Görkəmli alim Əmin
Abidin 120 illik yubileyi qeyd olunub
AMEA-nın Əsas
binasında Folklor İnstitutunun təşkilatçılığı
ilə "Azərbaycan
folklorunun ilk nəzəriyyəçilərindən
biri - Əmin Abid" mövzusunda respublika elmi konfransı keçirilib. Tədbir görkəmli
tənqidçi, ədəbiyyatşünas,
folklorşünas Əmin
Abidin anadan olmasının 120 illik yubileyinə həsr edilib. Konfransda AMEA-nın Folklor, Ədəbiyyat, Arxeologiya və Etnoqrafiya institutlarının əməkdaşları,
respublikanın ali təhsil müəssisələrinin müəllim
və tələbə
kollektivi, doktorant və dissertantlar, o cümlədən KİV nümayəndələri
iştirak ediblər.
Tədbiri Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov açaraq zəngin elmi və bədii
irsə malik Əmin Abidin apardığı sistemli tədqiqatların ölkəmizdə
folklorşünaslığın inkişafına təkan verdiyini söyləyib. Qeyd edib ki, Ə.Abid
"Kitabi Dədə
Qorqud", "Oğuznamə"
kimi qədim oğuz eposlarının,
o cümlədən Azərbaycan
ədəbiyyatı tarixi,
bayatı janrı, heca vəzni ilə bağlı ciddi araşdırmaların
müəllifidir.
M.İmanov alimin Azərbaycan folklorşünaslığının
1920-1930-cu illər dövrünün
öyrənilməsi istiqamətində
böyük rolu olduğunu, məqalələrində
bayatılar, heca vəzni, aşıq şeirinin şəkilləri,
türk xalqlarında yeddi hecalı şeirin törəmə
tiplərini tədqiq etdiyini vurğulayıb. O, Əmin
Abidin şifahi xalq ədəbiyyatımızın
nümunələrini ümumtürk
və dünya folkloru kontekstində ərəb, fars,
türk, uyğur, qazax, tatar və
türkmən mənbələrindən
araşdırdığını diqqətə çatdırıb.
Eyni zamanda, alimin Azərbaycan ədəbiyyatının
qədim dövrlərdən
başlayıb mərhələlər
üzrə öyrənilməsinin
düzgün dövrləşdirilməsini
apardığını bildirib.
Ə.Abidin SSRİ dövründə öz fikirlərini çəkinmədən
ifadə etdiyini deyən institut direktoru ədibin 1938-ci ildə həbs edilərək güllələndiyini,
əsərlərinin qadağan
edildiyini, ölkəmizin
müstəqillik əldə
etdikdən sonra şeirlərinin, məqalələrinin
təkrar çap olunduğunu söyləyib. Muxtar İmanov,
həmçinin Folklor
İnstitutu tərəfindən
2016-cı ildə “Əmin
Abid. Azərbaycan Türklərinin ədəbiyyatı tarixi”
kitabının nəşr
olunduğunu, alimin məqalələrinin vəsaitdə
işıq üzü
gördüyünü diqqətə
çatdırıb.
Respublika konfransında filologiya üzrə
elmlər doktoru, professor
Səhər Orucovanın "Əmin Abid
yaradıcılığında folklor",
filologiya üzrə elmlər doktoru, professor Məmməd
Əliyevin "Lirik folklorumuzun
öyrənilməsində Əmin Abidin rolu", filologiya üzrə
elmlər doktoru, professor
Bədirxan Əhmədlinin "Əmin Abidin
ədəbiyyat tarixçiliyində çağdaş
bədii düşüncə
meyarları", filologiya üzrə elmlər
doktoru, professor
Ədalət Tahirzadənin "Yeddi yüz tələbədən biri"
və etnoqrafiya üzrə fəlsəfə
doktoru Xəliyəddin Xəlillinin
"Əmin Abid tədqiqat metodunda tarix və ədəbiyyat
mənəvi-sosial yaddaşın vahid strukturu kimi" mövzusunda məruzələri dinlənilib.
Xalq Cəbhəsi.- 2018.- 19 dekabr.-
S.15.