XVIII yüzilliyin 50-80-ci illərində
İrəvan xanlığının siyasi vəziyyəti
3-cü yazı
Tarix üzrə fəlsəfə doktoru Elçin
Qarayevin İrəvan xanlığı (1747-1828) ilə
bağlı araşdırmasında bildirilir ki, bu təhlükədən
yenicə qurtarmış İrəvan xanlığı
car-balakənlilərin hücumuna məruz qaldı. Buna səbəb
Gəncə xanlığı ətrafında baş verən
hadisələr olmuşdu. Belə ki, Gəncə
xanı Məhəmmədhəsən xanın (1760-1780)
apardığı xarici siyasət, XVIII əsrin 60-cı illərin
ortalarında ona qarşı Qarabağ, Şamaxı
xanlıqlarının, Kartli-Kaxetiya
çarlığının ittifaqı yaranmışdı.
Belə vaxtda şəmşəddinlilər də
üsyan qaldırmışdı. Hətta
II İrakli Məhəmmədhəsən xana qarşı tərkibində
qazaxlı azərbaycanlıların olduğu qoşun da
göndərmişdi. Məhəmmədhəsən
xan belə böhranlı vaxtda kömək üçün
carlılara müraciət etdi. Vəd
edilmiş yüksək hədiyyə nəticəsində
carlılar onun müraciətinə mübət cavab verdilər.
Lakin 1766-cı ilin yayında 2 minlik car qoşunu
Gəncəyə gələndə Məhəmmədhəsən
xan artıq rəqibləri ilə
barışmışdı. Təhlükəli
qonaqlardan qurtulmaq üçün Gəncə xanı car
qoşun başçılarına cənub istiqamətində
yürüş etməyi məsləhət gördü.
Carlılar bununla razılaşaraq İrəvan
xanlığı istiqamətində yürüşə
başlayır. Məhəmmədhəsən
xan bu haqda Hüseynəli xana xəbər də göndərmişdi.
Bu xəbər İrəvan əhalisini bərk
təşfişə salmışdı. Hüseynəli
xan yenidən müdafiə tədbirlərinə əl
atır. Onun əmri ilə ətraf kəndlərin
əhalisi qalaya köçürülür, qalanın
müdafiəsi gücləndirilir.
Xoşbəxt bir təsadüf İrəvan
xanlığını dağıntılardan xilas etmişdi. Belə ki,
xanlıqda yaşayan kolanılar Hüseynəli xanın siyasətindən
narazı olduqlarından Qarabağ xanlığına
sığınmağı qərara almışdı. Bütün əmlakları ilə Qarabağa hərəkət
edən kolanılar Göyçə sahillərinə gəlib
çatırlar. 1766-cı il iyulun
axırlarında gölün cənub sahilində carlılarla
üzləşən kolanılar döyüşə
atılırlar. Onlar mərdliklə
döyüşməsinə baxmayaraq, döyüş
carlıların qələbəsi ilə başa
çatmışdı. Bu döyüşdə
carlılar 800-ə qədər əsir almış,
onların əlinə 8 min xırdabuynuzlu, 2 min iribuynuzlu
mal-qara, 6 yüz madyan, 12 min tümənlik qızıl və
gümüş, çoxlu ev əşyaları qənimət
ələ keçmişdi. Lakin car qoşunu qələbəni
sona qədər bayram edə bilmədi. Belə
ki, qələbəni bayram edən carlıların
arxayınlaşmasından istifadə edən kolanılardan iki
nəfər əsirlikdən qaçaraq şəmşəddinlilərdən
kömək istəmişdi. Bu xəbəri
eşidən şəmşəddinlilərin ağsaqqalı
Allahverdi Sultan qoşun toplayaraq səhər tezdən
carlılara hücum edir. Qəflətən
yaxalanmış car döyüşçüləri əsir
və qənimətləri buraxaraq döyüş
meydanından qaçırlar. Beləliklə,
İrəvan xanlığı bu yürüşdən də
qurtula bilmişdi.
Hüseynəli xan İrəvanı Kartli-Kaxetiya
çarlığının asılılığından
qurtarmağa çalışırdı. Bağlanmış sülh
müqaviləsi cəmi üç il
çəkdi. Hüseynəli xan yenidən II
İrakliyə vergi verməkdən imtina etdi. İrəvan xanını buna sövq edən beynəlxalq
vəziyyətin onun üçün əlverişli olması
idi. Belə ki, 1768-1774-cü illərdə
Qara dəniz sahilləri uğrunda Rusiya-Osmanlı müharibəsi
başladı. Müharibə Balkanlarda və
Qafqazda gedirdi. Bu müharibənin
gedişində Cənubi Qafqaz uğrunda Rusiya-Osmanlı rəqabətinin
yeni dalğası başladı. Rusiya
regionun xristian əhalisi, o cümlədən Kartli-Kaxetiya
çarlığı vasitəsilə Azərbaycan
xanlarına təsir göstərmək istəyirdi. Hətta
1769-cu il avqustun 26-da Totlebenin başçılığı
ilə bir dəstə rus qoşunu Kartli-Kaxetiyaya daxil
olmuşdu. Bu da Azərbaycan xanlarının
narazılığına səbəb oldu.
