Özünü yaradan adam
Düşüncə tərzimə uyğun olmasa da, yazıya ənənəvi üslubda başlayacağam. Çünki Elçin haqqında yazmaq mənim üçün həm asandır, həm də çətin. Ümumiyyətlə, hər hansı şəxs – alim, mütəfəkkir, şair haqqında yazmaq istəyəndə yaşadığı dövrü, ictimai-siyasi şəraiti öyrənmədən və problemləri bilmədən obyektiv fikir yürütmək mümkün deyil. Elçinin körpəlikdən bu günədək həm fiziki, həm də sosial-ruhi təkamülü gözümün qabağında baş verdiyi üçün mənə çox yaxındır. Möhtəşəmliyi isə çox yaxından isə tam, hərtərəfli və aydın görmək çətindir. Gərək uzaqlaşıb gendən baxasan. Bu səbəbdən Elçin haqqında fikir söyləməyə bir qədər çətinlik çəkirəm. Ona görə də məntiqin induksiya metodu ilə həyatı və yaradıcılığını dövrlərə bölüb, abstraksiya etməklə ümumi nəticəyə gəlmək fikrindəyəm.
Vaqif – ailə ədəbi məktəbi
Onun həyat və yaradıcılığıq yolu ilk növbədə dayısı, görkəmli şair, publisist, redaktor Vaqif Hüseynovun ədəbi məktəbindən keçir: “Kiçik yaşlarımdan şeir yazırdım və bunu kimsədən gizlətmirdim. Amma dayım icazə vermirdi çap etdirməyə. “Hələ tezdi, zamanı gələndə mən çap etdirəcəyəm” deyirdi. Mən sözə məsuliyyətlə yanaşmağı, sözün dəyərini bilməyi ondan öyrənmişəm. Dəqiq xatırlamıram, 7-ci, ya da 8-ci sinifdə oxuyurdum. Dayımın “Dəniz çağırır” adlı şeirlər kitabı çıxmışdı. Birdən-birə dayımın həmin kitabda yer alan zarafatyana bir şeirinə cavab yazmaq qərarına gəldim. Həmin şeirin 2-cə misrasını xatırlayıram indi. Dayım yazırdı:
“Necə qocalmışam…Gözəllər indi.
Bənzədir əmiyə, dayıya məni”.
Mənim cavabım isə belə idi:
Gizli-gizli qapı döyən payızın
Xəbərdarlıq yağışından incimə.
Ötən günün alnında yurd saldığı
Neçə-neçə qırışından incimə.
Baharında bitirmişdin min çiçək,
Payızında tapammırsan bir ləçək…
Gözəllərin indi sənə qoca tək
İstehzalı baxışından incimə…
Dərc olunmuş ilk şeirlər
Dayımın bir neçə günlüyə Bakıya getdiyini bildiyim üçün ona yazdığım şeiri və daha bir neçə şeirimi götürüb getdim o zaman Lənkəranda çıxan “Leninçi” qəzetinin redaksiyasına. Ruhu şad olsun, qəzetin redaktoru şair Şəkər Aslan da deyəsən vəziyyəti başa düşmüşdü. Dostuna sürpriz eləmək üçün şeirlərimi dərhal çapa verdi… Əlində “Leninçi” qəzetinin şeirlərim dərc olunmuş nüsxəsini tutmuş dayımın həyət qapısından içəri girdiyini görüb qaçıb çarpayının altında gizləndim. Çarpayının yanında dayanıb gülə-gülə “sənə demişdim axı, tələsmə”dedi. Yumşaldığını hiss elədim. Bir neçə dəqiqədən sonra anam atamın və dayımın məni çağırdığını dedi. Sakitcə, çox böyük suç üstə yaxalanmış biri kimi başımı aşağı salıb onların oturduğu qonaq otağına gəldim. Dayım mənə “qorxma, o biri şeirlərini də özün oxu” dedi. Fasiləsiz bir neçə şeir oxudum…
…Gözündə dəfn edib ilk sevgisini
Neçə məhəbbəti geyib don kimi.
Metal parçasına bənzər qəlbini
Asıb sinəsindən medalyon kimi..
İndi yalnız 4 misrasını xatırladığım bu şeirimi oxuyanda təəccüblə “dayan” dedi:
- Sən bunu harda müşahidə eləmisən?
