Güney Azərbaycan poemasında yeni təmayüllər

 

 

XX əsrin əvvəllərində, Rza şah istibdadı dövründə və II Dünya müharibəsi illərində poema janrının inkişafı (1900-1950-ci illər)

 

3-cü yazı

 

“Bir qoca kəndlinin, yaxud Eşqinin idealı” poemasında Mirzadə Eşqi siyasi motivləri daha çox qabardıb, mütərəqqi ideyalara üstünlük vermiş, xalqın içərisindən çıxmış müsbət qəhrəman obrazı yaradıb. Poemada təsvir olunan hadisələr, müsbət qəhrəman obrazının həyatla əlaqəsi onun təkmilləşməsinə, tipik bir xarakter kimi yetişməsinə gətirib çıxarır. Əsərin qəhrəmanı oxucunun gözlərinin önündə böyük bir inkişaf yolu keçir, məmurluqdan xalq hərəkatının, Məşrutə inqilabının öncüllərindən biri səviyyəsinədək inkişaf edir. Məşrutə inqilabına bu kəndli kortəbii qoşulmayıb. Onun başına gələn olaylar həyatda getdikcə formalaşmış bir idealın, azadlıq amalının yaranmasına gətirib çıxarıb. Mövcud istibdad rejiminin rəhbərlərinin, dövlət xadimlərinin satqınlığını, xalqı riyakarcasına aldadaraq xüsusi amansızlıqla istismar etdiklərini gördükcə, sadə kəndlinin qəlbində mənfur quruluşa qarşı nifrət, qisas hissləri coşub, məhvi labüd olan hakim üsuli-idarəni yıxmaq idealı həyat amalına çevrilib.

Məşrutə inqilabının ilk çağlarından əlinə silah götürən, iki oğlunu da bu amal uğrunda şəhid verən azadlıq aşiqi inqilab boğulduqdan sonra ərizə verib, heç olmasa, əvvəlki işinə - məmurluğa qayıtmaq istəyir. Lakin sipəhdarın ərizəsinə candərdi cavab verməsi kəndlinin bütün ümidini puça çıxarır. O, sadə bir dehqan-əkinçi kimi gündəlik ruzisini qazanmaq üçün torpaqda çalışmaq qərarına gəlir. Eşqi kəndlinin düşdüyü acınacaqlı vəziyyəti və inqilabda çəkdiyi əzab-əziyyətlərin, əməyin onun uğurlarından faydalanan nadan səlahiyyət sahibləri tərəfindən qiymətləndirilməməsini inandırıcı şəkildə, poetik dillə təsvir edib.

Kəndli düşdüyü acınacaqlı vəziyyətə görə dərin peşmançılıq hissi keçirir. Sipəhdarın sözləri sanki iti xəncər olub ürəyinə sancılır. Təbii ki, onun çəkdiyi iztirablar sonsuzdur, acıları, ağrıları intəhasızdır. Lakin bir incə məqamı da nəzərdən qaçırmamalıyıq ki, Mirzadə Eşqi novator-modernist bir şair kimi sadə kəndli obrazını baş qəhrəman səviyyəsində təqdim etməklə ədəbiyyatda, poeziyada yenilik etmiş, şeirə yeni nəfəs, yeni obrazlar gətirib. Lakin onun yeni tipli müsbət qəhrəmanının düşüncə tərzi hələlik məhduddur, idealı dumanlıdır. Hər sahədə, xüsusilə xalqın inqilabi mübarizə cəbhəsində təmənnasızlığı başlıca amil sayan şair əsərdə vurğulayır ki, əgər hər bir inqilab fədaisinin qoşulduğu hərəkatın sonunda ondan öz mənafeyi, şəxsi maraqları naminə hansısa gözləntiləri, istəkləri olarsa, o zaman onun inqilaba gəlişi təmənnalıdır. O halda, həmin inqilabların qələbə çalacağına və idarəetmədə qüsurların olmayacağına ümid azalır. Çünki Eşqinin qəhrəmanı da sonda inqilabdan gözlədiklərini əldə edə bilmir, bəxtiyar olmaqla bağlı arzularına qovuşmur:

 

Mən inqilab adına çəkdim ol qədər zəhmət,

Dedim məni edəcək bəxtiyar hürriyyət!

Qoca çağımda mənə oldu bel, külüng qismət.

Bəs inqilab bu isə, var olsun istibdad!

Həzar mərtəbə xoşdur, cəfası müstəbidin.

Şair qocanın bu halında da ürəyində gizli bir amalının, həyat idealının olduğunu öz dili ilə bəyan edir. Ağır vəziyyətdə yaşayışını zindan sayan, mərdanə ölümü sürünə-sürünə yaşamaqdan üstün bilən qoca kəndli qəlbində xalqın yenidən inqilab edəcəyinə, xoşbəxt gələcəyə qovuşağacağına inanır. Gec-tez zəhmətkeş kütlənin qələbəsi ilə azad, bəxtiyar günlərin gələcəyinə əminliyini ifadə edərkən qocanın gözlərində V.İ.Leninin rəhbərliyi ilə gerçəkləşmiş Oktyabr inqilabının şöləsi bərq vurur. Qoca qəti əmindir ki, gün gələcək azadlıq arzuları çin olacaq, inqilab qələbə ilə başa çatacaq və o vaxt xalq öz intiqamını zalimlər səltənətindən alacaq, cinayətlərin kökünə balta çalacaq.

