XVIII yüzilliyin 50-80-ci illərində
İrəvan xanlığının siyasi vəziyyəti
7-ci yazı
Tarix üzrə fəlsəfə doktoru Elçin
Qarayevin İrəvan xanlığı (1747-1828) ilə
bağlı araşdırmasında bildirilir ki, bölgədə
Rusiya-Osmanlı rəqabətinin
qızışdığı bir zamanda Hüseynəli xan vəfat
etdi. «İrəvan xanlığı» əsərinin
müəllifləri Hüseynəli xanın üsyan nəticəsində
öldürüldüyünü iddia edirlər. Əsərdə göstərilir ki, Hüseynəli
xanın ona tabe olmaqdan boyun qaçırdığını
görən II İrakli İrəvanda hakimiyyət dəyişikliyi
etməklə özünə sadiq şəxsi hakimiyyətə
gətirməyi qərara almışdı. Bu məqsədlə, çar xanın qardaşı
Məhəmmədhəsən xanla gizli danışıq
aparmışdı. Lakin bu plan baş
tutmamışdı. Çünki 1783-cü
ilin noyabrın əvvəllərində İrəvanda baş
vermiş üsyan nəticəsində Hüseynəli xan və
qardaşı Məhəmmədhəsən xan
öldürüldü. Lakin heç bir mənbəyə
əsaslanmayan müəlliflərin əksinə olaraq istər
yerli, istərsə də rus və osmanlı
sənədlərində Hüseynəli xanın öz əcəli
ilə öldüyü bildirilir. Mənbədə göstərilir
ki, 1783-cü il noyabrın 9-da Hüseynəli
xan qəflətən xəstələnərək vəfat
edib. Onun cənazəsi Bağdada aparılaraq
orada dəfn edilib (Ola bilsin ki, xanın öz vəsiyyətinə
görə - E.Q.).
Xanın qəflətən ölümü İrəvanda
böyük çaxnaşma yaratmışdı. Hüseynəli
xanın dəfnindən istifadə edən bir dəstə
şəxs hakimiyyəti ələ keçirməyə cəhd
etdi. Qeyd etmək lazımdır ki,
Hüseynəli xanın vəfatından sonra onun iki kiçik
oğlu qalmışdı. Osmanlı sənədində
göstərilir ki, Hüseynəli xanın 15 yaşlı
oğlu Qulaməli atasının dəfni ilə məşğul
olarkən yerli əyanlardan Usmi bəy tərəfdarları ilə
üsyan qaldıraraq İrəvan qalasını ələ
keçirmişdi. Lakin mərhum Hüseynəli
xana sadiq olan qüvvələrin təzyiqi nəticəsində
hakimiyyəti qeyri-qanuni zəbt etmək istəyən qüvvələr
geri çəkilməyə məcbur olmuşdu. Həmin qüvvələrin II İrakliyə
ayrı-ayrı vaxtlarda göndərdiyi iki məktubu bunu bir
daha sübut edir. Birinci məktubun məzmunu belə idi:
«Bu səmimilər cənnət məkan xanın vəfatından
sonra birlikdə möhkəm imanla, səmimi niyyətlə,
riyasız olaraq həmin xanın övladlarından birinin
dünyada yaşadığı təqdirdə ətəyindən
əl götürməklə, qəddarlıq, vəfasızlıq
etməməyə, onun yerində başqasına itaət etməməyə
and içib əhd-peyman etdik. O əlahəzrət də həmin
məsələdə, mərhum, cənnətməkan
xanın övladları məsələsi barəsində bizlərin
sədaqətli olmasına, birləşib ittifaq yaratmasına
inanması lazımdır. İnşallah bu acizlər
heç vaxt hörmətli, mərhum xanın böyük
haqlarını unutmayıb, ona olan əhd- peymana, fədakarlıq,
itaətkarlıq yolundan kənara çıxmayıb və bu
dəfə olan andımıza axıradək sədaqətli
qalacağıq».
İkinci məktub isə 158 nəfərin imzası ilə
yazılmışdı. Bu məktubda İrəvan
ağsaqqalları Qulaməli xanın namizədliyini dəstədiklərini
göstərmişdi. Məktubda Hüseynəli
xanın xəstəlikdən ölməsindən, İrəvanda
baş verən qarışıqlıqdan bəhs edilir və
II İrakliyə Qulaməlinin xan seçilməsinə dəstək
verməsi xahiş olunurdu.
