Lissabon sammitindən 22 il
ötür
1996-cı
il 2-3 dekabrda Lissabonda ATƏT dövlət
və hökumət başçılarının Zirvə
toplantısı 52 Avropa dövləti, ABŞ, Kanada və 10
Asiya-Afrika dövləti başçılarının
müşahidəçi statusunda iştirakı ilə
keçirilib. Qafqaz regionu, xüsusilə Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ münaqişəsinin yüksək səviyyədə
ilk dəfə geniş müzakirə olunacağı Lissabon
sammiti buna görə də Azərbaycan üçün
Budapeşt Zirvə görüşündən daha əhəmiyyətli
idi.
Zirvə
toplantısının Azərbaycanla bağlı əsl mahiyyətini
və əhəmiyyətini Azərbaycan Prezidenti Heydər
Əliyev zirvə görüşünə yola düşməzdən
qabaq, 1996-cı il noyabrın 30-da Binə
hava limanında jurnalistlərə bəyanatında bildirib. O,
Lissabon sammitinin məhkəmə qismində Dağlıq
Qarabağ münaqişəsi ilə bağlı qəti qərar
verə biləcək qurum olmadığını elan edib.
Eyni zamanda Heydər Əliyev bu zirvə
görüşünə böyük əhəmiyyət
verdiyini, sammit ərəfəsində Minsk qrupu tərkibində
Helsinkidə, Vyanada fəaliyyət göstərildiyini və
Azərbaycan nümayəndə heyətinin günlərlə
Lissabonda işlədiyi haqda məlumat verib. Prezident həmçinin
Budapeştdən Lissabona qədər keçən
dövrü də müsbət qiymətləndirdiyini bildirib.
Heydər
Əliyev 1996-cı il 2 dekabr Zirvə görüşündəki
nitqində Dağlıq Qarabağ münaqişəsi, erməni
təcavüzü barədə ümumi məlumat verib,
Rusiyanın təsiri ilə atəşkəsin əldə
edilməsini təqdir edib və Azərbaycanın sülh
müqaviləsi bağlanana qədər atəşkəs
rejiminə əməl edəcəyini bildirib. Azərbaycan
rəhbəri atəşkəsin əhəmiyyətini Ermənistanla
ikitərəfli danışıqlar kanalının yaradılması,
hərbi əsirlərin və girovların
qarşılıqlı azad edilməsi addımları ilə
izah edib.
Heydər
Əliyev 1996-cı ilin aprelində Lüksemburqda Ermənistan
prezidenti və özünün verdiyi bəyanatı
münaqişənin aradan qaldırılması istiqamətində
mühüm addım hesab etdiyini də Lissabondakı nitqində
bildirib: "Həmin bəyanat əslində tərəflərin
silahlı münaqişəyə beynəlxalq prinsiplər və
normalar əsasında son qoymaq əzmini nümayiş etdirən
ilk Ermənistan-Azərbaycan sənədidir."
Nəhayət, Heydər Əliyev Lissabon
görüşündən əvvəl ATƏT üzvü
olan dövlət və hökumət
başçılarına göndərdiyi məktubda
münaqişənin həlli üçün məşhur
ümumi çərçivə qaydalarını-Lissabon
prinsiplərini göstərdiyini söyləyib. O, ATƏT prinsipləri, BMT
nizamnaməsi və beynəlxalq hüququn ümumi
qaydalarına uyğun hesab etdiyi bu müddəaları Zirvə
toplantısı nitqində də elan edib:
- Azərbaycan
və Ermənistanın ərazi bütövlüyünün
tanınması
- Azərbaycanın
tərkibində Dağlıq Qarabağa ən yüksək
özünüidarə statusunun verilməsi
-
Dağlıq Qarabağ əhalisinin təhlükəsizliyinin
təmin edilməsi
Həmin prinsiplər ATƏT-in sədri Flavio Kottinin
1996-cı ilin fevralında münaqişə regionuna səfəri
zamanı verdiyi təkliflərə də uyğun idi.
Heydər Əliyev çıxışında Ermənistan
tərəfinin Dağlıq Qarabağ münaqişəsində
məqsədini təcavüzün nəticələrini
qanuniləşdirmək və Azərbaycan ərazisində
ikinci erməni dövləti yaratmaq niyyəti kimi qiymətləndirib. Azərbaycan
Prezidenti zirvə görüşündəki nitqində
bütün bunlara yol verilməyəcəyini
iştirakçı dövlətlərin
başçılarına elan edib.
O, Azərbaycan
və Ermənistan arasında Dağlıq Qarabağ
münaqişəsinin göstərilən prinsiplər əsasında
aradan qaldırılacağı təqdirdə mütərəqqi
nəticələr verəcəyini ifadə edib: "Əminəm
ki, münaqişənin BMT nizamnaməsi, ATƏT prinsipləri
və beynəlxalq hüquq əsasında aradan
qaldırılması az bir vaxt ərzində Ermənistan ilə
Azərbaycan arasında uzunmüddətli möhkəm sülh
yaranmasına imkan verəcək, erməni və Azərbaycan
xalqları arasında xoş münasibətləri bərpa edəcək,
Dağlıq Qarabağın bütün əhalisi
üçün ən əlverişli şərait
yaradacaqdır."
