Güney Azərbaycan poemasında yeni təmayüllə

 

 

XX əsrin əvvəllərində, Rza şah istibdadı dövründə və II Dünya müharibəsi illərində poema janrının inkişafı (1900-1950-ci illər)

 

4-cü yazı

 

Şairin xalq adət-ənənələri parlaq şəkildə ifadəsini tapdığı “Çərşənbə bazarı” poemasında məişət mövzusu geniş yer tutur. Novruz bayramını, yazın gəlişini qarşılamağa hazırlaşan xalqın bütün təbəqələrinin bayram əhvali-ruhiyyəsini, sevincini, narahatlığını xarakterik cizgilərlə təsvir edən əsərdə mühüm milli-mənəvi, ictimai-sosial problemlərlə ilgili düşüncələr, dünyagörüşü, əxlaqi məsələlər, etik normalar başlıca problem kimi seçilir. Ədib bir çox hallarda konkret hadisələrin təsviri ilə kifayətlənmir, baş verənlərə öz mövqeyini bildirməkdən çəkinmir. Şair ümid edir ki, onun oxucusu “əhli-ədəb” olacaq, dediklərinin mənasını anlayacaq. Bu səbəbdən o, tez-tez mövzudan kənara çıxır, məsələ ilə bağlı sərrast və müdrik düşüncələrinə meydan verir, arif oxucu üçün sətiraltı “etiraz aktı” işarəsini də verir.

“Çərşənbə bazarı” poemasında Novruz bayramı ilə bağlı Azərbaycan xalqının əsrlərdən bəri yaddaşında yaşadaraq bu günümüzədək qoruyub saxladığı milli adət-ənənələr, mətbəx mədəniyyəti, şirniyyat və xörək növləri böyük ustalıqla təsvir edilir. O, bəzi Novruz adətlərini elə incəliklə nəzmə çəkir ki, oxucu özünü həmin şənliklərin içində hiss edir. Subay qızların bayram axşamı öz bəxtlərini sınamaq üçün qapı pusmağa - qulaq falına çıxmalarını, yeniyetmə və uşaqların bacadan şal-qurşaq sallamalarını, axır çərşənbədə tonqal yandırıb üstündən atılan gənclərin “Çərşənbə mahnısı” oxumalarını ustalıqla təsvir edən şair yazır:

Atılan vaxtda arvad, kişinin virdi budur,

Deməyib hər kəs atılsa, saralan günləridir.

"Diş, baş ağrım, bədən ağrım, qolumun ağrısını,

Tökürəm bu oda yansın ”, - sayılan günləridir.

 

Şair bu poemada ictimai həyat hadisələri ilə də bağlı bir sıra haşiyələr verib. Bu haşiyələr poemada ya ayrıca bir bölmə təşkil edir, bəzən də bir-iki beytdə öz əksini tapır. Belə bölmələrdən birinə müəllif “Qoyma haqqın batsın” başlığı verib.

Ah çəkmək, yaxa yırtmaq eləməz dərdə dəva,

Dayan, al həqqini, fikr etmə, batan günləridir,

 

- deyən şair soydaşlarını milli dərdlərin həlli yolunu bulmağa, xalqını həm də mətin, iradəli olmağa, öz haqq və hüquqlarına qovuşmaq üçün mübarizə aparmağa səsləyir.

Şair Novruz şənliklərinə, qayğılarına əhalinin müxtəlif təbəqələrinin - tacirlərin, əsnafların, satıcı, usta kimi sadə peşə adamlarının, eləcə də sənətkar və din xadimlərinin müstəvisindən baxır, bu insanların əhval-ruhiyyəsinə, keçirdiyi hisslərə şərik olur, sevinc və narahatlıqlarını aydın şəkildə təsvir edir. “Gəlinlər bəzəyi" kimi, “Çərşənbə bazarı” poemasının da ən gözəl cəhətlərindən biri şairin obrazların dili ilə haşiyələr çıxması, cəmiyyətdə hökm sürən bəzi eybəcərlikləri, çatışmazlıqları ifşa hədəfinə çevirməsi, çətinliklə dolanan, bayram süfrəsinə qoymağa azuqə tapmayan işsizlərin, bayram süfrəsi aça bilmədiyindən uşaqlarının üzünə baxmağa xəcalət çəkən və özünə ölüm arzulayan yoxsul təbəqənin, bütövlükdə xalqın real həyatının aynası səviyyəsində təqdim etməsidir:

 

Barilaha, bizə rəhm eylə, aman günləridir,

Bazar əhlinin övzayi-yaman günləridir.

Kəsilib alverimiz, mal dayanıb, nisyə batıb,

İtiribdir özünü, lap dayanan günləridir.

Hər kimi dindirisən, "ox, necə olsun”da qalıb,

Dalısınca yekə bir dastan açan günləridir...