E.Qarayevin araşdırmasında daha sonra bildirilir ki,
Osmanlı dövləti də öz növbəsində
nümayəndələrini müxtəlif hədiyyə və
vədlərlə Cənubi Qafqaza göndərərək Azərbaycan
xanlarını, o cümlədən İrəvan
xanlığını rus-gürcü birliyinə
qarşı mübarizəyə çağırırdı. İrəvan
xanlığı hərbi əməliyyatların baş
verdiyi meydana yaxın olduğundan burada möhkəmlənmək
hər iki dövlətə vacib idi. Onların
rəqabətindən Hüseynəli xan istifadə etmək qərarına
gəlmişdi. Belə ki, müharibənin
gedişində Osmanlı dövlətinin regionda fəallığı
daha da artmışdı. Sultan regionun müsəlman
dövlətlərini - İsfahan hakimi Kərim xan Zənd,
Qubalı Fətəli xan başda olmaqla Azərbaycan və Dağıstan
feodallarını Rusiya və Kartli-Kaxetiya çarına
qarşı birləşərək mübarizə aparmağa
çağırırdı. Bu
çağrışa İrəvan xanı da müsbət
cavab vermişdi. Çar II İrakli 1770-ci ilin
oktyabrın 5-də qraf N.İ.Paninə yazdığı məktubda
Osmanlı dövlətinin və İrəvan xanlığının
siyasətini belə dəyərləndirirdi: «Ləzgilərdən
(dağıstanlılardan - E.Q.) və bizi əhatə edən
digər xalqlardan başqa İrəvan xanını da bizə
düşmən etmişdilər. O, (Hüseynəli xan - E.Q.)
bizə verdiyi anda məhəl qoymayaraq, bizim himayəmizdən
çıxaraq türklərə qoşulmuşdu. Qarsa gələn sərəsgər sultandan həm ərzaq
və digər maddi yardımla birlikdə bizə qarşı
çoxlu qoşun tələb edirdi. Eyni
zamanda Kərim xanı, Qubalı Fətəli xanın qüvvələrini
bizə qarşı çıxmağa cəhd edirdi. Türklər İrəvan xanının səyindən
istifadə edərək, onun vasitəsilə digər
xanları böyük hədiyyələrlə öz tərəfinə
çəkmək istəyirdi».
Beləliklə, İrəvanda möhkəmlənmək
üçün Osmanlı emissarları tez-tez buraya gəlir,
sultandan xana məktub və hədiyyələr gətirirdilər. Sultan
Hüseynəli xana kürk üçün samur dərisi,
cavahir, qızılla bəzədilmiş qılınc kimi hədiyyələr
və iki min qızıl əşrəfi göndərmişdi.
Eyni zamanda Hüseynəli xan da Kartli-Kaxetiyaya
qarşı sultandan hərbi kömək gözləyirdi.
O, Osmanlı paşaları ilə və xüsusən də
Qars paşası ilə də əlaqə saxlayırdı.
Sultandan hərbi kömək alacağına ümid edən
Hüseynəli xan Kartli-Kaxetiyaya vergi verməyi
dayandırdı. Xanın bu hərəkəti II
İraklinin 1769-cu ildə yenidən İrəvana hücumuna səbəb
oldu. Qalaya sığınan Hüseynəli
xan bu dəfə II İrakliyə güclü müqavimət
göstərmişdi. Bu yürüşdən
Kartli-Kaxetiya çarı əliboş qayıtdı. Lakin Hüseynəli xan gözlədiyi hərbi
köməyi ala bilmədi. Çünki
bu dövrdə rus qoşunu ilə müharibə aparan
osmanlıların vəziyyəti ağır idi. Məhz ona görə də, o, II İraklinin yenidən
İrəvana hücum edəcəyindən ehtiyat edərək
Kartli-Kaxetiya çarı ilə sülh bağlamağa məcbur
oldu. 1771-ci ilin mayın 23-də rus zabiti kapitan Yazıkov
qraf N.İ.Paninə yazılmış olduğu məktubda
İrəvan xanının atdığı addımı belə
şərh edirdi: «İrəvan xanı öz adamını
çarın yanına göndərərək ondan sülh
xahiş edir. Elə ki, bizim qoşunlar (rus
qoşunu-E.Q.) Gürcüstana daxil olduqda,
İrəvan xanı çar İraklidən ayrılaraq
sultana məktub göndərmişdi. Məktubda
o, sultandan Gürcüstana hücum etmək üçün
qoşun və pul xahiş edirdi. Lakin sultan
bu köməyi etmədikdə, o, qorxudan yenidən çar
İraklinin təəbəliyinə keçir. Ona söz verir ki, keçən ilki vergini ödəyəcək».
Beləliklə, 1771-ci ilin yayında İrəvan
xanlığı ilə Kartli-Kaxetiya çarlığı
arasında sülh bağlanır. İrəvan
xanlığının Kartli-Kaxetiya çarlığına
verəcəyi verginin miqdarı 30.000 rubl həcmində müəyyən
edilir.
