Güney Azərbaycan: klassik şeir və epik şeir

 

 

2-ci yazı

 

Bəhruz Dövlətabadi Çayoğlunun (1948) “Azadlıq quşu” poemasında isə folklor naxışı ilə bərabər, Nizami və Füzuli ruhu da aşkar hiss olunur. “Şəmə pərvanə, gülə bülbül” nə qədər gərəkdirsə, “insana da azadlıq” o qədər gərəkdir inamında olan B.D.Çayoğlu Nizaminin “Xosrov və Şirin” poemasının baş qəhrəmanlarından birinin - Fərhadın eşqi yolunda dağ çapması motivinə işarə edərək bu məqamı Güney Azərbaycan xalqının azadlıq istəyinə, özgürlük, bağımsızlıq diləyinə bağlayıb. O, təlmih üsulundan məharətlə istifadə etməklə əsərdə ənənəvilik prinsiplərini böyük ustalıqla gözləyib, gerçək sevginin əbədiyaşar olduğuna diqqət çəkib:

Yanmasaydı Qeys Leylanın fərağında, bala,

İstəsəydi rahət olub mahın kənarında qala,

Nə əsər qalmışdı Məcnundan, nə eşqin dəftəri,

Sizlərdə yer tutub olmazdı dillər əzbəri.

M.T.Zehtabi “Şahin zəncirdə” poemasında Şərqin əbədi şölələnən zəka məşəli sandığı Nizaminin “İsgəndərnamə” poemasının baş qəhrəmanın - İsgəndərin dirilik suyu axtarması motivinə söykənərək dünyaca məşhur fatehin dirilik suyunu axtarmaq üçün zülmətə getməsini, lakin bütün bu səylərin boşuna, həyatın əbədi, insanların isə gəldi-gedər olduğunu göstərib: Şərqin əbədi məşəli, dahi, ulu İlyas Əfsanə libasında deyibsə də, əfsanə sayılmaz. Zülmətdir o dağlar, o demişdir: Qatı zülmət! İskəndər əgər tapmaq üçün "abi- həyat”ı Zülmətlərə üz qoydu, məgər tapdı nəhayət?

Səməd Vurğun İran irticaçılarının 1930-cu illərdə Güney Azərbaycanda Azərbaycan türkcəsində olan kitabları xüsusi vəhşiliklə yandırmalarından hiddətlənərək 20 yanvar 1947-ci ildə “Yandırılan kitablar” adlı bir şeir yazmış və vətəndaş şair bu hökmü imzalayanları da, hökmün icraçılarını da cəllad adlandırmışdı.

Bizə elə gəlir ki, Mənuçöhr Əzizi Haray (1936) “Yandırılan sazlar” poemasını 30-40 il sonra məhz bu şeirdən təsirlənərək qələmə alıb. Bu addımın atılmasının dərin kökləri vardır. Axı, “Tarım mənim”, “Səbanın tarı”, “Unudulmuş saz”, “Suzi-saz”, “Qəmli ney”, “Saz və yanğı”, “Tacbəxşin kamanı”, “Yanıqlı saz” və s. qəzəllərində ustadı Şəhriyar da tar, saz və ney kimi musiqi alətlərini xalq mənəviyyatının, xəlqi xüsusiyyətlərin daşıyıcısı kimi qiymətləndirirdi. “Çaldığın sazda ötən mən yazığın naləsidir”, - deyən şair saz və tarı insanın ürək yanğısının, dərdlərinin melodraması, məlhəmi kimi dəyərləndirir və dədə-babalarımızın günümüzədək qoruyub saxladığı bu qədim alətləri Azərbaycan milli varlığının təzahürü sayırdı. Beləliklə, tara, yaxud türkün qan yaddaşı olan saza şairin odlu məhəbbəti bir vaxtlar Quzey Azərbaycanda da tarın musiqi aləti kimi qadağan edilməsini gündəmə gətirən milli xəyanətkarlara cavab olaraq nakam şairimiz Mikayıl Müşfiqin “Oxu tar” şerini yada salır.

 

Oxu tar, oxu bir kadar!..

Nəğməni su kimi alışan ruhuma çiləyim.

Oxu tar, oxu tar!.. Səni kim unudar?

 

Təbii, bu misralar milli musiqimizə, milli çalğı alətlərimizə, bütövlükdə mədəniyyətimizə böyük sevgisi olan Şəhriyarın odlu qəlbini təlatümə gətirməyə bilməzdi. Quzeydə baş verən ədəbi prosesdən radio dalğaları vasitəsilə xəbər tutan şair qan qardaşının ürəyini yerindən oynadan səsinə, təbii ki, ”Tarım mənim” kimi əsərlərilə səs verməli idi.

