“Şah İsmayıl” dastanında
obrazların səciyyəsi
4-cü yazı
Dastan
söyləyən aşıq öz təhkiyəsində və
şeirlərin seçilməsində bədii ifadələrin,
atalar sözlərinin, epitetlərin, alqışların,
metaforaların və s. iştirakına xüsusi diqqət
yetirir. Məsələn, “Qonağı qapıdan qovmazlar”,
“Açılmaz qabağı, qaşı namərdin”, “Qazandığı
nemət getsin yellərə”, “Bir iyid ki, ilqarından tez
dönə, Mövlam ona qənim olsun sabahdan”, “Ərin
yaraşığı iki gözüdü”, “Bu biçarə
başıma çox ağırdı daşların”, “Yaman
olur nazlı yarın acısı”, “Sinəm üstə
düyün necə, dağ necə?”, “Ayrı düşə
məşuqundan sağ, necə?”, “Yusif kimi ayrı
düşdüm Kənandan”, “Sona kəklik tülək tərlan
ovudu” kimi misralarda poetik fiqurlardan istifadə olunub.
Dastanda bənzətmələr bədii təsir
faktı kimi daha çox özünə yer tapır. Adətən bənzətmələrdə
yarın qaşı, gözü, yanağı, dodağı və
s. ilə bənzədilən arasında poetik məna olur. Aşıq-dastançı belə bənzətmələrlə
gözəlin poetik fiqurunu təsvir edir.
Qaşların
cəlladdı, gözlərin sirdi,
Dodağın
qaymadı, dişlərin dürdü,
Yanağın
almadı, ləbin bülurdu,
Salıbdı aləmə şox məmələrin.
Sənətkar ustalıqla verdiyi bənzətmələrlə
şeirin mənasını qüvvətləndirir, xüsusən
dördüncü misranın təsir gücünü
artırmış olur.
Dastanın nəsr hissəsində də bədii təsvir
vasitələrindən istifadə olunduğunu
görürük. “Şah İsmayıl” dastanının əvvəlində
təşbehlərdən, bənzətmələrdən daha
çox istifadə olunub. Bu təşbeh və bənzətmələrdə
Gülzarın üzü on dörd gecəlik aya bənzədilir,
yanaqları qızılgül qönçəsi, dodaqları
qan piyaləsinə oxşadılır, andlardan istifadə
olunur (“And olsun babamın tacına”, Şah İsmayılın
at çapması “ildırım kimi at sürüb gedirdi”
şəklində tərif edilir, bədii təyin kimi “Mən
baxtı qaranın üstündə qılınc
qırğınıdı” kimi ifadələrlə verilir.
“Baxtı qara”, “ürək-dirək vermək”, “əlinə-ayağına
düşmək” ifadələri məcaz, “bu bəzəkli
otaqda bir qız yatıb, bir qız yatıb ki, elə bil
qüdrətin kərəmi coşa gəlib, gözəllik
paylananda ilk qələmi bu qıza çəkib” cümləsində
qüvvətli təsvir, fikrin obrazlı, məntiqi deyimi,
nitqin incəliyi və zərifliyi metaforik şəkildə
ifadə olunub. “Şah İsmayıl”
dastanındakı bədii təsvir vasitələrinin
çoxçeşidliliyi onun poetik sisteminin zənginliyinin və
mükəmməlliyinin göstəricisidir. Bu təsvir vasitələri ekspressiv-emosional
duyğuların ifadə olunmasına kömək edir. Qəhrəmanın təsvirində bu bədii təsvir
vasitələri aparıcı rol oynayır. Əgər belə təsvir vasitələrindən
istifadə olunmasa, dastanın şeiriyyəti zəif
alınar, sönük mahiyyət daşıyar. Ona görə də dastançı aşıqlar təhkiyədə
belə üsullara yer verir, qəhrəmanların hiss və
duyğularını bu bədii vasitələrlə təqdimə
çalışırlar. Dastanın
şeir dilindən əlavə nəsr dilində də poetik qəliblərdən
istifadə olunması dastan dilinə bir axıcılıq, bədii
gözəllik gətirir. Məhz bu bədii
gözəlliyə görə, dastanlarda epitet, metafora, məcazlar,
təşbehlər, andlar, qarğışlar və s. Fikrin bədii
tutumunu artırmaq məqsədi daşıyır. Bu bədii ifadələr xalq arasında işlək
olduğuna görə şeir dilinə də gətirilir.
“Şah İsmayıl” dastanı bədii-poetik dəyərinə
görə Azərbaycan dastan mətnləri içərisində
özünə məxsusluğu ilə səciyyələnir.
Bütün bunlar dastanın poetik sisteminin
mükəmməlliyini, nitq janrları, bədiilik etiketləri
ilə zənginliyini, unikal xarakterli olmasını göstərir.
