“Şah İsmayıl” dastanının bədii-poetik xüsusiyyətləri

 

3-cü yazı

 

“Şah İsmayıl” mükəmməl dastan hadisəsi olaraq geniş müstəvidə bədii-poetik sistemin rəngarəng fakturası ilə səciyyələnir. Dastan strukturunda özünü göstərən fonopoetik, morfopoetik system, semantik modelləşmə, sintaktik füqurların rəngarəngliyi və mətndə hərəkəti bütünlükdə vahid bir sistemi müəyyənləşdirir. Sözlü gerçəklik, onun ortaya qoyduğu məzmun janrın özünün arxetektonik sxemləri ilə reallaşır. “Şah İsmayıl” dastanında mətnin fenomenliyi, sözün məna yaddaşı, nəzərə çarpan və bütün dastan boyu boy göstərən nitq aktları bütünlükdə janrın özünün ortaya qoyduğu məzmunda reallaşır. “Gerçəkliyə münasibətin folklor kodu yaddaş informasiyası ilə bağlıdır. Ümumiyyətlə, folkloru informasiya hadisəsi kimi götürmədən onun mahiyyətinə enmək, onunla bağlı doğru-düzgün nəticəyə gəlmək mümkün deyil. Folklor informasiyası kateqorial hadisə olaraq nəhəng anlayışdır: ilk folklor dünya modelini bir bütöv olaraq “proyeksiyalandıran” sistemi nəzərdə tutur”.

Dastan bütünlükdə məzmunu, ifadə etdiyi məna qatı ilə yanaşı, informasiya hadisəsi olaraq müxtəlif klişelərlə, poetik sistemin rəngarəng kodları ilə səciyyələnir. Ona görə də oradakı daxili məzmunu, mahiyyəti aydınlaşdırmaq üçün poetik sistemin mündəricəsini aydınlaşdırmaq başlıca məsələ kimi aktual görünür. Məlum olduğu kimi, dastanının ümumi məzmunu, şeir dili qəhrəmanların hiss, həyəcan və daxili aləmlərini açmağa xidmət edir. Hər bir dastanda nəsr və nəzm fonosemantizmi, arxitektonikası janrın məzmununu reallaşdırır. Bütünlükdə mahiyyət bu iki xəttin, nəzmlə nəsrin növbələşməsinin sayəsində reallaşır. Mətnin ehtiva etdiyi şəraitdən asılı olaraq şeirin forması seçilir. Dastanlarda ən çox istifadə olunan qoşma şəklidir. Sonda isə dastan müxəmməslə yekunlaşır ki, dastan terminalogiyasında duvaqqapma adı ilə xarakterizə olunur.

Dastanların ilk bədii detalı ustadnamələrdə ifadə olunur. Ustadnamə ustad nəsihəti, ustad öyüdüdür. Adətən ustadnamələrin dastanın məzmununa birbaşa aidliyi olmur. Ancaq onun bədii-poetik xüsusiyyətləri mətndəki qoşmaların ideya-bədii məzmununun açılmasında xüsusi rola malikdir. “Şah İsmayıl”ın müxtəlif nəşrlərində çoxlu ustadnamələrdən istifadə olunub. Onların məzmunundakı bədii detallar, aforizmlər, səs təqlidi, səs simvolizmi, assosiasiyalar dastanın ümumi məzmunundakı mənanı əks etdirə bilir. Mətndəki məna ya dolayısı ilə, ya da birbaşa dastan məzmununa dəlalət edir. Bu mənada ustadnaməni forma adlandıra bilərik. Məlumdur ki, forma dəyişən xüsusiyyətə malikdir. Məzmun isə spesifiklik təşkil edir. Buna görə də tədqiqatçılar məzmun kateqoriyasının forma kateqoriyasından ayrılmadığını söyləyirlər. Ustadnamənin bədii-poetik xüsusiyyətləri onun bədii dil faktlarından nə dərəcədə istifadə etməsindən asılıdır. Oradakı bədii məcazlar sistemi, bədii ifadə vasitələri, heca sisteminin qafiyə strukturu, rədif və cinaslardan istifadə edilməsi, misraların poetik yükü, bədii pafosu – bütün bunlar şeirin poetik xüsusiyyətlərinin üzə çıxmasında əsas vasitələrdəndir. Ustadnamələrdə aforizmlərdən çox istifadə olunması bu şeirin poetik təsirinin qüvvətlənməsinə səbəb olur.

“Şah İsmayıl” dastanındakı ustadnamələr bütün parametrlərdə ənənəyə bağlanır. Buradakı bədii dil, üslub, xalq dilindən gələn obrazlı ifadə, qafiyə sistemi yüksək sənətkarlığı ortaya qoyur və onun mahiyyətinin açılmasını zəruri edir.