Ona həyətimizə gələn, baxışlarıyla məni ovsunlamağa çalışan 18-20 yaşlı qaraçı qız və onun xanımın yarıçılpaq (təbii ki, yarıçılpaq sözünü demədim) sinəsindən asılmış ürəyəbənzər qızıl medalyon haqqında danışdım. Anamın onu qapıdan necə və hansı sözlərlə qovduğunu da dedim…”
Böyük ədəbiyyata gedən cığır
Elçini böyük ədəbiyyata gətirən cığır 1980-83-cü illərdə Lənkəranda keçirilən, sonradan bütün respublikaya yayılan, Sovet İttifaqında geniş əks-səda doğuran, dəstək qazanan “Kitab bayramı”ndan keçir. Bu adicə kitab yox, marifçilik bayramı idi... Məscidlər bərpa olunub kitabxanaya çevrilir, kəndlərdə məktəb ləvazimatı və kitab mağazaları tikilir, dövlət, məktəb, həmkarlar ittifaqı kitabxanaları yarışır, şəxsi kitabxanaların müsabiqəsi, sərgisi keçirilir və mükafarlandırılırdı.
Elçin Mirzəbəyli o yerləri, o illəri belə xatırlayır:
“Azərbaycanımızın ən gözəl, səfalı guşələrindən biri olan Lənkəranda doğulmuşam. Şəhərin mərkəzi hissəsində yerləşən, yerli camaatın “Qala” adlandırdığı ərazi ilə “Böyük bazar”ın kəsişdiyi “sərhəddə” yerləşirdi evimiz. O zamanlar küçəmiz Nəriman Nərimanovun adını daşıyırdı. Sonradan dəyişdirib Mirzə Məhəmmədhüseyn Axund qoydular... Əslində bu ad dəyişikliyi mənim doğulduğum Lənkəranla bu günkü Lənkəranın müqayisəsi baxımından unikal nümunədir.
***
...Nə zamansa Lənkəran Azərbaycanın elm, mədəniyyət ocaqlarından biri sayılırdı. Həmin dövrdə burada müxtəlif vəzifələrdə çalışan, məhdudiyyətlərə, qadağalara baxmayaraq, xalqının gələcəyini düşünən marifçi insanların səyi nəticəsində SSRİ miqyasında hadisəyə çevrilən kitablar paytaxt Bakı ilə eyni zamanda Lənkərana da göndərilirdi. Hər yeni kitab gələndə kitab mağazalarının qarşısında növbə olurdu desəm, bəlkə də çoxları inanmayacaq... Amma həqiqət belədi. Çünki o zaman fərqlənməyin yeganə yolu mütaliəli, elmli, savadlı olmaqdan keçirdi. Biz kitabxanalardan götürdüyümüz, yaxud böyüklərimizin verdiyi kitabları daha tez oxumuğa və yenisini əldə etməyə çalışırdıq. Hər şeyə vaxt tapırdıq – oxumağa, idmanla məşğul olmağa, ev işlərində böyüklərə yardım etməyə, əylənməyə, qohumlarla görüşməyə, dostlarla ünsiyyətdə olmağa... Hər şeyə...
O zaman mənim doğulduğum Lənkəranda – Sovet İttifaqının kiçik bir əyalət şəhərində tamam başqa mühit vardı. Sözüm çox mübaliğəli görünsə də Lənkəran özünün intibahını yaşayırdı...
***
Lənkəranda hər il “Kitab bayramı” keçirilirdi. Şəhər başdan-başa kitab sərgisini xatırladırdı və kitab ən gözəl hədiyyə sayılırdı. Mən heç yerdə o zaman Lənkəranda olan maarifçilik mühitinə rast gəlməmişəm.
Orta məktəb illərində Azərbaycan və dünya ədəbiyyatının ən gözəl nümunələrini oxumaq imkanı əldə etdiyim üçün özümü xoşbəxt sayıram. Məhz bu səbəbdən, ali məktəbin birinci kursunda oxuyanda xarici ədəbiyyat müəllimim onun səhvlərini düzəltdiyim üçün məni tez-tez auditoriyadan kənarlaşdırardı. Amma imtahanda heç bir sorğu-sual etmədən “əla” qiymət yazardı...
Təsəvvür edin, hələ 10-cu sinifdə oxuyanda böyüklərimizin dəstəyi ilə Fridrix Nitşenin “Antixrist. Xristanlığı lənətləmə”, “Zərdüşt belə demişdi”, Ziqmund Freydin “Bir illuziyanın gələcəyi”, Erix Fromun “Psixoanaliz və din”, Alber Kamyunun “Sizif haqqında əfsanə. Absurd haqqında esse”, Jan Pol Sartrın “Ekzisensializm – bu humanizmdi” əsərləri ilə (rus dilində) tanış idim. Həmin əsərlərin Bakıda populyarlıq qazandığı vaxt isə 1990-cı ilə təsadüf edirdi. Bakıya bu əsərlərin yer aldığı “Tanrıların qürubu” kitabı 1990-cı ilin sonlarında, təkrar nəşrdən sonra göndərilmişdi...
