“Şah İsmayıl” dastanı:
forması və məzmunu
2-ci yazı
Dastançılıqda əsas motivlərdən biri ov
motividir. Bu motiv qəhrəmanın daxili mənəvi keyfiyyətlərini
qabarıq vermək üçün çox əhəmiyyətlidir.
Bu motivin dastanın harasında işlənməsindən
asılı olmayaraq əsas süjetin izah olunmasında rolu
böyükdür. “Şah İsmayıl”
dastanında əsas süjet Şah İsmayılla
Gülzarın məhəbbətidir. Bu məhəbbət
xəttinin dastanda inikasını Şah İsmayılın
ovda ceyranı qovması, ceyranın qıza çevrilməsi
və onların əhd-peyman bağlamasından sonra necə
inkişaf etməsində görmək mümkündür.
İkincisi, dastanın məzmununun öz daxili
xüsusiyyətləridir. Daxili ziddiyyətləri
isə dastanın məzmununun hissələrinin bir-birindən
asılılıq dərəcəsini göstərməyə
xidmət edir. Dastanda ov motivinin məzmun xüsusiyyətləri
ritual bir proses kimi qəhrəmanın gələcək fəaliyyətində
onun sınaqdan keçirilməsi ilə bağlıdır. Keçmişdə şahzadələri yay-ox
müsabiqəsi, at yarışı, ovda məharət
göstərmək kimi proseslərdən keçirirdilər.
“Şah İsmayıl” dastanında da söyləyici
bu priyomlardan istifadə edərək həm Şah
İsmayılın hünərini göstərmək istəyib,
həm də onun gələcək sevgisi yolunda çəkəcəyi
iztirabları fikirləşib. Dastanda bu
hissənin məzmunu bilavasitə ov səhnəsi ilə
bağlıdır. Dastançı ov
motivinin köməyi ilə ceyranın qıza çevrilməsini
gələcək məhəbbət motivinin əsası kimi
götürüb. Şah İsmayıl
qovduğu ceyranın qıza çevrildiyini bilmirdi. Şah İsmayılın Gülzarla (ceyranın çevrildiyi
qız) başlayan əhd-peyman xətti, deyişmələr qəhrəmanın
səfərə çıxacağına qədərki hadisələrin
əsas leytmotivini təşkil edir. Bu hadisələri
təsvir etməklə dastançı məzmunun
başlanğıc hissəsini nağıl etmiş olur.
Dastanın başlanğıc hissədən sonra gələn
hissənin məzmunu Şah İsmayılın Gülzarın
ardınca yola düşməsinin təsvirindən ibarətdir. Bu hissə adətən
xalq nağıllarının təsiri altında
düzülüb-qoşulub. Şah
İsmayılın bu hissədə yola düşməsinə
kiçik bir maneə təsvir olunur. Ədil
şah oğlunu səfərdən yayındırmaq
üçün Qəndəhar şəhərində olan
gözəl qızları güllü bağa
yığır. Şah İsmayıl
qızların heç birini bəyənmir, atasının ona
qəzəbi tutur, Şah İsmayılı sərbəst
buraxır.
Dastanın bu hissəsinin məzmunda Şah
İsmayılla bağlı baş verən
qarşılaşmalarda mühüm yer tutur. Birinci
qarşılaşma Şah İsmayılın Hindistan
padşahının qoşunu ilə vuruşan yeddi qardaşla
əlaqəlidir. Şah İsmayıl 7
qardaşa kömək edib Rəmdar Pəriyə sahib olur.
İkinci qarşılaşma Ərəb Zəngi
ilə olan qarşılaşmadır. Bu
qarşılaşmanı maneə kimi də qəbul etmək
olar. Dastanda göstərilir ki, Ərəb
Zəngi Şah İsmayılın yolunu kəsir. Şah İsmayıl ya ona qalib gəlib yoluna davam etməlidir,
ya da başı kəsilib hasara qoyulmalıdır. Həriki qarşılaşmada problem Şah
İsmayılın xeyrinə həll olunur. Xüsusilə ikinci qarşılaşmada Şah
İsmayılın vəziyyətdən çıxış
yolu tapması igidlikdə düzgün yol olmasa da, onun
başqa əlacı qalmır. Çünki
Ərəb Zəngi Şah İsmayıldan güclü idi.
Buna görə də Ərəb Zənginin
gücündən istifadə edilməsini dastanın sonunda da
görürük. Bütün bu
qarşılaşmalar yol motivinin strukturuna daxildir. Şah İsmayılla Ərəb Zənginin
qarşılaşmasında aşığın oxuduğu
qoşmalar dastanın bu hissəsinin məzmununu tamamlayır.
Şah İsmayılla Ərəb Zənginin
vuruşma səhnəsi onların deyişməsindən sonra
gəlir.