Dastanda yurd və yuva hissələri növbələşir. Yurd dastan mətnində nəsrlə ifadə olunan süjet xəttidir, yuva isə hadisələrin gedişinə uyğunlaşdırılan şeirlərdir. Onların növbələşməsi ciddi qanunauyğunluğa əsaslanır və biri digərini məzmun müstəvisində şərtləndirir. Ona görə də mətndə bunların poetik sistem kimi bir-birindən asılılığı, birinin digərini tamamlaması janr unikallığı təsiri bağışlayır, bir-birindən funksional asılılıqdadır. M.Cəfərli yazır ki, “bu baxımdan dastanın poetik strukturunda nəzmin bir neçə yöndən reallaşan funksional istiqamətləri görünməkdədir. Bunun birincisi dastan şeirinin dastan nəsri ilə birlikdə sistem təşkil etməsi məsələsidir. İkincisi, dastan şeirinin sistem içində “sistem” kimi funksiyalarıdır”. Bu sitatdan da göründüyü kimi, dastanın yuva hissəsi ilə yurd hissəsi sistem içində “sistem” təşkil edir. Dastanların arxaik strukturunda yurd hissəsi də şəkli xüsusiyyətinə görə nəzmlə olub. Ona görə də arxaik eposda onun “yuva”, “yurd” işarələrinə bölünmə məsələsi olmayıb, hər ikisi bir sistem içində paylanıb (sistem daxilində). Bu paylaş¬manı indiki dastan formasında sonuncu ustadnamədən sonra Ədil şahın başını qırxdırması, tük görüb qocaldığını düşünməsini, övladsızlığını özünə dərd etməsini ustad aşıq şeirlə də ifadə edə bilər və bu, dastanın arxitektonikasına uyğunlaşdırılmalıdır. Görünür, dastan təhkiyəsinin nağıl təhkiyəsi əsasında formalaşması sonradan yurd hissəsinin nəzmlə ifadə olunması ehtiyacını doğurub. Yurd hissədə dialoq¬lardan istifadə olunması da onun formalaşmasına təsir edib. Nağıllarda istifadə olunan sehrli motiv, süjetlər və s. dastan dilinə “tərcümə” olunanda qəlibdəki struk¬turun eyni ilə saxlanılması vacib olduğundan onun şeirlə ifadə olunması dastan poetikasından kənarda əhəmiyyətli sayılmayıb. Bu kimi səbəblər ümumi mətndən şeir¬lərin diferensasiyasına səbəb olub, şeirlər fikrin müstəqil ifadə vasitəsi kimi yenidən dastan poetikasına daxil olub. Həm də şeirlər yuva hissədəki məzmunu qabarıqlaşdırmaq məqsədini də güdür. Məsələn, yurd hissədə təsvir olunur ki, İsmayıl elə bilirdi ki, şikarı doğrudan da dağ ceyranıdı. Öz-özünə dedi: Gəl kənizbaşı qarıya qovalaya-qovalaya nə qədər zəhmət çəkdiyini de, bəlkə insafa gəlib davasız-şavasız ceyranı verə. Burada arzunun daha üstün forması isə şeirlə ifadə olunur. Şah İsmayıl deyir:

 

Mən ovçuyam, öz ovumu ovlaram,

Alacağam, nənə, ceyran mənimdi.

Yeddi bələn aşırıban qovladım,

Alacağam, nənə, ceyran mənimdi.

 

Şeirdəki hiss-həyəcanlar obrazın daxili aləminin açılmasında da böyük rol oynayır. Deməli, dastanın bütün şeirləri düzülüş cəhətdən yurd hissəni tamamlamalıdır. Buradan da şeirin yurd hissəyə bağlı olması görünür. Bu deyişmədən sonra Gülzarın bəzənib Şah İsmayılın qarşısına çıxmasına, yəni ceyranın inkarnasiya olunaraq qıza dönməsinə dastanda məhəbbətin həyati məna kəsb etməsi də poetik vüsətlə ifadə olunmasına rast gəlirik. Bu münasibətlə Şah İsmayılın dilindən söylənən qoşma öz bədii xüsusiyyətləri ilə seçilir. O, Gülzarın gözəlliyini şeirdə “gülgəz yanaq”, “sədəf dırnaq” kimi ifadələrlə tərif edir, özünün vəziyyətini isə bülbülün gülün eşqindən cəh-cəh vurmasına bənzədir.

 

Qırxlar məclisində əzildi gilə,

Oxudu lal dilim, döndü bülbülə,

Xuda, sən kömək et Şah İsmayilə,

Bəlkə ala billə bu Gülüzarı.

 

Bu şeir yüksək poetik məna daşıyır. Aşıq öz bədii istedadından istifadə edərək Şah İsmayılın könül duyğularını ifadə edir. Bu deyişmədə Şah İsmayılın dilindən Gülzarın tərifi bədii boyalarla verilir. Məsələn, Gülzar səhərin dan ulduzuna bənzədilir:

 

Səhərin dan ulduzusan,

Aşığın şeirin sözüsən,

Bilmirəm kimin qızısan,

Səndən ayrıla bilmirəm!

