Hərb tariximizin şanlı
dövrü: Azərbaycan Xalq Cümhuriyyəti və milli ordu
quruculuğu
1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti
elan edildikdən az sonra Azərbaycan milli ordusunun
yaradılmasına başlanıldı. Milli
dövlətçiliyin bərqərar olmasının ən
vacib amillərindən, atributlarından biri milli ordunun
yaranması idi.
1918-ci il
dekabrın 27-də Azərbaycan Xalq Cümhuriyyətinin hərbi
naziri Səməd bəy Mehmandarovun 34 saylı əmri ilə
Azərbaycan türkcəsinin orduda dövlət dili kimi tətbiq
edilməsinə başlandı. Bu dövrdə
Azərbaycan ordusunda ana dilini öyrənmək,
savadsızlığın ləğvi ilə bağlı
kurslar açıldı. 1919-cu ildə Azərbaycan
Xalq Cümhuriyyəti nizami milli ordunun sayını 25 minə
çatdırmaq məqsədilə dövlət büdcəsindən
400 milyon manat vəsait ayırdı. Gürcüstandakı
hərbi məktəblərdə təhsil almaq
üçün ora yüzlərlə azərbaycanlı zabit
və əsgər göndərildi. Gürcüstan Azərbaycan
ordusuna 12 kiçik top, 12 dağ topu, 24 pulemyot, 3 min
beşatılan tüfəng, 211 qılınc, 295 nizə və
hərbi ləvazimat verdi. 1919-cu il
yanvarın 11-dən orduda hərbi qulluqçular
üçün yeni hərbi geyim forması tətbiq edildi. Türk qoşunlarının Gəncədə
olduğu vaxtda fəaliyyət göstərən praporşiklər
məktəbinin işi yenidən quruldu. Onun
əsasında hərbi məktəb təşkil edildi. Ordunu milli-hərbi kadrlarla təmin edəcək hərbi
dəmiryolçular, istehkamçılar və hərbi
feldşerlər məktəbləri açıldı.
Müttəfiq
dövlətlərin hərbi komandanlığı 1919-cu il aprelin əvvəllərində milli qoşun
hissələrinin azsaylı kontingentinin Bakıda da yerləşdirilməsinə
razılıq verdi. Martın 31-də hərbi
nazirin əmri ilə Bakı şəhərində yerləşəcək
hərbi hissə və bölmələr müəyyənləşdirildi.
Həmin qüvvələrə 1 piyada taboru, 400
nəfərlik süvari və bir topçu batareyası daxil
idi. Bütün bu qüvvələrə
birinci süvari alayının komandiri polkovnik Fərhad
Ağalarov rəhbərlik edirdi. Bakı
qarnizonunun rəisi vəzifəsi də ilk dəfə ona həvalə
olunmuşdu. 1919-cu il aprelin 15-də hərbi
qüvvələr Bakıya daxil oldu və Salyan
kazarmalarında yerləşdirildi. İngiltərə
hərbi qüvvələri Azərbaycanı tərk etdikdən
sonra hərbi nazirliyin rəhbər orqanları iyunun 28-dən
iyulun 10-a qədər Bakıya köçürüldü.
1919-cu ilin payızında təşkil edilən
ən əhəmiyyətli hərbi strukturlardan biri
Bakının möhkəmləndirilmiş müdafiə
rayonunun yaradılması idi. Azərbaycan
Xalq Cümhuriyyətinin təşkilatçılıq
işləri sayəsində 1919-cu ilin avqust ayında ingilis hərbi
birləşmələri Azərbaycanı tərk etdikdən
sonra hərbi dəniz qüvvələri yaradıldı.
Bu donanmanın tərkibində 75,3 və
120 millimetrlik kalibrli toplarla silahlanmış iki gəmi
vardı. Bura digər gəmilər, katerlər
də daxil idi. Xəzər hərbi
donanmasının şəxsi heyəti 1170 nəfərdən
ibarət idi.