Heydər Əliyev Lissabon sammitindəki
çıxışında Ermənistan prezidentinə və
xalqına da sülh çağırışları edib. O, ATƏT üzvlərinin
hamısını bütövlükdə Dağlıq
Qarabağ məsələsinin həllinə kömək etməyə
çağırıb: "Mən ATƏT-in Lissabon Zirvə
görüşünün iştirakçısı olan
dövlət və hökumət başçılarına
üz tutub onlardan xahiş edirəm ki, Avropada sürəkli və
viranedici münaqişələrdən biri olan Ermənistan-
Azərbaycan münaqişəsinin tezliklə aradan
qaldırılması üçün səylərini əsirgəməsinlər."
Bütün
bu çağırışlara baxmayaraq Ermənistan nümayəndə
heyəti Heydər Əliyev tərəfindən irəli
sürülən həmin prinsiplərin Lissabon bəyannaməsinin
20-ci maddəsinə salınmasına veto qoyub. Azərbaycan
dövlət başçısı isə ATƏT-in Lissabon sənədinə
bütövlükdə veto tətbiq edərək ABŞ
nümayəndə heyətinə başçılıq edən
vitse-prezident Albert Qorun təklifi ilə prinsiplərin
ATƏT-in fəaliyyətdə olan sədrinin ayrıca bəyanatında
səsləndirilməsinə nail olub. ATƏT-in
rəsmi sənədləri sırasına daxil olan bəyanatda
bu müddəaların Zirvə görüşündə
iştirak edən 53 ATƏT üzvü tərəfindən bəyənildiyi
də göstərilib.
ATƏT sədrinin bəyanatından dərhal sonra Ermənistan
nümayəndə heyəti də bəyanat verərək
bununla razılaşmadığını elan edib. Gələcək
uğursuz danışıqların əsasını qoyacaq bu
bəyanatda məsələnin həllinin hər şeydən
əvvəl öz müqəddəratını təyin etmə
prinsipi əsasında əldə oluna biləcəyi bildirilib.
Heydər
Əliyev isə sammitin başa çatdığı gün
1996-cı il dekabrın 3-də Lissabonda jurnalistlərə
verdiyi müsahibədə Zirvə görüşünün
qərarından razı qaldığını deyib. O, Lissabon
layihəsinin hətta Azərbaycanı da tam təmin etmədiyini,
amma Ermənistanın yenə də bununla
razılaşmadığını bir daha elan edib. Azərbaycan
rəhbəri Ermənistanı beynəlxalq prinsiplərə
qarşı çıxmaqda ittiham edib: "Azərbaycanın
ərazi bütövlüyünün Ermənistan tərəfindən
tanınmasından imtina edilməsi ATƏT-in əsas prinsiplərindən
imtina deməkdir."
Rusiya nümayəndə heyətinin rəhbəri eks
baş nazir Viktor Çernomırdin də ATƏT sədrinin bəyanatı
ilə razılaşdığını, münaqişənin
məhz həmin prinsiplər əsasında tənzimlənməsinin
mümkünlüyünü təsdiq edib. Heydər
Əliyev Çernomırdinin Dağlıq Qarabağ məsələsi
ilə gələcəkdə də məşğul
olacaqlarını bəyan etdiyini də bildirib. Azərbaycan dövlət başçısı Ermənistan
prezidentinin Azərbaycanın danışıqları kəsməsi
haqda bəyanatına da münasibət bildirərək
prezidentlərin nümayəndələri arasında
birbaşa danışıqların davam etdiriləcəyini
qeyd edib.
Prezident Heydər Əliyev Lissabonda olarkən zirvə
görüşündə fəaliyyəti və
Dağlıq Qarabağ münaqişəsi barədə
Rusiya, Türkiyə, Portuqaliya, Danimarka və Birləşmiş
Ərəb Əmirlikləri televiziyalarına da müsahibə
verib.
Rusiyanın "Vesti" informasiya-televiziya proqramının
müxbiri ilə söhbətində o, baş nazir
Çernomırdinin timsalında Rusiyanın ATƏT sədrinin
məlum bəyanatını müdafiə etdiyini yenidən təsdiqləsə
də, ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin
həllində rolunu irəli çəkib: "Bu
münaqişə ilə ATƏT məşğul olur. Lap əvvəldən belə olmuşdur. Minsk qrupu ATƏT-in tərkibindədir və o, məhz
ATƏT-in qərarı ilə 1992-ci ildə
yaradılmışdır."
