İsveçrədə Dünya
Azərbaycanlılarının Həmrəylik Gününə
həsr olunmuş konsert
Azərbaycanın İsveçrədəki səfirliyi və Diasporla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə Bern şəhərində Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş konsert keçirilib. Tədbir çərçivəsində Beynəlxalq Muğam Mərkəzinin 10 illiyi də qeyd edilib. Azərbaycanın İsveçrədəki səfiri Xanım İbrahimova bu bayramın əsasının Azərbaycanın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulduğunu xatırladıb. Səfir Ulu Öndərin 1991-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olarkən bu tarixi qərarı verdiyini bildirib.
Budəfəki bayramın Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə təsadüf etdiyini söyləyən X.İbrahimova bu əlamətdar hadisə münasibətilə iştirakçıları təbrik edib və bunun bayram əhval-ruhiyyəsini ikiqat artırdığını vurğulayıb. Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əhəmiyyətinə toxunan diplomat bu tarixin azərbaycanlıların milli birliyinin formalaşmasının başlanğıcı olduğunu söyləyib. Bu bayramla müxtəlif ölkələrdə yaşayan həmvətənlərimiz arasında ideoloji birliyin təməlinin qoyulduğunu qeyd edən səfir Azərbaycan dövlətinin diaspor işinə hər zaman prioritet yanaşdığını vurğulayıb. Həmvətənlərimizin birliyinin təmin edilməsi istiqamətində Azərbaycan hökuməti tərəfindən ardıcıl tədbirlər həyata keçirildiyini xatırladan diplomat cari ilin oktyabr ayında Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə təsis edilmiş İsveçrə Azərbaycanlılarının Koordinasiya Şurasının da bu tədbirlər sırasında olduğunu qeyd edib və diaspor üzvlərini bu təşkilat ətrafında sıx birləşməyə dəvət edib. Uğurlu layihələrin həyata keçirilməsi üçün həmvətənlərimizin bir olmasının vacibliyinə diqqət çəkilib.
X.İbrahimova azərbaycanlıları Bern şəhərində bu ilin avqust ayından fəaliyyət göstərən, Diasporla İş üzrə Dövlət Komitəsi və Xarici İşlər Nazirliyinin birgə layihəsi olub, yerli ölkənin təhsil sisteminə inteqrasiya olunmuş yeganə Azərbaycan məktəblərindən olan “Qarabağ məktəbi”nin fəaliyyətini dəstəkləməyə, eləcə də ümummilli məqsədlər naminə bütün fikir ayrılıqlarını kənara qoyaraq vahid qüvvə kimi çalışmağa çağırıb.
“İsveçrə Azərbaycanlıları
Mədəniyyət Mərkəzi”nin rəhbəri,
İsveçrə Azərbaycanlılarının Koordinasiya Şurasının əlaqələndiricisi
Qasım Nəsirov qonaqları salamlayaraq,
“Qarabağ məktəbi”nin fəaliyyəti
barədə iştirakçıları məlumatlandırıb,
onları məktəbin tanınması məqsədilə
təşkil olunacaq seminarda
iştiraka dəvət edib.
Sonra iştirakçılar Beynəlxalq Muğam Mərkəzinin solistləri Ehtiram Hüseynov və Günay İmamverdiyevanın ifasında Azərbaycan
musiqi incilərinə qulaq
asıblar. İştirakçılara Azərbaycan mətbəxinin
ləziz təamları təqdim olunub.
Xalq Cəbhəsi.- 2018.- 22 dekabr.-
S.16.