1920-ci
ilin aprelində Azərbaycan ordusunda 3 piyada diviziyalarında
birləşmiş 1-ci Cavanşir, 2-ci Zaqatala, 3-cü Gəncə,
4-cü Quba, 5-ci Bakı, 6-cı Göyçay, 7-ci Şirvan,
8-ci Ağdaş piyada alayları, süvari diviziyasında isə
birləşmiş olan olan 1-ci Tatar, 2-ci Qarabağ, 3-cü
Şəki süvari alayları və 2 topçu
briqadaları vardı.
1918-1920-ci illər dövrünün fəal
iştirakçılarından biri olan Rəhim bəy Vəkilov
«1920-ci il üçün Azərbaycan Respublikasının
ünvan təqvimi. Bakı, 1919″ nəşrində çap edilmiş
«Azərbaycan Respublikasının yaranma tarixi» adlı əsərində
o dövrdə baş verən gərgin siyasi hadisələrin
xeyrimizə həll olunmasında milli ordumuz yaranandan sonra tədricən
güclənməsinin mühüm təsirə malik olduğu
vurğulanır: «Azərbaycan və bütün Zaqafqaziya
üçün Avropa müharibəsini qurtarmasının ən
yaxın nəticəsi türk qoşunlarının getməsi
və onların yerini ingilis qoşunlarının tutması
oldu». Noyabrın 17-də ingilis generalı V.M.Tomson deyir: «…Biz nə
indi, nə də gələcəkdə sizin daxili işlərinizə
qarışmaq məqsədi güdmürük. Mən
ümid edirəm ki, sizin köməyinizlə hər şey
yoluna düşəcək.»
Tanınmış araşdırmaçı Ataxan
Paşayevin araşdırmasında bildirilir, 1918-ci ildə Azərbaycan
Xalq Cümhuriyyətinin müvəqqəti hökuməti Gəncədə
çətin şəraitdə fəaliyyətə
başlamışdı. Yaranmış mürəkkəb şəraitdə
hökumətin ilk tədbiri iyunun 19-da bütün Azərbaycanda
hərbi vəziyyətin elan edilməsi olmuşdu. Avqustun 11-də qəbul olunmuş «Hərbi mükəlləfiyyət
haqqında qanun»a müvafiq olaraq 19 yaşına
çatmış vətəndaşların ordu
sıralarına səfərbər olunması elan edildi. Artıq 1919-cu ilin axırlarında 25 minlik Azərbaycan
ordusu iki piyada və bir süvari diviziyadan ibarət idi. Hərbi nazirlik 1920-ci ildə ordunun şəxsi heyətini
40 min nəfərə çatdırmağı
planlaşdırırdı. Ordunu
müvafiq silahlarla təmin etmək hökumətin
başlıca vəzifəsi idi. Azərbaycan
hökuməti və hərbi nazirlik bunun üçün əlindən
gələni edirdi.
Azərbaycan Cümhuriyyəti mövcud olduğu 23 ay
müddətində özünün sülh yaratma cəhdlərinə
baxmayaraq daim Ermənistanla rəsmən elan edilməmiş
müharibə vəziyyətində olmuşdu. Ermənistan
1918-ci ilin dekabrında qədim Azərbaycan torpaqları olan
Lori və Borçalı uğrunda Gürcüstana
qarşı rəsmi müharibə elan etdi. O, Cənubi
Qafqazın çox hissəsini «tarixi erməni torpaqları»
elan edərək onları ələ keçirməyə, nə
olursa-olsun, ərazilərini genişləndirməyə
çalışırdı. Təsadüfi
deyil ki, 1920-ci ilin aprelində 11-ci Ordu Azərbaycanı
işğal edərkən Azərbaycan Cümhuriyyəti
ordusunun əsas qüvvələri Dağlıq Qarabağda
erməni qiyamçılarına qarşı mübarizə
ilə məşğul idi.
