Addəyişmə rutualı

 

 

1-ci yazı

 

Xaosdan kosmosun yaranması, sonra kosmosun öz mövcudluq ritmini başa vuraraq yenidən xaosa çevrilməsi, daha sonra həmin xaosdan yeni kosmosun yaranması, başqa sözlə, “xaos-kosmos-xaos-kosmos...” əvəzlənməsi ritmik prosesdir. Elmin müasir inkişaf səviyyəsi mifoloji materiyaya məxsus bu mövcudluq dinamikasının təkcə mif dünyasının yox, həm də müasir şüurla mənimsənən gerçək dünyamızın öz təbiəti olduğunu ortaya qoyub.

Xaos şərti olaraq «nizamsız» dünya kimi səciyyələndirilməklə nizamlı dünyanın əsasını təşkil edir. Dünya mifologiyalarının hamısında dünya öz quruluşu etibarilə iki hissəyə bölünür: kosmos və xaos. Kosmos nizamlı dünyanı, xaos onun əksi olan nizamsız dünyanı bildirir. Onlar arasında olan əks-lik xaosu - «antikosmos», kosmosu - «antixaos» adlandırmağa imkan verir. Lakin əkslik onlar arasındakı münasibətlərin bir tərəfidir. Belə ki, kosmos və xaos bir-birinə bağlı, biri o birindən ayrı mövcud ola bilməyən (“yarım”) dünyalardır. V.N.Toporov göstərir ki, məkan arxaik dünya modelində canlaşdırılmış, ruhlaşdırılmış və keyfiyyətcə yekcins deyil. O, ideal, mücərrəd, boş deyil, onu dolduracaq şeylərdən əvvəldə gəlmir, əksinə, həmin şeylərlə təsbit olunur. O, həmişə doludur və həmişə əşyavidir. Məkanın olmamasının (qeyri-məkanın) təcəssümü yaradılışa qədərki xaosdur. Yaradılışın artıq mövcud olduğu şəraitdə isə (yəni artıq qarşıdurma yaranarkən) məkanın varlığı kosmosda (mərkəzdə), yoxluğu isə xaosdadır (ucqardadır). Kosmos istər zaman baxımından, istərsə də onu təşkil edən elementlərin tərkibinə görə xaosa nisbətən ikincidir. Kosmos həm zaman baxımından və həm də bir çox hallarda xaosdan, yaxud xaosla kosmos arasındakı aralıq elementlərindən törəyir... Kosmos və xaosun münasibətləri həm zaman, həm də məkan daxilində həyata keçir. Bu halda kosmos əksərən onu çöldən əhatə edən xaosun içinə aid olan bir şey kimi təsəvvür olunur. Genişlənən və özünü təşkil edən kosmos xaosu periferiyaya sıxışdırır, onu bu dünyadan qovur, lakin aradan qaldıra bilmir. Yeri gəlmişkən, C.Bəydili də yazır ki, xaos kosmosun bir parçasıdır, kosmosdan qıraqda nə varsa xaosdur və o, ümumən, qarışıqlıqlar aləmi və təsadüflərdən ibarət bir dünyadır. V.N.Toporov göstərir ki, “...xaosun ən əhəmiyyətli cizgisi dünya üçün bünövrə (zəmin) rolunu oynamasında və onda yaranışı şərtləndirən hansısa enerjinin olmasındadır”.

Qeyd edək ki, V.N.Toporovun “məkanın varlığının kosmosda (mərkəzdə), yoxluğunun isə xaosda (ucqarda)” olması haqqındakı fikri məkanın kosmos və xaosdan ibarət bir bütöv olduğunu göstərdiyi kimi, onun “xaosun dünya üçün bünövrə (zəmin) rolunu oynaması və xaosda dünyanın yaranışını şərtləndirən hansısa enerjinin olması” haqqındakı fikri də kosmosun xaossuz mövcud ola bimədiyini və ardıcıl şəkildə xaosdan enerji aldığını göstərir. A.F.Losev də xaosdan kosmosun fasiləsiz yaradılışını kosmoqoniyanın “universal prinsipi” kimi səciyyələndirərək yazır ki, xaos kosmik vəhdətin əzəmətli və tragik obrazı kimi təsəvvür olunur. Bütün varlıq aləmi bu obrazda əriyib; varlıq aləmi xaosdan törəyir və xaosdaca məhv olur. Ona görə də xaos bütöv və fasiləsiz, sonsuz və hüdud-suz təşəkkülün universal prinsipidir.