O zaman Lənkəranda ən azı mənim qədər mütaliəli olan onlarla uşaq, gənc vardı.
İndi isə...”
...Gör fələk nə sayır?!
Elçinin poeziyasında nə görürəm: həqiqət subyektivdir, məxsusidir, onu obyektivləşdirib, universallaşdırıb hamının malı etmək olmaz. “İki dəfə iki dörd edir” – bu formula həqiqətdir, obyektivdir. O hamıya lazım, heç kimə gərək deyil. Çünki orada şəxsi motiv, subyektiv təəssürat, hiss və həyacan yoxdur. Ağıla təsir göstərir. Obyektiv həqiqət dərk olunmaq üçün kəşf edildiyi halda Elçinin ekzestensial həqiqəti onu yaşamağı tələb edir. Bu həqiqətən hər bir subyektin şəxsi yaşamında özünü tapır, reallaşdırır. Birincisi müdrikliyi axtarırsa, ikincisi həyatın mənasını tapmağa can atır. Elçinin poeziyası fəlsəfi, fəlsəfəsi poetikdir.
İçimə yıxıldım hər vurduğunda...
Dedilər...
Fələyin silləsi çatmır.
Ya Rəbb, sən saydığın pilləkənlərin
Nədənsə
Sonuncu pilləsi çatmır.
Verdiyin dünyadı...
Evdi, eşikdi...
Bu nə dar qəbirdi, nə dar beşikdi?
Ürəyim onsuz da dəlik-deşikdi
Qorxma, at, alnımın gülləsi çatmır...
Və yaxud
Nə su saxlar, nə mey tutar...
Yoxuşdu, cam yeri deyil.
Dörd yanından külək tutar -
Bu məbəd şam yeri deyil.
Ya ev qurdun, ya alaçıq,
Ya qala
tik, ya qalacıq...
Bu
dünya bir üstüaçıq
Məzardı, dam yeri deyil.
Milyon kərə
baxıb gedək,
Söküb
gedək, yıxıb gedək…
Ver əlini…
çıxıb gedək
Bura adam yeri deyil...
Düşünmək
yaratmaqdır
Elçin Mirzəbəyli poeziyada həqiqəti sistemləşdirib
elmə çevirmir, insanların hiss və duyğularına
poetik təsir göstərir. Oxucunu “izmə” yönəltmir,
sərbəst düşünməyə, özünü
yaratmağa qida verir. Onun poeziyasında
total pafos, potetika yoxdur. Elçinin poeziyası
işarə edir, ənənəvi yolla ötürülməsi
mümkün olmayanı poeziyanın sehrli dili ilə
ötürür, subyektiv təfəkkürün alt
qatlarına zühur edir. İnsan
şüurunun alt qatına, zirzəmisinə təsir göstərir,
onun qapılarını döyür, diksindirməyə,
oyatmağa çağırır.
Elçinin şeirlərində amiranəlik, insanı hər
hansı yeni ideya, forma və məzmuna, imperativ, ortodoksal
dünyagörüşünə yönəldən bitkin,
konseptual bütövlük, sistemlilik, tamlıq yoxdur. Simvollar, məcazlar,
işarələr, fraqmentlər, aforizmlər, paradokslar vasitəsilə
oxucunun nəinki şüurunda, şüuraltında
qığlcımlar, partlayışlar yaradır, onu diksindirib
oyadır və düşünməyə vadar edir. Düşünmək çox yaxşı əlamətdir.
Rene Dekartın fikirincə desək, düşünmək,
mövcud olmaq, yaşamaq – yaratmaqdır:
İlahi,
dualarım qara sevda kimidi
Göy
üzündən asılsa
Ciyəsi də tapılmaz.
Sənin
hər sualına minlərlə cavab çıxar,
Mənim min cavabımın yiyəsi də tapılmaz.
Nə
vermisən - yoxuşdu,
Nə
almısan - enişdi...
Endiyim
pillələrdən geriyə sayım da yox..
Sənin
boşluq içində bir kainat payın var,
Mənim boşluq içində bir Tanrı payım yox.
Yerin cazibəsi
kor, göyün cazibəsi lal,
Ömür
sükut meydanı -
Sükutu duman kimi.
Bir
ömür ömrümüzdən,
bircə
yol qəbrimizdən
Süzülür
vaxtın qanı -
Qapqara, qətran
kimi...
