Erməni terrorizmi – Qarabağ hədəfi

 

XX əsrin başlanğıcında və sonunda ermənilər tərəfindən Azərbaycanın Dağlıq Qarabağ bölgəsində azərbaycanlı əhaliyə qarşı kütləvi qırğınlar törədilib. Ermənilərin məqsədi yalnız müharibədə qalib gəlmək yox, Qarabağ ərazisində yaşayan müsəlman əhalisini tamamilə məhv etmək olub. Bu da cinayət və soyqırımdır. Azərbaycanın Qarabağ regionuna gəlmə olan bu ermənilərin azərbaycanlı əhaliyə qarşı törətdiyi aşağıda qeyd olunan vəhşiliklər tarixdə heç bir müharibədə baş verməmiş, insanlığa qarşı yönəlmiş bir terrordur.

Hələ XIX əsrdə Qarabağın xəritəsini tərtib etmiş rus tədqiqatçısı M.A.Skibitskinin yazdığına görə, əsrin sonunda azərbaycanlılar Qarabağın 338 kəndində yaşayırdılar. 1899-cu il məlumatına görə burada azərbaycanlıların sayı ümumi əhalinin 70%-ni, ermənilər 16,6%-ni, kürdlər 12,7%-ni, tatlar isə 0,7%-ni təşkil ediblər.

Rus tədqiqatçıları N.N. Şavrov və V.Veliçko ermənilərin ruslar tərəfindən XIX-XX əsrin əvvəllərində Qafqaza, o cümlədən Qarabağa gətirilib yerləşdirildiyini yazırlar.

Rusiyanın bu bölgəyə erməniləri yerləşdirməsi sonradan erməni terrorunun başlanmasına səbəb oldu. Ermənilər öz çirkin niyyətlərini ilk dəfə 1905-1906-cı illərdə açıq biruzə verməyə başladılar. Çar Rusiyası Türkiyədən, İrandan və digər ölkələrdən Qafqaza köçürdüyü erməniləri silahlandırıb azərbaycanlı əhaliyə qarşı müharibəyə qaldırdı.

Erməni terrorizmi — elmi araşdırmalar beynəlxalq terrorizmin tərkib hissəsi olan erməni terrorunun tarixinin 100 ildən çox olduğunu göstərir. Belə ki, "Böyük Ermənistan" dövlətinin yaradılmasını qarşısına məqsəd qoyan radikal erməni təşkilatları – 1887-ci ildə yaradılan "Armenakan", sonradan "Hnçak" və "Daşnaksütyun" partiyaları bu planı həyata keçirmək üçün siyasi terror aksiyalarından geniş istifadə edilməsini proqram sənədlərində başlıca vasitə kimi nəzərdə tutublar.

80-ci illərin sonlarından başlayaraq, Ermənistan dövlətinin və nüfuzlu erməni diasporasının maliyyə və təşkilatı yardımı ilə dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən erməni terrorçu təşkilatları (keçid- "erməni terror təşkilatları", "Terrorizmlə mübarizə" bölməsi "erməni terrorizmi alt bölməsi") Azərbaycana qarşı terror müharibəsinə başlayıblar. Faktlar göstərir ki, SSRİ dağıldıqdan sonra müstəqillik qazanmış Ermənistan Respublikası dövlət səviyyəsində terroru dəstəkləyərək, təcavüzkar siyasətinin əsas tərkib hissələrindən biri kimi qəbul edib.

Ermənistan dövlətinin və erməni diasporasının maliyyə və təşkilatı yardımı ilə dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən erməni terrorçu təşkilatlarının Azərbaycana qarşı apardıqları terror müharibəsi 1980-ci illərdən başlayaraq ardıcıl xarakter alıb. Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı 7 rayonun işğalı zamanı kütləvi vahimə yaratmaq, çoxlu insan tələfatına nail olmaq məqsədi ilə Ermənistanın xüsusi xidmət orqanları hərbi əməliyyatların getdiyi ərazilərdən xeyli uzaqda, dinc azərbaycanlı əhalisinin yaşadığı məntəqələrdə terror aktları təşkil etmiş, nəticədə minlərlə günahsız insan həlak olub.