Qanunauyğun və maraqlıdır ki, qeyri-xətti özünüyaratma/özünütəşkiletmənin mürəkkəb koqnitiv sistemi olan sinergetika elminin xaos anlayışı xətti düşüncəyə əsaslanan klassik və qeyri-klassik rasionallığın indiyəqədərki təsəvvürlərindən tamamilə fərqli olub, bir növ, mifoloji xaosla səsləşməkdədir. Filosof-sinergetik F.Qurbanov göstərir ki, «sinergetika xaos anlayışına XX əsrin sonunda yeni «pasport» verən elm sahəsidir. Bununla elmin mahiyyəti və haqqında olan təsəvvürlər sistemi kökündən dəyişməli oldu... İndiyə qədər nizamlılığın mütləqliyinə və onun şübhəsiz pozitivliyinə öyrənən (öyrəşən, adət edən – S.R.) təfəkkür həmişə «lazımsız əşya», «ziyanverici qarışıqlıq» kimi kənara atılan xaosun yaradıcılıq potensiallığını qəbul edib, ona baş vurmağa o qədər də hazır deyil. Təbiətdə qanunların hazır durub, bizi gözlədiyinə diqqət yetirirdik, qarşımıza tərsi çıxdı – qanunların özləri dəyişir. Sinergetika hazır və dəyişməz qanunların daim dəyişən münasibətlər sisteminə keçidini həyata keçirir. Burada xaosdan müəyyən münasibətlər sisteminin dinamik təşəkkülü, sonradan yenə xaosa çevrilmə var. Proses daim dəyişən, hərəkət edən, özündə müxtəlifliyin ayrı-ayrı görüntülərdə vəhdətini əks etdirən bir şey olur... Sinergetika bifurkasiya adlandırdığı kəsimlərdə nizamlılığın «qoynunda yatan» xaosun, fluktuasiyanın (həyəcanlanmanın – S.R.) oyanması ilə prosesin bizim bilmədiyimiz duruma keçəcəyini təsdiq edir. Konkret anda bizim üçün «heçlik» olan yerdə prosesin (sistemin) taleyinə «sifarişlər» gəlir. Elmi kateqoriyalar sistemi prizmasından baxdıqda kifayət qədər paradoksal durumdur».

Beləliklə, yuxarıda deyilənlərə görə:

– Xaos kosmosun əsasını təşkil edir;

– Məkan bir bütöv kimi xaos və kosmosun vəhdətindən təşkil olunir;

– Xaos kosmosun enerji – həyat qaynağıdır;

– Xaosdan kosmosun yaradılışı bütöv və fasiləsiz, sonsuz və hüdudsuz təşəkkülün universal prinsipidir;

– “Xaos-kosmos-xaos-kosmos...” əvəzlənməsi dinamik təşəkkül, yaranış prosesidir;

– “Xaos-kosmos-xaos-kosmos...” əvəzlənməsi rasional düşüncə üçün hələlik (bəlkə də, əbədilik) dərk olunmayan ritmik prosesdir.

Gerçəkliyin bu ilahi ritmi özünü materiyanın istisnasız olaraq bütün növ və şəkillərində təzahür etdirir. Başqa sözlə, “xaos-kosmos-xaos-kosmos...” ritmik əvəzlənmə strukturunu materiyanın istənilən növ və şəkillərində görmək, bərpa etmək mümkündür. Çünki bu, yaranışın universal özünüyaratma prinsipidir. Canlı-cansız, maddi-mənəvi materiya özü-özünü təkrar edərək yaradır. Bu prinsip sinergetikada fraktallıq adlanır. F.Qurbanov yazır ki, fraktallıq sistemlərin hər bir nöqtəsində bütövün struktur oxşarlığını göstərir. Müəyyən fasilələrlə bu, sistem boyu təkrar olunur. Onda dünyanın bütövlükdə hər hissəsində özünü təkrar etdiyi nəticəsini çıxarmaq olar.

Demək, dünyanın strukturu onun hissələrində təkrarlanır və bu, yaradılışın üsuludur. K.Levi-Stros mifin strukturunu təkrarların yaratdığı sistem kimi təsəvvür edir: “Hər hansı bir mif qatbaqat struktura malikdir və o struktur üzdə, belə demək mümkünsə, təkrarlanma üsulunda və onun sayəsində aşkarlanır”.

“Xaos-kosmos-xaos-kosmos...” əvəzlənməsi, fraktallıq və təkrarlanma ilə bağlı deyilənləri ümumiləşdirib belə bir nəticəyə gəlmək olur: varlıq aləmi xaosdan kosmosun əmələ gəlməsi şəklində təşkil olunub. Bu, daimi bir prosesdir: xaosla kosmos vəhdətdə olub, daim biri o birinə keçir. Bu, əbədi “yaradılış – kosmoqoniya – dünyayaratma” prosesidir. “Xaos-kosmos-xaos-kosmos...” əvəzlənməsi yaradılışın universal prinsipidir. Materiyanın hər bir növ, şəkil və ünsürünün mövcudluğu bu prinsip əsasında mövcud olur. Hər bir ünsür öz “bətnindəki” ilkin struktur sxemini fraktal şəkildə təkrarlayaraq, özü-özünü yenidən yaratmaqla yaşamını sürdürür.

