Türk ədəbiyyatının
tanınmış simalarından biri - Sultan Vələd
2-ci yazı
“Vələdnamə” Sultan Vələdin yazmış
olduğu 3 məsnəvinin birincisidir. Şair məsnəvinin
dibaçəsində əsəri “Məsnəviyi Vələd”
adlandırıb. Lakin ədəbiyyat aləmində Vələdnamə
adı ilə tanınan bu əsər şairin ilk məsnəvisi
olduğuna və “ibtidai” kəlməsi ilə
başladığına görə “İbtidanamə” kimi də
tanınır. Əsər 1291-ci ilin mart-iyun
aylarında nəsr və nəzm şəklində
yazılıb. Fars dilində
yazılmış bu əsər 9007 beytdən və 165
başlıqdan ibarətdir. Qeyd edək ki,
həmin beytlərin 180-i ərəbcə, 76-sı türkcə
və 23-ü rumca yazılıb. “Vələdnamə”
Sənainin “İlahinamə”sinin vəzninə uyğun olaraq, xəfif
bəhrində (failatün, məfailün, failün) qələmə
alınıb.
“Vələdnamə”ni
“Quranın anlamı və sirri” hesab edən, öz oxucusuna
müraciətlə “onu can və könüldən oxu və
anla” deyən şairin əsas məqsədi insanları mənalar
dənizindən çıxardığı incilərlə
tanış etmək və məkansız dünyanın pərdəsiz
könül üzünü göstərməklə
onları “hədəfə” istiqamətləndirməkdir.
Şair əsərdə babası Bahəddin Vələd,
Şəms Təbrizi, C.Rumi, Şeyx Səlahəddin, Çələbi
Hüsammədin, Kəriməddin və b. tarixi şəxsiyyətlərdən
söhbət açmış və onların bir növ həyat
hekayələrindən bəhs edib. Bir sıra
istisnaları çıxmaq şərti ilə “Vələdnamə”
bütünlükdə irfani düşüncələri
özündə əks etdirmiş, problem tək olan varlıq
prinsipində həllini tapıb.
Sultan Vələd
ikinci məsnəvisi “Rübabnamə”ni
1301-ci ilin aprel-avqust aylarında yazıb. Farsca
yazılmış bu əsər 8124 beytdən və
dibaçə də daxil olmaqla 106 başlıqdan ibarətdir.
Əsərdə beytlərin böyük əksəriyyəti
fars dilində olsa da, bu beytlərdən
162-si türk, 36- sı ərəb və 22-si rum dilindədir.
Türk tədqiqatçılarının bəziləri (məs., Veyis Dəyirmançay) həmin beytləri
vəzn və qafiyə baxımından qüsurlu hesab edir,
fars dilli beytlərlə müqayisədə mükəmməl
olmadıqlarını göstərirlər. Onu
da qeyd edək ki, Sultan Vələd bu əsərə konkret ad
qoymayıb. Ona görə də, əsər
“Rübabnamə” və “Məsnəviyi Mənəvi”
adları ilə tanınıb. “Məsnəviyi
Mənəvi” adının əsərə verilməsi iki səbəbdən
irəli gəlir. Bir tərəfdən Sultan Vələdin
C.Rumi irsinə və onun “Məsnəvi” əsərinə
bağlılığı, “Məsnəvi” bəhrində (rəməl)
ona bənzər əsər yazması, digər tərəfdən
isə dibaçədə “Rübabnamə”nin
“Məsnəviyi Mənəvi” sözləri ilə
başlaması tədqiqatçılara əsərin
adının bu cür adlan- dırılmasına əsas verib.
Digər tərəfdən, əsərin
dibaçəsində “rübabın ağlayıb-inləməsindən”
bəhs edən beytlərin olması, bir növ əsərin
rübab üzərində köklənməsi bu məsnəviyə
“Rübabnamə” adının verilməsinə səbəb
olub. Nəzərə alaq ki, əsər
daha çox “Rübabnamə” adı ilə tanınıb və
tədqiq olunub.
“Rübabnamə” nəsr və nəzmlə
yazılmış əsərdir. “Mənim nəzmim və nəsrim
hikmətin uca məqamıdır” deyə öyünən
şair “Rübabnamə”də sufi hikmətlərdən
bəhs açır. Maraqlıdır ki, Sultan Vələd
əsərdə Şəms Təbrizi və Mövlana sərgüzəştləri
haqqında məlumatlara yer verib, ayrı-ayrı hissələrdə
iki məşhur şəxsə olan dərin rəğbət
və məhəbbətini izhar edib.
