Güney Azərbaycan: Ədəbiyyatşünaslıqda
poema janrının tədqiqi tarixindən
3-cü yazı
Fil.ü.e.d. prof. Rafiq Yusifoğlu “Azərbaycan poeması: axtarışlar və perspektivlər” monoqrafiyası və “XX əsr Azərbaycan poemasının sənətkarlıq xüsusiyyətləri” doktorluq dissertasiyasında poema janrının tipologiyasını müəyyənləşdirir, quzeyli şairlərin poema yaradıcılığında mənəvi-əxlaqi problemlərin başlıca məsələ olduğunu xarakterizə edir, poemalarda ictimai hadisələrin bədii fonda sistemləşdiyini bildirir və Azərbaycanın quzeyində janrın tədqiq tarixini hərtərəfli araşdırır.
Alim-şair Xəlil Rza “Müharibədən sonrakı Azərbaycan sovet ədəbiyyatında poema janrı (1945-1950)” mövzusunda yazdığı namizədlik dissertasiyasında (1963) Azərbaycan ədəbiyyatında bu janrın inkişafı üçün təməl daşı olan mənbələri göstərmiş, Xaqani Şirvani, Nizami Gəncəvi, Arif Ərdəbili, Füzuli və Saib Təbrizinın yazdığı poemaların zəngin yaradıcılıq xəzinəsi olduğundan bəhs açıb, bu sahədə “Abbas və Gülgəz”, “Şəhriyar” və “Qaçaq Nəbi” dastanlarının rolunu xüsusi qeyd edib. Tədqiqatda “XX əsrin Quzey Azərbaycan poeziyasında ilk poema nümunələrinin meydana gəlməsi və inkişafı araşdırılıb, Cəfər Cabbarlının “Qız qalası”, Hacı Kərim Sanılının “Köç”, Hüseyn Cavidin “Azər” poemaları, xüsusən Mikayıl Müşfiqin “Qaya”, “Səhər”, “Sındırılan saz” əsərləri əsaslı surətdə təhlil predmetinə çevrilmiş, janrın inkişafında onların rolu obyektiv qiymətləndirilib. X.Rza poemada lirik qəhrəman problemini qaldırıb, “Səməd Vurğunun “Muğan”, “Bakının dastanı” poemalarını diqqət mərkəzində saxlayaraq onların orijinal bədii forma xüsusiyyətləri, ideya-məzmunu və milli koloritindən danışıb”.
Yolçu Piriyevin “XIX əsr Azərbaycan ədəbiyyatında poema janrı” adlı tədqiqatında da poema janrının inkişaf tarixi, təşəkkül mərhələləri araşdırılır və XIX əsr poema yaradıcılığı diqqət mərkəzində saxlanılır. Hətta Azərbaycan və erməni xalqlarının həyat və məişətini, Azərbaycan türkünün və erməninin hansı milli xarakterə malik olduğunu, Dağıstanda mövcud olmuş xanlıq dövründə ermənilərin türklər üçün qul kimi işlədiklərini və tarixən türkün qanına susamış vandalların iç üzünü, xarakter cizgilərini: “Sizdə vüqar, təmkin, böyük-kiçik gözləmək yoxdur. Sizin millət arasında “təsvir və hiylə” geniş yer tutur (Salman)” kimi fikirlərlə açıqlığa qovuşduran Xürrəminin “Salman ilə Sərkis” poemasının da təhlilini verən Yolçu Piriyevin “XIX əsr Azərbaycan ədəbiyyatında poema janrı” adlı tədqiqat əsəri poema janrının tədqiqi sahəsində mühüm əhəmiyyətə malikdir.