Hüseynəli xan bu dəfə də II İrakliyə
vergi verməyə məcbur olsa da, tezliklə, vergi ödəməyi
dayandırdı. S.İrəvanlının
yazdığına görə, 1776-cı ildə onlar
arasında yenidən düşmənçilik yarandı.
Bunun bir neçə səbəbəi vardı.
O.Markova əsərində bunun səbəbini Kərim
xan Zəndlə II İrakli arasında baş verən
düşmənçilikdə görürdü. Çarın ruspərəst siyasəti, rus
qoşunlarının Tiflisə daxil olması, İsfahan hakimi
Kərim xan Zəndi də bərk narahat etmişdi.
Rusiya dövlətinə arxalanan II İraklinin regionda
nüfuzunun artması Kərim xan Zəndin siyasətinə
uyğun gəlmirdi. Hətta İran hökmdarı 1772-ci ildə
II İrakli ilə müharibə aparmaq üçün
qoşunla Təbrizə gəlmişdi. Lakin
Kartli-Kaxetiya çarı Kərim xanın yanına nümayəndə
heyəti göndərərək çox çətinliklə
onu bu niyyətindən daşındırmışdı.
Lakin çox keçmədi ki, onlar arasında
münasibətlər yenidən gərginləşdi. XVIII əsrin 70-ci illərin ortalarında
İran-Osmanlı dövlətləri arasında baş verən
ziddiyyətlərdə II İraklinin sultanı dəstəkləməsi,
bu məqsədlə 1776-cı ilin yayında İstanbula
çoxsaylı nümayəndə heyəti göndərməsi
Kartli-Kaxetiya çarlığı ilə Kərim xan Zənd
arasında düşmənçiliyə səbəb oldu.
Kərim xan Zənd öz növbəsində əks tədbirlər
görərək İrəvan xanlığını
Kartli-Kaxetiyaya qarşı çıxmağa sövq etdi. «II
İraklinin qüvvətlənməsini arzulamayan Kərim xan Zənd
Hüseynəli xandan tələb etdi ki, o, II İrakliyə nəinki
bac verməsin, hətta lazım gəldikdə ona müqavimət
göstərsin. Müasirlərin dediklərinə
görə, İrəvan uğrunda Kərim xan Zəndlə
II İrakli arasında müharibə gözlənilirdi».
Hətta 1778-ci ildə Kərim xan Zənd II
İrakliyə Kartli-Kaxetiya torpaqlarının ona məxsus
olduğunu bildirərək vergi verməsini tələb
etmişdi. O, Dağıstan feodalları ilə birlikdə
Gürcüstana yürüşə
hazırlaşırdı. Lakin qəfl
ölüm bu planın həyata keçməsinə mane oldu.
Hüseynəli xanın Kartli-Kaxetiya
çarlığına vergi verməkdən imtina etməsi və
II İraklinin İrəvan xanlığının daxili
işlərinə müdaxilədən çəkindirən
ikinci əsas səbəb Osmanlı siyasəti idi. Belə ki,
Kiçik Qaynarca sülhündən sonra Cənubi Qafqazda
Rusiya dövlətinin fəallaşması nəticəsində
II İrakli çoxdan arzusunda olduğu Azərbaycan ərazilərini,
xüsusən də İrəvan xanlığını
işğal etməyi qərara almışdı. Rus-gürcü birliyinin təcavüzkar siyasətindən
ehtiyat edən Azərbaycan xanları Osmanlı dövlətinə
daha tez- tez müraciət etməyə başladılar. Sultan öz adamlarını regiona göndərərək
onları bu birliyə qarşı birləşməyə
çağırırdı. Ümumiyyətlə,
Osmanlı dövləti İrəvan xanlığına
xüsusi əhəmiyyət verirdi. Osmanlı
sarayı anlayırdı ki, həmsərhəd olan İrəvanda
Kartli-Kaxetiya çarının möhkəmlənməsi,
osmanlılara qarşı mübarizə aparmaq
üçün rus-gürcü bloku əlverişli meydan əldə
edə bilərdi. Məhz buna görə də
sultan İrəvana xüsusi diqqət yetirirdi.
1779-cu ildə Kərim xan Zənd vəfat etdi. Onun ölümündən sonra Mərkəzi İranda qarışıqlıq yarandı. Cənubi Qafqazda isə qubalı Fətəli xan daha da gücləndi. O, II İraklinin rəqibi olmaqla bərabər Azərbaycan xanlarını bir mərkəz ətrafında birləşdirmək və onları Kartli-Kaxetiya çarlığına qarşı qaldırmaq üçün qəti addımlar atmağa başladı. Fətəli xan ilk növbədə İrəvan və Gəncə xanlıqlarını öz tərəfinə çəkə bildi. II İrakli isə Qarabağ xanı İbrahimxəlil xanla birləşdi. 1779-cu ildə onların birləşmiş qüvvələri iki dəfə Fətəli xanın qoşununu məğlub edərək qalib gəldi. Gəncə xanlığı müttəfiqlər tərəfindən ələ keçirildi.
Elçin
Qaliboğlu
Xalq cəbhəsi 2018.- 9 avqust .- S. 13.