AXC-nin İranda səfiri
olmuş Adil xan Ziyadxanlının siyasi və diplomatik fəaliyyəti
I yazı
Azərbaycan Xalq Cümhuriyyətinin hakimiyyəti zaman
etibarilə böyük bir dövrü əhatə etməsə
də XX əsr Azərbaycan tarixində xüsusi rol
oynayıb.
Dövrün tələbi və milli mənafeyimiz naminə bərqərar
olan respublika milli sərvətlərimiz üzərində ali hakimiyyət hüququ əldə etməklə
xalqımızın beynəlxalq aləmdə tanınması
yolunda da mühüm addımlar atdı. XIX əsrin ilk illərindən
çarizmin zülm yükünü öz üzərində
daşımağa məcbur olmuş bir xalq, 1918-ci ilin 28
mayında milli istiqlaliyyətini elan etdi, müstəqil daxili və
xarici siyasət yeritmək imkanı əldə etmiş oldu. Məhəmməd
Əmin Rəsulzadə və onun məsləkdaşları
qısa bir vaxtda yurdumuzun müstəqil bir ölkə kimi beynəlxalq
aləmdə tanınmasına heç də asan yolla nail
olmadılar, qarşıya son dərəcə ciddi maneələr
çıxırdı. Bu maneələrin yaranmasında
müstəmləkəçi dövlətlərlə
yanaşı xalqımıza düşmən kəsilmiş
erməni daşnakları da az rol
oynamadılar. "İstiqlal bəyannaməsi"ndəki
müstəqil və qonşu dövlətlərlə
qarşılıqlı münasibətlərin qurulması zərurəti
prinsipləri Azərbaycanın cənub qonşusu olan
İranla da normal münasibətlərin yaranmasını tələb
edirdi.
Yusif Vəzir
Çəmənzəminli "Xarici siyasətimiz" əsərində
yazırdı: "Rusla İranın arasında Azərbaycan
dövləti təşəkkül etdi. Rus
qorxusuna qarşı Qafqaz orduları döşlərini sipər
edərək durdular və duracaqlar. İran
da asudə nəfəs almağa başladı. Bundan sonra iki qonşu və müsəlman dövlətləri
arasında dostluq hüsulə gəlməlidir. İranla aramızda məchul və ixtilaflı bir məsələ
yoxdur. İki qonşu dövlətin tərəqqisi
yalnız dostluq ola bilər. İran
bizi tutarsa və bizi müstəqil deyə tanırsa,
özü üçün şimal tufanına qarşı
sipər qazanar".
Y.V.Çəmənzəminli
"Müstəqilliyimizi istəyiriksə..." əsərində
yazır: "Dövlətimizin Azərbaycan
adlandığı sui-təfəhhümlərə
(yalnış anlamlara) səbəb oldu. Halbuki Təbriz
əyalətinin, yəni İran Azərbaycanının
İranın olub-olmaması barədə ortalıqda heç
bir məsələ yoxdur. İranın
hüququna təcavüz etmək fikrində deyilik,
olmamışıq və olmayacağıq. Bizim tərəqqi və istirahətimizi təmin edən
yalnız qonşularımız ilə dostluğumuz olacaq".
Həmin
dövrlə bağlı T.Svyatoçovski yazır: "Tehran
Azərbaycan Cümhuriyyətinin Təbrizi İrandan
ayırmaq üçün Osmanlıların əlində alət
olduğunu hiss edirdi. Bu şübhə Osmanlıların
1918-ci il iyun ayı boyunca bu vilayəti təkrar
işğal etməsilə daha da güclənmişdi. Nəticədə Azərbaycan hökuməti
yanında İranın həyəcanını yatırmaq
üçün xarici siyasətində "Qafqaz Azərbaycanı"
terminin işlətdi". İranın rəsmi diplomatik
nümayəndələri "Azərbaycan" adına etiraz etməklə yanaşı,
İranın şimalında müstəqil dövlətlərin,
xüsusən müsəlman dövlətlərin
yaranmasını İranın mənafeyinə uyğun hesab
edirdilər.