Qaç
vaxtın dərgahından, qurtul əsarətindən
Kibrit əqrəbləriylə
yandırıb saatları!
Xilas ol
tanrıların muzdlu ədalətindən -
Atıb
ayaq altına...
Sındırıb
saatları...
Bir nəfəs
ver, İlahi, bir nəfəs al mənim tək...
Bircə udum hava da bu canda əzab çəkir.
İlahi,
göy üzündə mələk də qəribsəyir,
İlahi,
Yer üzündə seytan da əzab çəkir...
Və
yaxud
Gecənin
birində köçüb gedəsən...
Yox olub
gedəsən, uçub gedəsən...
İtəsən
gecənin qaranlığında,
İtəsən
şəhərin burulğanında
Dünyanın
dərdini içib gedəsən,
Nə
varsa,
nə
varsa geridə qalan
Bir göz qırpımında biçib gedəsən.
Bir qaya
üstündən, bir dağ başından
Tutub göz yaşını çırpasan yerə.
Sıxasan
ömrünü bir qurşun kimi...
Yorğun yaddaşını çırpasan yerə.
Sonra
yandırasan bütün ömrünü,
Yana...
Közü keçə, külü keçməyə.
Bircə
sətirin də, bircə sözün də,
Bircə
xatirən də ələ keçməyə...
...Pəncərə-pəncərə
tükənə ömrün,
Sonra qapı-qapı çıxıb gedəsən.
Durub
ucurasan bütün yolları,
Bütün
körpüləri yıxıb gedəsən...
Səs, rəng,
duyğu
Motsart
üçün səs, Van Qoq üçün rəng nədirsə
Elçin üçün hiss, emosiya, onun fəlsəfəsi
və duyğu odur. Onun duyğu qaleriyası zəngindir,
əlvandır, orjinaldır, yenidir. İnsanda
gözlənilməz ovqat, həyata təkrarolunmaz,
inanılmaz, yeni, inanılmaz baxış yaradır. O
sehrli hiss və həyacanları yaşamaq üçün
onun poeziyasına müraciət edək:
Yenə əriyir
gecə pəncərəmin önündə,
Damla-damla süzülür saatlar şüşələrdən.
Vaxtın
zərrəcikləri...
Bir də
solğun fənərlər...
Yanlızlıq
addımlayır boş qalmış küçələrdən...
Küçənin
ayrıcından...
Gecənin
ayrıcından
Qaranquşlar köksünə sıxıb gedir səsini.
...Səssiz
gəlib elə bil bu yaz, duya bilmirəm
Çiçəklərin ətrini - baharın nəfəsini.
Xatirə
kitabımdan tökülür son ləçəklər,
Nə vaxt ağrısı qalır, nə də zaman
qorxusu.
İndi
yaman qırmızı gülümsəyir çiçəklər...
İlahi,
yaman olur güllərin qan qoxusu...
Və
yaxud
Bir
gün
Gözlərini
açıb görəsən
Goy üzü yaxından yaxındı sənə.
Bir
ilıq meh əsib
Son nəfəs
kimi
Son dəfə...
Son dəfə toxundu sənə.
Bir
gün
əllərini açıb görəsən...
dualar
ovcunda işığa dönüb.
Bütün
arzuların körpədi hələ,
Bütün ümidlərin uşağa dönüb.
…Bir
gün yaşayasan…
Elə
bir gün ki,
Üstünə yüz ilin savabı gələ.
Sonra da…
ölümə məktub yazasan
“Səni gözləyirəm” cavabı gələ.
***
Başımın
üstündə göydü deyirlər...
Ayağım altında yorğun şəhərim.
İndi
güllələnmiş məbəd kimiyəm -
İçimə
yıxılıb minarələrim...
Yuyur,
yağış yuyur kirpiyimizi -
Yenə
qismətimiz göz yaşı olur
Dərdini
Tanrıya söyləyənlərin...
Xatirə dəftəri başdaşı olur.
Donur
qulağımda azan sədası,
Gözüm...
Pıçıltıyla açır səhəri.
Mən səni
göylərə verib gedirəm -
Göyü göydələnlər olan şəhərim.
***
Qəfildən
qar ələnir bahar çiçəklərinə...
Ovulur ləçəkləri
paramparça, buz kimi...
Ağaclar
əsir düşür Bakı küləklərinə,
Günəşi
gözləyirlər...
Ömürlük
məhbus kimi...
“Hə” və
“Yox”
Orta səviyyəli insanların fikrinə görə “hə”
“yox”dan pozitivdir. Ona görə də Elçin çox vaxt pessimist
şair adlandırılır...
