XVIII yüzilliyin
50-80-ci illərində İrəvan xanlığının siyasi vəziyyəti
6-cı yazı
Tarix üzrə
fəlsəfə doktoru
Elçin Qarayevin İrəvan xanlığı
(1747-1828) ilə bağlı
araşdırmasında bildirilir
ki, XVIII əsrin 80-ci illərinin əvvəllərində
Cənubi Qafqazda vəziyyət daha da mürəkkəbləşdi. Bunun səbəbi
rus-gürcü ittifaqının
bölgə üçün
təhlükəli olan
siyasəti idi. II İrakli güclü
müttəfiq olmadan Azərbaycanın bir sıra torpaqlarını,
xüsusilə İrəvan
xanlığı ərazisini
öz dövlətinə
birləşdirilməsinin qeyri-mümkün
olduğunu başa düşürdü. Apardığı siyasətlə bölgə
dövlətlərinin - Osmanlı
imperiyasının, Azərbaycan
xanlıqlarının, Dağıstan
siyasi qurumlarının
nifrətini qazanmış
Kartli-Kaxetiya çarı
bu birlikdən qorxaraq Rusiyanın himayəsinə keçməyə
çalışırdı. Belə plan hələ
XVIII əsrin 50-ci illərin
sonları - 60-cı illərin
əvvəllərində II İraklinin atası çar Teymurazın hakimiyyəti illərində
mövcud olmuşdu. Lakin onun qəfl ölümü bu işi yarımçıq
qoymuşdu. Gürcü çarı
məqsədini həyata
keçirmək üçün
Rusiya hökmdarı
II Yekaterinaya xüsusi
layihə ilə müraciət etmişdi.
Cənubi Qafqazda öz
mövqeyini möhkəmləndirməyə
cəhd edən Rusiya Kartli-Kaxetiya çarlığının müraciətini
məmnuniyyətlə qəbul
etdi. Nəticədə
1783-cü il iyulun 24-də Georgievskdə
bağlanmış müqaviləyə
görə, Kartli-Kaxetiya
çarlığı Rusiya
dövlətinin təbəəliyinə
keçdi. Bunun ardınca S.D.Burnaşovun başçılığı ilə iki rus
batalyonu Tiflisə daxil oldu: "Georgievski müqaviləsi bölgədə böyük
səs-küyə səbəb
oldu və qonşu dövlətləri
bərk təşvişə
saldı. Bu hadisə
Kartli-Kaxetiya çarlığının
həmin dövlətlərlə
yaxşı olmayan münasibətlərini daha
da kəskinləşdirdi.
Müqavilədə Azərbaycan xanlarını
təşvişə salan
müddialardan biri isə II İraklinin adının təmtəraqlı
və şişirdilmiş
formada göstərilməsi
idi. Burada Kartli-Kaxetiya çarının
adı belə qeyd olunur: «..., Qazaxın mtavarı (hakim knyazı-E.Q.), Borçalının
mtavarı, Şəmşəddilin
mtavarı, Qaxın mtavarı, Şamaxının
mtavarı, Şirvanın
mtavarı, Gəncə
və İrəvanın
padşahı». (Bildiyimiz kimi, Kartli-Kaxetiya çarı Şirvanda və onun mərkəzi Şamaxıda heç bir zaman nüfuz
sahibi olmamışdı.
Digər tərəfdən,
beynəlxalq vəziyyətlə
və ara
müharibələri ilə
əlaqədar olaraq Gəncə və İrəvan xanlıqları
müxtəlif dövrlərdə
Kartli-Kaxetiya çarlığından
nominal asılı olmuşdu.
Lakin bu asıllıq yalnız vergi verməklə məhdudlaşırdı
- E.Q.).
P.Butkov yazır
ki, «Rus qoşunları Gürcüstana
(Kartli-Kaxetiyaya-E.Q.) daxil olduqdan sonra onun (II İrakli-E.Q.) vəziyyəti
pisləşdi; onun təbəəliyində olan
elat və ya köçəri tatarlar (Azərbaycan türkləri - E.Q.) və
başqa müsəlman
əhalisi ona itaət etməkdən imtina etdi. O, Azərbaycanda
əvvəlki nüfuzunu
itirdi və oradan alınan hədiyyələrdən məhrum
oldu. Gəncə tamamilə ondan uzaqlaşdı, Xoylu Əhməd xanla qohum olan İrəvan
xanı bac verməkdən imtina etdi...».
Rusiya dövləti
bu müqavilə ilə Azərbaycan xanlarına və Dağıstan hakimlərinə
təsir göstərmək
üçün Kartli-Kaxetiya
kimi əlverişli strateji meydan əldə etdi. Georgievsk müqaviləsi
bölgə uğrunda
yeni rus-osmanlı rəqabətinin gərginləşməsinə
səbəb oldu.