Danimarka televiziyasına müsahibəsində Heydər
Əliyev Dağlıq Qarabağ münaqişəsi haqda
ümumi məlumat verib və Lissabon zirvə
görüşündə danışıqlara müvafiq
mandat aldıqlarını hesab etdiyini bildirib. Portuqaliya
televiziyası müxbirinə müsahibəsində Azərbaycan
dövlət başçısı yenidən Rusiyanın təsiri
məsələsinə qayıdaraq onun Ermənistanla əlaqələrinin
fəal olduğunu bildirib. O, Dağlıq Qarabağ
münaqişəsinin törədilməsində Sovet
İttifaqı rəhbərliyini günahlandırıb. Bundan başqa Heydər Əliyev Rusiyanın Ermənistana
təsir göstərməsinin mümkünlüyünü və
Rusiyanın əvvəldən bu münaqişənin
qarşısını almaq, qırğına yol verməmək
imkanlarının olduğunu da irəli sürüb. Azərbaycan Prezidenti ATƏT sədrinin məlum bəyanatı
müqabilində Ermənistan tərəfinin düşünməli
olduğunu da ifadə edib.
Heydər Əliyev Lissabon Zirvə görüşündə
fəaliyyəti, məlum prinsiplərin qəbul etdirilməsi
istiqamətində mübarizəsi haqda 5 dekabr 1996-cı ildə
Bakıya qayıdarkən təyyarədə jurnalistlərə
daha ətraflı məlumat verib. Azərbaycan rəhbəri
toplantıdan əvvəl vəziyyətin əlverişli
olmadığını, Lissabon sammitinin əsas sənədi-"Avropada
XXI əsrdə ümumi və hərtərəfli təhlükəsizlik
modeli" adlı bəyannamədə Ermənistan - Azərbaycan
münaqişəsi ilə bağlı təminedici olmayan bənd
də salındığını bildirib.
Heydər Əliyev Minsk qrupunun fəaliyyətinin indiyə
qədər nəticə verməməyində Ermənistanı
günahlandırıb. Prezident erməni tərəfinin həmin
prinsipləri qəbul etməməyini əsas maneə hesab
edib.
Azərbaycan
dövlət başçısı Bakıya
qayıtdıqdan sonra 1996-cı il 6 dekabrda ictimaiyyət
nümayəndələri ilə görüşündə
ATƏT-in və onun Minsk qrupunun Dağlıq Qarabağ
münaqişəsinin həlli istiqamətində Budapeşt
sammitindən Lissabon görüşünə qədər
keçdiyi yolu ətraflı təsvir edib. Prezident
bildirib ki, Böyük Sülh Sazişinin əldə edilməməsi
Ermənistanın işğal etdiyi ərazilərdən
istifadə edərək Dağlıq Qarabağa müstəqillik
statusu almaq cəhdindən irəli gəlir.
Azərbaycan prezidenti Ermənistan rəhbəri ilə
birlikdə verilən Lüksemburq bəyanatına qayıdaraq
münaqişənin həllinə aid ilk birgə bəyanatın
da son məqsədə çatmağa kömək etmədiyini
deyib. O, məsələnin
həlli üçün göstərilən prinsiplərin qəbul
olunması məqsədilə Lissabon sammiti ərəfəsində
ATƏT üzvü ölkələrinin dövlət və
hökumət başçılarına məktublar göndərdiyi
haqda məlumat verib. Cavabında isə onlar tərəfindən
Azərbaycanın mövqelərinin müdafiə olunduğunu
bildirib. Heydər Əliyev ayrıca olaraq
ABŞ prezidenti Bill Klintonun da məktub göndərərək
təkliflərlə razılaşdığını
vurğulayıb.
Heydər Əliyev Lissabon qərarını erməni təbliğatına
da zərbə hesab edib. O, Ermənistanın Dağlıq Qarabağ
münaqişəsi məsələsində təbliğatda
indiyə qədər Azərbaycandan üstün olduğunu,
Lissabonda baş verən veto qarşıdurmasından sonra isə
bu münaqişə ilə bağlı iştirakçı
dövlət rəhbərlərinin
maraqlandığını, eyni zamanda sammitin fəaliyyətini
izləyən dünya miqyaslı mətbuat orqanlarına da
münaqişə haqda məlumatların verildiyini bildirib.
Prezident Heydər Əliyev elə həmin gün mətbuat
nümayəndələrinə Lissabon sənədinin
danışıqlarda yeni mərhələ
açdığını, toplantıda destruktiv fəaliyyət
aparan Ermənistan tərəfi ilə anlaşma niyyətində
olduğunu bir daha elan edib.
Heydər
Əliyev 1996-cı il 6 dekabrda Lissabon
görüşünün əhəmiyyətini erməni tərəfinin
həmin prinsipləri qəbul etməməsi ilə deyil,
onların səsləndirilməsi uğrunda aparılan gərgin
mübarizəyə görə qiymətləndirib:
"Lissabon Zirvə görüşünün Azərbaycan
üçün böyük əhəmiyyəti bir də
ondan ibarətdir ki, biz həmin toplantıda Ermənistan - Azərbaycan
münaqişəsinin mahiyyətini açıb həm Zirvə
görüşünün iştirakçılarına, həm
də bütün dünya ictimaiyyətinə bildirdik."
Cavid
Xalq Cəbhəsi.- 2018.- 4 dekabr.-
S.9.