Qeyd edək ki, Güney Azərbaycan demokratik ədəbiyyatında poema janrının inkişafına müasirlik nöqteyi-nəzərindən yanaşaraq onun səciyyəvi xüsusiyyətlərini, zamanın irəli sürdüyü bu və ya digər aktual tələblərə vaxtında cavab vermək kimi cəhətlərini, bədii sənətkarlıq məziyyətlərini araşdıran, bu poemaları fərqləndirən və birləşdirən əsas xüsusiyyətləri müəyyən edən Kamal Ağamalıoğlu da təşəkkül tapdığı ilk gündən 1960-cı ilə qədər Güney Azərbaycan demokratik ədəbiyyatında yaranmış poemaları mövzu dairəsinə əsasən dörd qrupa ayırır:
1) Güney Azərbaycanda gedən azadlıq hərəkatının ayrı-ayrı mərhələlərini, görkəmli tarixi şəxsiyyətlərin həyat və fəaliyyətini, vətənin birliyini əks etdirən poemalar: B.Azəroğlunun “Bakı səfəri”, ”Zindan”, ”Sən kommunist kimi öldün”, ”Təzə meydan”, Ə.Tudənin “Qırmızı bayraq altında”, ”Məhbusların son sözü“, ”Nəğməkar qız”, ”Yoldaş”, ”Şimal həsrəti”, ”Arazın o tayında”, ”Sədaqətli dost”, M.Gülgünün “Savalanın ətəklərində”, ”Firudin”, ”Həsrət”, S.Tahirin “Atamın məktubları”, ”Bir il azadlıqda”, ”Həyat şirindir”, H.Büllurinin “Ölməz qəhrəman”, İ.Zakirin “Mübariz gənclər”, ”Ölməz inqilab”, ”Ərdəbil faciələri”;
2) Beynəlxalq imperializmə qarşı mübarizəni, sülh və xalqlar dostluğunu əks etdirən poemalar: B.Azəroğlunun “Ərəb oğlu”, “Festival”, Ə.Tudənin “Kürd oğlu”, ”Ananın arzusu”, “Gizli döyüş”, M.Gülgünün “Yadigar üzük”, “Pərvanə”, H.Billurinin “Koreya dağlarında”, İ.Cəfərpurun “Qəhrəmanın düşüncələri”, ”Kürd oğlu”;
3) Sovet varlığını əks etdirən poemalar: B.Azəroğlunun “Bakı səfəri”, “Mingəçevir”, “Çiçəklənən tarlalar”, “Kürün günəşi”, Ə.Tudənin “Lenin məqbərəsi”, “Yox, ölməmiş o dahi”, “Dnepr qırağında”, M.Gülgünün “Mənim dostlarım”;
4) Ailə-məişət, məhəbbət, sənət və sənətkar problemlərinə həsr olunmuş: B.Azəroğlunun “İtmiş qız haqqında dastan”, “İlk məktub”, “Hafizin qəbri üstə”, Ə.Tudənin “Sən indi hardasan?”, S.Tahirin “Məhbus heykəltəraş”, ”Vicdan əzabı”, “Qanlı portret”, ”Səhər açıldı”, H.Billurinin “Sənin həyatın” poemaları...
Qeyd edək ki, K.Ağamalıoğlunun təsnifatı, təbii, poema janrının inkişaf və təşəkkül mərhələləri üçün vahid konsepsiya hesab edilə bilməz. Çünki zaman dəyişdikcə poemaların da təşəkkül variantı dövrə və zamana uyğun dəyişir və müxtəlif kateqoriyalı poemalar yaradılır. O poemalar ki, özündə daha qlobal-xarakterik xüsusiyyətləri əks etdirir. Bu səbəbdən də poemaları daha çox qruplara ayırmaq mümkündür.