“Hə” təsdiqdir, razılıqdır. O mövcud olanı, ənənəni
ehkama çevirir. Bu fikrin təsdiqi
üçün Elçinin poeziyasında nümunə
tapmağa çətinlik çəkirəm. O daim
narahatdır, “yox”, “yox”, “yox” deyir. Ənənəni
əbədiləşdirməyi yeniliyə xəyanət hesab
edir. Ona əbədi uçuşlar üçün
müvəqqəti platforma, zirvəyə qalxmaq
üçün pillələr kimi baxır:
...Bu mənəm
ey, mənəm, Vətən,
Haqqına
tamarzı adam.
Ürəyini
parçalayan
Güllədən
də razı adam.
***
Öldü…
Qərib
arzuların
köçündə öldü bu adam.
Bir
ümiddən o birinə
Keçəndə
öldü bu adam…
Qıymadılar
yurd yerini,
Yurd yerində
Qurd yerini…
Dərd əkdi
hey…
Dərd
yerini
Biçəndə
öldü bu adam.
***
Bir hasar
hörəsən xatirələrdən
Ömrünü qoyasan daş əvəzinə.
Əlindən
daş düşə ömür yoluna,
Gözündən dağ düşə yaş əvəzinə.
Sonra...
Ümidləri
səpəsən yola
Üstünün tözünü silib yeyəsən.
Allahın
altında bir dərdin ola -
Onu da yarıya bölüb yeyəsən.
***
Qurtulub bu
qul köçündən
Nəyin var alıb gedəsən.
Milyonlarla
yol içindən
Yolunu bulub gedəsən.
İlhamın
yorulan yerdən,
Bulanıb
durulan yerdən,
Son dəfə
qırılan yerdən
Qələmi yonub gedəsən.
Yol bitsə
də dönməyəsən,
Dünya
qopsun...
Dinməyəsən...
Təkcə...
Dizə
enməyəsən...
Çatlayıb, sınıb gedəsən.
Tapdalayıb
tabuları,
Bu qondarma
yapıları...
Çırpıb
bütün qapıları
Cəhənnəm
olub gedəsən!
***
“Yaradıcılıq” sözündə bütün dillərdə
“yaratmaq” anlayışı olduğu halda nə
üçün dayanıb, durasan. Yaradıcılıq hərəkətdir,
ciddi cəhdir, dinamikadır, proqresdir, gələcək,
yüksəliş uğrunda kompramissiz mübarizədir.
Ənənəvilik keçmişdə
dayanıb onu bütləşdirməkdir, statikadır. Ənənəviliyin antoniumu novatorluq, inkişaf,
yenilik, gələcəkdir. Yaradıcılıqda
durğunluq, ehkam, keçmişə sitayişdir; hərbdə
yerində saymaqdır. Heç bir ordu
yerində saymaqla irəli gedib zəfərə yetişə
bilməz. “Hər şey axır, hər
şey dəyişir”.
Burda...
Hər
yağan qarla
Üyüyür
Yetim
sevdaların
Yalın
ayaqları...
Burda hər
açılan səhər
Yenidən
doğur sonsuz qaranlıqları...
Əbədi
ayrılıqları...
Burda...
Analar
döşləriylə
Ölümü
əmizdirir...
Layla
oxuyurlar
Övladlarının
son nəfəsinə...
Burda...
nəhəng başdaşları ucalır
Qətlə
yetirilmiş arzuların
Xatirəsinə...
Burda...
anaların çiyində gedir
Oğul
tabutları...
Burda
ünvanına yetişmir
Kirlənməmiş
Sevgi məktubları...
***
“Yox” büntçu, inkarçı, bəzi oxucuların
dünyagörüşündə pessimistlikdir. “Yox” inkar edir,
ənənəvilik “hə” deyir. Mövcud
olan ehkamları illərlə, əsrlərlə dönə-dönə
təsdiq edir. Elçinin nihilizmi,
inkarçılığı ştamp, matrisa, streatip, təsdiq
edilmiş ənənə ilə yenilik zamanı aralıq,
müvəqqəti durğunluq görüşür.
Köhnəliyi, ənənəni öldürməklə
iş bitmir, onu dəfn etmək, yeniliyi ərsəyə
çatdırmaq lazımdır. Bu
boşluğun yaratdığı nihilizmi yaşamaq və
ondan çıxmaq hər adamın, cəmiyyətin işi
deyil.
Premoderndən modernə, ondan da postmodernə keçid
epoxasının durğunluğu buna misaldır. Köhnə
ölür, təzə isə təsdiqini tapmayıb.