Xalqını səfalətə sürükləyənləri, ağır vəziyyətə salanları, Vətənin sərvətini talayanları kəskin tənqid atəşinə tutan, eyiblərini göstərən, bu yolla, yəni öz eyiblərini gülə-gülə islah etmək istəyən “kəskin qələmli, azad düşüncəli, aydın təfəkkürlü” müdrik şair olan Mir Mehdi Etimadın (1900-1981) poema yaradıcılığı, xüsusilə də 1930-40-cı illərdə yazdığı "Gəlinlər bəzəyi" və "Çərşənbə bazarı" mənzum əsərləri bu janrın yeni inkişaf mərhələsində mühüm yer tutur. Güney ədəbiyyatında janrın inkişafını, tutduğu mövqeyi, bədii imkanlarının təşəkkülünü öyrənmək və doğru-düzgün qiymətləndirmək baxımından xüsusi əhəmiyyət daşıyan bu əsərlərdə də əsas məzmunu Azərbaycan türkünün yaşadığı real həyat gerçəkliklərini özündə yansıdan hadisə və əhvalatlar təşkil edir.

Mir Mehdi Etimad ən çox sevilən, kütləvi şəkildə oxunan, dəfələrlə nəşr olunan “Gəlinlər bəzəyi” poemasında Güney Azərbaycan xalqının həyatında əsrlərdən bəri kök salmış köhnə üsulları, keçmişin qalıqlarını, insanların, xüsusən gənclərin xoşbəxtliyinə əngəl törədən zərərli adətləri, eyni zamanda, mövhumatı, cəhaləti, fanatizmi, nadanlığı, var-dövlət, pul, sərvət hərisliyini ifşa edir. Müəllif dövrünün evlənmə, ailəqurma mərasimini, bu prosesdə mövcud olan problemləri, çatışmazlıqları bütün təfərrüatı ilə, aydın cizgilərlə əsərində nəzmə çəkib. İlk baxışda milli-etnoqrafik element effekti verən poemada sosial çatışmazlıqlar tədricən etiraz motivli ictimai hədəfə istiqamətlənir. Şair öncə evlənmə prosesinin "bəzi qaydaları” ilə oxucusunu tanış edir:

 

Qanun qoyub burda biz əşəri-mütəhhəq,

Oğlan qızı almaqda gərəkdir ola əbsər.

Yəni, qızı caizdir özü eyləyə röyət,

Beş gün sonradan çəkməyə bir bollu müsibət.

Oğlan ki, qızı bilmədi çirkindi, gözəldir.

Toydan sonra işlər görürsən cəngi-cədəldir.

Etimad ictimai-sosial problem kimi bütün zamanlarda insanları daim düşündürən evlənmə, yeni ailə qurma mərasiminin bəzi mənfi cəhətlərini, eybəcərliklərini tənqid edir, bəzən isə incə yumorla məsxərəyə qoyur. O, poemanın ilk sətirlərindən toy mərasiminin xərcinin kəndlinin qazancına uyğun gəlmədiyinə, bu xərcin hədsiz yüksək olduğuna etirazını bildirir və uzun illər əzab və zəhmətlə qazanılan pulun sel kimi axıdılmasını yersiz və artıq hesab edirərək yazır:

 

Pul da becəhənnəm, dağılır orda, bu yanda,

Oğlan ki, qızı görmür, dərd ondadır, onda.

Elçi bəyənən qızla yəqinimdir, iş olmaz,

Gər olsa da beş günlük olar, insana qalmaz!

Bir kisə çaya, bir çubuğa oldular rabənd,

Fövrən üzüyü barmağına etdilər peyvənd.

Heç bilmədilər rəsmi-rusuma ta bələddir

Təhsili nədir, xülqü nədir, yaxşıdı, bəddir?!

Bir böylə qızı lazım olar validə alsın,

Əngaltı olub, ev süpürüb, tambura çalsın.

Gələcək ailə münaqişələrinin, iki gəncin bədbəxtliyinin, faciəsinin kökləri məhz bundadır. Xoşbəxtlik hesab olunan, lakin çox hallarda bədbəxtliyin əsası bu addımdan başlanır.

