Çağdaş Güney Azərbaycan epik şeirinin qaynaqları

 

 

4-cü yazı

 

Qeyd etdiyimiz kimi, “Dədə Qorqud” dastanının və “Heydərba baya salam” poemasının güclü təsiri, ideya sistemi Səhəndi “Sazımın sözü” epopeyasını yazmağa sövq etmiş, milli-mənəvi sərvətlərimizə sahib çıxmağa, zəngin keçmişini yaşatmağa və təbliğ etməyə səsləyib. Öz kökünü, ilkini və qaynağını, hardan gəlib hara gedəcəyini yaxşı bilən B.Q.Səhənd bu əsərində xalqın folklorunun, onun tarixi keçmişinin, dilinin, ədəbiyyatının, mədəniyyətinin, mifoloji görüşlərinin, adət-ənənələrinin qədimliyini, özəlliyini daha təsirli və parlaq şəkildə əks etdirməyə müvəffəq ola bilib. Vətəndaş şair sinədəftər xalqının bədxahlarına, haqqını tanımayanlara onun ağız ədəbiyyatını, folklorunu tanıtmaq amacı ilə “Kitabi Dədə Qorqud” dastanının bütün boylarını nəzmə çəkmiş, “Sazımın sözü”, “Dədəmin kitabı” və “Qardaş andı” poemalar silsiləsini qələmə alıb, eyni zamanda bu əsərlərdə mənsub olduğu xalqın milli kimliyini göstərib. “Ümumən bu qəbilli şeir və poemaların əsas ruhunu soykökə qayıdış, tarixə və folklora yaradıcı münasibətin poetik təzahürləri kimi də qiymətləndirmək mümkündür”. “Sazımın sözüpoemalar silsiləsində xalq ruhunun, folklor ənənələrinin üstünlüyü isə əsərin ən spesifik cəhətlərindəndir.

 

Atlı çapar, tozu qalar,

Karvan keçər, izi qalar.

Hər aşığın dövranı var,

Özü gedər, sözü qalar.

Əslində, bu bəndlərin hər biri bayatı formasıdır və başdan-başa atalar sözləri ilə süslənib. Məsələn: Gün dolanar, ömür keçər, göstərilən hünər qalar”, “Yalan dünya vaya qalmaz, mərd igidin adı qalar”, “Karvan keçər, izi qalar”, “Hər aşığın dövranı var” və s. Şair bəzən poemalardakı dördlüklərin bütün misralarını: “Kəl döyüşünə kəl dözər, - demişlər, Döyüş asan gəlir gendən baxana, Ipin nə çəkdiyin doğanaq bilər, Aşdan soruş ocaq neylər qazana”,- atalar sözlərində saxlı müdrik fikirlərlə süslədiyini də görürük: Azərbaycan atalar sözlərindən - müdriklik çeşməsindən faydalanmaqla poemasında zəngin ədəbi ənənə yaradıb, məsləhət və tövsiyə xarakterli fikirlərə, frazeoloji birləşmələrə meydan verib. “Çobanı qəhər tutdu; Saxlaşdı, hirsin uddu...” misralarında şair Qaraca çobanın ağlamaq dərəcəsinə çatmasını “Çobanı qəhər tutdu” ifadəsi ilə qətiləşdirib, fikrinə bədii çalar verib, “hirsin uddu” ifadəsi ilə də çobanın sakitləşməsi səhnəsini canlandırıb.

Şifahi xalq yaradıcılığının ən çox yayılan, lakonik, lakin dərin məna qatına malik forması olan bayatıları ulu xalqımızın zülm və əsarətə qarşı üsyan səsi, könüllərin həsrətə dalmış təməli kimi dəyərləndirən Bəhruz Dövlətabadi Çayoğlu (1948) yaradıcılığında folklor ənənələri, bayatı və atalar sözləri xüsusi önəm kəsb edir. Şair irihəcmli əsərlərində, poemalarında da bayatı və atalar sözlərindən geniş şəkildə istifadə edib. Təsadüfi deyil ki, bayatı forma-sında yazdığı şeir və mənzumələri toplanmış kitabını da şair “Bayatı boyat olmaz” adlandırıb. Türk xalqlarının ədəbiyyatında bayatının müştərək bir folklor nümunəsi olduğunu gözəl bilən B.Dövlətabadi elin bu mötəbər söz xəzinəsini öz orijinal töhfələrilə zənginləşdirib:

 

Bayatı gün sözüdür,

Zamananın gözüdür.

Hər nə demiş babalar,

Həqiqətin özüdür.