Pessimizmə bədbinlik deyirlər. Elçinin
pessimizmində “bəd” heç nə yoxdur. Cəmiyyətin
inkişafının, tərəqqinin hərəkətverici
qüvvəsi olan inkarın inkarından başqa...
Sən…
heç
üşüdünmü
İsti yay günündə?
Alovu
saçlarını qarsan soba dibində
Barmaqların
soyuqdan
titrədimi?
Sahibsiz
köpəklərlə bölüşdünmü
Əllərinin hərarətini?
Rühün
süzüldümü
Nəhəng
ticarət mərkəzlərinin
Basırıq dəhlizlərindən?
Reklam
lövhələrində
Alın
yazını oxudunmu heç,
Qızcığaz?…
Sən
hardan bilirsən tənhalıq nədir?…
***
...Nə
səsim duyulur...
Nə
dualarım
Yetişmir
kimsənin qulaqlarına...
İlahi,
de, hardan atılım indi
Gəlib düşə bilim ayaqlarına?
***
...Göydələnlər
arxasında
Boynubükük
minarələrindən,
Axşamlar
bayquşlar qonan
Gecəqonlularından,
Ünvanını
itirən bəndələrindən,
Ümidini
itirən dualarından
Xəbərin
varmı sənin!
İtirirsən
bu dünyanı
Saatbasaat, anbaan.
Yatanlar
ayılmaq istəmir yuxudan,
dünyaya sənsizlik dini gəlir,
Tanrım!
Ruhların
intihar günü gəlir,
Tanrım,
Xəbərin varmı sənin?!
Bu
dünyanın sabahları tükənir,
Tükənir,
Tanrım,
bu
dünyanın duaları...
xəbərin varmı sənin?!
******
Bir divar
qurursan xatirələrdən...
Dağılır, uçulur, çökür
içində.
Hərə
öz yükünü yığıb aparır,
Hərə öz evini tikir içində.
Bəzən
yaxınlar da uzağa dönür,
Ruhun
öz cismində qonağa dönür...
Bütün
ümidlərin yumağa dönür -
Dərd
tutub ipini çəkir içindən...
Gözünə
çəkirsən gördüklərini -
Qəlbinə,
ruhuna hördüklərini...
Fələk
kərpic-kərpic verdiklərini
Ev-ev,
koma-koma sökür içindən...
Kimi
sön gününə göz yaşı yığır,
Ümidlə,
sevgiylə yanaşı yığır...
Günlər
ətəyinə başdaşı yığıb
Bir
ömrün daşını tökür içindən...
Ömür
bir atımlıq -
Qurşun kimidi.
Tez
ötür,
Tez bitir -
Ovsun
kimidi...
Hər kəs
öz içində qoşun kimidi,
Hər kəs
bir azacıq təkdi içində...
Həyatın
mənası
Yeni dövr fəlsəfəsində klassik, ənənəvi
fəlsəfədən fərqli olaraq ümumi
qanunauyğunluqlar yox, insan həyatının mənası
dominantlıq edir. XIX əsrdə ilk dəfə olaraq, Maks Ştirner dedi:
məndən yüksəkdə heç nə yoxdur,
Şopemhauer isə “həyat iradə və ağıldır”
söylədi. Qərbi Avropa minillərlə
sığınıb yaşadığı fövqəlmistik,
müqəddəs inancların, ehkamların hamiliyindən məhrum
oldu. Osvald Şpenqlerin təbirincə desək, süqut
edib, nihilizmə yuvarlanmazdı: Köhnə öldü, təzə
hələ bərqərar olmayıb. Nə etməli?!
Cavabını Fridrix Nitşe verdi: Vəziyyəti
məcrasına samaq üçün “fövqəlbəşər”lər
lazımdır. O, bunun nümunəsini Zərdüştün
simasında gördü. Zərdüşt ilk
modernist bəşər timsalına çevrildi.
Bu istiqamət bədii ədəbiyyatda da öz əksini
tapıb. Elçin daha irəli gedərək subyekt və
obyektdən imtina edir. O, insana, onun hiss və
duyğularına, daxili psixologiyasına baş çəkir. Oxucunun qəlbinə, ruhuna, iradəsinə nüfuz
edərək orada möhkəm məskunlaşan şübhəsizliklərin
içinə şübhə toxumu səpir. O, insan
psixologiyasının ən dərin, toxunulmaz qatlarına
toxunur. Bunun üçün hər şeyi əhatə
edən böyük, mürəkkəb sistem yaratmır.