Tarix geri qayıtmır, sadəcə zaman-zaman təkrar olunur. Mənuçöhr Əzizi Harayın uzun illərdən sonra “Yandırılan sazlar” poemasını yazması da 1980-ci illərdə İranın mürtəce din xadimləri tərəfindən Güney Azərbaycanda milli musiqi alətlərinin qadağan olunmasına qarşı etiraz, xalqın qədim mədəniyyət nişanələrinin məhv edilməsinə, insan haqq və hüquqlarının tapdanmasına, bir millətin mənən şikəst olunmasına yönəldilmiş siyasətə qarşı protest idi. Poemadan bəzi misralara diqqət edək:

 

Qaranlığa məhkum olan köhnə beyin adamlardan,

Nə ummuşam, nə küsmüşəm!

Bu məntiqə inanmışam:

Hər bir illət bir məluldan asılıdır.

Camiədə hər bir eniş, hər bir yoxuş,

Şəraitdən, illətlərdən asılıdır.

Qaranlığa məhkum olan,

Köhnə beyin adamlar da min bir illət məhsuludur.

Lakin bu bir faciədir...

İllər boyu dustaq həyatı keçirən, sürgünlərdə zillət çəkən ziyalıların milli və bəşəri düşüncələrini inkar edən mürtəceni insanları səfalət və zülmətlərdən xilas edən bir xilaskar kimi təqdim edən məmləkətdə bundan artıq nə gözləmək olar? Sanki bu ölkədə insanların bəstələdiyi minlərlə oyun havaları, yeddi muğam dəsgahı, xalq mahnıları, aşıq havaları çalınmayıb, heç bir vaxt ifa edilməyib və oxunmayıb. Elə bil hər şey zülmət qaranlıq içində dərin və mənalı bir sükuta dalıb. Bu mənalı dərin sükutda Haray hərəkətsiz, musiqisiz bir yaşayış, səssiz-sədasız, musiqisiz, hərəkətsiz - dəhşətli, vəhşətli bir aləm duyur və mədəniyyət daşını döşlərinə döyəcləyən, ziyalı adını daşıyanların yaratdığı bu duruma etirazını bildirir. Mənuçöhr Əzizi Haray “Yandırılan sazlar” poemasında klassiklərdən M.Ə.Sabir, Şəbüstərli Möcüz, Cəlil Məmmədquluzadə, Səməd Vurğun kimi söz xiridarlarının, hətta Avropanın elm korifeyləri Qaliley və Nyutonun da adlarını çəkməklə sanki onların da səsinə səs verir, özünün, biçarə xalqının halına acıyaraq qəzəblə, sözlərinə bir qədər də ironik tərz qataraq deyir:

 

Bəlkə Sabir səhv eliyib ki, günü parlaq, günüzü ağ,

Gecəni tar, bədi bəd, əyrini əyri, düzü həmvar yazıb.

Bəlkə Sabir düşünməyib, gözü görüb,ağlı kəsib,

mavi göydə həqiqəttək işıq günü dananmayıb.

Şəbüstərli Möcüz necə? Məmmədquluzadə necə? Səməd necə? Qalileylər, Niyotonlar,

Həqiqətin yollarında şirin canın təslim edən qəhrəmanlar,

Yenidənmi çəkilsinlər məhkəməyə?

 

Şairin lirik qəhrəmanı bütün bunları dana, məqsədə, hədəfə yetmək üçün min bir incə, zərif işlərə əl qatan siyasətə milli dəyərləri sata bilmərəm, - deyir.

Mirməhəmməd Musuinin “Göydərə” poeması üslubuna görə Şəhriyarın “Səhəndim”ini, əhatə etdiyi məzmun və məna dairəsinə görə isə “Heydərbabaya salam”ı xatırladır. Lakin süjet və struktur quruluşundakı fərq bu poemaları bir-birindən ayırır:

 

Göydərə qızları ipdən corablar toxuyarlar,

İşvəli sevgililər - yar gələcəkdir - oxuyarlar.

 

Ustad Şəhriyarın təsvirində isə bu, bayram öncəsi nişanlı qızların gördüyü ən ilginc işlərdən biridir:

 

Bayram idi, gecə quşu oxurdu,

Adaxlı qız bəy corabı toxurdu...

 

Oxşar və fərqli xüsusiyyətlər hər iki şairin sənətkarlıq məziyyətlərini müəyyən edən arqumentlərdir.