Azərbaycan Xalq Cümhuriyyətinin tarixində 1918-ci
ilin 15 sentyabrına kimi olan dövr dövlətimizin hər mənada
varlığını təsdiq dövrü idi. Bu dövrədək
milli ordu quruculuğu ilə bağlı müəyyən
işlər görülsə də, Bakının
düşmən əlində olması Cümhuriyyətin
imkanlarını məhdudlaşırdı. Belə bir
zamanda qəhrəman türk ordusunun Azərbaycana köməyə
gəlməsi hadisələrin sonrakı inkişafında Azərbaycan
Xalq Cümhuriyyətinin müəyyən dövrdə də
olsa, özünə gəlməsinə, müstəqil
dövlət olaraq tanınmasına ciddi təkan verdi. Digər tərəfdən
də bu hadisə iki qardaş xalqın mənəvi birliyinin
sübutu oldu.
Yenicə yaranmış olan Milli Ordunun
döyüşçülərinin sonrakı taleyi son dərəcə
kədərlidir. 1920-ci il aprelin 28-dən 1921-ci ilin
avqustunadək olan müddətdə Azərbaycanda 48 min adam
qırmızı terrorun qurbanı olmuşdu. Təkcə
1921-ci ilə qədər ancaq Azərbaycan-türk hərbçilərindən
12 general, 27 polkovnik və podpolkovnik, 46 kapitan, 266 nəfər
hərbi işçi güllələnmişdi. Sulkeviç,
Usubov, Haşımbəyov, İmamulla Mirzə Qacar, Kazım
Mirzə Qacar, Həmid Qaytabaşı, Həmid bəy Səlimov,
Rza bəy Şıxlinski, İsgəndər bəy Seyfulin,
Ziyadxanov və digər tanınmış hərbçilər
güllələnənlər sırasında idilər. Azərbaycan Milli ordusunun əsgərləri
«qırmızıların» gəlişi ilə qətiyyən
barışmaq istəmirdilər. Ona
görə də Azərbaycanın ayrı-ayrı bölgələrində
bolşevizmə qarşı güclü müqavimət
göstərirdilər. 1920-ci il
mayın 25-26-da Gəncədə Sovet hakimiyyətinə
qarşı 10-12 minə qədər şəxsin iştirak
etdiyi güclü silahlı çıxış olmuşdu. Üsyanın əsas qüvvəsini yeni hökumətə
itaət göstərmək istəməyən Azərbaycan
Milli Ordusunun bölmələri təşkil edirdi. Üsyana general Cavad bəy Şıxlinski, general Məmməd
Mirzə Qacar, polkovnik Cavanşir bəy Kazımbəyov və
başqalarından ibarət Şura rəhbərlik edirdi.
Ümumiyyyətlə, Azərbaycan Xalq Cümhuriyyəti
dövründə müstəqilliyin necə şirin
olduğunu anlayan, ölkənin taleyi sarıdan onu
qarşıda gözləyən təhlükələri
aydınca görən hərbçilərimizin əksəriyyəti
bütün bunlara baxmayaraq tutduqları yoldan çəkilmədilər. Azərbaycan hökuməti az vaxtda milli ordu quruculuğu yönündə
çox işlər gördü.
Dövlət Ədəbiyyat və İncəsənət
Arxivində saxlanılan «Azərbaycan» qəzetinin səhifələrində
o dövr milli ordu quruculuğuna dair də xeyli qiymətli
soraqlar var.
Vaxtilə
çar Rusiyasının ordusunda xidmət edən, ancaq Azərbaycan
sevgisini ürəyində, ağlında daşıyan hərbçi
soydaşlarımız milli dövlətimiz qurulan kimi Vətənə
qayıtdılar, Azərbaycanın hərbi imkanlarının
yaranmasında və güclənməsində xüsusi rol
oynadılar. Hərbi sahədə ən
tanınmış imzalar - Səmədağa Mehmandarov və
Əliağa Şıxlinskidən savayı neçə-neçə
Azərbaycan generalı gənc dövlətin
varlığının yaşarı olması
üçün misilsiz rəşadətlər göstəriblər.