 

Etimad millətinin, xalqının eyiblərindən yazır, onu nadanlıq və cəhalətə sürükləyən səbəb və hadisələri tənqid edir, bu yolla ictimai ədalətsizliyi islah etmək istəyirdi. Ədibin həyatda da, əsərlərində də məqsədi idealı mədəniyyətin, elmin və təhsilin inkişafı, Vətən balalarını qəflət yuxusunda deyil, gözüaçıq, savadlı, intellektual səviyyəli, “can deyib, can eşidən, heç bir halda xalqına xəyanət etməyən” vətəndaş kimi görmək idi. Düşünürdü ki, xalqının xoşbəxt gələcəyi üçün texnika, fabrik, zavod, silah, qoşun, güc strukturları qədər mədəniyyət də, elm və təhsil də gərəkdir. Bu müqəddəs arzusunu "Çərşənbə bazarı" poemasında o, aşağıdakı kimi poetikləşdirirdi:

 

Vətənə mədrəsə,fabrik, maşın, konka, qoşun,

Əsləhə, ayroplan lazım olan günləridir.

Aç gözün, yatma dəxi, xabi-cəhalətdən oyan,

Elm oxu, elm bu gün yer üzünü abad edib,

Yatmağın vaxtı deyil, elm oxunan günləridir.

 

Mir Mehdi Etimad “klassik ədəbiyyatın bir çox priyom və bədii təsvir vasitələrindən yaradıcı surətdə faydalanaraq novatorluqla ənənələri” uğurla əlaqələndirib, yazdığı əsərlərlə bütöv Azərbaycan ədəbiyyatına və mədəniyyətinə öz töhfələrini verib. Güney şairlərinin XX əsrin 50-ci illərinə qədərki poema yaradıcılığından bəhs edərkən M.Şəhriyarın da yaradıcılığına toxunmaq vacibdir. 1937-ci ilədək sürgün həyatı yaşayan ustad Şəhriyarın həmin illərin müşahidələrinin məhsulu olan “Nişapurda Günəş ba- tarkən”, “Nişapurda”, “Tehranı yad edərkən” və s. əsərlərində əsasən qürbətdə çəkdiyi əzab və iztirabların yaratdığı pessimist əhvali-ruhiyyəs hiss olunursa, 1943-cü ildən sonrakı yaradıcılığında onda nikbinlik, həyata inam, yaşamaq həvəsinin artması özünü göstərir.

Dövrün mühüm ictimai-siyasi hadisələrinə obyektiv münasibət Şəhriyar “Stalinqrad qəhrəmanları” poemasını 1941-1945-ci illərdə baş vermiş, bütün dünyanı lərzəyə salmış İkinci Cahan savaşının qəlbində yaratdığı təbəddülatlar əsasında yazıb. Müharibənin dünya xalqlarının həyatında mənfi təsirinin təsvir edən M.Şəhriyar igid rus qızı Zoya Kosmedemyanskayanın simasında qəlbində yuva salmış humanizm duyğularını, ümumbəşəri hissləri, mərdliklə, qürurla yaşayan sadə insanların lazım gələrsə, Vətənin yolunda canından belə keçməyə hazır olduqlarını poetik sözün qüdrəti ilə nəzmə çəkib. Bu dövrdə və ondan sonra ərsəyə gəlmiş poemalar bir çox tarixi əhəmiyyətli hadisələri özündə ehtiva edən və ən ziddiyyətli dövr olan Rza şah istibdadı illərində (1925-1941) İrandakı ictimai-siyasi, ədəbi mühiti öyrənmək baxımından faydalıdır.

İctimai şüurun formalaşması, yeni insan tərbiyəsi, maarif və mədəniyyətin inkişafı, Güney xalqının körpə fidanlarının sağlam ruhda böyüməsi və doğma dildə mükəmməl təhsil alması uğrunda yorulmadan çalışan Cabbar Əsgərzadə Bağçaban (1885-1966) böyük maarifpərvər şair və fəal ictimai xadim kimi tanınırdı. Uşaqlar üçün yazdığı bir-birindən maraqlı şeir və hekayələr ədibin yaradıcılığında mühüm yer tuturdu. “Qızıllı yarpaq, yaxud zəkalı Ənvər” poemasının da qəhrəmanları dərslərini yaxşı və pis oxuyan, çalışqan və tənbəl məktəblilərdir. Uşaq auditoriyasının qavrama səviyyəsini diqqətdə saxlayan şair-pedaqoq əsəri şifahi xalq ədəbiyyatından gələn sadə süjet əsasında qələmə almış və poemasında ölkənin, cəmiyyətin və insanların inkişafının, yüksəlişinin təhsildə, elm və maarifdə olduğu fikrini təbliğ etmişdir.