Fil.ü.e.d. Sabir Əmirov “Güney Azərbaycan milli-demokratik ədəbiyyatı (1941-1990)” monoqrafiyasında əlli illik bir dövr ərzində Güneydə ədəbiyyatın inkişaf tendensiyasını izləyir, sənətkarlıq məsələlərini araşdırır, bir çox poemaları təhlil edərək belə bir nəticəyə gəlir ki, “Güney Azərbaycan poeziyasında getdikcə daha artıq nüfuz qazanan janrlardan biri də poemadır... Müasir poeziyada poema şairlərin həyata önəmləri üçün sanki çox mötəbər pillə rolunu oynayır”. 1941-1990-cı illər Güney ədəbiyya¬tında sənətkarlıq məsələlərini də araşdıran və poema janrının əhatələdiyi mövzuları qruplaşdıran müəllif yazır: “Milli azadlıq hərəkatından yaranan və sovet ədəbiyyatının ənənələrindən öyrənən Güney Azərbaycan demokratik ədəbiyyatında poema janrı sahəsindəki vəziyyəti səciyyələndirsək, deməliyik ki, o, zamanın tələblərindən doğaraq, sürətlə inkişaf etmiş və ən qüvvətli sahələrdən birinə çevrilmişdir. 20 ildən artıq təcrübəsi olan Güney Azərbaycan demokratik ədəbiyyatında poema janrının inkişafına müasirlik nöqteyi-nəzərindən yanaşılsa, onun səciyyəvi xüsusiyyətləri hansılardır? O, zamanın irəli sürdüyü bu və ya digər aktual tələblərə vaxtında cavab vermək, bədii sənətkarlıq məsələləri baxımından hansı məziyyətlərə malikdir? Bu poemaları fərqləndirən və birləşdirən hansı cəhətlərdir?”
Uzun illər Güney ədəbiyyatını böyük sevgilə araşdıran və bir sıra Güney yazarları haqqında Quzeydə ədəbi ictimaiyyətə ilk dəfə təqdim edən fil.ü.e.d., prof. Almaz Əliqızı (Məmmədova) öz tədqiqatlarında Güney Azərbaycan ədəbiyyatının müxtəlif problemlərinə, ayrı-ayrı ədəbi simaların istər bütöv Azərbaycan, istərsə də Güney Azərbaycan ədəbiyyatının inkişafındakı roluna və tutduğu mövqeyə aydınlıq gətirir, məqalələrinin bir qismində ədəbiyyatın inkişafı fonunda Güneydə gedən ictimai- siyasi prosesləri izləyir. Güney yazarlarının əsərlərindən nümunələr əsasında ədəbiyyatda sənətkarlığın mühüm amillərdən biri olduğunu qeyd edən fədakar tədqiqatçı göstərir ki, “sənətkarlıq məsələlərinin bədii konsepsiyasının düzgün təhlili bu meyarla bağlı novator düşüncələrin meydana çıxmasına zəmin yaradır”.
Qulamhüsüyn Beqdeli müasir Güney ədəbiyyatının qüdrətli yaradıcılarından olan Məhəmmədhüseyn Şəhriyar haqqında yazdığı eyniadlı tədqiqat əsərində şairin həyat və yaradıcılığının sənətkarlıq xüsusiyyətlərindən bəhs edir, “Heydərbabaya salam” və “Stalinqrad qəhrəmanları” poemalarının təhlilini verir. Alim XX əsr İran ədəbiyyatını bir neçə mərhələ üzrə xüsusi bölmələrə ayıraraq 1910- 1920-ci illərdə meydana çıxmış fars şeirinə, 1920-1930-cu illərin ədəbi cərəyanları və fars poeziyasında tüğyan edən mürtəce siyasi çəkişmələr dövründə, eləcə də 1930-cu illərdə yaranmış poeziyaya münasibət bildirir. 1941-1950-ci illərdə İranda mürtəce siyasətin doğurduğu acınacaqlı mühitdə və 1950-ci illərdən sonra formalaşmış yeni ədəbiyyatı qısaca şərh edir.
