Güney Azərbaycan: ədəbiyyatşünaslıqda
poema janrının tədqiqi tarixindən
2-ci yazı
Şübhəsiz ki, məzmunu klassik divan ədəbiyyatına
uyğun gəlməyən bir əsərin ədəbi zirvəni
fəth etməsi farslara da qəribə gəlirdi. Həmid Nitqi
Avropanın və dünyanın mərkəzlərindən
birində - İngiltərədə yaşayarkən Qulamrza Səbri
Təbrizi ilə birlikdə ““Heydərbabaya salam” - (Xalq
türkcəsi şeir dili ilə klassik farsca şeir dilinə
müqayisəli bir baxış)” adlı məqalə
yazır və bu dəyərli yazı ingilis dilində dərc
olunur. “Varlıq” jurnalında dərc olunmuş “Heydərbabaya
bir deməli sözüm var”, “Heydərbabadan Savalana” məqalələrində
isə poemanın özəlliklərini şərh edir,
şairin bu əsərini böyük hünər, hətta ədəbi
qəhrəmanlıq kimi dəyərləndirir,
çağdaş Güney Azərbaycan ədəbiyyatında
yeni ruhlu, yeni təfəkkürlü modern şeir, poema yaradıcılığı
istiqamətində bir mayak olduğunu təsdiqləyirdi.
Müəlliflər vurğulayırlar ki, əsrlər boyu
Arazın o tayında Azərbaycan türkcəsi ciddi təzyiqlərə
məruz qalsa da, bu qutsal diyarda ana dilinə, milli mədəniyyətinə
dəyər verən aydınlar, ziyalılar yetişmiş,
Şəhriyar isə bu ziyalı təbəqəsinin
önündə getmiş, Güney xalqının qürur
tapınağına, iftixar mənbəyinə çevrilib.
Qeyd edək ki, XX əsr Güney Azərbaycan ədəbiyyatında
poema janrının öyrənilməsi və tədqiqi məsələləri
daha çox ustad Şəhriyar və onun sənət möcüzəsi
- “Heydərbabaya salam” poeması ilə bağlıdır. İrəc Mirzə, Məliküşşüara
Bahar, Əbdüləli Karəng, Mehdi Rövşənzəmir,
Əli Zəhri, Nüsrətulla Fəthi Atəşbak, Seyid Məhəmmədhüseyn
Mübəyyin, Yəhya Şeyda, Böyük Nik Əndiş
kimi onlarla ədəbiyyat xiridarı şairin həyatı,
poeziyası və “Heydərbabaya salam” poeması haqqında
yüksək dəyərə malik fikirlər söyləyib,
araşdırmalar aparıblar.
Görkəmli
yazıçı, həm də dilçi alim olan Nasır Mənzuri
“Ağız lövhələr” seriyasından “Şəhriyarın
şeirlərində çaxnayış“ adlı iki məqalə
yazıb, şairin həm farsca, həm də türkcə
şeirlərindəki - təbii poemaları da daxil olmaqla,
çaxnayışlığın-coşğunluğun
modelini işləmiş və tədqiqatlarını 2010-cu
ildə nəşr etdirib.
Şair
Araz (Abbasəli) Əhmədoğlu “Zəncirləri
qırmış şahinimiz” adlı məqaləsində professor
M.T.Zehtabinin “Şahin Zəncirdə” poemasına ehtiva etdiyi məzmun
mündəricəsinə, ideyalılığına yüksək
dəyər verir, əsərin özəlliklərini göstərir.