Qeyd edək
ki, Qacar İran dövlətinin bir sıra dövlətlər
kimi, uzun müddət Azərbaycan Xalq Cümhuriyyətini
tanımaqdan imtina etməsi, ona ərazi iddiaları irəli
sürməsi və bunun üçün Paris sülh
konfransında səy göstərməsi, yalnız müttəfiqlər
tərəfindən Azərbaycanın rəsmən tanınmasından
sonra İranın Azərbaycan Xalq Cümhuriyyətini
tanıması faktı, Müsavat hökumətinin
çıxış yolunu İranla həmrəylikdə
görməsi, ölkəmizi "Muxtar Cümhuriyyət"
adlandırması və s. məsələlər
İranın Xarici İşlər Nazirliyinin Sənədlər
və Diplomatiya Tarixi Mərkəzinin nəşr etdirdiyi
"Heyət-e Fouğalade-ye Qəfqaziyyə" sənədlər
toplusu kitabında tam aydınlıq gətirilib.
Paris sülh konfransında təqdim etdiyi memorandumunda
İran demək olar, bütün keçmiş Azərbaycan
xanlıqları ərazisinə iddia irəli sürdü. Ancaq get-gedə
İran Azərbaycan Xalq Cümhuriyyətinə qarşı ərazi
iddialarının perspektivsizliyini başa düşdü və
siyasi reallıqlarla razılaşmaq məcburiyyətində
qaldı. İranla AXC arasında ilk
diplomatik münasibətlər 1919-cu ilin yazında
İsmayıl xan Ziyadxanın (Adil xanın qardaşı)
başçılığı ilə Tehrana Fövqəladə
missiyanın göndərilməsi ilə quruldu. Bu missiya İran hökuməti ilə bir sıra əhəmiyyətli
məsələlər üzrə ilkin danışıqlar
aparmış, AXC-nin Tehranda diplomatik nümayəndəliyinin
Təbrizdə, İranın sərhəd və mərkəzi
məntəqələrində konsulluqların yaranması məsələlərini
müzakirə etmişdi. 1919-cu ilin yanvar ayının
sonu (1338-ci il rəbiüssani ayının
axırları) Fətəli xan Xoyski hökuməti elan etdi
ki, bundan öncə adı çəkilmiş Adil xanın
qardaşı İsmayıl xan Ziyadxanlının
başçılığı ilə əhalinin
hissiyyatını təbliğ etmək üçün
Tehrana bir heyət göndərmək qərarına gəldilər.
Bununla da o, qarşılıqlı anlaşma
üçün bir addım atırdı. İsmayıl xan
Ziyadxanlı həmin ildə, yəni 1919-cu il
aprel ayının ortalarında Ənzəli yolu ilə
İrana daxil oldu. Yarı rəsmi "İran" qəzeti
"Qonaq bizdəndir" adlı dərc etdirdiyi bir məqalədə
"Qafqaz islam millətinin" nümayəndəsinin
İrana gəlişindən məmnunluğunu bildirərək
yazırdı: "Bu möhtərəm qonaq bizdəndir, yəni
o tayfadandır ki, İranda 100 ildən artıq səltənət
etmiş, sözün əsl mənasında İran dövlətinin
və millətinin nümayəndəsidir. Cənab
İsmayıl xan Ziyadxanlı (Qacar-S.T.) tayfasındandır,
bunlar Gəncədə ən möhtərəm və
etibarlı xanlardan sayılırlar və çar Rusiyası
hökumətinin işğalından öncə Gəncədə
hökmranlıq ediblər".
