Türk mədəniyyətlərinin
qədimliyi və zənginliyi
1-ci
yazı
Dünya xalqlarının mədəniyyəti tarixən
bir-birindən təcriddə deyil, əksinə,
qarşılıqlı təsir dairəsində inkişaf
edib, yüksək mənəvi dəyərlər qazanıb. Şərti də
olsa, dünya mədəniyyətinin iki qütbü kimi səciyyələndirilən
Şərq və Qərb mədəniyyətləri bir-birinə
bağlılıq və təsir nəticəsində
müasir sivil mərhələyə yetişə bilib.
Hər bir xalqın mədəniyyəti həmin xalqın
yaşadığı ərazi, region, mühit və s. amillərlə
bağlı olsa da, onun dünya mədəniyyətinin
inkişaf xətti ilə əlaqə və
yaxınlığı şəksizdir. Türk
xalqlarının mədəniyyəti və ədəbiyyatı
bu mənada dünya mədəniyyəti və ədəbiyyatının
ayrıca qolu və mərhələsi olmaqla yanaşı, həm
də əsas tərkib hissəsidir.
Türklər dünyanın qədim və qüdrətli
xalqlarındandır. XX əsr türk ədəbiyyatının
məşhur nümayəndəsi Ə.Nesinin təbirincə
desək, “Hər bir millətin böyüklüyü onun əhalisinin
çoxluğuna və ərazisinin genişliyinə görə
müəyyənləşdirilmir. Hər
bir xalqın böyüklüyü onun tarix və mədəniyyətinin
qədim və zənginliyinə görə müəyyənləşdirilir.”
Bu mənada türklər öz tarix və mədəniyyətlərinin
qədimliyi, zənginliyi baxımından dünya xalqları
arasında böyüklüyünü,
aparıcılığını tam şəkildə təsdiqləyə
biliblər.
Türklərin təxminən dörd min il
bundan əvvəl Altay-Sayan dağları boyunca
yaşamaları tarixi fakt kimi təsdiqlənib. Lakin
türklərin tarixinin daha əvvəllərə aid
olduğu şəksizdir. Türklərin 3500 il siyasi təşkilatlanma (ilk türk
hökmdarı e.ə. 1500-cü ildə Turgitay), 2700 il ədəbiyyat,
2500-3000 il yazı tarixinə malik olmaları bu fikrin həqiqiliyinə
tam əminlik yaradır.
Türk
yazı tarixi 2500-3000 il bundan əvvələ
qədər gedib çatsa da, türklərin ilk yazılı
mətnləri VIII əsrə aid olan Orxon-Yenisey abidələri
hesab olunur. Ancaq 2500-3000 il yazı tarixi olan
millətin ilk yazılı abidəsinin ona məxsus yazı
tarixindən təxminən 2000 il sonra yaranması
inandırıcı görünmür. Çünki Çin
mənbələrində miladdan öncəyə aid türk mətnlərinin
(məsələn, türkcədən tərcümə
edilmiş bir şeir parçasının) və Çin
sarayına Hunlar tərəfindən göndərilən məktubların
(məsələn, Metenin Çin dövlətinə göndərdiyi
məktublar) olması, Saxa imperatorluğu zamanında rəsmi
məktublaşmaların aparılması, eləcə də
digər tarixi sənədlərdə Hunlar və
Göytürklər dövründə türk
yazılarının mövcudluğu, Xəzər və Avar
xaqanlığında türk yazılarından istifadə
edilməsi, Atillanın katiblərinin sənədləri
türkcə hazırlaması və s. haqqında verilən məlumatlar
türk yazı tarixinin daha qədim dövrə aid olduğunu
təsdiqləyir. Bu səbəbdən qeyd etməliyik
ki, Orxon-Yenisey yazılarından çox əvvəllər də
türk yazı mətnləri olub, ancaq onlar günümüzə
gəlib çatmayıb.
Tarixdə “türk” kəlməsi ilk dəfə
Göytürklər tərəfindən işlədilib, mənsubiyyət
ifadə edən ad kimi qəbul olunub. Lakin “türk”
sözünün digər məna çalarlarına da malik
olması (güc-qüvvət, törəmək-artmaq,
yüyürmək, gözəl və s.) türk
xalqının özünəməxsus fərdi keyfiyyət və
xüsusiyyətlərini hərtərəfli müəyyənləşdirmək
baxımından xarakterikdir. Hazırkı dövrdə
türk mədəniyyət və ədəbiyyatının təkcə
hər hansı konkret milli türk zəminində (məs., qazax, qırğız, türkmən və
s.) yox, ümumtürk anlayışları səviyyəsindən
və bu səviyyənin ədəbi-bədii və estetik
prinsiplərinin dərki baxımından öyrənilməsi
vacibdir.