Dastanda yol motivinin davamını Şah İsmayılla
Ərəb Zənginin birlikdə Türkmənə getməsində
də görürük. Mətndə hər motivin sərhədləri
açıq-aydın görünür. Şah
İsmayılgilin Türkmənə gəlib çatması
ilə yol motivinin funksiyası başa çatır. Bundan sonrakı hissə Şah İsmayılın
Gülzarla görüşməsi səhnəsidir. Bu
hissəni səciyyələndirən motiv qarının
Şah İsmayıla dediyi sözlərlə ifadə olunur:
“Bala, Gülzarı yaxşı tanıyıram. Özü də əmisi oğluna
nişanlıdı. Otuz doqquz gündü
toyudu, sabah köçürəcəklər”. Bu motiv dünya dastan ənənəsində bir-birinə
yaxın və uzaq formalarda özünü göstərir.
“Ər nişanlısının toyunda” adı
ilə səciyyələnir. “Şah
İsmayıl” dastanında da bu özünə yer alır.
Dastanın bu yerinin məzmununa uyğun olaraq bu
epizodu “Şah İsmayıl sevgilisinin toyunda” adlandırmaq
olar. Şah İsmayılın Gülzarı
qaçırması da onun toyunun otuz doqquzuncu günündə
baş verir.
Bütün dastanlarda qaçırılma səhnəsindən
sonra sevgililər təqib olunur. Bu hal qəhrəmanlıq
dastanlarında və məhəbbət dastanlarında
çox tez-tez müşahidə olunur. Koroğlu
Nigarı qaçırandan sonra onları Nigarın
qardaşı təqib edir. “Şah
İsmayıl” dastanında da İsmayılla Gülzarı
Mahmud paşanın qoşunu izləyir.
“Şah İsmayıl” dastanının əsas hissəsini
qəhrəmanın qızları Qəndəhara gətirəndən
sonra başına gələn hadisələr təşkil
edir. Dastançı Şah İsmayıl gedəndən
sonra anasının naxoşlayıb ölməsini
xatırlayır. Bu cümlə Ədil
şahın Gülzara gözü düşməsinin bir
növ səbəbi kimi çıxış edir. Burada ata-oğul arasında ziddiyyətlər
özünü göstərir. Bu hadisə
ilə bağlı bütün motivlərdə ata mənfi
xarakterə malik olur, oğullar isə şər üzərində
qələbə çalan qəhrəman rolunda
çıxış edir. Şah
İsmayıl yurduna gəlib çıxandan sonra
atasının onun görüşünə gəlməsi təsvir
olunur. Ədil şah onun üç
gözəl qız gətirdiyini görür, Gülzara
gözü düşür. Bütün
belə dastanlarda olduğu kimi, “Şah İsmayıl”
dastanında da ata oğlu ilə üzbəüz mübarizə
aparmaqda acizdir. Ona görə də
Ədil şah Şah İsmayılı aradan götürmək
üçün onu qonaq çağırır. O gələn
yolda quyu qazdırıb içinə nizə, ox doldurtdurur. Şah İsmayıl qonaq getməyə
hazırlaşanda Rəmmallar Pəri bu səfərin pis
qurtaracağını söyləyir. Qonaqlıqda
atasının təklifi ilə Şah İsmayılın
qollarını yeddi qulac sicimlə bağlayırlar. Şah İsmayıl sicimi qırır. Bu dəfə onun qollarını yay-ox kirişi ilə
bağlayırlar. İsmayılın
kirişi qırmağa gücü çatmır. Bunu belə görən Ədil şah oğlunun
boynunu vurdurmaq istəyir. Vəzirin təklifi
ilə onu bu cəzadan azad edir və gözlərini
çıxartdırır, zülmət quyusuna atdırır.
Əlbəttə, burada mahiyyət etibarı ilə
hökmdarların özbaşınalığı, xalqa
münasibətdə tutduğu mövqeyin yanlışlığı,
amansızlığı və s. kimi məsələlər
özünün ifadəsini tapır. Ədil
şahın oğlu Şah İsmayıla münasibəti
bunun tipik faktıdır.
Zəngin nağıl fakturasında belə epizodlar bir
çoxluqla görünür. Hamısı da
özlüyündə bir-birinə yaxın olan məzmunu
işarələyir. Qəhrəmanlar
qonaqlığa çağırılırlar.