Xarici İşlər Nazirliyi rəsmiləri ilə
İsmayıl xan arasında müxtəlif sahələrdə,
xüsusilə İran təəbələrinə dəymiş
xəsarətin qarşılığını ödəmək,
poçt və ticarət sahəsindəki problemlərin həlli
ilə müzakirələrdən başqa Şərqi Qafqaz
xanlıqlarının Azərbaycan adlandırılması
mövzusu əsas məsələlərdən biri idi. Bu arada Tehranda
İsmayıl xan Ziyadxanlı və İran Xarici İşlər
Nazirliyi arasında cərəyan edən müzakirələr,
Bakı mühitindən uzaq olduğuna görə nisbi nailiyyətlərlə
nəticələndi. Müzakirə mövzusu olan məsələlər
haqqında müəyyən razılaşmalar əldə
edildi və 4 iyun 1919-cu ildə İsmayıl xan Ziyadxanlı
ilə Rus idarəsinin müdiri Mötəsəmül Səltənənin
imzası ilə 14 maddədən ibarət müqavilə layihəsi
imzalandı. Bu müqavilədə
respublikanın (Azərbaycan Xalq Cümhuriyyəti nəzərdə
tutulur - S.T.) tanınması mövzusu, yaxud da iki dövlət
arasında müştərək sərhədlər məsələsi
müzakirə obyekti olmalı idi. Daha
doğrusu, əsas müzakirə iki dövlət arasında
ticari münasibətlərlə bağlı mövcud problemlərin
təcili aradan qaldırılması və iki dövlət vətəndaşlarının
mütərəqqi olaraq hüququnun qorunması məsələsi
müzakirə obyekti oldu. Ancaq bununla belə
işin nəticəsi təsdiqlənib qəbul məsələsinə
çatan kimi o da ləğv edildi. Belə nəzərə
çarpır ki, Bakı hökuməti bu
razılaşmanın tənzimlənməsi prosesindən xəbərsiz
olmuşdu, çünki şəban ayının
ortalarında Azərbaycan Xarici İşlər Nazirliyi
İsmayıl xanın qayıdış vaxtını öyrənərkən
qeyd etmişdi ki, onun hərəkət etdiyi gündən məlumatsız
olmuşdu. Elə buna görə də
sonrakı mərhələlərdə Bakıda bu
razılaşma haqqında söhbət getdiyində (öndə
görəcəyimiz kimi -S.T.) bu mövzu nəticəsiz
qaldı.
AXC-nin görkəmli diplomatik xadimlərindən olan
A.Ziyadxanlı haqqında bir qədər ətraflı məlumat
verməyi məqsədəuyğun sayıram. Azərbaycanın XX
yüzillikdə yetirdiyi siyasi xadimlərdən biri də rus
işğalçılarına qarşı qəhrəmancasına
mübarizədə, döyüş meydanında həlak
olmuş Gəncə xanı Cavad xanın nəticəsi,
dövrünün tanınmış ziyalısı, dövlət
xadimi və diplomatı Adil xan Ziyadxanlıdır. Cavad xan
oğlu Hüseynqulu xan ilə birlikdə Gəncə
qalasının divarları üzərində həlak
olduğu 1804-cü ildən 1918-ci ilə qədər keçən
114 il ərzində Rusiya Azərbaycanı öz tarixi köklərindən
qoparmaq, simasızlaşdırmaq, onu silah gücünə
yaradılan imperiyanın içərisində əritmək
üçün az iş görməmişdi. Ancaq
şirin vədlərin, hədə-qorxunun və top-tüfəngin
bütün səylərinə baxmayaraq, azadlıq və
müstəqillik ruhu daim yaşamış, tarixi şərait
yaranan kimi Azərbaycan xalqı öz sözünü
demişdi.
A.Ziyadxanlı 1870-1871-ci illərdə Gəncədə
anadan olub. İlk təhsilini xüsusi müəllim yanında
almış, sonra isə Gəncə mədrəsəsində
oxumuş, Moskva Universitetinin hüquq fakültəsini müvəffəqiyyətlə
bitirmişdi. O, rus, fransız, ingilis və fars dillərini mükəmməl mənimsəmişdi.
