Etməsin tək vətənimdən məni
dünyada…
Mehmed Akif
Ərsoy (1873-1936)
1-ci yazı
İstiqlal marşı şairi kimi tanınan, türk şeirinə ən üstün keyfiyyətlər gətirən Mehmed Akif Ərsoy 1873-cü ildə İstanbulda anadan olub. Atası Tahir Əfəndi savadlı olduğundan oğlunun təhsil almasına xüsusi fikir verib. Daha doğrusu, ilk əvvəllər Mehmed Akifin təhsili ilə özü məşğul olmuşdur. O, məktəbə dörd yaşında ikən gedib. Məhəllə məktəbini bitirdikdən sonra orta təhsilini Mülkiyyədə tamamlayıb. Paralel olaraq evdə atasından çox şeylər öyrənib. Atası mötəbər bir dindar olduğu üçün islami fəlsəfəni oğluna öyrədib. O, ana dili kimi bildiyi ərəb dilini də atasının köməyi ilə mənimsəyib. Mehmed Akif xatirələrində atası haqqında belə yazır: “Mənim həm atam, həm də müəllimimdir. Nə bilirəmsə ondan öyrəndim.” Atasının vəfatından sonra o, təhsilini yarımçıq qoymayıb, Baytarlıq məktəbinə daxil olub, oranı yüksək qiymətlərlə başa vurub. Yüksək dərəcəli diplom alaraq Ziraət Nəzarəti idarəsində məmur olub. Bir müddət Rum, Anadolu, Ərəbistan, Ədirnə, Adana və s. yerlərdə işləyib. Bundan sonra o, İstanbula gələrək vilayət baytarlıq mərkəzinin direktor müavini vəzifəsini daşıyıb. Mehmed Akif 1908-ci ildə İstanbul Darülfununun ümumi ədəbiyyat şöbəsinə müdir təyin olunub. Artıq Mehmed Akif daha çox ədəbiyyatla məşğul olmağa başlayır. Divan ədəbiyyatını öyrənməyə böyük maraq göstərir. Eyni zamanda mükəmməl bildiyi fransız dilinin köməyi ilə Avropa ədəbiyyatını öyrənir, bu ədəbiyyata yeni maraqlar daxilində münasibət bildirirdi. Aparıcı şərq və qərb dillərini bildiyi üçün Mehmed Akif hər iki dünyanın mədəniyyətindən müqayisələr aparacaq dərəcədə xəbərdar idi. Ancaq qeyd etmək lazımdır ki, Şərq və Qərb ədəbiyyatlarını mənimsəmək, onların yaxşı cəhətlərini görmək Mehmed Akifdə bu mədəniyyətlərə aludəçilik yaratmadı. Öz millətini və ədəbiyyatını sevən şəxs kimi o, adı çəkilən ədəbiyyatların, xüsusilə Qərb ədəbiyyatının yaxşı keyfiyyətlərinin düşünülmüş, ölçülmüş şəkildə Türkiyədə tətbiqinə çalışdı. Mehmed Akif Əşrəf Ədibin 1908-ci ildə çıxardığı “Sirəti-müstəqim” adlı məcmuəsində fəal iştirak edir. 1908-ci ildə Türkiyədə baş vermiş inqilabi dəyişikliklərin təsiri ilə yazdığı yazılarını burada çap etdirirdi. Bu yazılar mahiyyət etibarilə milli və islami görüşləri əks etdirdiyindən Mehmed Akifə olan rəğbət durmadan artırdı. O, 1913- cü ildə rəsmi vəzifə daşımaqdan imtina edir. Bundan sonra onun azad, sərbəst həyat dövrü başlayır. Misir və Mədinəyə səyahət edir. 1914-cü ildə alman-türk dostluq əlaqələri ilə bağlı Berlinə gedir. 1920-ci ildə İstiqlal savaşı zamanı Mehmed Akif İstanbulda idi. O, Ankaraya gələrək izdiham qarşısında nitq söyləyir və xalqı birliyə çağırır. 1921-ci ildə yazdığı “İstiqlal marşı” üzvü olduğu Böyük Millət Məclisində dörd dəfə oxunur və qəbul edilir. Qeyd edək ki, onun şeiri himn üçün müsabiqəyə təqdim olunan 724 şeirin içindən seçilərək bəyənilmişdi. Yeni yaranan Türkiyə Cümhuriyyəti Mehmed Akifin idealı idi. Lakin islami dəyərlərə münasibətdə Cümhuriyyət qanunları ilə şairin münasibətlərində müəyyən üst-üstə düşməyən hallar ortaya çıxdı. Qeyd edək ki, Mehmed Akif vətənsevərlik ideyalarına sədaqət göstərməklə, islami dəyərlərə də möhkəm tellərlə bağlı idi. Hər iki dəyərlər onun idealının ayrılmaz tərkib hissəsi idi. Amma Cümhuriyyətin ilk illərində islami dəyərlərə münasibət şairin qəlbinə hakim kəsilən hisslər formasında özünə yer tapmadı. Mehmed Akif bu səbəbdən Misirə getdi. Orada türk dili və ədəbiyyatı müəllimi işlədi. Misirdə ağır xəstəliyə düçar oldu. Ölümünün yaxınlaşdığını hiss etdiyindən İstanbula gəldi. 1936-cı ildə Mehmed Akif əbədi olaraq gözlərini yumdu. Onun ölümünə rəsmi dairələr tərəfindən heç bir reaksiya verilməsə də, vətənsevər gənclər istiqlal şairinin tabutunu dövlət bayrağına bükərək izdihamlı şəkildə dəfn mərasimi təşkil etdilər.
