər
güclüyəm” - deyə “öyünən” qara quş “Dənizdə
yatıb arzu etdiyimi tutaram”, “yaşıl qaya yaylağım,
qızıl qaya qışlağım”- deməklə təkcə
yırtıcı olduğunu yox, həm də qida sahəsini,
yaşama yerini nişan verir. Məlum olur ki, qara
quş su hövzələrinə yaxın ərazidə
yayılan, başqa sözlə, sahil qayalıqlarında
yaşayıb, qidasını da elə buradakı sularda
tapıb yeyən yırtıcı quşdur. Biz bu fikrə
“Kitabi-Dədə Qorqud” dastanının “Qanlı qoca oğlu
Qanturalı boyu”nda da rast gəlirik: “Sərt qayalar
başında yuva quran”, “Su dibinə girən quşu dartıb
üzən” çal qara quş "bütün
quşların sultanı" kimi təqdim olunur.
“Irk Bitik”də (“Falnamə”) taksonundan asılı
olmayaraq, yırtıcı heyvanların xarakterinə ümumi,
oxşar münasibət var. Ovuna pusqu qurmaq və ya izləməklə
üzərinə qəfil sıçrayışlar edib (yaxud
şığıyıb) onu ələ keçirmək
Orxon-Yenisey abidələrində təsvir olunan
yırtıcılara da aiddir. Yuxarıda qeyd etdiyimiz
qara quş özünə lazım olan qidasını tutub yemək
üçün gördüyü yerə - dənizə
şığıyıb onu tutur. 15-ci səhifədə
qamışlar arasında seçilməsin deyə pusqu
qurmuş xallı barsın (bəbirin) igidliyi, cəsurluğu
ilə yanaşı, ovetmə məharəti və manevri
göstərilir. Barsın
“başının qamışlar arasında” olması fikri
müasir elmi əsaslara söykənir. Çünki
o, bu vəziyyətdə ovunu yaxşı görə, izləyə
və sıçrayıb tuta bilmək imkanı qazanır.
Şikarı isə əksinə, onu bu vəziyyətdə
görmədiyi üçün ehtiyatlanmır və tez ələ
keçir. 19-22-ci səhifələrdə
quzğunun göydə görünməsi ilə yemini təşkil
edən canlıların qaçıb canını
qurtarması bioekoloji baxımdan əhəmiyyət
daşıyır. Ovlağa çıxan
quzğunun yırtıcılıq keyfiyyətlərinin
qabarıq poza alması şikarı tutmaqdan ötrü vacib
uyğunlaşmadırsa, bəzi canlılar üçün
ehtiyatlı olmaqdan ötrü şərtsiz
qıcıqlandırıcıdır. Onlar
qaçıb gizlənməklə növün salamat
qalmasını təmin edirlər.
Barsın (47-48 səh.) və canavarın (40-41 səh.)
heyvanları ovlayıb yeməsi yaxşı əlamət kimi
xarakterizə edilir. Fikrimizcə, canavarın varlı
kişinin hürkmüş qoyununa tamah salıb yeməsi,
kefinin çağ olması onunla bağlıdır ki, o
imkanlı adama məxsus heyvandır. Çox
güman qoyunun yoxsul kişiyə deyil, varlı adama aid
olması fikri qəsdən verilib. Burada
insan ekologiyası ilə əlaqədar müəyyən
elementlərə də rast gəlirik. Hər iki
yırtıcının ov etməsi ona görə
yaxşı hesab edilir ki, onlar qida tapıb ac qalmırlar,
özləri də yeyir, balalarını da yemləyirlər;
“Ovunu ovlayıb yuvasına tərəf fərəhlənərək,
sevinərək gəlir...” (47 və 48-ci səh.)
Bu, növün yaşayıb salamat
qalmasından ötrü vacibdir.
Yırtıcı quşlardan şahinin göydən
şığıyaraq caynağını açıb
adadovşanının dərisinə batırması və
yırtıb dağıtması səhnəsi təsvir edilib. Abidədə
bir yox, bir neçə növdən olan şahindən
söhbət açılır. Müxtəlif
növlərə aid edilən bu yırtıcı
quşların məskən saldıqları ərazi - qida və
yaşayış sahələri də müxtəlifdir.