Geniş ictimai-siyasi fəaliyyət göstərən
A.Ziyadxanlı "Qafqaz müsəlmanları
şurasının" 7 üzvündən biri idi. O,
öz həyatı ilə bağlı yazır: "Qafqazda, Gəncə
şəhərində anadan olmuşam. İki
qardaşım var idi və hər ikisi məndən
böyük idi. Biz üç qardaş
atamızın nəsihətlərinə qulaq asaraq elm öyrənməyə
başladıq. Atam həmişə deyərdi: "Mənim
övladlarım! Bu dünyada üç şey - dünya malı, şan-şöhrət, xidmət və
hökumət və s. fanidir. Daimi xoşbəxtlik
yoxdur. Bu dünyada insana müvəqqəti
xoşbəxtlik bəxş etməyə qadir olan bir şey
varsa, o da mərifət, tərbiyə, elm və əməkdir.
Rüzgarın bir dəmində ola bilsin
ki, sizin bütün maddi sərvətiniz əlinizdən
çıxsın. Lakin sizin elm adlı sərvətiniz
siz durduqca duracaq və həyatın ən çətin
anlarında sizə əl tutacaq".
D.B.Seyidzadə
"Rusiya Dövlət Dumasında Azərbaycan
deputatları" kitabının XIX-XX əsr ərəfəsində
Azərbaycan burjuaziyası və onun ideologiyasına aid I fəslində
yazır: Proqramın bəndlərinin təhlili onu göstərir
ki, təkliflərlə yanaşı, proqramı
hazırlayanların fikrincə, burada əyalətin sakitləşdirilməsindən
başqa, həm də demokratik fikirlər də var. A.Ziyadxanov
Dumada müzakirə zamanı qeyd edir ki, "müsəlman
nümayəndələr proqramı tərtib edərkən
qarşılarına öz siyasi ideyalarını həyata
keçirmək məqsədi qoymayıb, əksinə,- bizim
inamımıza əyalətdə qalxan dalğaların
yatırılmasına gətirib çıxaracaq bəndlər
yazıblar. Yalnız bundan sonra 17 oktyabr manifesti
və hər hansı azadlıq haqqında danışmaq olar.
Nə qədər ki, bu qanlı hadisələr
Damokl qılıncı kimi başımızın
üstündə asılıb, heç bir azadlıq
haqqında arzu etmək olmaz. Azadlıq
müsəlmanlara hava kimi lazımdır".
Gəncə
yaxınlığındakı Hacıkənddə
keçirilən iclasda Əlimərdan bəy
Topçubaşov Qafqaz müsəlmanları ilə Azərbaycan
türklərinin siyasi, sosial, iqtisadi ehtiyaclarını
anlatdıqdan sonra, yerli və müstəqil bələdiyyə,
vilayət məclisi, kənd idarə heyətlərinin
yaradılması zərurətini izah etdi. İclasda
qərara alındı ki, Gəncə qəzasında və
vilayət mərkəzində yaradılması nəzərdə
tutulan müstəqil yerli idarələr haqqında xalqa məlumat
üçün yığıncaqlar keçirilsin. Yığıncaqların təşkil olunması
Adil xan Ziyadxanov, Ələkbər bəy Rəfibəyov,
Ələkbər bəy Xasməmmədov və Cahangir Xoyskiyə
həvalə olundu. Bundan başqa
Ə.Topçubaşov, A.Ziyadxanov Ə.Xasməmmədovdan
ibarət üç nəfərlik heyət seçildi.
Onlara Gəncə bələdiyyəsinə
aparılan seçkiləri təsdiq etdirmək, müsəlmanların
yerli idarələrə seçkisindəki hüquqi məhdudiyyətlər
haqqında qanun dəyişdirilincəyə qədər yeni
seçkilərin dayandırılması üçün rus
idarələrində çalışan vəzifəli şəxslər
qarşısında təşəbbüs
qaldırılması tapşırılır.
Sübhan
Talıblı
tarix üzrə
fəlsəfə doktoru
Xalq Cəbhəsi.-
2018.- 24 aprel.- S.14.