Güney Azərbaycan ədəbiyyatında, eləcə də folklor nümunələrində Vətən, özgürlük, ana dili, milli kimlik kimi aparıcı mövzulardan biri də ana məhəbbəti, ana-valideyn-övlad münasibətləridir ki, hər bir dövrdə bütöv ədəbiyyatımızın aparıcı mövzularından biri olmuşdur. Bu məhəbbətin müqəddəsliyi, ucalığı qarşısında hər kəs baş əymiş, dünyanın bütün xalqları, tarix, bəşəriyyət Ana adını, Ana şərəfini hər zaman uca tutub. Türkün şanlı keçmişinin bədii salnaməsi olan "Kitabi-Dədə Qorqud" dastanında da: “Ağ südün əmdiyim, qadınım Ana, Ağ birçəkli, izzətli canım Ana!” kimi ifadələrdə Ana ucalığı, Analıq şərəfi öz dəyərini qoruyub. Məhz müqəddəs və ən uca ideya-məzmun daşıyıcısı kimi Ana mövzusu folklordan yazılı ədəbiyyata süzülüb, klassik və çağdaş ədəbiyyatımızda riqqətli didaktik mahiyyətini saxlayıb. Ancaq bu müqəddəs varlığa, oda aşiq pərvanə kimi övladlarının başına dolanan Anaya dönük çıxıb nankorluq edənlər də olduğundan bu münasibətlə bağlı xalqın söz xəzinəsində günümüzədək gəlib çıxan rəvayət və əfsanə¬lər, müdrik kəlamlar da yaranıb. Cəlil Məmmədquluzadə “Anamın kitabı”, Əli Kərim “Qaytar ana borcunu”, C.Cabbarlı, “Ana”, H.Cavid “Ana”, Savalan “Ana”, Sönməz “Mən ana deyəndə”, Xəlil Rza Ulutürk, Qabil, Cabir Novruz, Nəriman Həsənzadə və b. söz ustadları təxminən eyniadlı əsərlər qələmə alaraq bu bəşəri mövzu qarşısında sanki öz şairlik-övladlıq borcunu ifadə ediblər.

Fars dilində yazıb-yaradan türkəsilli böyük Azərbaycan şairləri İrəc Mirzə, Arif Qəzvini, eləcə də çağdaş fars ədəbiyyatının görkəmli nümayəndəsi, “Əfsanə şairi” kimi tanınmış Nima Yuşic ana mövzusunda poemalar yazıblar. Həm də N.Yuşic İ.Mirzə və M.S.Şaminin də əsas götürdüyü “Ana ürəyi” əfsanəsinin motivləri üzərində yazdığı “Əfsanə” poeması ilə oxucularının könlünü fəth edib. Çağdaş dövrün ünlü şairi Mahmud Sadıqpur Şami isə məhz İrəc Mirzənin “Ana”sından təsirlənərək “Ana ürəyi” adlı poema qələmə alıb. Bu ədəbi təsiri təsdiqləyən Şami ana mövzusunda bir yox, iki - “Ana ürəyi” və “Necə şair yarandım mən?” poemalarını yazıb, qucağında gül-çiçək ətrinə batdığı, şirin nağıl, dastan, əfsanə və rəvayətlərini dinləyərkən addım-addım uçub ulduzlara qonduğu, qoynunda bəxtiyar olduğu, həm də folklor nümunələrində əsrlərdən bəri öz sabit mövqeyini qoruyub saxlayan “Məhəbbət ilahəsi”nə sevgisini bildirmiş, ona olan övladlıq borcunu yerinə yetirməyə çalışıb. Şami şairliyin cücərtilərini qəlbində göyərdən anasının onu bu uca məqama necə yüksəltdiyini “Necə şair yarandım mən?” poemasında misra-misra etiraf edir, sözlə füsunkar bir Ana tablosu yaradır. Anasının söylədiyi dadlı-duzlu bayatılar, tapmaca və qoşmacalar, həşərat və quşlar, heyvanlar haqqında nağıllar, qəhrəmanlıq dastanları incə xəyalında silinməz izlər qoyur, qəhrəmanlar, pəhləvanlar, adamyeyən “dəmir daş”lar, yeddibaşlı əjdahalar, qanadlı dəvələr, pərilər, ruhlar, cinlər, ifritələr - hər biri öz məzmununa uyğun sıraya düzülür. Anası ona gələcək səadətli günlərindən, məhəbbət və ədalətdən, sazlı-sözlü ozanlardan, aslan güclü, polad biləkli babalardan da söz açarmış:

 

Anam tutub qollarımdan,

Məni hər gün aparardı,

Görmədiyim dünyalara.

Fikir, xəyal aləminə,

Şirin-şirin röyalara.

"Min bir gecə ” dünyasına.

 

Esmira Fuad

Filologiya üzrə elmlər doktoru

 

Xalq Cəbhəsi.- 2018.- 11 dekabr.- S.14.