Onların yanında tula da gedir. Göründüyü kimi, “Şah İsmayıl”
dastanında da belə nağıl motivindən istifadə
olunub. Dastanda nağıllarda olduğu
kimi, üzükdən də istifadə olunur. Şah İsmayılın gözləri
çıxarılıb quyuya salınandan sonrakı hadisələr
də nağılvari təsvir olunur. Onun
quyudan çıxarılması, göyərçinlərin
Şah İsmayılı tanıması, lələklərini
üzərinə atması kimi təsvirlər
nağıllarda olduğu kimidir. Bu təsvirlərdən
sonra baş verən əhvalat belə göstərilir:
“Göyərçinlər bir lələk atıb, uçub
getdilər. Şah İsmayıl gözlərini
yerinə qoydu. Ayağa durub Qəndəhara
tərəf getməyin binasını qoydu. Bir az getmişdi ki, bir qocaya rast gəldi”. Bu təsvirdən sonrakı informasiyalar Şah
İsmayıl quyuya salınandan sonrakı hadisələri əks
etdirir. Qoca surətinin dastana daxil edilməsi
və onun verdiyi xəbər Şah İsmayılın bundan
sonra nə etməli olacağına işarədir. Qocanı məyus edən oğlunun Ərəb Zənginin
meydanına göndərilməsidir. Bu hissə
qisas motivinin bədii surətdə dastanda əks
olunmasını göstərir. Təsadüfi
deyil ki, biz dastanın bu yerində Şah İsmayılın
qocanın oğlu əvəzinə Ərəb Zənginin
meydanına çıxdığını
görürük. Ədil şahın
öz oğlu Şah İsmayılı tanımaması
dastanda ayrıca bir motivdir və dastançılıqda da
kifayət qədər xarakterikliyi ilə seçilir. Tanımamazlıq motivinin əsas xüsusiyyəti
xeyirxah qüvvələrin şər üzərində qələbəsinə
əsaslanır. Dastanda da Şah
İsmayıl Ərəb Zəngi ilə bir yerdə Ədil
şaha qalib gəlib taxt-taca yiyələnir.
Janrın bir forma olaraq mükəmməlliyinin təşkilində
bədii komponent kimi şeirlər böyük rol oynayır. Burada nəzm
poetikliyi şərtləndirən, bədii mükəmməlliyi
daha da artıran kateqorial hadisədir. Ona
görə də dastan ənənəsində nəzmlə nəsrin
növbələşməsi tipik xarakterli məsələ
kimi spesifikləşir. Şeirlərin məzmunu
dastanın yurd hissəsində daha təfərrüatlı
şəkildə aydınlaşır. Poetik
mətn əsasən dastanın yurd hissəsi ilə
uyuşur. Məlum olduğu kimi, yurd hissə
qəhrəmanın lirik-psixoloji duyğularının
açımında müstəsna funksiya daşıyır.
Lirik nümunələr bütünlükdə
obrazın ruhi aləminin ifadəsinə köklənir. Göründüyü kimi, “məzmun bədii əsərin
mahiyyəti, poetik mündəricəsidir. Bu
mahiyyət təsvir olunan hadisə və əhvalatlardan,
obrazların hiss, duyğu, fikir, münasibət, əlaqə və
mübarizələrindən yaranır.
Varlığın müxtəlifliyi, insanın ümumi və
fərdi xüsusiyyətləri, onun portretinin və daxili aləminin
özünəməxsusluğu müşahidə ilə
seçilir, dünyagörüşlə qiymətləndirilir,
obrazlarda konkret, hissi-emosional ifadə olunur: belə məzmun
daxili birliyə, daxili harmonikliyə tabe olur”.
“Şah
İsmayıl” dastanı zəngin məzmun fakturası ilə
poetik bir sistemlə, hadisə və əhvalatların
fundamental təqdim mexanizmi, obrazların daxili aləminin, hiss və
düşüncələrinin ifadə texnologiyalarının
bütövlüyü ilə səciyyələnir. Ustadnamədən duvaqqapmaya qədər (duvaqqapma da
daxil olmaqla) dastan bir mükəmməl janr hadisəsi olaraq
etnosu, onun etnik-mədəni məzmununu ifadə etmək məqsədi
daşıyır. “Duvaqqapma dastanda sonluq
formuludur. Mahiyyətində təqdim olunan
məzmun artıq poetik bir hadisə kimi qəlibləşib.
“Şah İsmayıl” dastanı üzərində
aparılan təhlillər onu da deməyə əsas verir ki,
“məzmun faktların, əhvalatların, fikir və mülahizələrin
sadalanması və şərh olunması deyil. Yaradıcılığın predmeti
varlıqdır, xalqın həyatı, yaşayışı
və məişətidir, onun məzmunu isə bunların
ifadəli təhlilindən, ümumiləşməsindən
doğan, insanı təsirləndirən amal, fikir və
düşüncə sistemidir”. Məhz bu
mənada duvaqqapma bir komponent olaraq dastanda bəlli, müəyyənləşmiş
informasiya, bədii məzmunla səciyyələnir. Duvaqqapma dastanın sonluq formuludur və onun bitdiyini
göstərir. Aşığın,
ifaçının mövcud hadisə, əhvalat və s.
haqqında təsəvvürünü, hiss və
duyğularını, bütünlükdə münasibətini
şərtləndirir. “Şah İsmayıl”
bütünlükdə ortaya qoyduğu məzmunla mükəmməl
bir sistemi, onun janr mexanizmlərini, poetik mündəricənin
dinamikliyini daha geniş müstəvidə təhlilləri zəruri
edir.
Kəmalə
İsmayılova
Araşdırmaçı
Xalq cəbhəsi 2018.- 16 avqust .- S.14.