Ancaq Ənvəri sevməyən, ona paxıllıq edən, uğurlarını gözü götürməyən və vaxtını oyun oynamaqla keçirən tənbəl yoldaşları da az deyil. Onlar Ənvərin “Bütün günü oyun oynamaqdansa, dərs oxuyun, imtahanlara az qalır” kimi çağırışlarına rişxəndlə yanaşaraq: “Ənvər, Ənvər, can Ənvər; Oyundan qorxan Ənvər” - kimi xitab edərək məsxərəyə qoyurlar. Lakin Ənvərin yoldaşlarına ağıllı, düşüncəli cavabı iki qütbə bölünmüş uşaqların səviyyəsini, elm və maarifə münasibətini müəyyən edir:

Uşaq, uşaq, can uşaq,

Gəlir imtahan, uşaq.

Mənə rişxənd edərsiz,

Belə atılıb-düşərsiz.

Sonra sözümü bilərsiz,

Onda başa düşərsiz.

Çox keçmədən başlanan imtahanlarda Ənvər məntiqli və tutarlı cavabları ilə müəllimlərini heyran qoyur. Onun oyunçu sinif yoldaşları isə suallara cavab verə bilmir, acizlikləri, bilgisizlikləri ilə müəllimləri qarşısında pərt olur, peşimançılıq çəkir və ürəklərində Ənvərə haqq qazandırırlar. Sonda xorla ucadan: - Sağ ol, zəkalı Ənvər! Var ol, zəkalı Ənvər! - nidaları ilə onu alqışlayırlar. Əxlaqi-didaktik məzmunu ilə seçilən “Qızıllı yarpaq, yaxud zəkalı Ənvər” poemasında “müəllim-şagird münasibətləri, valideynlərin uşaqlarını oxutmaq üçün onları həvəsləndirməsi, çəkilən zəhmətin öz bəhrəsini verməsi həm bir şair, həm də müəllim-öyrədici ustalığı ilə öz bədii əksini və həllini tapmışdır”.

Haşım Tərlanın xalq həyatına dərindən bələdliyi ona bu həyatı və şahlıq rejiminin çoxyönlü siyasi gedişlərini bütün ayrıntıları ilə təsvir etmək imkanı yaradıb. Bu bələdlik şairə xalqın milli azadlıq hərəkatının baş qəhrəmanlarının: Sərdari-milli Səttar xan, Ş.M.Xiyabani, S.C.Pişəvəri və F.İbrahiminin bədii obrazlarını yaratmaq şansı da verib. Hətta şairin sevə-sevə yaratdığı obrazlardan birinin prototipi Milli Hökumət dövründə prokuror işləmiş alovlu vətənpərvər Firudin İbrahimidir. F.İbrahiminin keçdiyi həyat yolu, azadlıq idealları təkcə nəsr deyil, nəzm əsərlərinin də baş mövzusu olub. Haşım Tərlan, Həbib Sahir ona şeir, Mədinə Gülgün “Firudin”, Hökumə Billuri isə “Ölməz qəhrəman” poemalarını xalqın ədalət mücəssəməsi saydığı gənc prokurora həsr ediblər.

Haşım Tərlan “Toxucu qız və Savalan”, Behruz Dövlətabadi “Xatirələr dünyası” və Heydər Xətibi “Püstə nənə” poemalarında, Həbib Sahir isə “Toxucu qız” əsərində əməkçi insanların, xalça karxanalarında çalışan xalçaçı qız və qadınların ağır iş rejimini bədii dillə təsvir edir, bu sahədə çalışan insanların iş gününün dözülməzliyinə baxmayaraq, böyük ideallarla, istiqlal arzuları ilə yaşayıb çarpışdıqlarına diqqət çəkirdilər.

XX əsrin I yarısında Güneydə “milli şüur və məfkurənin təzahürü sətiraltı fikir qatlarında təcəssüm olunurdusa, 80-90-cı illərin yaradıcılığında bu, aşkar ideya keyfiyyətinə çevrilib. Həmin ideya-məfkurənin canlı təcəssümü əsasən, imperiyanın kəskin ifşası, Azərbaycan xalqının milli müstəqilliyi, suverenliyi, dövlətçilik, yeni istiqlalçılıq ideologiyası ilə bağlıdır”. Həmçinin, qeyd edilən istiqamətdə dövrünə görə müasir və mütərəqqi ideya qığılcımlarının etnoqrafik mövzular və pedaqoji motivlər içində aşkarlanması Güney ədəbiyyatında yeni ədəbi-bədii keyfiyyət göstəricisinin yaranmasından xəbər verir.

 

Esmira Fuad

filologiya üzrə elmlər doktoru

 

Xalq Cəbhəsi.- 2018.- 28 dekabr.- S.14.