Əslində II İrakliyə göndərilən bu məktublar
formal xarakter daşıyırdı. Çünki hər
iki məktubun məzmunundan görünür ki, xan ailəsinə
sadiq olan qüvvələr yalnız onun varislərinə itaət
edəcəyini qəti bildirmiş və Tiflis sarayına
nümayəndə heyəti göndərməmişdən
qabaq Qulaməlinin namizədliyini dəstəkləyərək
hakimiyyətə gətirmişdilər. Yuxarıda
göstərilən müqaviləyə əsasən
Hüseynəli xandan sonra onun hakimiyyətə gələn hər
hansı varisi II İrakli tərəfindən təsdiq edilməli
idi. Lakin xana sadiq olan qüvvələrin
II İrakliyə bu məqsədlə müraciət etməsi
çox güman ki, Hüseynəli xanın vəfatından
sonra İrəvanda qarışıqlıq düşməsindən
və bundan istifadə edərək Kartli-Kaxetiya
çarının müdaxiləsindən ehtiyat etmələri
idi. İrəvan əhalisinin mərhum
xanın böyük oğlu Qulaməlini dəstəklədiklərini
görən II İrakli onların iradəsi ilə
razılaşmağa məcbur olmuşdu. Məhz
bu səbəbədən o, kürəkəni Baqrationu fərmanla,
qiymətli hədiyyələrlə İrəvana göndərərək
Qulaməlini xan kimi tanıdığını bildirmişdi.
Qulaməli xanın (1783-1784) səkkiz aylıq
hakimiyyəti İrəvan xanlığının ən
ziddiyyətli dövrlərindəndir. Onun
hakimiyyəti dövründə xanlıqda öz mövqeyini
möhkəmləndirmək üçün Osmanlı
dövləti ilə Rusiya qüvvələri arasında gizli
mübarizə gedirdi. Qulaməli xanın
çox gənc və təcrübəsiz olmasından istifadə
edən bu iki dövlət İrəvan
xanlığını öz tərəfinə çəkməyə
çalışırdı. Əgər
Hüseynəli xan hər iki tərəf arasında bitərəf
mövqe tuturdusa, Qulaməli xanın dövründə İrəvan
xanlığı Osmanlı dövlətilə daha da
yaxınlaşdı. Bu dövrdə Cənubi
Qafqazda Osmanlı təbliğatı daha da güclənmişdi.
Xanın cavan və təcrübəsiz olmasını nəzərə
alan bəzi Osmanlı paşaları II
İraklinin İrəvanı ələ keçirəcəyindən
narahat olaraq onunla sıx əlaqə saxlayırdılar. Atasının ölümü ilə əlaqədar
olaraq başsalığına gəlmiş Axalsıq,
Ərzurum, Qars və Bəyazid paşalıqlarının
nümayəndələri fürsətdən istifadə edərək
Qulaməli xanla danışıqlar aparır və İrəvan
qalasını sultana verməsi üçün onu dilə
tuturdular. Digər tərəfdən
Osmanlı emissarları müxtəlif hədiyyə və məktublarla
sultan tərəfindən Azərbaycana və Dağıstana
göndərilirdi.
1783-cü ilin sonlannda-1784-cü ilin əvvəllərində
Xəlil Əfəndinin başçılığı ilə
bir Osmanlı nümayəndəliyi gizli olaraq Cənubi Qafqaza
gəlmişdi. Sultan bu nümayəndə heyəti ilə
göndərdiyi məktubda bütün Azərbaycan
xanlarını Rusiyaya qarşı birləşməyi məsləhət
görərək rus qoşunlarını Azərbaycan və
Osmanlı ərazisinə buraxmamağı tövsiyə edir və
rusların Qafqaza çəkdiyi yolları dağıtmağa
çağırırdı. Bunun
üçün o, dövlət xəzinəsindən 57 kisə
pul mükafatı verəcəyini vəd etmişdi. Xəlil Əfəndi İrəvanda da olmuşdu.
Onun Qulaməli xanla danışıqları
müsbət nəticə vermişdi. Qulaməli
xan Çıldır valisi Salman paşaya yazdığı məktubda,
osmanlılarla həmrəy olduğunu bildirərək Azərbaycanda
baş verən hadisələr barədə ona qiymətli məlumat
göndərmişdi. Məktubdan
görünür ki, sultan Qulaməli xanı öz tərəfinə
çəkmək üçün onu mir-e-miran vəzifəsilə
təltif etmişdi. Eyni zamanda osmanlı
paşalarına zəruri vaxtlarda ona hərtərəfli
yardım göstərmələri haqqında əmr
verilmişdi. Beləliklə, Osmanlı təbliğatı
nəticəsində Qulaməli xanın II İrakliyə
münasibəti dəyişdi. Rusiyanın
Tiflis sarayındakı nümayəndəsi S.D.Burnaşov
P.S.Potyomkinə yazırdı ki, «İrəvan
xanlığından gələn məlumata əsasən,
Qulaməli xanın çara olan münasibəti birdən-birə
dəyişib və indi o, türklərə meyl edir».
Daha sonra o, 1784-cü il 9 fevral tarixli məktubunda
həyacanla «Xanlar birləşib bir istiqamətdən,
osmanlılar isə digər istiqamətdən İrakli üzərinə
hücuma keçmək fikrindədirlər. İrakli
müstəqil əks tədbirlər görməlidir. Çünki İrəvan xanı cavan və təcrübəsiz
olduğu üçün ondan hər şey gözləmək
olar».