Məsələn, 1890-cı ildə Tiflisdə yaradılan "Daşnaksütyun"-erməni federativ inqilab partiyasının əsas qayəsi Azərbaycanın Dağlıq Qarabağ, Naxçıvan və Türkiyənin Anadolu torpaqlarında "Böyük Ermənistan" dövləti qurmaqdır. 1892-ci ildə Tiflisdə ilk qurultayını keçirən "Daşnaksütyun" türklərə qarşı sui-qəsdlərin təşkil olunması barədə qərar çıxarmışdır. Məhz bu qurultaydan sonra "Daşnaksütyun" "türkü, kürdü hər yerdə, hər bir şəraitdə öldür, sözündən dönənləri, erməni xainlərini öldür, intiqam al!" əmrini vermişdir. "Daşnaksütyun" partiyası tərəfindən yaradılan bir sıra terror qrupları mövcuddur: 1973-cü ildə fəaliyyətə başlamış "Erməni "soyqırımının" intiqamçıları" qrupu 1980-1982-ci illər ərzində Avstriya, Danimarka və Portuqaliyada türk diplomatlarını qətlə yetirib; Məxfi terror qrupu DRO və onun bölmələri: DRO-8, DRO-88, DRO-888, DRO-8888. Daşnakların hazırda bu istiqamətdə fəaliyyəti davam edir. "Ermənistanın azadlığı uğrunda erməni gizli ordusu" (ASALA): 1975-ci ildə yaradılan təşkilatın qərargahı Beyrutda, təlim-məşq bazaları isə Suriyada yerləşir. Təşkilatın məqsədi Şərqi Türkiyə, Şimali İran və Azərbaycanın Naxçıvan və Dağlıq Qarabağ əraziləri üzərində "Böyük Ermənistan" qurmaqdır. Bu təşkilat əsasən Türkiyə və Azərbaycan vətəndaşlarına qarşı terror aktları həyata keçirir.

Təşkilat "Əbu Nidal", "Qara sentyabr" kimi terror qrupları ilə əməkdaşlıq etməsində əsas fiqurlardan biri ASALA-nın lideri Akop Akopyan olmuşdur. Afinada 1980-ci ildə qətlə yetirilmiş türk səfirinin ölümünə görə məsuliyyəti öz üzərinə götürmüş A.Akopyan ("Mücahid") 01.08.80-ci ildə "Nyu-York Tayms" qəzetinə verdiyi müsahibədə bildirmişdir: "Bizim düşmənimiz türk rejimi, NATO və bizlə əməkdaşlıq etməyən ermənilərdir". 28.04.1988-ci ildə A.Akopyan Afina şəhərində öldürülmüşdür. Livanda 1980-ci ilin aprelində ASALA birgə terror aksiyalarının keçirilməsinə dair PKK ilə razılığa gəlmiş və bu niyyətlərini rəsmiləşdirmişlər. Beyrut şəhərində 28.08.1993-cü ildə açıqlanan bəyanatında ASALA "pantürkist neft borusu" (Bakı-Tbilisi-Ceyhan) ilə bağlı layihənin həyata keçirilməsinə imkan verməyəcəyini bildirib.

Bu gün də ermənilər müxtəlif adlar altında yaratdıqları terror birləşmələrini siyasi partiyaya çevirməkdən vaz keçmirlər. Məqsəd terror təşkilatlarını siyasiləşdirməkdir.

Strateq Verelq.am-a istinadən yazır ki, “Sasna tsrer” qruplaşmasının liderləri Jirayr Səfilyan və Varujan Avetisyan avqustun 23-də mətbuat konfransında çıxış edərək “Sasna tsrer” siyasi partiyasının qurulduğunu bildiriblər. Partiya liderləri yeni yaradılan siyasi qüvvənin əsas hədəflərini təqdim ediblər, yəni:

1. Artsax (Dağlıq Qarabağ-red.) və Ermənistanı birləşdirmək;

2. Rusiya sərhədçilərini Ermənistanınkılarla əvəzləmək;

3. Rusiyaya verilmiş (əslində isə satılmış) strateji obyektləri milliləşdirmək;

4. Rusiya telekanallarının yayımını dayandırmaq;

5. Qərb ölkələri, habelə İran, Gürcüstan, Çin və Hindistanla “Rusiyayönlü münasibətlər” formatından çıxmaq.

Bununla yanaşı, yeni yaradılan partiyanın təmsilçiləri bildiriblər ki, baş nazir Nikol Paşinyanın siyasətini dəstəkləyirlər. Əgər Paşinyanın özü Rusiya-Ermənistan münasibətlərinin müttəfiqyana və strateji olduğunu, buna görə də bunu daha yüksək səviyyəyə qaldırmağın gərəkdiyini addımbaşı ucadan bəyan edirsə, “Sasna tsrer” tərəfindən indiki baş nazirə hansı dəstəkdən söhbət gedə bilər? Bununla belə, onu “dəstəkləyən” yeni siyasi qüvvə təmsilçiləri hesab edirlər ki, yuxarıda sadalanan radikal üsullarla Rusiyadan aralanmaq lazımdır?

Burada iki sual meydana çıxır: ya “Sasna tsrer” qrupu Paşinyanı dəstəkləməkdə səmimi deyil, bunu isə ona görə deyir ki, baş nazirin hazırda reytinqi yetərincə yüksəkdir; ya da Səfilyan və Avetisyan əmindirlər ki, Paşinyan ancaq sözdə Rusiyayönlüdür, həqiqətdə isə Ermənistan tamamilə özgə siyasət aparacaq…

İstənilən halda qrup azad edildiyinə görə məhz Paşinyana borcludur. Polisin binasını ələ keçirmiş və polisləri öldürmüş bir dəstə adamın hakimiyyətin sanksiyası olmadan necə azadlığa çıxdığını və seçkilərə qatılmaq məqsədilə partiya yaratdığını təsəvvür etmək çətindir.