Sultan Vələdin üçüncü, eyni zamanda son
məsnəvisi “İntihanamə” adlanır. Nəsr və nəzmdən
ibarət olan “İntihanamə” təxminən 1300-1312-ci illər
arasında fars dilində yazılıb. “İntihanamə” əvvəlki iki əsərin
davamı kimi yazılsa da, onlardan fərqli olaraq bu məsnəvidə
türkcə, ərəbcə və rumca beytlər yoxdur.
Digər məsnəviləri kimi bu əsərə
də S.Vələd ad verməyib. Sonuncu məsnəvi
olduğu üçün əsər “İntihanamə”
adlanır. Müəllif əsəri “Rübabnamə”nin bəhrinə uyğun (rəməl)
yazıb. Məsnəvidəki beytlərin
sayına gəldikdə onu deməliyik ki, beytlərin sayı
Tehran nüsxəsində 7085, Konya nüsxəsində 7000,
İstanbul nüsxəsində isə 8313-dür.
Sultan Vələd kitabın yazılma səbəbində
göstərir ki, “səssizlik aləmində məşğul
ikən Haqq-Təaladan nida gəldi ki, öyüd və nəsihətlərlə
məşğul ol və insanlara fayda ver”. Allahın əmrini
yerinə yetirməyi özünə şərəf bilən
şair “Vələdnamə” və “Rübabnamə”də olan
hikmətlərə bir daha məna verir.
Əsərdə
mövlanəlik, səmavilik və s. bağlı əhəmiyyətli
məsələlərdən də söz açılır.
Şəms Təbrizi və Mövlana əlaqələrindən,
təsir dairəsindən bəhs edən parçalar da maraq
doğurur. Məlum olduğu kimi, C.Rumi
Konyada Şəms Təbrizi ilə ilk görüşündən
sonra (1244) onun təsirinə düşüb, “dünya sirlərinin
yerləşdiyi məkanın qapısını” onda
gördüyü üçün Şəmsin müridinə
çevrilib. Bu hal Mövlananın müridlərini və
Konya əhlinin bir qismini qəzəbləndirdiyi
üçün Ş.Təbrizi Konyanı tərk edib Şama köçməyə məcbur olub.
Şəms Təbrizinin Şama
köçməsi Mövlananı pərişan edib və
bunu hiss edən Sultan Vələd atasının həsrətinə
son qoymaq üçün Şama yola düşüb. Sultan Vələdin xahişi və Mövlananın qəm
dolu məktubları Şəms Təbrizini yenidən Konya- ya
qayıtmağa məcbur edib. Lakin
müridlərin yenidən qısqanclığını
görən Şəms Təbrizi Konyanı tərk etməyə
qərar verir. C.Rumi Şəms Təbrizini axtarıb
tapmaq ümidilə Şama getsə də,
onunla görüşə bilmir, ümidsiz halda Konyaya
qayıdır. Rəvayətə görə,
C.Ruminin kiçik oğlu Ələddin 7 nəfərlik bir dəstə
ilə Şəms Təbrizini Konyada öldürərək
quyuya atıb. Bunu bilən Sultan Vələd
Şəms Təbrizinin cəsədini quyudan çıxar,
onu Mövlana mədrəsəsi yaxınlığında dəfn
edib və bu sirri ömrünün sonuna qədər heç
kimə açmayıb. Sultan Vələd Şəms Təbrizi
ilə atası C.Rumi arasındakı münasibətlərin
birbaşa şahidi olduğu, ondan irfan elmi aldığı və
ona dərin məhəbbət bəslədiyi
üçün digər məsnəviləri ilə
yanaşı “İntihanamə”də də Mövlana və
Şəms Təbrizi bağlantılarından bəhs
açıb. Bu yanaşma bədii baxımdan
deyil, eyni zamanda tarixilik nöqteyi-nəzərindən də əhəmiyyətlidir.
Sultan Vələdin mütəsəvvüf
görüşlərini özündə əks etdirən əhəmiyyətli
əsərlərindən biri də “Maarif’dir. Bu əsər
mənsur formada yazılmış və 56 bölümdən
ibarətdir. Əsərdə problemin qoyuluşu şəriət,
təriqət və s. daxilində həllini tapıb. Daha
doğrusu, Sultan Vələd “Vələdnamə”, “Rübabnamə”
və “İntihanamə” məsnəvilərində məsələlərə
hansı şəkildə yanaşmışsa, “Maarif’ əsərində
də eyni xətti davam etdirib, bir növ mövzuya təkrar
qayıdıb. Qeyd edək ki, “Maarif’ əsəri
forma, məzmun və ideya baxımından daha çox C.Ruminin
“Fihi-Mahif’ əsərinə bənzəyir. Görünür, bu səbəbdəndir ki,
1954-cü ildə İranda “Masarif’ əsərini C.Ruminin
“Fihi-Mahif’ əsərinin ikinci cildi kimi çap ediblər.