Güney Azərbaycan ədəbiyyatında poema janrının özəllikləri ilə bağlı mülahizələrə fil.ü.e.d. İslam Qəriblinin tədqiqatlarında da rast gəlirik. Müəllif “Azadlıq fədaisi” adlı məqaləsində Əlirza Nabdil Oxtayın “Tülkü kitabı”ndan bəhs etmiş, “Taleziz şair” adlı irihəcmli yazısında Məhəmməd Biriyanın “Ərk qalası” və “Azərbaycan qəhrəmanı” poemalarının da olduğunu bildirmiş, Məhəmmədbağır Xalxalinin “Sələbiyyə”, Mirzə Cabbar Əsgərzadə Bağçabanın “Qızıllı yarpaq, yaxud zəkalı Ənvər”, Mirzadə Eşqinin “Bir qoca kəndlinin idealı”, Məhəmmədəli Nəhavəndi Muğanın “Sultan Savalan” poemalarını təhlil edib, həmin əsərlərin dil-üslub, ideya-məzmun və sənətkarlıq məsələləri barədə maraqlı fikirlər irəli sürüb.
Fil.ü.f.d. Vəfa Əliyev Güney Azərbaycanın görkəmli lirik- romantik şairi Həbib Sahirin həyat və yaradıcılığı haqqında yazdığı “Həbib Sahirin poetik yaradıcılığının inkişaf yolu” namizədlik dissertasiyasında - “Hürriyyət fədaisi” adlı dəyərli monoqrafiyasında şairin yaradıcılığının təkamül mərhələlərini, bədii sənətkarlıq və poetika məsələlərini, poeziyasının məziyyətlərini, dil və üslub xüsusiyyətlərini ilk dəfə olaraq geniş və sistemli tədqiqata cəlb edib, H.Sahirin seçilmiş əsərləri əsasında “Məndən salam deyin gözəl Təbrizə” kitabının nəşrinə nail olmuşdur. V.Əliyev kitaba şairin şeirləri ilə yanaşı, “Poema” adlı poemasını, həmçinin “Nil çayı” poemasından parçaları da daxil edib. Fil.ü.f.d. P.Məmmədli və bu sətirlərin müəllifi də görkəmli şairin önürnaməsi və bədii irsinin təhlili istiqamətində məqalələr yazıblar.
“Fərruzi Yəzdinin poeziyası”, “İran romanının tarixi”, “Mirzadə Eşqi-vaxtsız söndürülmüş məşəl”, “Sadiq Hidayət hekayə ustası kimi” monoqrafiyalarında şərqşünas alim, istedadlı yazıçı Əlibala Hacızadə çağdaş Azərbaycan və İran ədəbiyyatının tədqiqinə xüsusi diqqət yetiib, qiymətli fikir və mülahizələr irəli sürüb. Nakam şair, qələmindən od-alov saçılan Mirzadə Eşqinin həyat və mübarizə dastanını vərəqləyən Ə.Hacızadə “Mirzadə Eşqi-vaxtsız söndürülmüş məşəl” adlı tədqiqatında şairin şeir və poemalarında ictimai-siyasi və fəlsəfi cəhətlərə də açıqlama gətirib.
Görkəmli ədəbiyyatşünas-alim Abbas Zamanov Güney Azərbaycanla hər cür əlaqələrin canlandırılması, ədəbiyyatımızın İranda yaşayan soydaşlarımız arasında geniş yayılması, Güneydə gedən ədəbi prosesin nəticələrini Quzey Azərbaycan oxucusuna çatdırmağı özünün birinci dərəcəli vəzifələrindən sayır və bunun üçün fədakarlıqla çalışırdı. 1980-ci illərin əvvəllərində “Azərbaycan müəllimi” qəzetində “Güneydən səslər” adlı maraqlı rubrika açan fədakar alim məqalələrində həmin illərdə Təbrizdə və Tehranda qıtlıqla nəşr edilən bədii kitablardan birini təqdim edir, bu kitablarda yer almış poemaları da qısaca təhlil edirdi.
Esmira Fuad
filologiya üzrə elmlər
doktoru
Xalq Cəbhəsi.- 2018.- 15 dekabr.-
S.14.