Azərbaycan ifaçısı Riqada mükafata layiq görülüb
Dekabrın 6-dan 9-dək Latviyanın paytaxtı Riqa şəhərində “Riga Symphony” VII Beynəlxalq musiqi festivalı keçirilib. Festival gənclər arasında mahnı yaradıcılığını populyarlaşdırmaq, müxtəlif ölkələrin nümayəndələri arasında dostluq münasibətlərini, yaradıcılıq əlaqələrini möhkəmləndirmək, habelə Latviyanın və digər Baltik ölkələrinin mədəniyyətini və milli ənənələrini təbliğ etmək, eyni zamanda öz ifaçılıq məharətinin və milli mədəniyyətlərinin özünəməxsusluğunu nümayiş etdirmələrinə şərait yaratmaq məqsədi daşıyan vokal müsabiqədir.
Bu il festivala rekord sayda iştirakçı – 26 ölkədən 301 ifaçı qatılıb. Festivalda ölkəmizi Nigar Cəlilova (xalq musiqisi ifaçılığı) və Ləman İbrahimova (dünya hiti) təmsil ediblər. Azərbaycan Milli Konservatoriyasının dördüncü kurs tələbəsi Nigar Cəlilova “Başına mən dolanım” mahnısı ilə “Folklor” nominasiyasında ikinci yeri tutub və gümüş medala (“Sliver Symphony”) layiq görülüb.
Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının, Yelena Obraztsova Beynəlxalq Musiqi Akademiyasının məzunu Ləman İbrahimova “Pop-musiqi – dünya hiti” nominasiyasında qızıl medal (“Gold Symphony”) qazanıb. O, festivalın əsas mükafatı uğrunda yarışmaq imkanı əldə edən az sayda iştirakçılardan biri olub. Azərbaycan nümayəndəsi öz nominasiyasında müsabiqənin Qran-pri mükafatını qazanıb. Latviyadakı Azərbaycan diasporunun nümayəndəsi Həsən Rəhimov da fərqlənib. O, “Akademik vokal” nominasiyasında birinci mükafata layiq görülüb.
Qalibləri nüfuzlu musiqiçilərdən, ifaçılardan, beynəlxalq musiqi müsabiqələrinin təşkilatçıları olan prodüserlərdən ibarət münsiflər heyəti müəyyənləşdirib. Bakı Musiqi Akademiyasının professoru, Əməkdar incəsənət xadimi Zümrüd Dadaşzadə münsiflər heyətinin tərkibində olub.
“Riga Symphony”
festivalı Yelena Şvilpenin
əvəzsiz bədii rəhbərliyi ilə dekabr
ayında keçirilir. Bu
da Milad bayramı
günlərində Riqanın gözəlliyini və bənzərsizliyini
xüsusi qabardır, diqqəti
latış mədəniyyətinin musiqi
rəngarəngliyi üzərində cəmləyir. Festival dövründə gənclər Latviya və Riqa
haqqında mahnılar öyrənib ifa etməklə
yanaşı, bu gözəl diyarın zəngin
mədəniyyəti, onun nadir
təbiəti və görməli yerləri ilə
tanış olmaq imkanı əldə
edirlər. Festival, eyni
zamanda müxtəlif ölkələrdən
olan gənc bəstəkarlar və
müğənnilər arasında ifaçılıq təcrübəsini
bölüşmək imkanı yaradır.
Xalq
Cəbhəsi.- 2018.- 11 dekabr.- S.16.