A.Əhmədoğlu xalqın yüz illər boyu
yaşadığı, tanıdığı, mənimsədiyi
dəyərlərin yer aldığı “Heydərbabaya salam”
poemasının və onun kimi digər əsərlərin
geniş yayılmasının nədənlərini müraciət
obyektlərinin, materialların özəlliyində, “Şahin
Zəncirdə”nin və ona bənzər başqa əsərlərin
yetərincə populyar olmamasının səbəbini isə
onların “kütləyə yad olan, hətta kütlənin
qorxub çəkindiyi materialları” əks etməsində
görür. O, M.T.Zehtabinin Güney yazarlarının əksəriyyətindən
fərqli olaraq kommunizm ideologiyasının əsl
üzünü gördüyünü və poemada “Al pərdə”
ifadəsi ilə rejimin sözü ilə əməlinin
üst-üstə düşmədiyini, aldadıcı mahiyyətini
açdığını da vurğulayır: “O üzdən
belə qoşuqlar sevilsə də, gizlicə sevilir, yəni
qoşuğu sevən kimsə sevdiyini öz ürəyində
saxlayıb ört-basır etməyə
çalışır. Bu nədənlə belə
ədəbiyyatın etkisi uzaqlardan gələn sel kimi daha
güclü olur. Şair onun
cavabını dərin məntiqlə verir və bu
tartışma poemanın təməl anlamıdır. “...Al pərdə” deyiminin leksik anlamı
qırmızı pərdədir. Qırmızı
pərdə özü keçmiş SSRİ-inin
bayrağı olmaqla kommunist dünyasının göstərgəsi,
Qızıl Ordu isə bu dünyanın qəddar gücü
idi. “Al” sözü bizim dilimizdə başqa bir anlama da
işarə edir: aldatmaq. Şair bu poemada kommunist fəlsəfəsi
ilə kommunist dünyasının nə qədər
aldadıcı olduğunu ustalıqla doğruldub oxucunun
gözü önündə açıqlayır:
Al pərdənin altında nə varmış?!
Sözlə əməlin bir bu qədər fərqi
olarmış?!
Bilməm bu riyadan dolanır hansı dəyirman?!
Hakim kəsilibmiş buraya sanki əzəldən zülmətlə
sükunət”.
Kamal Ağamalıoğlu “Güney Azərbaycan demokratik ədəbiyyatında
poema janrı (1945-1960)” adlı namizədlik dissertasiyasında
Güneyin mühacir şairlərinin poema
yaradıcılığını araşdırmış,
bir sıra ciddi nəticələrə gəlmişdir. K.Ağamalıoğlu
bu konkret dövrdə - 1945-1960-cı illərdə qələmə
alınmış poemaları dörd qrupa ayırıb. Əlbəttə, bu bölgü şərtidir.
Çünki Güneyin mühacir şairləri
elə qapsamlı poemalar yaradıblar ki, həmin əsərlərdə
bir neçə mövzunu əhatə ediblər. Məsələn, Balaş Azəroğlunun “Bakı
səfəri” poemasında həm Azərbaycanın birliyindən,
Güney Azərbaycan xalqının vəziyyətindən, həm
də Sovet həyatından bəhs edilir. Belə
poemalar konkret olaraq bir mövzu ilə bağlı
olmadığından, həmin əsərlərdən
müxtəlif mövzu dairəsində bəhs edilə bilər.
Günümüzədək Güney Azərbaycan
demokratik ədəbiyyatının müxtəlif məsələləri
haqqında professor Cəfər Xəndan Hacıyev “Güney Azərbaycan
demokratik ədəbiyyatında milli azadlıq ideyaları”
(1906-1946-cı illər) doktorluq dissertasiyası, Qafar Kəndli
“Güney Azərbaycan demokratik ədəbiyyatının
inkişaf yolları” (1941-1960-cı illər), Əliqulu Heydərzadə
“Balaş Azəroğlunun yaradıcılığı”, Bahar
Məmmədova “Balaş Azəroğlunun həyatı və
yaradıcılığı” adlı namizədlik
dissertasiyaları yazıblar.