Xalq Cümhuriyyətinin qurulduğu dövrdə bu və
başqa generallarımızın olması sübut etdi ki,
xalqımız döyüşkənlik ruhunu qətiyyən
itirməyib.
Şəmistan Nəzirli bildirir ki, fitri istedada malik, anadangəlmə
hərbçi olan artilleriya generalı Əliağa
Şıxlinski bütün varlığı ilə sevdiyi
xalqına sədaqətlə xidmət edib: «Onun hərbi fəaliyyəti
ilə bağlı araşdırmalar aparan zaman bir çox sahələrdə
ilkin şəxs olduğunu gördüm. Yəni
təkcə general kimi vəzifəsini bitmiş hesab etməyən
bu məşhur sərkərdə həm də hərb elminin
görkəmli alimi idi. Hələ əsrin əvvəllərində
hərbi mütəxəssislər tərəfindən
yüksək qiymətləndirilən «Şıxlinski
üçbucağı»ndan təkcə Rusiyada deyil, Fransa,
Avstriya, Norveç, İsveçrə və başqa ölkələrin
artilleriya məktəblərində dərslik kimi istifadə
olunub. «Şıxlınski
üçbucağı»nda artilleriya tarixində ilk dəfə
topların gözlə görünməyən hədəfə
atəş açmaq texnikası işlənib
hazırlanıb».
1920-ci il avqustun1-dən Mehmandarov Şıxlinski ilə
birlikdə Nəriman Nərimanovun köməkliyi sayəsində
ölümdən xilas edilərək Moskvaya göndərilirlər.
Şıxlinski Ali Artilleriya Məktəbində
gələcəyin marşalları Qovorova, Yakovlevə,
baş artilleriya marşalı Voronova və başqalarına dərs
deyib. Mehmandarov da artilleriya nizamnaməsi
hazırlayan komissiyanın tərkibinə daxil edilir, Hərbi
Akademiyada taktikadan dərs deyir. Bir ildən
sonra Bakıya qayıdan generallar burada Azərbaycan Komandirlər
Məktəbində dərs keçiblər.
Azərbaycan
Xalq Cümhuriyyəti dövründə milli ordumuzun
yaranması və yaşamasında mühüm xidmətlər
göstərmiş, 21 döyüş generalından biri
general-leytenant Məmmədbəy Aleksandroviç Sulkeviç
1919-cu il martın 26-dək Gəncədə
yerləşən 1-ci Müsəlman Korpusunun komandiri olub. Həmin tarixdə 147 saylı əmrlə baş qərargah
rəisi təyin olunub. 1919-cu il iyunun
16-da Azərbaycan Xalq Cümhuriyyəti ilə Gürcüstan
arasında hərbi ittifaqın bağlanmasında Məmmədbəy
Sulkeviçin böyük rolu olub. Bu təşəbbüsü
o, irəli sürmüşdü.
1918-ci il iyunun 26-da yaradılmış Azərbaycan Milli Ordusu Vətən tariximizdə, xalqımızın azadlıq mübarizəsində silinməz izini qoydu. Tariximizdə şanlı, fəxr ediləsi olaylarla yanaşı acı-ağrılı, dərs götürülməsi gərəkən olaylar da var. Hazırda Azərbaycan ərazisinin 20 faizinin işğalı dönəmində xalqın ümidi yenə də Azərbaycan ordusunadır. Qarabağımızın, itirilən torpaqlarımızın taleyini Milli Ordumuz həll eləyəcək.
Elçin
Qaliboğlu
Azərbaycan
Silahlı Qüvvələrinin 100-cü ildönümünə
həsr olunmuş “Hər birimiz Vətənə xidmət
edirik” mövzusundakı yazı müsabiqəsinə təqdim
edilir.
Xalq Cəbhəsi.- 2018.- 26 aprel.-
S.13.