“Şah İsmayıl” dastanı:
forması və məzmunu
1-ci yazı
"Şah İsmayıl" dastanında aşiq və
məşuqun görüşü səfərin əsas həlqələrindən
biridir və səfərin tamamlanmasına işarə edir. Dastan
quruluşunda geriyə qayıtmada bu mərhələdən
sonra baş verəcək hadisələri əks etdirən əsas
hadisələrdən sayılır.
Dastanın
quruluş xüsusiyyətləri
Geri dönmə bir çox proseslərlə və maneələrlə
də əlamətdardır. Qəhrəman və
onun sevgilisi geri dönmə zamanı yolu düz istiqamətdə
getməlidirlər. Əgər yola
düşmədə hərəkət ziqzaqvari baş verə
bilərsə, geri dönmədə qəhrəman öz
yurduna təhlükəsiz halda qayıtmalıdır. Lakin bütün dastanlarda geri dönmə bu cür
baş verə bilmir. Qəhrəman yenə
maneələrlə qarşılaşmalı, bu maneələri
aradan qaldırmalıdır. Geri dönmədə
qəhrəmanla antiqəhrəman arasında oppozisiya
yaranmalıdır. Belə nəticə
çıxarmaq olar ki, oppozisiya dastan quruluşunda vacib
detaldır. Bu, folklorda ata-oğul, qəhrəman-rəqib
qarşıdurması ilə nəticələnə bilir.
“Şah İsmayıl” dastanında da qəhrəman-antiqəhrəman
oppozisiyaları var. Oppozisiyalarda həmişə dastan qəhrəmanlarının
xeyrinə həll olunur. Ədil şah övladsız
idi, alma vasitəsilə övlada sahib
olmuşdu. Dastanın sonunda isə oğlunun
düşməninə çevrilir. Dastançı bədii
priyom kimi bunu onunla izah edir ki, Gülzarı ələ gətirmək
üçün Ədil şah çox mübarizələr
etmiş, amma məqsədinə nail olmamışdı, birdən-birə
Şah İsmayılın bu problemin öhdəsindən gəlməsi
qısqanclığa səbəb olmuş və o, oğlunu
aradan götürmək, onun gətirdiyi Gülzar xanıma yiyələnmək
fikrinə düşmüşdü. Bunun səbəbi
almada deyildir, yəni almanı yeyənə qədər onun
xarakterində mənfi cəhətlər var idi. Ədil şahla bağlı mənfi xüsusiyyətlər
dastanda göstərilməsə də, dastan arxetipində
Şah İsmayılın atası zalım və
zülmkardır. Vəzirin ona
kasıb-kusuba, ac-yalavaclara süfrə açmağı məsləhət
görməsi də göstərir ki, o, rəiyyətə
qarşı yaxşı münasibətdə olmayıb.
Elə şah obrazlarının əksəriyyətində
də mənfilik əvvəldən göstərilir. Dastanda dərvişin öncə görənliklə
söylədiyi fikirlərdə bunu təsdiq edir. “Şah İsmayılın başına çox qəza-qədər
gələr, axırda mətləbinə çatar,
tacı-taxtına sahib olar”.
Bu misalın məntiqi sonluğu ata-oğul
qarşıdurmasının oğulun xeyrinə başa
çatacağını göstərir. Onlar bir-birinə
zidd olan iki qütblərdir ki, dual qütblər kimi ədəbiyyatda
mənalandırılır. Onlar
arasındakı antoqonizmin səbəbini də məhz bunda
görürük. Göründüyü
kimi, “Şah İsmayıl” dastanı mükəmməl
struktura malik bütöv bir sistemi özündə ehtiva edir.
Onun mahiyyətində boy göstərən məhəbbət
və qəhrəmanlıq dastanlarına xas formullar,
davranış sxemləri, fərqli kanonik system
bütünlükdə dastan yaratmanın müxtəlifliklərinin
göstəricisidir. “Bütün bunlar onu
göstərir ki, Azərbaycan xalqı dastanlarımızı
yalnız sırf məhəbbət, sevgi ilə məhdudlaşdırmayıb,
o dövrün dostluq, yoldaşlıq, insanlıq fəlsəfəsinə
dair ən dəyərli fikirlərinə də bədii don
geydirib təbliş ediblər”. Məhz bu
səbəbdən də dastanların zəngin struktur sistemi həm
də məzmun yaratma ilə səciyyələnir.
Məlum olduğu kimi, dastan quruluşunda iki növbələşmə
var. Bunlardan biri yurd, digəri isə yuva hissəsidir. Dastanın
yurd hissəsi onun bədii poetikasını əks etdirir, yuva
hissəsi isə hərəkəti, dinamizmi göstərir.