Şəxsiyyət və həyat sistemləşə
bilməz. Ənənəvi məntiqdən
fərqli olaraq duyğulara, onların obrazı vasitəsilə
təsir edir. Nəticədən səbəbə
yox, səbəbdən nəticəyə, dərinliyə,
duyğudan təfəkkürə doğru gedir.
Nanotexnika
fizikada tədqiqatları, kəşfləri atom və molekul səviyyəsində
apardığı kimi “nanopoeziya” da bunu insan idrakının,
emosiyasının mənbəyindən, ilk
başlanğıcından – hiss, duyğu, qavrayışdan
abstrakt təfəkkürə gətirib çıxarır. Duyğu musiqi alətlərindəki simlər kimi intəhasız
səs çalarları potensialına malikdir. Ona görə
el arasında “sarı sim” anlayışı və təfəkkür
prosesinin, “şah notları” poeziyada “şah misra”lar hesab olunur.
…Hər
gün baxışımla açılsın səhər
Ensin
gözlərinə şüa yerinə…
Mən...
sənə Tanrının əmanətiyəm
Al...
Oxu hər
gecə dua yerinə...
***
Alışdım
yuvamda dərd böyütməyə,
Sonra dən-dən
ovub...
dərd
üyütməyə...
Bir ocaq
çatmışam dərdi ütməyə,
Götür
ürəyini gəl bizə sarı...
***
İçimə
toxum tək ələsin külək...
Bir ovuc
göz yaşı...
Bir
övuc çiçək...
Dəli
ürəyimə nə əkirsən, ək...
Ya sevda
bitəcək, ya daş bitəcək...
***
Özünü
yaratmaq
Deyirlər ki, yaradan hər şeyin təbiətini
yaradıb, ona uyğun təyinat verib. Ağac, inək, canavar, ilan və s.
insanı isə sadəcə yaradıb, ona təbiət və
təyinat verməyib, azad, sərbəst
buraxıb. Əvəzində isə insana
şüur və yaradıcılıq potensialı verib ki,
özünü özü yaratsın. Ona
mələkdən iblisədək uzanan şkalanın istədiyi
yerində yerləşmək imkanı verib.
***
Azadlıq və məsuliyyət. Onları
bir-birindən ayırmaq olmaz. Məsuliyyətin
altına girmək isə hər adamın işi deyil. Kölə olmağa nə var ki?
Ona görə də antik yunan filosofları “hər kəs
öz taleyinin dəmirçisidir” deyiblər.
Elçin Mirzəbəylinin
yaradıcılığı, şair Elçinin
yaradıcılıq potensialı, şəxsi müstəqillik,
azadlıq, yenilik uğrunda mübarizəyə yönəmlidir.
Bilirsən
necə ağırdı
Öz Vətənində yad olmaq?
Bir
cüt yaşlı gözdən düşən
Bir
cüt qırıq qanad olmaq?...
Bilirsən
necə ağırdı
Kölgə olmaq?
Kölgə-adam...
Öz
yurdunda qərib olmaq,
Özgə
olmaq...
Özgə
- adam...
Bilirsən
necə ağırdı?...
Yandırır-yaxır
adamı...
Bəs mən kimin adamıyam?
Dərənin,
dağın adamı...
Böyük torpağın adamı?
Kiçik torpağın adamı?
Bilirsən
necə ağırdı?...
Elə
bil ki, öz evində
Götürüblər
əsir səni...
Öz
dişlərin parçalayır,
Öz əllərin
kəsir səni...
Bilirsən
necə ağırdı?...
Cırtdanların
arasında...
Böyüyəsən, Div olasan.
Ev-ev
bölünə ətrafın,
Sən
yenə bütöv olasan...
Bilirsən
necə ağırdı?...
***
...Bu mənəm
ey, mənəm, Vətən,
Haqqına
tamarzı adam.
Ürəyini
parçalayan
Güllədən
də razı adam.
Sığmır
bu saxsı torpağa
Külüm,
yerimi dəyişim...
Doğum yerimi dəyişim?
Ölüm yerimi dəyişim?
***
Ana, mənə
layla demə...
Daşımır
bu bədən məni...
Məni
Allah öldürmədi,
Öldürdü
ey...
Vətən
məni...