Mehmed Akif Ərsoy yaradıcılığı türk və islami ideyalar zəminində formalaşan, boy atan sənətdir. Vəhdət şəklində birləşən bu ideyalar Mehmed Akifin yaradıcılıq fəlsəfəsinin mərkəzində dayanır, geniş mənada isə milliliyin göstəricisinə çevrilir. Ədəbiyyat və sənət aləmində “istiqlal marşı şairi” kimi şöhrət tapan Mehmed Akif müəyyən ədəbi cərəyanlar müstəvisində özünəməxsus üslubu və yolu olan və bir çox hallarda ədəbi cərəyan hüdudlarını aşaraq tam fərqli formada təsir bağışlayan sənətkardır. Mehmed Akif yaradıcılığının əsasını şeirləri təşkil edir. Onun şerlərinin əksəriyyəti “Səfahət” adı ilə çap olunmuş yeddi cildlik kitablarda toplanıb. Sözsüz ki, hər kitabın da ayrılıqda öz adı vardır. “Səfahət” adı “mərhələ’’, “həyat mərhələsi’’, “həyat görüşləri” mənalarına uyğundur.
11240 misradan ibarət olan “Səfahət’’də 108 mənzum əsər verilib. Şairin öz dəsti-xətti ilə hazırladığı bu kitablar 1908-ci ildən ömrünün axırına qədər yazdığı nümunələrdən tərtib edilib. Onu da qeyd edək ki, Mehmed Akifin 22 yaşından 35 yaşına qədərki şeirlərinin heç biri, o cümlədən, sonrakı yaradıcılıq nümunələrinin müəyyən qismi “Səfahət’’ə salınmayıb. “Səfahət’’in I cildi eyni ad, II cildi “Süleymaniyyə kürsüsündə’’, III cildi “Haqqın səsləri’’, IV cildi “Fateh kürsüsündə’’, V cildi “Xatirələr’’, VI cildi “Asım’’, VII cildi isə “Köl-gələr” adı altında çap olunmuşdur. Bu kitablardakı nümunələr şairin ictimai-siyasi problemlərə münasibətini və həyati görüşlərini əks etdirmək baxımından diqqəti cəlb edir.
Mehmed Akif ilk növbədə “istiqlal marşı şairidir.” “İstiqlal marşı” şeiri 1921-ci ildə yazılıb. Qeyd edək ki, 1920-ci ilin axırlarında Türkiyə qəzetlərində “İstiqlal marşı” yazmaq üçün müsabiqə elan olunur. Maarif Nazirliyi tərəfindən təşkil edilən bu müsabiqə şərtinə görə qalib şəxsə 500 lirə pul mükafatı veriləcəyi nəzərdə tutulur. Lakin ilk mərhələdə müsabiqəyə təqdim olunan şeirlərin heç biri qəbul edilmir. Buna görə maarif naziri Həmdulla Sübhi Mehmed Akifə üz tutur və onun müsabiqəyə qatılmasını xahiş edir. Mehmed Akif isə “pul üçün şeir yazmaram” deyərək müsabiqəyə qoşulmur. Yalnız heç bir pul ödənilməməsi şərti ilə müsabiqə tələblərinə uyğun şeir yazmağa razılıq verir. Bundan sonra Mehmed Akif “İstiqlal marşı’’nı yazır və şeir müsabiqə komissiyası tərəfindən bəyənilir. Türkiyənin dövlət himni kimi qəbul edilən bu əsər əslində himn üçün müsabiqəyə təqdim olunan 724 şeir içərisindən seçilir. Nəzərə çatdıraq ki, Mehmed Akif şərtləşdiyi kimi qalibə çatacaq pulu qəbul etmir, onun İslam qadın və uşaqlarının ehtiyacını ödəmək üçün “Darül-məsai” adlı təşkilata verilməsini xahiş edir. “İstiqlal marşı” Türkiyənin o vaxtkı mövcud ictimai-siyasi vəziyyətini xarakterizə etmək və ölkənin sabahına inam nümayiş etdirmək baxımından əhəmiyyətlidir.
Arkadaş! Yurduma alçaqları uğratma sakın,
Sipər et gövdəni, dursun bu həyasızca axın.
Doğacaqdır sənə vəd etdiyi günlər Haqqın,
Kim bilir, bəlkə yarın, bəlkə yarından da yaxın.
Elman Quliyev
filologiya üzrə elmlər doktoru, professor
Xalq Cəbhəsi.- 2018.- 6 dekabr.-
S.14.