Bununla belə, bəyan edilən hər bir məqsədi ayrı-ayrı gözdən keçirək:

1. Artsax və Ermənistanı birləşdirmək. “Sasna tsrer” qrupu Artsaxda da eyniadlı partiya yaratmağı planlaşdırır. Jirayr Səfilyan və Varujan Avetisyan özləri üçün qət ediblər ki, Artsax Ermənistanla birləşdirilməlidir, amma bunu qarabağlıların özlərindən soruşmağı unudublar! Artsax məsələsi yalnız Səfilyan və Avetisyanın bəyan etdikləri məqsədlərə artıq mənfi reaksiya vermiş artsaxlıların iradə izharı vasitəsilə həll edilə bilər və edilməlidir.

2. Rusiya sərhədçilərini Ermənistanınkılarla əvəzləmək. Rusiya sərhədçiləri İrəvanla Moskva arasında ikitərəfli müqavilə əsasında 1992-ci ildən Ermənistanın dövlət sərhədinin Ermənistan-Türkiyə və Ermənistan-İran sahələrini qoruyurlar. Sərhəd dəstələri Gümri, Artaşat, Armavir, Mehridə və “Zvartnots” aeroportunda yerləşib. “Sasna tsrer” qrupunun təmsilçilərinə sual meydana çıxır: Rusiya sərhədçilərini hansı pullarla və kimlə əvəzləməyə hazırlaşırlar – Ermənistanınkılarla, ya …?

3. Rusiyaya verilmiş strateji obyektləri milliləşdirmək. Söhbət məhz hansı strateji obyektlərdən gedir? Bu obyektlərin konkret adını çəkmək və hər birinin tarixini gözdən keçirmək lazımdır. “Sasna tsrer” qrupunun üzvləri doğrudan da vətənsevərlərdirsə, onda niyə yalnız Rusiyaya satılmış obyektlər haqda məsələ qaldırırlar? Səfilyan və Avetisyan iki il qabaq ABŞ-a satılmış Vorotan SES-i qaytarmağın gərəkdiyindən niyə danışmırlar? Vətənsevərlər qrupu britaniyalıların belə fəal istismar etdikləri Amulsar qızıl yatağını niyə xatırlamırlar? Misallar lap çoxdur, amma silahlı dəstənin liderləri ancaq Rusiyanı yada salıblar. Səfilyan və Avetisyan kimin sifarişini icra edirlər?

4. Rusiya telekanallarının yayımının dayandırılması. Yadıma gəlir ki, Gürcüstanda da, Ukraynada da Rusiya telekanallarını haçansa yasaqlamışdılar, sonradan isə rusca danışmağı da qadağan etdilər. Və bunun bu ölkələri və xalqlarını nə günə saldığını hamımız görürük. Ermənistan sakinlərinin çoxu Rusiya telekanallarına baxır. Vətənsevər liderlər Ermənistan ictimaiyyətinə hansı tamaşanı təklif etməyə hazırlaşırlar – Amerika tele-şoularını?

5. Qərb ölkələri, habelə İran, Gürcüstan, Çin və Hindistanla Rusiyayönlü münasibətlər formatından çıxmaq. Ermənistan müstəqil xarici siyasət aparan suveren dövlətdir. Ermənistan AİB-in üzvü olan və bununla yanaşı Avropa Birliyi ilə saziş imzalayan yeganə ölkədir. Ermənistanın xarici siyasətinə Rusiyanın mane olduğu haqda mif tam ifşa olunub. Aydındır ki, Ermənistan ictimaiyyəti yeni yaradılmış partiyanın radikal məqsədlərini dəstəkləməyəcək. Tendensiya artıq sosial şəbəkələrdəki şərhlərdən gözə dəyir. Bu kimi siyasi qüvvələr belə radikal məqsədlərlə cəmiyyəti xarici siyasət ehtirasları ilə qütbləşdirir ki, bu da istənilən siyasi orqanizimin daxili sabitsizliyinə səbəb olur. Biz bu cür siyasətçiləri sovetsonrası müxtəlif ölkələrdə artıq görmüşük və bütün bunların nə ilə bitdiyini bilirik.

Əlbəttə, indi müxtəlif xarici – və daxili siyasi qüvvələr “Sasna tsrer” partiyasının ideyalarını fırladacaq, çünki Qarabağ məsələsi və İran ətrafındakı durum və Türkiyədəki siyasi proseslər də nəzərə alınmaqla son hədəfləri Ermənistanı və bütünlükdə bölgəni qarışdırmaqdır. Ermənistan cəmiyyətinin Ermənistan qarşısında olan bütün geopolitik çağırışları adekvat qavramağı və düzgün nəticələrə gəlməyi vacibdir. Və onda “Sasna tsrer”in hansı qüvvələrə işlədiyi və kimlərin sifarişini yerinə yetirdiyi aydın olar.

Cavid

 

Xalq cəbhəsi  2018.- 29 avqust .- S.6.