Dastanda
obrazların səciyyəsi
Dastan elə
mükəmməl yaradıcılıq nümunəsidir ki,
orada hər bir elementin, formulun, janr sxeminin, təhkiyə aktının,
məzmun yaddaşının, obraz sıralanmasının
öz yeri var. “Şah İsmayıl” dastanında da bu bir sistem
olaraq belədir. Ona görə də burada
aydınlaşmalı problemlərdən biri obrazların
tipologiyasının müəyyənliyidir. Məlum olduğu kimi, bütün məhəbbət
dastanlarında qaynaq olaraq səciyyələnən arxaik
yaddaş var. Etnokulturoloji proseslərin davamlı faktı kimi
fundamental laylarla səciyyələnən folklor poetik-semantik qəlibləşmədə
ciddi bir sistemlə təmsil olunur. Hadisələr,
hərəkətlər isə obrazların ideallarına, amal
və məqsədinə bağlanır. Epos
ənənəsində olduğu kimi, “Şah İsmayıl”
dastanında da obrazlar arxaik sistemdən
başlanğıcını götürüb. Həm “Gözəl şahzadə haqqında
nağıl”, həm də “Şah İsmayıl və
Gülzar” dastanı obraz səviyyələrində biri digəri
ilə qohumdu. Lakin eyni qaynaqdan qidalansalar da
nağılın və dastanın arasında janr
differensiyası nəzərə çarpır. “Gözəl şahzadə haqqında
nağıl”dakı obrazlar kütlə tərəfindən
qeyri-real həqiqət kimi, nağıla məxsus obrazlar kimi qəbul
olunur. Dastandakı Şah İsmayıl,
Gülzar və digər obrazlar, eləcə də hadisələr
dinləyicilər tərəfindən daha ciddi aspektdən
yanaşmalarla səciyyələnir.
Məlum olduğu kimi, “nəzəri fəaliyyət
seyrin və təfəkkürün anlayışa çevrilməsidir. Nəzəriyyə
həmişə “fikri bütövlük, fikri konkretlik şəklində
bütövlük yaradır”. Söz sənəti
isə öz aydınlığı və konkretliyi ilə
varlığın müxtəlifliyini, onu özünə
oxşar, onun formasında göstərir. Təsvirdə
obraz görünür, varlığında həm konkret təsəvvür
və anlayışların əlamətlərini, həm də
qayəni – ideyanı daşıyır. Çünki obraz
həyatı, dövrün hadisələrini ifadə etməyin,
varlığın məna və məzmununu
açmağın, zamanın ictimai ideallarını
yaratmağın, insan iradəsinə, hiss və duyğusuna təsir
göstərməyin xüsusi təfəkkür
formasıdır, müəyyən bir əhvalatı, bir
prosesi başqası ilə aşkarlayan metaforik fikirdir”. Dastan təfəkküründə bütün
plafonik məzmun, ortaya qoyulmalı olan qayə obrazlarla
reallaşır. “Şah İsmayıl”
dastanındakı, eləcə də bütün digər məhəbbət
dastanlarındakı obrazlar eyni düşüncə hadisəsinin
faktı kimi görünür. Ancaq onun alt
qtında, mahiyyətində etnosun zəngin mədəniyyəti,
həyat münasibətləri cəmlənir. Bütün məhəbbət dastanlarında ortaq xətlər,
birləşdirici motivlər, yaxın konstruksiya komponentləri
var və bu, davamlı şəkildə təkrarlanır.
Məsələn, aşiq, məşuqə, dərviş,
ata-ana, qəhrəmana kömək edən obrazlar, eləcə
də mənfi obrazlar, bütün qütbləşmələr
zamanın və etnosun ictimai ideallarına hesablanır və
sistemi müəyyənləşdirir. Bir
sözlə məhəbbət dastanlarında, eləcə də
“Şah İsmayıl”da bütün obrazlar özəl
xarakterik xüsusiyyətləri, fərdi cizgiləri səciyyələnir.
Ona görə də dastandakı obrazlar həm
dəyişməz mühafizəkar (standart), həm də
innovativ, proqressiv-inkişaf edən obrazlardır. Məhərrəm Cəfərli bu prosesi statizm və
dinamizm kimi göstərib. “Məhəbbət
dastanının hər bir obrazı statizm və dinamizmin təzahürü
kimi meydana çıxır”. Şah İsmayıl da digər
məhəbbət dastanlarının qəhrəmanları
kimi qeyri-adi möcüzəli yolla – dərvişin verdiyi alma nəticəsində doğulur, sevgilisini
tapmaq üçün yola çıxır,
qarşısına çıxan çətinlikləri dəf
edir, əks qüvvələr üzərində qələbə
çalır və ən nəhayət sevgilisinə
qovuşur. Sadalanan proseslər statik proseslərdir
ki, bu da İsmayılın xarakterinin fərdiliyini
açmağa, obrazın özünəməxsusluğunu
göstərməyə imkan vermir. Obrazdakı
mühafizəkarlığı dastanın yalnız nəsr
hissəsində izləyirik. Qəhrəmanımızın
təqdimatını canlandıran, özünəməxsusluğunu
bəlli edən, dinamiklik verən dastanımızın
şeiriyyətidir. Şeiriyyət
obrazın hərəkətini, dinamik funksiyasını,
ideallarını, canlı xarakterini daha çox müəyyənləşdirməyə
imkan yaradır. Məsələn, Şah
İsmayıl Gülzarla ilk görüşdən sonra məluldur.