N.Dubrovin əsərində
Osmanlı dövlətinin
Cənubi Qafqazdakı
siyasətini belə təsvir edirdi: «Osmanlı hakim dairələri
bizim qoşunların Gürcüstana gəlməsini
nəinki bəyənmədilər., hətta nə
pul, nə də hədiyyə əsirgəməyərək qonşu
hakimləri Gürcüstana
qarşı qaldırmağa
cəhd etdilər. Osmanlı dövləti Gürcüstanı
o dərəcəyə qədər
dağıtmaq istəyirdi
ki, rus qoşununu
ərzaqla təmin edə bilməsin və qonşu hakimləri oraya daimi yürüşlə
qorxutmaqla onu (II İraklini-E.Q.) Rusiya dövlətindən
himayədarlıq axtarışından
çəkindirsin. Osmanlı dövlətinin
səyyah və tacir adı altında olan nümayəndələri bütün
Cənubi Qafqaza yayılaraq müsəlman
əhalisini inandırmağa
çalışırdılar ki, Rusiya İrakliyə
bütün İranı
işğal etmək sözü vermişdi».
Müqavilədən dərhal sonra Rusiya öz planlarını həyata keçirmək üçün
gerçək addımlar
atmağa başladı. II Yekaterina hökumətini qəti addımlar atmağa məcbur edən əsas səbəblərdən biri
də Kərim xan Zənd öldükdən
sonra Mərkəzi İranda Əlimurad xanın hakimiyyəti ələ keçirməsi
idi. Müxalif qüvvələrin müqaviməti ilə üzləşən Əlimurad
xan hakimiyyətini möhkəmləndirmək üçün
güclü müttəfiqə
ehtiyac olduğunu başa düşərək,
kömək üçün
Rusiya hökumətinə
müraciət edərək
İranın şahı
kimi tanınmısını
xahiş etdi. Bunun müqabilində Qaradağ,
Qarabağ, Naxçıvan
və İrəvan xanlıqlarını Rusiyaya
güzəştə getməyə
söz verirdi. Əlimurad xan eyni zamanda
Osmanlı sultanının
Azərbaycan xanlıqlarının
daxili işlərinə
qarışmasının qarşısını
almağa çalışırdı.
O, sultana yazdığı məktubunda
II İraklini və Rusiyanı dəstəklədiyini
bildirmişdi. Bölgədə öz siyasəti üçün əlverişli
vəziyyətin yarandığını
görən II Yekaterina
qəti addımlar atmağa başladı.
1783-cü il iyulun 30-da rus komandanlığı sayı
17-ə çatan Azərbaycan
xanlarına və Dağıstan hakimlərinə
Kartli-Kaxetiya çarlığının
Rusiyanın himayəsinə
keçdiyini bildirən
fərmanlar göndərərək,
onlardan da belə hərəkət etmələri təklif olunurdu. Fərmanları yerlərə çatdırmaq
üçün sekund-mayor
(XVIII əsrdə rus ordusunda kapitan rütbəsinə bərabər
zabit rütbəsi-E.Q.),
qraf Apraksin və poruçik (çar ordusunda zabit rütbəsi-E.Q.), knyaz Çelokayev Tiflisə göndərildi.
E.Qarayevin araşdırmasında daha
sonra bildirilir ki, Georgievsk müqaviləsindən sonra
İrəvan xanlığı
uğrunda hər iki birlik arasında
mübarizə gücləndi. Lakin Kartli-Kaxetiya
çarlığı ilə
baş verən müharibədən sonra ölkəsinin dağılmış
təsərrüfatını bərpa etməklə və hakimiyyətinə qarşı qiyamları, narazılıqları yatırmaqla
məşğul olan Hüseynəli xan bu ziddiyyətlərdən
yararlanmağa çalışırdı.
O, bitərəf mövqe
tutaraq, hər iki tərəflə məktublaşır və
dostluq münasibətləri
saxlamağa çalışırdı.
Hüseynəli xan İrəvanda
hər iki tərəfin nümayəndələrini
eyni səviyyədə
qəbul edirdi. Bunu türk tədqiqatçıları
da etiraf edirlər. Digər tərəfdən, Hüseynəli xanın II
İrakliyə yazdığı
məktublardan bunu görmək mümkündür.
Onun məktublarından
aydın olur ki, Hüseynəli xan bayramlarda və yaxud adi
günlərdə II İrakliyə
hərbi geyimlər, müxtəlif növlü
parçalar, cins atlar, dəvələr və s. kimi hədiyyələr göndərməkdə
davam edirdi. Məktublarda
dostluq və sədaqətdən danışılırdı.
1783-cü ilin oktyabrın
sonları- noyabrın
əvvəllərində qraf
Apraksin İrəvana gəldi. Qeyd etmək lazımdır ki, hələ 1782-ci il dekabrın sonlarında rus komandanlığının tapşırığı
ilə doktor Y.Reyneks İrəvana gəlmişdi. O, 1782-1784-cü illərdə knyaz Q.A.Potyomkinin Tiflis sarayında
agenti olmuşdu. Zahirdə bu missiyanın fəaliyyətinə ticarət
donu geydirilsə də, Y.Reyneksin missiyasının əsl məqsədi sırf kəşfiyyat işi idi. O, siyasi məsələlərlə bağlı
xanla danışıqlar
aparmalı və İrəvanla bağlı
müdafiə xətlərini
müzakirə etməli
idi. Hüseynəli xan bunu bilsə də, doktor Y.Reyneks İrəvanda atəşfəşanlıqla,
təntənəli surətdə
qarşılanmış və
dörd gün xanın qonağı olmuşdu. İrəvan qalasında olan
Reyneks onun planını çəkmiş,
ticarət anbarlarına
baxmış və lazım olan qeydlər aparmışdı.