Şairin atalar sözlərindən zərgər dəqiqliyi ilə istifadə etməsi də mütərəqqi ideyalı yaradıcılığı üçün başlıca zəmin yaradır. Ac adamın gözləri də ac olar”, “Cızığından çıxan kəs dəli olar”, “Eşşəyinə nal vurmamış yük çatma”, “Elinə kim gülsə evinə gülər”, “Arvadı darda sınarlar, kişini varda”, “Az yeyənin azarı da az olar” və s. bu folklordan gəlmə deyimlər, şübhəsiz ki, onun poeziyasına, xüsusən, “Xatirələr dünyası” poemasına xüsusi bir ovqat, milli çalar gətirir.

Kərim Məşrutəçi Sönməzin (1928) bütün poemalarında lirizm başlıca üslub keyfiyyəti kimi qabarıqdır. Poetik monoloq, xitab, lirik ricət, xatirat şairin üslubunu şərtləndirən mühüm cəhət kimi görünsə də, o, müəyyən ibrətamiz əhvalatlardan, xalqın dilində yaşayan hekayətlərdən aldığı süjetlərdən də sənətkar məharəti ilə poemalarında istifadə edib. “İsanın son şamı” və “İtin vəfası” poemalarının mövzusunu Sönməz xalq arasında yayılmış əfsanə və rəvayətlərdən götürmüş, poetik sözün qüdrətilə mükəmməl sənət inciləri yaradıb.

İtin vəfası”nda insanı mənəvi-əxlaqi saflığa çağırış motivləri bədii niyyətin, müəllif qayəsinin əsasını təşkil edir. Şifahi xalq ədəbiyyatında folklorda itin insana sonsuz sədaqəti haqqında xeyli bədii nümunələr var. Müəllif “bu poema Viktor Hüqonun şeirindən mütəəssirdir”, - desə də, həmin əfsanə məhz folklor nümunəsi, şifahi xalq yaradıcılığının məhsuludur. Sönməzin bədii məntiqi diqtə edir ki, insan gərək hər an uçurum qarşısında dayandığını dərk etsin, öz məhvərindən çıxmış dünyanı xeyirxah əməlləri, humanizmilə məhvərinə qaytarmağa cəhd göstərsin, sellər, daşqınlar güc gəlsə də, çayı məcrasından çıxıb daşmağa qoymasın. Ümumiyyətlə, Sönməz poeziyasında hakim mövqe tutan nikbinlikmübarizlik, ədalətin qüdrətinə, haqqın əzəli və əbədiliyinə inam səciyyəvi keyfiyyət kimi poemalarında da ön plandadır.

Göründüyü kimi, şifahi xalq yaradıcılığına sıx bağlı olan Güney şairlərinin yaradıcılığı folklordan seçmələr və atalar sözləri ilə zəngindir. Şəhriyarın əsərlərində “Dostla mürüvvət etməli, düşmən ilə keçinməli”, “Pis bəşərin qaydasıdır yaxşını tapsa dolaşa”, “Yer ki, bərk olur, öküz öküzdən inciyir”, “İp qırılmaz, can çıxmaz”, “Düz yerdə bizim ulaq gedə bilmir, şumda şıllaq atır”, “Xatəm (üzük-E.Ş.) çıxıbdır Süleyman əlindən, Badımcan çoxu bazılarda küçüklər”, “Dədəm mənə kor deyib, hər gələni vur deyib”, “Yoldaş, məni qurd apardı - (oyun adıdır - E.Ş.) oynardıq”, “Çox Bakıdan fanar gəlir, oxurduq” (qədim mahnıdır)”, “Farslar deyir: “Cuyəndə yabəndə”di (axtaran tapar), “Əl atıb Allahın ətəyindən tut”, Savalanın poemalarında “Hər gecənin gündüzü var”, “Yaxşıdan yaxşılıq törər”, Ə.N.Oxtayın “Tülkü kitabı” poemasında isə “Gələr bir gün çörək heç dişləməzlər, Və dünyada çalışmaz, işləməzlər”, “Yatma aslan kölgəsində, qoy yesin aslan səni”, “Köpək qursağı sarı yağ götürməz” və s. kimi atalar sözləri, zərb-məsəllər onların açmaq istədiyi mətləblərin dəqiq və konkret ifadəsində əvəzolunmaz rol oynayır. Əlbəttə, M.Ə.Harayın istinad etdiyiKor tutduğun bıraxmayır” deyiminin mənası hər kəsə məlumdur, ancaq:

 

Eynalıdan qızıl umub,

Sərmayanı verən bada!