Lakin təəssüf hissi ilə qeyd etməliyik ki,
türk xalqları öz zəngin mənəvi aləmindən
uzun müddət nəinki uzaq düşüb, həm də
tarix boyu qazandıqları müəyyən siyasi tələb
və təzyiqlər şəraitində onlar
üçün “əhəmiyyətsizləşdirilib”. Bu prosesdə
hər şey tarixin unutdurulmasına, yaddaşlardan silinməsinə
xidmət göstərib. Konkret olaraq Sovet
hakimiyyəti illərində türk xalqları ədəbiyyatının
tədrisi və öyrənilməsinə gəldikdə deməliyik
ki, bu dövrdə türk xalqlarının tədrisi
tarixi-milli və ümumtürk kontekstindən yox, sovet ideoloji
prinsipləri baxımından başqa ad altında (SSRİ
xalqlan ədəbiyyatı və mədəniyyəti şəklində)
həyata keçirilib. Nəticədə
bu ədəbiyyatın özünəməxsus inkişaf
yolunun işıqlandırılması, onun yaranma və
formalaşması, minilliklər şanlı tarixə malik
türklərin mədəni, iqtisadi, siyasi
coğrafiyasının bugünkü vaxta qədər
keçdiyi yol, qazandığı uğur kölgədə
qalıb. Odur ki, uzun illər xalqlar belə bir mənəvi
boşluğun doldurulmasına daxilən ehtiyac duyub və onun
reallaşmasını hər an
düşünüblər.
Dünyanın yeniləşdiyi, sovet rejiminin
dağıldığı, ayn-ayrı suveren və müstəqil
dövlətlərin yarandığı mərhələdən
sonra digər xalqlar kimi türklər də özünün mədəni
və siyasi tarixini yenidən öyrənmək (həm də
yazmaq), obyektiv işıqlandırmaq, təbliğ etmək
imkanı və hüququ qazana bildi. Türk
xalqlarının zəngin ədəbi-bədii nümunələri
həm ümumtürk konsepsiyası, həm də milli türk
ədəbiyyatının özünəməxsusluğu, fərdi
yaradıcılıq xüsusiyyətləri baxımından tədris
olunmalıdır. Eyni zamanda bu fənnin tədrisi
zamanı türk xalqlarının mədəniyyətinə
digər dünya xalqlarının mədəniyyətindən
təcriddə, ayrılıqda yox, vəhdət,
qarşılıqlı əlaqə və bağlılıq
şəraitində münasibət bildirilməlidir. İnkaredilməz faktdır ki, türklərin qədim
folklor irsi Misir və ümumən Yaxın və Orta Şərq
ədəbi abidələri ilə qarşılıqlı əlaqə
prosesində olub. Yazılı ədəbiyyatda
da bu cür əlaqə, ənənə
yaxınlığı özünü göstərmiş və
hazırda da göstərməkdədir.
Şübhə yoxdur ki, dastanlar hər bir xalq
üçün tarix və mədəniyyət göstəricisidir. Dastandakı
hadisələr tam anlamda əsl tarix olmasalar da, dünyanın
yaranması, tarixin başlanması, insanlığın, cəmiyyətin
formalaşması və ayrı-ayrı xalqların
özünəməxsus həyata baxışları
haqqında təsəvvür yaratmaq baxımından əhəmiyyət
daşıyır. Belə demək mümkünsə,
dastanlar millətin tarixi, yaşayış yerləri, adət-ənənəsi,
psixologiyası, inancları, həyata baxışları və
s. barədə məlumat verən ilkin qaynaqlardan biridir. Çünki dastanlar kök və ruh etibarilə həm
tarixə bağlanır, həm də tarixi əks etdirir.
Lakin hər bir millətin özünəməxsus
tarixi olsa da, yer üzündə yaşayan elə millətlər
var ki, onlara məxsus dastan nümunələri yox dərəcəsindədir.
Dastan yaranmasının iki vacib şərti var:
1.
İlkin mərhələdə millət əfsanə və
mif yaradıcılığına malik olmalı və bunlar zənginliyi
ilə seçilməlidir. Bunun
üçün onun ibtidai dövrlərdən
mövcudluğu vacib şərt hesab olunur.
2. Millətin
savaş, mübarizə, qəhrəmanlıq tarixi kifayət
qədər zəngin olmalı və tarixdə əhəmiyyətli
yer tutmalıdır.
Türk
dastanları mifoloji-epik baxışların nəticəsi kimi
zaman etibarilə yaranma və formalaşma baxımından iki
dövrə bölünür:
I.
İslamiyyətdən öncə türk dastanları
II.
İslamiyyətdən sonra türk dastanları
Birinci mərhələyə aid olan qədim türk
dastanları əsas etibarilə e.ə. I minilliyin
ortalarından eramızın I minilliyinin ortalarına qədər
olan dövrləri əhatə edir. Bu
dastanlar Saka, Hun, Göytürk, Uyğur tarixlərinin
dastanları hesab olunur. Əski türk
dastan nümunələri müxtəlif mənbələrdən
əldə edilib. Bunların bir qismi Avropa,
Çin, İran, ərəb mənbələrində, digər
bir qismi türkün özünün şifahi yaddaş və
yazılı ədəbi nümunələrində mühafizə
olunub. “Dünyanın yaranması
haqqında” dastan türk mifoloji-fəlsəfi təsvirlərinin
əksi baxımından xarakterikdir. Heç
şübhəsiz, bu təsəvvürlərin mərkəzində
dünyanın yaranması və idarə olunması ilə
bağlı türk inancları dayanır.