O, hətta Rusiyanın
himayəsinə keçməyə
hazır olması barədə xandan vədlər almışdı.
Qraf Apraksin İrəvana gələndə Hüseynəli xan tərəfindən eyni təntənə ilə qarşılandı. O, baş komandan Q.A.Potyomkinin fərmanını, onun qohumu və köməkçisi P.S.Potyomkinin məktubunu qiymətli hədiyyələrlə birlikdə xana təqdim etdi. Məktubda Kartli-Kaxetiya çarlığının Rusiya himayəsinə keçdiyi bildirilir və Hüseynəli xandan İrakliyə tabe olmağı, ona itaət etmək təklif edilirdi. Rusiya ilə münasibətləri gərginləşdirmək istəməyən Hüseynəli xan 1783-cü il oktyabrın axırlarında Q.A.Potyomkinə ağıllı və hiyləgər bir məktub göndərmişdi. O, yazırdı: «...səmimilik, kiçik pərvərlik ruhunda yazılmış mehriban mübarək əmriniz, mayor qraf Apraksin vasitəsilə bizə çatdı... Fərmanda əzəmətli, cəlallı hökmdarımız İrakli xanla birləşmək, ona nökərçilik etmək, itaətkar olmaq və sair tələb olunur. ..Azərbaycan xanlarından fərqli olaraq bizim ölkəmizin Gürcüstan ölkəsi ilə həmsərhəd olması bütün işlərdə həmin dövlətlə həmrəng olmağa, onun qüdrətli, səmimi badəsindən sərməst olmağa səbəb olmuşdu». Onun II İrakliyə göndərdiyi digər məktubda gileylənərək ona tabe olduğunu bildirmiş, başqalarının (rus komandanlığının - E.Q.) bu işə qarışmasına etiraz etmişdi.
Hüseynəli xan eyni zamanda sultan fərmanlarını da qəbul edirdi. Rusiyanın fəallaşmasından narahat olan Osmanlı sultanı öz nümayəndələrini Azərbaycana göndərərək xanları Rusiya hökumətinə qarşı birgə mübarizə aparmağa çağırırdı. Kartli-Kaxetiyanın Rusiyanın himayəsinə keçməsi nəinki Osmanlı dövlətini, həm də güclü Azərbaycan xanlarını - Qubalı Fətəli xanı, Qarabağlı İbrahimxəlil xanı, Xoy xanı Əhməd xan Dünbülünü ciddi narahat edirdi. Qubalı Fətəli xan II İraklinin İrəvan xanlığının daxili işlərinə qarışmasına etiraz edərək, II Yekaterina hökumətinə bu haqda şikayət etmişdi. O, 1782-ci ildə II İraklinin Azərbaycan xanlıqlarının və xüsusilə, İrəvan xanlığının daxili işlərinə qarışmasından və vergi almasından bəhs edən məktub yazmaqla öz narazılığını bildirmişdi.
Rus-gürcü qoşunlarının İrəvan xanlığını işğal edəcəyindən qorxan bu xanlar Osmanlı sarayı ilə sıx əlaqə saxlayırdılar. Kartli-Kaxetiya çarlığının əsas rəqibi olan xoylu Əhməd xan II İraklinin güclənməsinin qarşısını almaq üçün daha da fəallaşdı. Onun siyasətini sultan da dəstəkləyirdi. Osmanlı sultanı fərmanların birində İrəvana qarşı Azərbaycan xanlarını xoylu Əhməd xan Dünbülünün ətrafında sıx birləşməyə çağırırdı. Fərmanda deyilirdi: «Urus və Gürcüstan əsgərləri İran, Osmanlı vilayətlərinin, xüsusilə Azərbaycan şəhər və kəndlərinin, bəlkə də Osmanlı və İranın əldə edilməsi üçün qapı yol olan mübarək İrəvan qalasını tutmaq, istila etmək məqsədilə hərəkət etsələr Azərbaycan xanları yüksək mərtəbəli, ali məqamlı Əhməd xan Dünbülünün başçılığı ilə birgə müqavimət və mübarizəyə girişsinlər». Sultan eyni zamanda Anadolu hakimlərinə - Ərzrum, Qars, Çıldır, Bəyazid və Axalsıq paşalarına fərmanlar göndərərək rus-cürcü qoşunlarının İrəvan xanlığına hücum edəcəyi təqdirdə Hüseynəli xana kömək göstərmələrini tapşırmışdı.
Elçin Qaliboğlu
Xalq cəbhəsi 2018.- 16 avqust .- S. 13.