“Maarif’ əsərində bütün məsələlərə
Allah və ona məhəbbət kontekstində münasibət
bildirilir. Ona
görə də əsərin bölümlərində şəriət
qaydaları və bu qaydalara əməl sırf dini müstəvidə
şərh olunur, hər iki aləmdə əməlindən
asılı olaraq insana Allahın məhəbbət və mərhəmət
göstərəcəyindən bəhs açılır,
oruc tutmaq, Həccə getmək və s. savablarından
danışılır. Əməlin zahiri və
batini tərəfləri haqqında kifayət qədər
tutarlı izahatlar aparılır. Məsələn, əsərin
I fəslinin başlanğıcındakı parçaya nəzər
salaq: “Biri: “Asıl olan şey ameldir” dedi. Bu
hususta söylenecek söz, bundan ibaret değildir. Ameli hakkıyle anlatabilmek için, bir kim- senin ortaya
çıkıp ameli nasıl anlıyabilirsin?
Sen amelden, namaz kılmayı, oruç tutmayı,
hacca gitmeyi, geceleri uyumayarak ağlayıp inlemeyi ve pehriz etmeyi
anlıyorsun. Halbuki, bunların hiçbiri de
amel değildir. Bunlar ancak amelin sebepleridir.
Hepsini yapdığın zaman bunların sende bir
etki sağlaması mümkündür. İşte
o zaman sen, ibadet etmiş ve olduğundan başqa bir şey
olmuş bulunursun".
S.Vələd “Maarif’ əsərində haqlı olaraq bu
dünyanı imtahan dünyası hesab edir. Və bu
dünyada olan sonsuz canlı-cansız fərqliliyini forma fərqi
kimi götürsə də, cismani (şəkil) fərqi kəskin
fərq hesablamır. Bu mənada insanlar
arasındakı fərqi də cisminə görə (bədən)
yox, ruhuna görə müəyyənləşdirir.
Sultan Vələdin “Maarif’ əsərində elmə və
elm adamlarına münasibətdə tutduğu mövqe diqqət
cəlb edir.
O, elmi varlanmaq, mövqe tutmaq, qazanmaq üçün öyrənənləri
tənqid edir, lakin elmi Allah rizası üçün öyrənib
faydaya yönəldənləri əsl alim və Allahın istədiyi
bəndə kimi qələmə verir. Sultan Vələdin həyatı
ilə tanışlıqdan məlumdur ki, o, Bürhanəddin
Tirmizi, Çələbi Hüsaməddin, Şəms Təbrizi,
C.Rumi, Şeyx Kəriməddin, Şeyx Səlahəddin kimi
dövrünün məşhur arif şəxsiyyətləri
ilə təmasda olmuş, onlardan çox şeylər öyrənə
bilib. Bu cəhətdən atası Cəlaləddin
Ruminin və Şəms Təbrizinin Sultan Vələdə təsirini
xüsusi qeyd etmək lazımdır. Mənbələrdə
yazıldığı kimi, Ruminin Şəms Təbrizinin təsirinə
düşməsindən sonra istər-istəməz bu təsir
Sultan Vələddən də yan keçməmiş, o da
Şəms Təbrizinin məclislərində iştirak edib.
Sultan Vələdin ən çox
qatıldığı məclislərdən biri də səma
məclisləri olub və müəyyən müddətdən
sonra onun bu məclislərə rəhbərlik etməsi də
tarixi fakt kimi təsdiqlənir. Ümumiyyətlə,
səmavilik şairin nəzərində nəfsdən,
küfrdən, cisimdən uzaqlaşıb ruha
yaxınlaşmaqdır. Səmavilik ruhani
duyğu və hisslərin əməldə tətbiqidir.
O, eşq və vəcdə gəlmədir. Sultan
Vələd Səmanı ən uca məqam hesab edir. Bu məqam - Allah məqamı
ölümsüzlük məqamıdır. Ona görə də Allah məqamında insan maddi
olaraq nəinki özünü unudur, hətta tamamilə “yox”
olur. Göründüyü kimi, Sultan Vələd
“Maarif’ əsərində bədii-fəlsəfi ifadə tərzində
təsəvvüf əsaslı fikirlərini izhar edib və
bunu “mənalar dənizindən çıxardığı
incilər” şəklində xalqa çatdırıb.
Sultan Vələdin bir divan, üç məsnəvi və bir mənsur əsərindən başqa, elmi mənbələrdə “Eşqnamə” və “Risaleyi-etiqad” adlı əsərlərinin olduğu haqqında da məlumat verilir. Lakin həmin əsərlərin Sultan Vələdə aid olması hələlik dəqiqləşməyib.
Elman Quliyev
filologiya üzrə elmlər doktoru, professor
Xalq cəbhəsi 2018.- 30 avqust .- S.14.