Məhz bunlar biri digərini şərtləndirən
və biri digərində özünü tapan mükəmməl
poetik sistemdir. Daha doğrusu, janr
fenomenliyini təşkil edən ən güclü tərəfdir.
Bunlardan biri olmazsa dastan formalaşa bilməz.
Bu da dastanın əsas quruluş xüsusiyyəti
kimi diqqəti cəlb edir. Həm yurd, həm
də yuva hissələri dastanın poetikasını
inkişaf etdirir. Dastandan istifadə olunan hər bir
şeir öz-özlüyündə poetik düşüncə
olub, qoşma, gəraylı və s. şəklində istifadə
olunan poetik fiqurdur. Bütün bunlar son olaraq onu
deməyə əsas verir ki, “Şah İsmayıl” dastanı
bədii sxemlərin, janr mexanizmlərinin mükəmməlliyi
ilə fundamental hadisədir.
Dastanın
məzmun xüsusiyyətləri
Bütünlükdə hər bir bədii mətn,
folklor nümunəsi mahiyyətində özünəməxsus
məzmunla şərtlənir. Çünki məzmun
özlüyündə janrın spesifikasını, işarələdiyi
mahiyyəti ortaya qoyur. Onun funksional çəkisi
bütünlükdə poetik sistemə bağlanır və
vahid bir düşüncə hadisəsi olaraq bədii mətnin
xarakterini, məzmununu təqdim edir. “Həyatda
hər şeyin – cisimlərin, əşyaların,
faktların, əhvalat və hadisələrin öz məzmunu,
öz forması var. Mürəkkəb bir struktur – bədii əsər
yalnız məzmun və forma daxi¬lində mövcuddur.
Antik foilosofun – Aristotelin anlamında “təqlid” – məzmunm sadəcə
predmet, “surət çıxarmaq”, natura deyil;
varlığın güclü fantaziya ilə yaradılan “bədii
modelidir”, ona ədəbi şəxsiyyətin fikri-mənəvi
zənginliyinin hopması, daxil olmasıdır”. Məlum
olduğu kimi, ədəbi-nəzəri fikirdə məzmun
quruluşuna görə sadə və mürəkkəb
adı ilə səciyyələnir. Sadə
məzmun əsasən kiçik süjetə malik olan mətnlərdə
daha çox diqqət çəkir. Belə
süjetlərdə məzmunun nəql olunmasında rəngarəng
detallardan istifadə olunmur. Mürəkkəb
quruluşlu mətnlərdə isə süjetin mürəkkəb
şəkildə ifadə olunması ilə
qarşılaşırıq. Mürəkkəb
quruluşlu mətnlərdə bir neçə və daha
çox süjetlərdən istifadə olunur. Folklorda məzmun güclü fantaziya ilə
yaradılan model olaraq etnosun təsəvvürlər sistemini, həyat
anlayışlarını ortaya qoyur. “Şah
İsmayıl” dastanının da formalaşmasında bir
neçə süjet tipindən və xəttindən istifadə
olunub. Dastan süjetlərinin ümumilikdə
məzmunlarını çoxlu hissələrə ayırmaq
mümkündür.
Məzmun bütün vəziyyətlərdə universal
xarakterliliyi ilə səciyyələnir. Bizi əhatə
edən hər şeyin məzmuna malik olduğunu
düşünmək, onun dəyərini malik olduğu formaya
əsasən təyin etmək olar. Dastan da
onun məzmununun ifadə olunduğu mürəkkəb
strukturdur. Onu da əlavə edək ki,
dastan mürəkkəb strukturda olduğu qədər də
mürəkkəb formaya malikdir. Onun
ayrı-ayrı struktur komponentləri, epizod və hadisələrin
təsvir mexanizmləri bütünlükdə məzmunun
poetik təqdiminə xidmət edir. Çünki
“janr əslində yaradıcı şəxsdən və
mühitdən tam asılı olmayan müstəqil məfhum,
estetik yaddaşdır. Buna görə də
kanonok janrlar özlüyündə müəyyən daxili məzmuna,
assosiativ mənalara malikdir. Janr təfəkküründə
həyata, mühitə, insana müstəqil münasibət,
sözün məna yaddaşı var. Tərənnüm və
təsvir obyektindən, müəllif münasibətindən
asılı olmayaraq, ənənəvi janrların daxili məzmunu,
ümumi məna məhvəri, pafos və ahəngi
mövcuddur. Həyatdan gələn yeni motivlər
məhz bu arxetip mənalarla çulğaşaraq dəyərləndirilir”.