15 il yeni üsullu məktəbə rəhbərlik etməklə bərabər müəllimlik də edən M.M.Etimad uşaqların təlim-tərbiyəsində mövcud çatışmazlıqları yaxşı görürdü və ailə-məişət məsələlərinə məhz tərbiyəvi-didaktik mövqedən yanaşırdı. O, ailənin möhkəm təməl üzərində qurulmasına, evlənən gənclərin xoşbəxtliyinə xələl gətirən, çox hallarda uğursuz nikaha gətirib çıxaran köhnə qaydaları düzgün hesab etmirdi. Cəhaləti, nadanlığı, xalqın kor-koranə uyduğu mövhumatı tənqid atəşinə tuturdu. Bu məsələlərə əxlaqi-didaktik nəzərdən yanaşaraq oğlanın qızı, qızınsa oğlanı görmədən, sevmədən evlənməsinə etiraz edirdi. “Gəlinlər bəzəyi” poemasının birinci hissəsində M.Etimadın qənaəti, oxucularına aşılamaq istədiyi fikrin məğzi budur: Qarşılıqlı məhəbbət olmadan, oğlanla qızın xasiyyətləri uyuşmadan, bir-birlərini, az da olsa tanımadan ailə möhkəm təməl üzərində qurulmur və hər an dağıla bilər.

Şair vətəndaş ziyalı kimi daha bir vacib məsələni də önə çəkərək yazır ki, qız da, oğlan da müəyyən olunmuş yaş həddində nikah bağlamalı, ailə qurmalıdır. Əgər övladlarının vaxtında ailə qurub evlənməsinə valideyn etiraz edərsə, onların səhv yola düşməsinə, düz yoldan sapmasına şərait yaratmış olur. Poemanın “Ataların öz oğluna təklifi” hissəsində şair oğlunun vaxtında evlənmək istəyinə qarşı çıxan atanın bəhanələrini bu cür təsvir edir:

 

İndi o uşaqdır hələ, evlənməyi neynir?

Çox yeyiri anlamayır, çox qələt eylir.

Bədbəxt əlinin dal-qabağın anlamayıbdır,

Bir yer, bilirəm, yoxdu ki, banlamayıbdır.

Yox, söyləsə bir kimsə: Hanı nəğdi qranın?

Yainki bazarda hanı bir tozlu dükanın?

Bu şövqə düşən insana lazımdı əzəldə,

Heç olmasa, öz qarnını əvvəlcə düzəldə.

İşləməyən, heç bir qazancı olmayan, lakin evlənmək istəyən oğlunu zəliyə bənzədərək, hətta hücrəsinə gələrsə, öldürəcəyi ilə hədələyən cahil ataların tövsiyə ruhlu sözlərini anlayacağına inanmayan Etimad: “Bu sözlərimin hüsnünü əhli-ədəb anlar; Lakin özünü anla- mayanlar tərəb anlar”, - deyir və qız anasının övladını tərif etməsini, sətiraltı mənalarla məziyyətlərini söyləməsini izzəti-nəfsə toxunan hal kimi qiymətləndirir, ancaq əsas məsələ də məhz bu tərifdən sonra həll olunur. Oğlan adamları qız anasının sözlərindən qızın “kar, kor, keçəl, şil” (naməhrəm görməyib, heç yeri gəzməyib, heç kəsin sözünü eşitməyib) və ən əsası, qohum-əqrəbasının dövlətli olduğunu bilən kimi elçilərin ağbirçəyi deyir:

 

Gər fərz eləyək, bir quru kəllə, içi boşdur,

Olsa nəmənə, bil ki, qəbuldur, bizə xoşdur,

Bir görmək ilə anladıq, hər iş bacarandır,

Ev qədri bilən, əlləri düz, yaxşı mamandır.

 

Elçilər razılıqlarını bildirib evə gəldikdən sonra şair “oğlan bacısı”nın sözlərini nəzmə çəkir. Bacı qardaşına qızı və ailəsini tərifləyir. Onun təriflərindən bəlli olur ki, qız dövlətli, şəhərdə tanınmış ailədəndir. Qardaşı adlı-sanlı tacir və karxana sahibidir. Bütün bunlardan hali olan oğlan razılaşır, sevincindən hətta bacısını qucaqla¬yıb öpür. Oğlan, bacı və ana bu təriflərlə atanı da yumşaldırlar və tələm-tələsik izdivaca hazırlıq görməyə girişirlər. Xalq adət-ənənə-lərinin canlı ensiklopediyası olan toyu şair bütün təfərrüatı ilə təsvir edir. Ən sonda isə bu cür saxta evliliyin acınacaqlı aqibətini qələmə alır. Yalnız toy günü gəlini görməyə müyəssər olan oğlan evləndiyi qızın zahiri eybəcərliyi qarşısında donub qalır. Evlənmək kimi ciddi, həyat əhəmiyyətli bir məsələdə tələsdiyini, ürəyinin səsini dinləmədən ötəri həvəslərə, dünya malına aldanaraq qərar verdiyinə görə dərin peşimançılıq hissi keçirir. Sevmədiyi, könül vermədiyi qızla yaşaya bilməyəcəyini, valideynlərinin təhriki və təbliği ilə baş tutan evliliyin yürüməyəcəyini anlayır.

 

Esmira Fuad

Filologiya üzrə elmlər doktoru

 

Xalq Cəbhəsi.- 2018.-27 dekabr.- S.14.