Cəfər
Xəndan 1941-1946-cı illər Güney Azərbaycan demokratik
şairlərinin milli azadlıq ideyalarını tərənnüm
edən əsərlərindən qismən bəhs edir, lakin o,
təkcə tədqiq etdiyi dövrü öyrənməklə
kifayətlənmir, ümumiyyətlə, Güney Azərbaycan
demokratik ədəbiyyatının, incəsənət və
mətbuatının 1828-1946-cı illər arasında
keçdiyi ayrı-ayrı mərhələləri izləyir.
C.Xəndan ilk dəfə olaraq uzun illər
Güney Azərbaycanda baş vermiş ədəbi prosesin bütövlükdə
mənzərəsini yaradıb, böyük bir dövrə
işıq salıb. Tədqiqatçı
alim “100 ildən artıq bir dövrü əhatə edən
siyasi, ədəbi və elmi məxəzləri
araşdırarkən bu qənaətə gəlir ki, bu
dövr ədəbiyyatı bütün təfərrüatı
ilə elmi şəkildə, “hətta ümumi şəkildə
belə təhlil edilməyib.
Azərbaycan
ədəbiyyatı tarixində 1828-ci il
Türkmənçay müqaviləsindən sonrakı
dövr mühüm əhəmiyyət kəsb edir. Təəssüflə
qeyd edilməlidir ki, ictimai-siyasi hadisələr üzündən
Güney Azərbaycanda yaranan ədəbiyyat və mədəniyyətlə
uzun müddət tanış ola bilməmişik.
Bəlkə də bunun nəticəsi idi ki, “1943-1944-cü illərdə
Azərbaycan Elmlər Akademiyasının Nizami adına
Dil və Ədəbiyyat İnstitutunun nəşr etdirdiyi
ikicildlik Müxtəsər Azərbaycan ədəbiyyatı
tarixində də Türkmənçay müqaviləsindən
sonrakı dövrün ədəbiyyatı öz əksinin
tapmamışdı. Ədəbiyyatımızın
tarixindəki bu boşluğu ilk dolduran alim Cəfər Xəndan
oldu. A.Bakıxanov, M.F.Axundov, C.Məmmədquluzadə,
M.Ə.Sabir və b. yazarların bədii irsində Güney Azərbaycanla
ilgili kifayət qədər material olsa da, onların ədəbiyyat
tarixi nöqteyi-nəzərindən sistemə salınıb
öyrənilməsinin C.Xəndana nəsib olduğunu zəngin
faktlar əsasında təsbitləyən fil.ü.f.d.
Gülxani Pənah Cəfər Xəndanın 1906-1946-cı
illərdə Güney Azərbaycanda yaranmış ədəbiyyatı
5 fəslə bölərək
araşdırdığını və həmin dövrün
ədəbiyyatını tədqiq edərkən onu doğuran
siyasi, ictimai şəraiti öyrəndiyini də
vurğulayır və belə bir nəticəyə gəlir
ki, Cəfər Xəndan tədqiqatlarında istifadə etdiyi
məxəzlərin bəzi
çatışmazlıqlarına baxmayaraq, İran və
Güney Azərbaycanda baş vermiş hadisələri
tarixi-elmi cəhətdən öyrənmək
üçün kifayət qədər material verir. Müəllif onu da qeyd etməyi lazım bilir ki, Cəfər
Xəndan rus şərqşünaslarının Güneylə
bağlı araşdırmalarını yüksək dəyərləndirir.
Ancaq onların Güney Azərbaycan ədəbiyyatını
ayrıca deyil, İran ədəbiyyatının tərkib hissəsi
kimi təhlil etməsindən narazı qalır. Alim
vurğulayır ki, rus şərqşünasları, əsasən
fars dilində yazılan əsərlərin
təhlilini aparıb, milli ədəbiyyatımız öyrənilməmiş
qalıb.
Lakin etiraf etmək lazımdır ki, C.Xəndan Güney
Azərbaycan demokratik ədəbiyyatında yeni yaranmaqda olan bədii
nəsr, poema, dramaturgiya janrlarının ilk nümunələrini
də əsasən doğru-düzgün müəyyən
edib, onların yaranmasının səbəblərini göstərib. Qafar Kəndli
isə Güney Azərbaycan ədəbiyyatında milli
azadlıq ideyalarının inikasını eyniadlı namizədlik
dissertasiyasında tədqiq edib.