Dastanda janr hadisəsi olaraq məzmun rənga¬rəng
detallarla, faktların, təsvirlərin hərəkətliliyi
ilə reallaşır. Məsələn,
ustadnamələrlə dastan məzmunu arasındakı
bağlantıların spesifikası ifadə
texnologiyalarının işarələdiyi alt qatda ciddi bir
formulanı, məzmunu ortaya qoyur. Ona
görə də dastanın ustadnamə ilə
başlaması janrın özünün bir komponenti olaraq
bütövə xidmət edir. Ustadnamələrdən
sonra başlanğıc formulunu izah edən cümlə tipi
verilir. Dastanın əsas hissəsi kimi
buta məsələsini qeyd etmək olar. Butadan
sonra qəhrəmanın səfərə çıxması,
çətinliklərlə qarşılaşması,
butasına sahib olması, vətəninə qayıtması,
toy səhnəsi, duvaqqapma hissələri gəlir. Bütün bu saydıqlarımız dastanın bədii
modelidir. Dastanın da məzmununu xarakterizə edən əsas
cəhətlər onun mürəkkəb süjet xəttinə
malik olması, nəzm və nəsrin qoşalaşması, bədii
formasının, kompozisiyasının mətndən
asılılığı, bədii ifadə vasitələrindən
istifadə olunması və s. təşkil edir. Bu göstərilən mətn hissələrindən
bir çoxunu da “Şah İsmayıl” dastanında
müşahidə edirik. Qeyd edilən bu
xarakterik xüsusiyyətləri “Şah İsmayıl” dastanının
məzmun xüsusiyyətini göstərən amillər hesab
etmək olar.
Əvvəl də qeyd olunduğu kimi, dastan ustadnamələrlə başlayır. İlk baxışda elə görünə bilər ki, ustadnamələrin dastanla heç bir əlaqəsi yoxdur. Üst qatda bu görünüş etibarilə belə təsir bağışlaya bilər. Ancaq folklor elə bir mədəniyyət hadisəsidir ki, hər bir ştrix, söz, bədii element, epizod funksional xarakteri ilə bütünlükdə janrın məzmununu işarələyir və mətndəki yeri ilə məna yaratmaya xidmət edir. Dastandakı ustadnamələr də bir bütöv olaraq funksional məzmunu ilə bu tiplidir. Ustadnamələrin daşıdığı ictimai məna mətnin məzmunundan irəli gəlir. Bəlkə də bir qədər diqqət yetirilsə, bütünlükdə janrın mahiyyətini, funksional xarakterini müəyyənləşdirən hadisə olaraq etnosun ideallarını, təsəvvürlər sistemini çatdırmaq kimi məqsədə köklənir. Ustadnamələrdə olan didaktika məzmunla dastanın didaktik məzmunu arasında bir bağlılıq var. Buna görə də ustadnamələr dastanın poetik sistemində bütöv bir kateqorial hadisədir.
Məlum olduğu kimi, dastanın məzmununu xarakterizə edən bir çox xüsusiyyətlər var. Bunlardan birincisi dastanın mifoloji motivlərə malik olma xüsusiyyətidir. “Şah İsmayıl” dastanında ilk motiv kimi övladsızlıq motivi diqqət çəkir. Bu motiv dastanda çox qabarıq şəkildə özünü göstərir. Övladsızlıq motivi ilə dastanın məzmunu arasında sıx bağlılıq var. Çünki dastanın məzmunu Şah İsmayılın övladsızlıq motivinin nəticəsi olaraq doğulmasından sonrakı hadisələri əks etdirir. Dastanda təsvir olunur ki, Ədil şah saç-saqqalına düşən dəndən çox kədərlənir və övladsız olduğunu, taxt-taca yiyələnəcək övladının olmadığını düşünür. Bu hissə övladsızlıq motivinin əsas məzmununu təşkil edir. Vəzirin Ədil şaha verdiyi məsləhətdən və Ədil şahın vəzirin sözlərinə əməl etməsindən sonra dua və alqışların təsiri ilə Şah İsmayıl doğulur. Bu hissə isə övladsızlıq motivinin nəticəsini göstərir.
Ümumiyyətlə, dastanın geniş məzmununu müəyyən hissələrə ayırmaq olar. Bu hissələri bir-birindən fərqləndirmək üçün onları dastan motivləri əsasında izah etmək daha məqsədəuyğundur. Məzmuna belə yanaşma ayrı-ayrı dastan motivləri üzrə onların əsasını təşkil edən süjetləri də təhlil etməyə imkan verir.
Kəmalə
İsmayılova
Araşdırmaçı
Xalq cəbhəsi
2018.- 15 avqust .- S. 13.