Ay həzərat,
ay camaat,
Görün nələrdən ayrıldım.
Alma yanaq,
ayna qabaq,
Dili şəkərdən ayrıldım.
Yar oduna
qalanmadım,
Dilbərdən kamım almadım.
Bir gecə
mehman olmadım,
Gülüzlü yardan ayrıldım.
İlk görüşdən sonra qəhrəmanların
pərişanlığı, qəm dəryasına qərq
olmaları məhəbbət dastanlarının qəhrəmanları
üçün ənənəvi bir haldır. “Şah
İsmayıl” dastanında arxaik ənənə ilə təsəvvüfi
görüşlər birləşib. Bu da
təbiidir, çünki dastanın işarələdiyi məzmun,
ehtiva elədiyi informativ baza bir istiqa¬mətdə arxaik
yaddaşa bağlanırsa, digər tərəfdən təsəvvüfi
görüşlərlə səciyyələnir. Səfəviyyə təriqətinin, sufizmin orta
çağ mərhələsində aparıcı
tendensiyası dastan qəhrəmanının fəaliyyətində,
təriqət ordeninə mənsubluğunda da ciddi tərəf
kimi görünür. Dastan məhz qəhrəmanın
canlı şəxsiyyət kimi fəaliyyətindən
başlanğıcını götürsə də orada
janrın xarakterik simmetriyası qorunur. Müxtəlif
motivləşmə və qəlibləşmələrdə
daha dərin yaddaş qatları müşahidə olunur.
Dastanda süjetyaradıcı obyekt Şah
İsmayıldı. Sevgi adlı nəcib
hissin cazibəsini ilk dəfə dadan Şah İsmayıl,
bütün gənclik ehtirası ilə sevgisinə təslim
olur və Gülzarına qovuşacağı günü səbrsizlikə
gözləyir. O, öz yüksək sevgisi uğrunda
mübarizə aparmaqdan usanmır. Onun sevgisi sərhədsiz,
coşqun və tükənməzdir. Gülzarından
ayrı yaşamaq ona olduqca çətindi. Saxtakarlıq və qərəz bu sevgiyə
yaddır. İsmayıl üçün
sevgidən üstün heç nə yoxdur. Həyatda heç bir nemət qəhrəmana
Gülzara olan sevgisini əvəz edə bilməz. Madar
oğlunu düşdüyü sevdadan yayındırmaq
üçün Ədil şah Qəndəharın
bütün qızlarını “Gülşən bağı”na cəm etdirir. “Şah İsmayıl
qızlara ha göz gəzdirdi, Gülzara bənzəyən
bir gözəl görə bilmir və deyir:
Kimi al
geyinib, kimi turabı,
Kimisi üzünə çəkib niqabı.
Deyil
bunlar Şah İsmayılın babı,
Heç birisi Gülüzara bənzəməz.
Oğlunun heç bir qızı bəyənmədiyini
görən ata, “mən bir qızdan ötrü Türkmana
qoşun çəkib dava eləyə bilmərəm” deyir. Bu yolla da o,
oğlunu bu uzaq səfərə çıxmasından çəkinəcəyini
düşünür. Lakin ata
yanılır. Qəhrəmanın hər
şeydən üstün olan sevgisi onu sarsılmaz etmiş,
sevgisinin dərinliyi ona güc, qorxmazlıq vermişdir.
O, yenilməz gücü və coşqun qətiyyəti ilə
sevgisi uğrunda silahlanır. Qarşısına
çıxan bütün maneələri, olacaqları
keçmək üçün hazırdır. Apardığı mücadilə, sevgi
duyğuları onu bərkidib.
Qəmərdayına atılıb sevgisinin ardınca yola
düşən İsmayıl onu nələr gözləyə
biləcəyindən xəbərdardır. Rəmdar Pərinin
qardaşları onu Ərəb Zəngi ilə
qarşılaşmamaqdan ötrü üç aylıq yolla
getməsini məsləhət görəndə İsmayıl
deyir: “Qurddan qorxan qoyun saxlamaz. Mən ölümü
gözümün qabağına alıb Türkmana
qılınc zoruna qız gətirməyə gedirəm. Siz məni Ərəb Zəngi ilə qorxudursunuz”.
Şah İsmayıl bu sözləri deməklə
kifayətlənmir, bu gərgin mübarizədə öz məqsədinə
nail olur. Dastanın gedişatında biz qəhrəmanı
öz doğma vətənindən ayrı digər ölkələrdə
görürük. O, təmiz sevgisi naminə
qarşısına çıxan bütün maneələri
aradan qaldıraraq sevgisini qürurla qoruyur.
Kəmalə
İsmayılova
Araşdırmaçı
Xalq Cəbhəsi.- 2018.- 22 avqust.-
S.14.