Kamal Ağamalıoğlu Qafar Kəndlinin “Güney Azərbaycan yazıçılarının ədəbi almanaxı”na yazdığı müqəddiməni, Firuz Sadıqzadənin “Çiçəklənən tarlalar”, “Həyat şirindir” poemaları haqqında fikirlərini, Musa Adilovun Azəroğlunun yaradıcılığına həsr etdiyi məqaləsini, Söhrab Tahirin “Poeziyada bədii sənətkarlıq”, “İnqilaba çağıran poemalar”, Əhəd Hüseynovun “Mübarizə və sülh mahnıları” və “Poemalarımızın ideya bədii xüsusiyyətləri” adlı məqalələrini Güney Azərbaycan demokratik ədəbiyyatının tədqiqi sahəsində uğurlu addımlar sayır. Tədqiqatçının fikrincə, F.Sadıqzadənin S.Tahirin “Həyat şirindir” poeması haqqında qələmə aldığı məqalənin ən yaxşı cəhətlərindən biri odur ki, o, şairin bütün yaradıcılığı ilə bu əsərin bağlılığını doğru-düzgün müəyyən edib və onu təcrid olunmuş halda deyil, başqa əsərlərilə müqayisəli təhlil edib. Bəzi müəlliflərdən fərqli olaraq F.Sadıqzadə həmin məqalədə bir poemanın hərtərəfli, geniş təhlil edilməsinnə diqqət yetirib. Onun təhlil etdiyi əsərdən gətirdiyi misalların hamısı eyni dərəcədə müvəffəqiyyətlidir. K.Ağamalıoğlu Musa Adilovun məqaləsində Balaş Azəroğlunun bədii dil materialı üzərində gərgin yaradıcılıq işini tutarlı örnək və dəlillər, inandırıcı təhlil bacarığı ilə aşkara çıxardığını qeyd edir və A.Əlisoltanın “Günlər və xatirələr”, Söhrab Tahirin “Azadlıq nəğmələri”, Samət Əlizadənin “Zəncirlər qırılacaqdır” məqalələrinin də eyni məziyyətlərlə diqqət çəkdiyini vurğulayır. Lakin o, Əlfi Qasımovun “Mübarizə davam edir”, Sadıq Hüseynovun “Şimal həsrəti” adlı məqalələrində və İ.Cəfərpurun “Güney Azərbaycan demokratik şerinin inkişaf yolları” (1941- 1960-cı illərdə) adlı dissertasiyasında yanlış olaraq bu və ya digər poemanın şeir, şeirin isə poema adlandırılmasından təəssüflənir. İ.Cəfərpur isə dissertasiyasında az da olsa, poema janrına toxunduğunu vurğulayan K.Ağamalıoğlu yazır ki, lakin tədqiqatçı burada da ən adi səhvlərə yol verir və Güney Azərbaycan demokratik ədəbiyyatında poema janrının inkişafını ləngidən səbəblər kimi “dövrün mürəkkəbliyi, ictimai-siyasi hadisələrin sürətli inkişafı, ədəbi tənqidin olmaması və ədəbi cərəyana nəzəri istiqamət verə biləcək elmi, ədəbi mübahisə və münaqişələrin zəifliyi”ni göstərir. Əlbəttə, K.Ağamalıoğlu haqlıdır, çünki Güney Azərbaycan demokratik ədəbiyyatında poema janrı dinamik inkişaf etmiş, zaman-zaman yaranan bir sıra orijinal poema nümunələri vaxtaşırı ədəbi gündəmə daxil olub.
Esmira Fuad
filologiya üzrə elmlər doktoru
Xalq Cəbhəsi.- 2018.- 14 dekabr.-
S.14.