Osmanlıların səyi nəticəsində Qulaməli
xan Kartli-Kaxetiya sarayı ilə əlaqəni kəsmişdi. Hətta o,
xanlıqda baş verən qarışıqlığı,
üsyanları bəhanə gətirərək II İraklinin
onu Tiflisə dəvətini rədd etmişdi. Digər tərəfdən Qulaməli xan
Kartli-Kaxetiya çarının fərmanlarına da məhəl
qoymurdu. Məsələn, 1783-cü ilin
noyabrında Cəfərqulu xan İsfahan hakimi Əlimurad
xanın və Xoy xanı Əhməd xan
Dünbülünün dəstəyi ilə əmisi oğlu
Abbasqulu xanı Naxçıvanda taxtdan salaraq hakmiyyətə
gəlmişdi. II İrakli Qulaməli xana
fərman göndərərək bu mübarizədə
Abbasqulu xana hərbi yardım etməyi tapşırsa da,
İrəvan xanı onun fərmanına məhəl
qoymamışdı. Lakin II İrakli
İrəvanın tabeçilikdən çıxması ilə
heç cür barışmaq istəmirdi. Rusiyanın himayəsinə keçməklə
bölgə dövlətlərinin təzyiqlərinə məruz
qalan II İrakli açıq-açığına İrəvan
xanlığının daxili işlərinə qarışa
bilməsə də, müxalif qüvvələrdən istifadə
etməklə Qulaməli xana təzyiq göstərirdi. Qulaməli xanın dövründə müxalif
qüvvələrin fəallaşması onun
apardığı daxili siysətlə bağlı idi. Bunu anlayan xan və tərəfdarları İrəvanı
II İraklinin fitnəsindən qorumaq və xanlıqda baş
verən hər cür narazılıqların
qarşısını almaq üçün xoylu Əhməd
xan Dünbülü ilə əlaqə yaradaraq ondan kömək
istəmişdilər.
Qulaməli xanın hakimiyyətinin ilk günlərində
Usmi xanın başçılığı ilə bir dəstə
şəxs İrəvanda hakimiyyəti zəbt etmək niyyətinə
düşmüşdü. Gənc xan xoylu Əhməd
xana yazdığı məktubda bu haqda ətraflı bəhs
etmiş və ölkəsində baş verən
narazılıqları yatırmaq üçün ondan kömək
istəmişdi. Məktubun məzmunu belədir: «Sizin
hörmətli qulamınız vasitəsilə göndərdiyiniz
məktubu aldıq... Dövləti ələ
aldığım ilk günlərdən vilayətdə sakin
olan bir sıra fəsad adamlar bir dəstə
üsyançı mənim cavanlığımdan istifadə
edərək hərc-mərglik odunu şölələndirmişlər
və bütün gücləri ilə bizim
hökmranlığa son qoymağa çalışırdılar.
Onlar siz böyük hökmdara xəbər
çatana kimi təcili olaraq öz işlərini görmək
və məqsədlərinə çatmaq niyyətində
idilər. Allahtalanın mərhəməti ilə onlar
öz niyyətlərinə nail ola bilmədilər.
Darmadağın edilərək geri çəkilməyə
məcbur oldular. İrsi nurani xanlıq
hökmranlığına qarşı göstərilən səylər
nəticə vermədi. Buna baxmayaraq,
ölkədə əmin-amanlıq hələ də istənilən
qədər bərpa edilməmiş və istiqlaliyyət
sütunları lazımınca möhkəmləndirilməmişdir.
O, səmimi, mehriban xandan bu səmimini özünün
xanlıq övladlarından biri hesab etməsini, ölkəmizin
əmin-amanlığının bərpasına kömək
göstərməsini xahiş edirik. Qoy xainlərin
ayağı altında tapdalanan bu ölkəyə sizin köməyiniz
nəticəsində asayiş və sakitlik qaytarılsın.
Bu səmimini yaddan
çıxarmayacağınıza, kömək və
yardım etməyinizə ümid edirik». Qulaməli
xan güclü Xoy xanı ilə daha da yaxınlaşmaq, onun
hərbi gücündən istifadə etmək
üçün «nikah diplomatiyası»ndan istifadə etməyi
qərara almışdı. O, Əhməd xanın
qızı ilə evlənməklə hakimiyyətini möhkəmləndirməyə
çalışırdı. Yuxarıda göstərildiyi
kimi, Hüseynəli xan da bu istəyi həyata keçirməyə
çalışmışdı. Lakin qəfl
ölüm bu işi yarımçıq qoymuşdu. Qulaməli xanın bu niyyətini anası da dəstəkləyirdi.
Xanın anası Əhməd xana
yazdığı məktubda açıq şəkildə
bildirmişdi ki, Xoy xanı ilə qohum olmaqla oğlunu
düşdüyü çətin vəziyyətdən
çıxarmağa çalışır. İrəvan xanlığını öz təsirinə
salmaq istəyində olduğundan Əhməd xan
üçün bu qohumluq çox vacib idi.
Görünür, bu planın baş tutmamasına səbəb
Qulaməli xanın tezliklə öldürülməsi olmuşdu...
Elçin
Qaliboğlu
Xalq cəbhəsi 2018.- 21 avqust .- S.13.