 

Aşıq bu şeirləşmədə lirik ricətlər edərək Şah İsmayılın qıza olan məhəbbətini aça bilir. Bu məhəbbətdən Şah İsmayılın bağrının qana döndüyünü görürük. Əlbəttə, bu¬rada məcazi mənada “bağrın qana dönməsi” ifadəsi, “qurban olmaq” mənasının “mən gəldim sənə qurbana” şəklində işlənməsi poetik ifadələr kimi diqqət çəkir.

“Şah İsmayıl” dastanında məcazlar sistemi, bədii ifadə vasitələri şeir dilinin incəliklərini göstərən əsas xüsusiyyətlərdəndir. Aşıq Gülzarın sevgi dolu qəlbini məhəbbət bağçasına bənzədir. Aşiq qəhrəman bağa girərkən bağbandan necə icazə istəyirsə, məhəbbət bağçasına daxil olmaq üçün sevdiyi qızdan icazə almalıdır. Aşiq bülbülün gülşənə girərkən icazə almasını aşiqin məhəbbət bağının sahibindən icazə almaq kimi dəyərləndirir.

 

Oğlan, səndəlisən, yoxsa divana?

Gedib ərz eylərəm ədalət xana.

Bir bülbülki gəlib girsə gülşana,

Almazmı bağbandan ixtiyar yeri?!

 

Dastanda bənzətmələrdə, istiarələrdə çoxluğu və rəngarəngliyi ilə maraq doğurur. “Sərv boylu”, “sona kəklik”, “nazlı ceyran”, “sınıq könül”, “bülbül oldum qondum dağa, budağa”, “Fərhad kimi sığal verdim budağa”, “qana boyayar”, “igidlər əlimdən çəkiblər zarı” kimi ifadə, misra və deyimlər dastanın poetikasına çox ciddi təsir göstərir.

“Şah İsmayıl” dastanının şeir quruluşu da poetik ahəngi ilə seçilir. Dastandakı şeirlərin qafiyə sistemi aşıq şeiri üslubunda olduğu üçün misralararası qafiyələnmə qoşmanın, gəraylının və s. şeir şəklinin şəkli xüsusiyyətləri kimi üslub və forma gözəlliyinə malikdir. M.Cəfərli yazır ki, “Dastanda işlənən qoşma, gəraylı, müxəmməs, divani, təcnis və s. şeir janr və formalar arasında poetik janr fərqi qətiyyən yoxdur”.

Dastanda qafiyəni qüvvətləndirən poetik üslub kimi rədiflərdən çox istifadə olunur. Rədif qoşmanın həm şəkli xüsusiyyətini, həmdə forma gözəlliyini artıran vasitə kimi diqqət çəkir. Məsələn, aşağıdakı şeir parçasında “mən” sözü “olum”, “solum”, “gəlim” rədiflərindən sonra işlənib:

 

Gülüzaram, sənə qurban olum mən,

Heyva kimi saralıban solum mən,

İkram ilə pişivaza gəlim mən,

Nişanəm səndədi, yar, safa gəldin.

 

Burada “mən” sözü “olum”, “solum”, “gəlim” rədiflərinin arxasına artırılaraq poetik mənanın güclənməsinə xidmət edir.

Təcnis aşıq yaradıcılığında ən çətin formalardandır. Ustad sənətkarlar bu şeir şəklinin klassik nümunələrini yaradıblar. Dastan yaradıcılığında da təcnislərdən ustadlar yararlanıb, onun müxtəlif şəkil xüsusiyyətlərindən yüksək ustalıqla istifadə ediblər. “Şah İsmayıl” dastanında da təcnisə bədii mətnin poetik sistemini gücləndirmək üçün müraciət olunub. Qəhrəmanın dilindən söylənən təcnis bədii mətnə bir əlvanlıq qatır, struktur sistemində gücləndirici komponent kimi təmsil olunur. “Buna görə də kanonik janrlar özlüyündə müəyyən daxili məzmuna assosiativ mənaya malikdir. Janr təfəkküründə həyata, mühitə, insana müstəqil münasibət, sözün məna yaddaşı var. Tərənnüm və təsvir obyektindən, müəllif münasibətindən asılı olmayaraq, ənənəvi janrların daxili məzmunu, ümumi məna məhvəri, pafos və ahəngi mövcuddur. Həyatdan gələn yeni motivlər məhz bu arxetip mənalarda çulğaşaraq dəyərləndirilir”.

 

Kəmalə İsmayılova

Araşdırmaçı

 

Xalq cəbhəsi  2018.- 21 avqust .- S.14.