“Bir zamanlar yalnız Tanrı Qara xan və su vardı. Qara xandan başqa görən,
sudan başqa görünən yox idi. Ağ Ana göründü. O, Qara xana “yarat”
deyib yenidən suya daldı. Bunu eşidən
Qara xan bir Kişi yaratdı.” Bu
parçada dünyanın və insanın yaranması
haqqında türk mifoloji görüşləri diqqəti cəlb
edir. Dastanın məzmunundan aydın olur
ki, insan (Erlik-şeytan) Tanrıyla bərabər uçarkən
ondan yuxarı qalxdığına görə cəzalandırılır
və Tanrı dünya yaratmaq məqsədilə ona suyun dibinə
enib oradan torpaq gətirmək əmri verir. Lakin Erlik burada da xislətini gizlətməyib, öz
dünyasını yaratmaq üçün gətirdiyi
torpaqdan bir qədər boğazında saxlayıb. Tanrı torpağa “böyü” əmrini verəndə
dünya yaranıb, eyni zamanda Erlikin boğazındakı torpaq
da böyüyərək ağzına
sığmadığı üçün qeyri-bərabər
şəkildə yerə tökülüb. Nəticədə Tanrının yaratdığı
dümdüz dünyanın harmoniyası pozulub, dağlar və
təpələr yaranıb. Bu dastanda Tanrı Qara
xanın dünyaya sahib olması, onun dünya nizamını
yaratması, yeni insan nəsillərinin əmələ gəlməsi,
dünyaya səpələnməsi və s. cəhətlər
əski türk mifoloji düşüncə və
inanclarına uyğun təsvir olunub. Dastanda
Tanrı Qara xan timsalında əski türklərin tək
Tanrı təsəvvürləri dayanır. Proseslər isə Nur, Qaranlıqlar və Yer
üzü adlanan üç aləmdə cərəyan edir.
Nur aləmi göydə yerləşir. Burada yaxşı ruhlar məskunlaşıb. Bu aləmin hakimi Tanrı Qara xandır. Yer üzü orta təbəqədir. Burada Tanrının göndərdiyi mələklər
yaşayırlar. Qaranlıqlar aləmi isə
yerin altındadır. Həmin məkanda
pis ruhlar, cinlər yaşayır. Bu məkana
isə Erlik (şeytan) hakimdir. Dastanda Tanrı Qara
xanın göyün ən yüksək təbəqəsi
olan On yeddinci qatda oturub dünyanı idarə
etməsi ilə bağlı verilən fıkirlər
dünyaya sahib tək Tanrı ilahi inanc funksiyasına
uyğundur.
“Boz qurd”,
“Oğuz kağan”, “Şu”, “Ərgənəkon”,
“Köç” və s. dastanlarının mətnləri
bütöv halda əlimizdə olmasa da bu dastanlar türk epos
zənginliyinin, estetik düşüncə mükəmməlliyinin
təsdiqi baxımından əhəmiyyətlidir. Həmin
dastanlar eyni zamanda türkün etnogenezisi, siyasi idarəçilik
və dini baxışları, dünyada milli özünütəsdiq
arzu və iddiaları və s. haqqında təsəvvür
yaratmaqda böyük rol oynayır.
“Boz qurd” dastanları Göytürklərin yeni nəslinin
yaranması və for¬malaşması haqqında 3 variantlı rəvayətlərdən
ibarətdir. Digər dastanlar kimi bu dastanın da tam mətni əldə
yoxdur. Dastan kiçik parçalar şəklində
Çin mənbələrində mühafızə olunub.
Çox güman ki, dastan dünyanın
yaranması ilə bağlı türkün mifoloji-bədii
düşüncəsindən sonrakı dövrlərdə
formalaşıb. Çünki burada
dünyanın ilk yaranmış insanlarından yox,
düşmənin qəddarlığı nəticəsində
bütünlüklə öldürülmüş
(ayaqları kəsilmiş 10 yaşlı oğlandan başqa)
Göytürklərin sonrakı soy artımından söhbət
gedir. Bu artımda boz qurd Ana qurd vəzifəsini
icra edir. Dastanın qısa məzmunu belədir: Lin
adlı düşmən xalq türkləri məğlub edirlər.
10 yaşlı oğlan uşağından
başqa bütün insanları öldürürlər.
Həmin oğlanın ayaqlarını kəsib
bataqlığa atırlar ki, öz əcəli ilə
ölsün. Bir dişi qurd oğlanı ətlə
bəsləyir, ondan hamilə qalır. Düşmən
oğlanın sağ qaldığını bilib onu
öldürür. Qurd qaçıb gizlənir.
Bir mağarada 10 oğlan uşağı
doğur. Onlar böyüdükdən sonra
kənardan gətirilən qızlarla evlənirlər. Yeni törənən övladlar mağaraya
sığmadığı üçün Altay
dağları ətəklərində məskunlaşırlar.
Elman Quliyev
filologiya üzrə
elmlər doktoru, professor
Xalq Cəbhəsi.- 2018.- 26 aprel.-
S.14.