Beynəlxalq Ərəb Dili
Gününə həsr olunmuş konfrans
Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Beynəlxalq Ərəb Dili Gününə həsr olunmuş “Azərbaycanda ərəb dilinin tədrisi sahəsində mövcud vəziyyət və perspektivlər” mövzusunda konfrans keçirilib. Aİİ-dən verilən məlumata görə, tədbirdə Azərbaycanın ali təhsil müəssisələrində ərəb dilinin tədrisi ilə bağlı mövcud vəziyyət və perspektivlər müzakirə olunub.
Aİİ-nin rektoru Ceyhun Məmmədov qonaqları salamlayaraq, ölkəmizdə mövcud olan yüksək dini-mənəvi mühitdən danışıb. Azərbaycan Prezidenti İlham Əliyevin müsəlman ölkələri və İslam Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlığa böyük önəm verdiyini vurğulayan rektor, ötən ilin ölkəmizdə “İslam həmrəyliyi ili” elan olunduğunu, milli-mənəvi dəyərlərin qorunmasına xüsusi önəm verildiyini bildirib. C.Məmmədov Azərbaycan İlahiyyat İnstitutunun yaranma səbəbi, fəaliyyət istiqamətləri, məqsəd və vəzifələri, hədəfləri haqqında məlumat verib.
İnstitutun ilk tədris ilinə İslamşünaslıq və Dinşünaslıq ixtisasları ilə başladığını bildirən rektor ali tədris müəssisəsində bununla bağlı ərəb dilinin, ərəb ölkələri tarixinin, coğrafiyasının, mədəniyyətinin tədris olunduğunu qeyd edib. Rektor Azərbaycanda ərəb dili üzrə tədrisin təkmilləşdirilməsi, o cümlədən müasir ərəb dilinin tədrisi ilə bağlı bir sıra təkliflər səsləndirib.
Aİİ-nin kafedra müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru İlkin Əlimuradov Beynəlxalq Ərəb Dili Günü ilə bağlı təqdimatla çıxış edib. O, 1973-cü ildə ərəb dilinin BMT Baş Assembleyasında qurumun rəsmi dili elan edilməsi haqqında məlumat verərək, bu təşəbbüsün mədəniyyətlərarası dialoqun möhkəmlənməsinə və dünyanın müxtəlif dillərinin inkişafına yardım etdiyini vurğulayıb. Fələstin Dövlətinin Azərbaycan Respublikasındakı Səfiri cənab Nasir Əbdül Kərim ərəb dilinin zənginliyi haqqında məlumat verib. O bildirib ki, ərəb dili canlı dillər içərisində ən uzunömürlü, ardıcıl olaraq 15 əsr ərzində davamlı şəkildə işləkliyini qoruyub-saxlayıb. Hazırda bu dili öyrənən şəxs müasir ərəb dilindən istifadə edərək, islamdan əvvəlki dövrə aid olan mətnləri oxuya bilər.
İran İslam Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzinin direktoru Əsgər Farsi ərəb dilinin məziyyətlərindən danışaraq, müsəlman ölkələri arasında vaxtilə iqtisadi-mədəni körpü yaradan bu dilin vahid İslam mədəniyyətinin təşəkkülündəki rolu haqqında məruzə edib.
Azərbaycan Dillər Universitetinin baş müəllimi Ülviyyə Hüseynova qeyd edib ki, ərəb dili beynəlxalq sənədlərin qeydə alındığı rəsmi dil kimi, BMT dillərinə əlavə edildikdən sonra, onun öyrənilməsinə tələbat artıb. Bu dilə artan maraq ərəb dünyası və ərəb dili mütəxəssisləri və müəllimlərinin üzərinə böyük məsuliyyət, qarşılarına isə çətin vəzifə qoyur: dilin özünü asanlaşdırmaq, onu müasir dövrün tələblərinə uyğunlaşdırmaq, qarşılaşdığı çətinlikləri aradan qaldırmaq üçün münasib vasitələrin hazırlanmasını təşkil etmək.
Konfrans Bakı Dövlət Universitetinin
Ərəb filologiyası kafedrasının professoru,
Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Milli
Azərbaycan Ədəbiyyatı Muzeyinin
Ədəbi mərasimlər və nəşrlər
şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Aida
Qasımovanın “Ələsgər Məmmədovun dərslikləri
və Azərbaycanda ərəb dilinin tədris
problemləri BDU-nun Şərqşünaslıq
fakültəsinin timsalında”; AMEA Nizami
Gəncəvi adına Ədəbiyyat İnstitutu
Qədim dövr Azərbaycan ədəbiyyatı
şöbəsinin müdiri, fil.e.d., professor İmamverdi Həmidovun “Qurani-Kərimdə bədii
ifadə vasitələrinin işlədilməsi xüsusiyyətləri”;
AMEA akad. Ziya Bünyadov adına Şərqşünaslıq
İnstitutunun Şərq-Qərb
şöbəsinin müdiri, dosent Məmmədəli Babaşlının “Qloballaşan dünyada ərəb
dilinin artan rolu və potensial
imkanları”; AMEA Z.Bünyadov adına
Şərqşünaslıq İnstitutu Din və ictimai fikir tarixi şöbəsinin
doktorantı Elnur Mustafayev
“Quranın ərəb dilinin
inkişafında oynadığı rol”;
AMEA Nizami Gəncəvi adına Azərbaycan
Milli Ədəbiyyat Muzeyinin
elmi işçisi Natavan Bağırova “Ədi ibn
Zeyd ərəb saray ədəbiyyatının
ilkin nümayəndələrindən biri kimi”; Sumqayıt
Dövlət Universiteti Tarix
və Coğrafiya fakültəsinin IV kurs tələbəsi Kənan Şahbazlı
“Azərbaycan və ərəb ölkələri arasında mədəniyyətlərarası
əlaqələrin dünəni və bugünü”
mövzusunda məruzələrlə davam edib. Tədbirin
bədii hissəsində Aİİ-nin tələbələri
Mirzəzadə Mirzəli, İsmayılova Zeynəb, İskəndərov
İskəndər, Rəcəbov Elvin və
Qəribli Davud ərəb dilində şeir və mahnılar səsləndiriblər.
Xalq Cəbhəsi.- 2018.- 16 dekabr.-
S.15.