 

- atalar sözünün kəsb etdiyi məna oxucuya bir qədər qaranlıq qalır və bu məqamda izah tələb olunur: Eynalı dağı Təbrizin yaxınlığında qırmızı torpağı olan bir dağdır və burada qızıl olduğu söylənir. Ancaq gəliri çıxarını qarşılamaz durumdadır. Buna görə də xalq arasında “boşuna əmək, boşuna qeyrət” anlamında bir deyim yaranmış və “Eynalıdan qızıl ummaqkimi yaşarılıq qazanıb.

Soydaşlarını dillərdə əzbər olan, məsəllərə dönən ata və babaların sözlərini duyub qanmağa səsləyən Səhənd “Aydan arı, sudan duruata sözünü “Aydan-aydın, gündən-duru” kimi orijinal bir formada işlədib, “Eşqin tərsi, avandı olmaz” kəlamını isə “Məhəbbətin “gər bu başı, gər o başı” deyə-deyə, Müxənnəsi “Muradbilib, Erkəklərə könül vermiş” bəndində çox böyük ustalıqla bədii məqsədinin ifadəsinə vasitə-açar seçmişuğurlu nəticə alıb.

Odun, ocağın folklorumuzda, xalqın inanc dünyasında, mifologiyasında, tarix və ədəbiyyatımızda özəl yeri vardır və hər iki məfhumla bağlı özünəməxsus yozumlar mövcuddur. Əski çağlarda bəri odla ocağın xalqımızın və bəşəriyyətin həyatındakı əvəzsiz xilaskarlıq rolu odu, ocağı qutsallaşdırıb, and yerinə çevirib və “Od haqqı”, “Ocağa and olsun”, ”Ocağın sönməsin” kimi dua və alqışların, “Ocağın kor qalsın”, “Ocağın yanmasın, boş qalsın” kimi qarğışların yaranmasına səbəb olub. Od və ocağın mistik ədəbiyyatımızda obrazını yaradan yazarlar kimi M.T.Zehtabi də “Şahin zəncirdə” poemasında odun, ocağın xalqın həyatındakı əvəzsiz xilaskarlıq roluna, eləcə də Azərbaycanın odlar yurdu kimi tanınmasına işarə edərək təlmih yaradır və obrazın yeni variantını təqdim edir:

 

Coşqun ləpələr, canlı həyat aşiqi tək mən,

Göydən görərək bunca büsatı,

Atdım o həyatı,

Yurdu, eli, yarı,

Ta od aparım xəlqimə dərman...

 

Ə.N.Oxtayın qənaətinə görə, folklor bəşərin qaranlıq keçmişlərindən açılan işıqlı bir pəncərədir. Bu pəncərədən xalqın didərgin övladlarını, onun müharibə və vuruşlarını, dərd və sevinc anlarını, nisgillərini, təfəkkürünün mahiyyətcə tədricən dəyişməsini və bütövlükdə dünyamızın dəyişməsini görmək mümkündür. Əlbəttə, “söz sənəti nə qədər, təbiətlə, insanın lirik duyğu və düşüncələri ilə bağlıdırsa, bir o qədər də həyatla, ictimai proseslərlə, cəmiyyət quruculuğusiyasi mübarizələrlə bağlıdır.

Güney Azərbaycan ədəbiyyatında Şəhriyardan başlayaraq XX əsrin sonlarına doğru ədəbi hərəkatda təmsil olunan əksər şairlər öz yaradıcılıqlarında folklordan - xalq ənənəsindən, şifahi xalq ədəbiyyatı xəzinəsindən yüksək sənətkarlıqla bəhrələniblər. Bu, onların fikrlərinin təsir gücünü daha da artırmaqla yanaşı, əsərlərinə forma əlvanlığı, ən başlıcası, milli ruh da gətirib. Bir sıra çağdaş poema nümunələrinin Azərbaycan şifahi xalq ədəbiyyatının mif, əsatir, dastan, nağıl, əfsanə süjetlərinə söykəndiyi, təhkiyə tərzindəki folklor qatı, ümumiyyətlə, folklor poetikasının poemaya nüfuzu açıqlanıb və bu qənaətə gəlinib ki, poema bütün hallarda xalq təfək-kürünə söykənir. Milli folklor ənənələri tədqiqatın mərkəzinə gətirilir. Çağdaş Azərbaycan poemasındakı milli özünəməxsusluğun kökləri, öncə, mənzum romanfolklor əlaqələrində axtarılır. Çünki güclü etnik-mədəni əsaslar üzərində boy verən ədəbiyyat böyükdür, eposa, epos mədəniyyətinə söykənməyən ədəbiyyat nəhəng ola bilməz.

 

 

Esmira Fuad

Filologiya üzrə elmlər doktoru

 

Xalq Cəbhəsi.- 2018.- 5 dekabr.- S.14.