Materiyanın istənilən təzahürünə aid olan bu unuversal yaradılış prinsipi “Əsli-Kərəm” dastanında da təkrarlanır. Övladsızlıqla yaranmış xaos, övladların doğulması ilə kosmosa keçir: Kərəm və Əsli doğulur. Onlar on beş yaşına çatırlar. Bu, həddi-büluğ dövrüdür: uşaqlıq və yeniyetməlik dövrü başa çatır. Yəni insan on beş yaşla ömrünün bir dövrəsini başa vurur. Dövrənin başa vurulması ömrün bu fazasının başa çatması və yenidən yaranışa ehtiyacın meydana çıxması deməkdir. Başqa sözlə, yenidən kosmos-xaos-kosmos əvəzlənməsi baş verməlidir.

Kərəm və Əslinin on beş yaşa dolmaları ilə onların ömrünün birinci fazası başa çatır. İkinci fazaya keçid hökmən ölüb-dirilmə, yəni ölərək yenidən doğulmaqla baş tuta bilər. Bir ömür çərçivəsində belə ölüb-dirilmə inisiasiya (keçid) ritualları vasitəsi ilə gerçəkləşdirilir. Bu, “Əsli-Kərəm”in süjetində Kərəm və Əslinin adlarının dəyişməsi motivində ifadə olunub.

Kərəm və Əsli anadan olan kimi oğlanın adını Mahmud, qızın adını Məryam qoyurlar. Onlar on beş yaşına qədər bu adlarla tanınırlar. On beş yaşında Mahmud ova çıxır. Onun ov quşu – tərlanı Məryamın bağına gəlir. Mahmud və Məryam burada qarşılaşırlar. Mahmud qıza ilk müraciətində “əsli” sözünü işlədir:

 

Ay gözəl qız, səd afərin əslinə,

Ala gözlüm, tərlanımı gətir ver!

Mənəm o tərlanın ovçu səyyadı,

Ala gözlüm, tərlanımı gətir ver!

 

Məryam də ona cavabında “kərəm” sözündən istifadə edir:

 

Mən bilirəm bu tərlanın işini,

Kərəm eylə, tərlanını gəl apar.

Tərlan gərək yesin ovun döşünü,

Kərəm eylə, tərlanını gəl apar...

 

“...Söz tamama yetdi, qız dedi:

– Oğlan, kərəm eylə, tez çıx buradan get, keşiş babam gəlib bizi burada görməsin.

Mahmud dedi:

– Bu gündən mənim adım Kərəm olsun, sənin adın Əsli. İndi quşumu ver, varım gedim.

Aldı Əsli cavabında nə dedi:

 

...Bülbüllər oxuyur baharın fəsli,

Gözlərin olubdu canımın qəsdi,

Adım Məryam idi, sən qoydun Əsli,

Kərəm oğlan, kərəm eylə, quşun al!”

 

Beləliklə, göbəkkəsmə-beşikkərtmə nişanlılar olan Mahmud və Məryəm on beş yaşına çatanda bir-birinə rast gəlirlər. Bu görüşdə onlar bir-birini sevirlər. Həmin görüşdə Kərəm özünə və Məryəmə yeni ad qoyur. Onlar həmin gündən Kərəm və Əsliyə çevrilirlər. Bu çevrilmə oğlan və qızın on beş yaşına çatması ilə baş verir. On beş yaşda onlar uşaqlıq-yeniyetməlik dövrünü başa vurub, ömürlərinin ikinci mərhələsinə – evlənmə həddinə çatırlar. Demək, Kərəm və Əslinin bu iki ömür fazası arasındakı görüşü həm də ölüb-dirilmə səciyyəsi daşıyan keçid rutualıdır. Keçid rutuallarının əsas mexanizmi ölüb-dirilmədir: ritual subyekti bir ömür fazasını başa vuraraq ölür, yeni fazada doğulur. Fərd bu zaman bütün köhnə statusunu tərk edir, yeni status əldə edir. Onun cəmiyyətdəki yeni statusu yeni adla təsdiq olunur. Başqa sözlə, fərdin bir fazadan o birinə adlaması həm də addəyişmə ilə müşayiət olunur. Bu ritual mexanizmi “Əsli-Kərəm”də arxaik epizod, anlaşılmaz motiv şəklində qalıb.

 

Seyfəddin Rzasoy

filologiya üzrə elmlər doktoru, professor

 

Xalq Cəbhəsi.- 2018.- 21 dekabr.- S.14.