Azadlıq
Qərbi
Avropada XVI əsrdə Rene Dekart tərəfindən
özülü qoyulan subyektin azad, müstəqil
düşüncəsi, hər şeyi şübhə
altına alan fəlsəfəsi ənənəvi,
arxeik primodern dövrünün sokral, dini, ortodoksal yaşam və
düşüncə doktrinasına şübhə toxumu səpdi,
yeni, müasir, sekulyar, modern epoxasının təşəkkülünə
start verdi. Qalileyo Qalileyin kosmosun quruluşunun yeni elmi nəzəriyyəsindən,
İsaak Nyutonun fizikasının qanunlarından, Frensis Bekonun
materialist məntiqi fəlsəfəsindən, İmmanuel
Kantın “şey özündələr”indən, bir sözlə
fizika və metafizikada baş verən böyük inqilabi kəşflərdən
keçə bilməyən premodern dünyası, Frikdrix
Nitşenin həyat fəlsəfəsində
çökdü, onun öz diliylə desək “öldü”:
“Onu biz öldürdük, mən və sən”.
Yeni, müasir dövrün sekulyar – modern, daha sonra
postmodern erasının dominantlığı tarixə
süvar oldu.
Modernist üçün bunları anlamaq
azdır, həyatında yaşamaq gərəkdir. Modernist kimdir? O, fövqəlbəşər, zəmanəsinin
dizayneri, konstruktorudur.
Elçin Mirzəbəylinin poetik düşüncələri,
bu baxımdan postmodernist poeziyasının dizaynerinin,
konstruktorunun xüsusiyyətlərini xatırladır.
***
Hazırda dünya əhalisinin çox böyük əksəriyyətini
mistikaya – sirli fövqəltəbii qüvvənin
varlığına inanır, ona qovuşmaq üçün səcdə
edir, daxili təbii iradə və ağlının qüdrətinə
inanmır, narahat yaradıcı həyatdan imtina edir, “rahat”
premodern həyatını yaşayır.
Tarix boyu xurafatın, qəyyumluğunda “xoşbəxt və
rahat” yaşayan insan müasir dövrdə azad, müstəqil,
şəxsi həyatını yaşamağa çətinlik
çəkir.
O, həvəslə özgəninləşir, zora biət
edir, azadlığın məsuliyyətini üzərinə
götürməkdən, sonsuz, intəhasız, soyuq, hiss və
duyğusuz kainatda tənhalıqdan qorxur, qəyyum, bizim regional
leksikonla desək “dayı” axtarır. Özünü azad hiss
edənlər belə çox vaxt qandallarının
qırılmış zəncirlərinin qalıqlarını
uzun müddət özləri ilə daşımaq məcburiyyətində
qalırlar.
Qalx
ayağa millət,
Boğmasınlar səsimizi.
Bir bayraq
altında
Birləşdir
bizi!
***
Burax dərdlərini…
Çəkəni
bəlli -
Qoy gəlsin
üstümə
sel kimi,
Vətən…
Bir
faişə qədər dəyəri yoxsa
Neynirsən
sən mənim sevgimi, Vətən...
***
Beş
arşın kəfəndi bizə yurd yeri,
Kəsir
ruhumuzu...
Qurd yeyir,
Allah!
Kimi Vətən
yeyir, kimi yurd yeyir...
qurd yeyir...
yurd yeyir...
dərd
yeyir, Allah!
Törəmi
unutduq,
yolmu
unutduq?
Bir ovuc, bir parça yurda tapındıq.
Bizi fatehlərin
qarğışı tutdu -
Qurd ola bilmədik, qurda tapındıq.
Epiloq:
Yaradıcılıq müəyyən mənada
müxalifət anlayışının sinonimidir. Daim yeniləşmək,
modernləşmək, müasirləşmək
üçün hər gün köhnə, keçmiş
zamanla müxaliflik yaradıcılığın,
yaradıcı insanın həyatının, təbiətinin
və təyinatının zəruri atributudur.
Bunu dərk etmədən Elçin Mirzəbəylinin
poeziyası ilə danışmaq, diskussiya etmək, onu anlamaq,
sevmək, ondan bəhrələnmək mümkün deyil.
Elçin həyatının mənasını
özünün yaratdığı poeziyasında tapdı. Ona hansı
troyektoriyadan, hansı bucaq altından baxmaq isə oxucunun
işidir.
...1967-ci ildə dünyaya bir uşaq atıldı. Tanrının yaratdığı bu tifil ötən əlli ildə yalnız özünə güvənərək, özgəninləşməkdən uzaq, məcburiyyətə, zora meydan oxuyan müstəqil, liberal dəyərlərlə silahlanmış azad bir subyekti – özünü və “nanopoeziya”sını yaratdı. Bu modernist, postmodernist şair Elçin Mirzəbəyli idi...
Hüseynağa Qəniyev
Xalq cəbhəsi 2018.-
28 avqust .- S.4-5-6.