“Parlaq xalxal şahin quşu” səndəl
ağacı üstündə oturub zövq alırsa, “mavi ala
şahin” yarpaqlı qovaq ağacına qonub yaylayır.
Abidədə həmçinin uzaq qohumlar arasında (səh.
65) qidalanmanın rəqabət formasına rast gəlirik. “Çay
quşu” ovuna gedən “doğanın” (şahinin)
qarşısına yırtıcı qara quşun
çıxması pis əlamət sayılır. Bu, ikincinin birinciyə nisbətən güclü
olması və rəqabətdə onu udması - ac qoyması
ilə bağlıdır. İri
pişikkimilərdən pələngin (barsın) ceyran,
cüyür (keyik) ovlaması məlumdur. Ancaq
sürünən heyvanlar, o cümlədən ilanlar
onların əsas qidası deyil. 74-75-ci səhifələrdə
isə göstərilir ki, keyik ovuna gedən bars yolun
ortasında ilanla qarşılaşır. Xallı ilan sərt
qayaya çıxıb gedərək ölümdən qurtarır
və buna sevinir... Burda məqsəd şahinin
heç də barsın yemi olduğunu göstərmək yox,
çətin situasiyalarda təkamüldə
qazandığı qorunma tədbirlərindən istifadə edərək,
növü yaşatmaq bacarığını qabartmaqdır.
Əlbəttə, ilan sərt qayaya
çıxıb getməklə canını pələng
kimi cəld, manevrli yırtıcıdan qurtara bilməz. “Sərt qaya” ifadəsi sadəcə, etibarlı
qorunmaya işarədir.
19-22-ci səhifələrdə quzğunun
yırtıcılı olması o qədər şiddətli
təsvir edilir ki, onu “ağaca bağlamış, möhkəmcə
bağla, yaxşıca bağla deyir”. Qorxunun şiddətindən
yuxarıda duman, aşağıda toz durur, quş balası
uçaraq, keyik balası qaçaraq, insan oğlu
yürüş edərək azır. Abidəyə
görə nəsl tamam tükənmir, salamat qalanlar
çoxalaraq artır və tanrı nəzərində
üçüncü ildə hər şey salamat,
bütöv görünür. Hamı
şadlanır, sevinir. Bu, yaxşı əlamətə
yozulur. Çünki biosferin
tamlığı pozulmur.
“Falnamə”də digər abidələrdə olduğu kimi ovçuluğun ətraf mühitə təsirinə dair maraqlı fikirlər toplanıb. Qaydasız ovetmə heyvanların təbii ehtiyatlarını azaldır, hətta onları tamamilə tükəndirə bilir. Belə neqativ hallar həmişə pislənib. “Ər ova getmiş, dağda dua etmiş, tanrıdan qüdrət, - deyir. Onu bilin: pisdir”.
Yaxud “Durna quşu düşərgəsinə qonmuş, duymadan tora ilişib, uçmağı bacarmadan oturur, - deyir. Onu bilsin: pisdir o?” Təkcə durnanın deyil, ümumilikdə, bütün heyvanların öz ərazisində, sakit vaxtı ovlanması, onlara tor qurulması yaxşı qəbul olunmur. Tor qurmanın özü pis əlamətdir. Buna təsadüf nəticəsində güclü də, zəif də düşə bilər. 97-ci səhifədə təbiətə ikili münasibətin şahidi oluruq. “Xanlıq qoşunu ova çıxmış, çayır (çəmən) içinə əlik, keyik girmiş, xan əliyi tutmuş. Bütün qoşun əhli fərəhlənir. Onu bilin: yaxşıdır o!” Niyə heyvanların ovlanması yaxşı sayılmalıdır? Fikrimizcə, bu qoşun əhlinin-ordunun qidaya zəruri ehtiyacından irəli gəlir. Aclıq keçirən “bütün qoşun əhli fərəhlənir”, çünki ehtiyacını ödəyir.
Yusif Dirili
Xalq Cəbhəsi.- 13 aprel.- S.14.