İkinci Rusiya-İran müharibəsi və İrəvan xanlığının işğalı

 

 

6-cı yazı

 

1827-ci il martın 29-da general-adyutant Paskeviç Qafqazda yerləşən rus qoşunlarının baş komandanı təyin olundu. Onun baş komandan təyin olunması müharibənin gedişində bir qədər dəyişikliyə səbəb oldu. O, ilk zərbəni İrəvan xanlığına endirməyi qərara aldı. Yeni baş komandan İrəvan xanlığının strateji əhəmiyyətini çox gözəl dərk edirdi. Bu xanlığı işğal etməklə hərbi əməliyyatların gedişində dönüş yaratmaq və sələfinin bu müharibədə tutduğu taktikanın səhv olduğunu sübut etmək istəyirdi.

Tarix üzrə fəlsəfə doktoru Elçin Qarayevin İrəvan xanlığı ilə bağlı araşdırmasında bildirilir ki, 1827-ci ilin aprelin əvvəllərində Paskeviçin əmri ilə rus qoşunlarının ön dəstəsi general Benkendorfun komandanlığı altında erməni arxiyepiskopu Nersesin müşayəti ilə Borçalıdan İrəvana doğru hərəkətə başladı. Beləliklə, rus qoşunları İrəvan xanlığına üçüncü dəfə geniş miqyaslı hücuma keçdi. Aprelin 13-də heç bir müqavimətə rast gəlməyən rus qoşunu Eçmiədzin kilsəsinə gəlib çatdı.

Onlar burada ermənilər tərəfindən təntənə ilə qarşılandı və şərəflərinə ziyafət verildi. Lakin Benkendorfun qoşunu tezliklə ağır vəziyyətə düşdü. Yürüşə başlayanda cüzi ərzaq ehtiyatına malik olan rus qoşunu bu təlabatı təmin etmək üçün ermənilərə böyük ümid bəsləyirdi. Ermənilər rus komandanlığını həm maddi, həm də hərbi cəhətdən kömək edəcəklərinə söz verməklə bu dəfə də rus komandanlığını inandıra bilmişdi. Baş qərargah rəisi Dibiç çara yazırdı ki, «Erməni arxiyepiskopu Nerses Sizin ali məktubunuzu dərin minnətdarlıqla qəbul etmişdi. Məktub kilsədə erməni dilində oxunub və çap olunacaqdır. O, erməni xalqının sədaqət və səyinə söz verirdi. Rus qoşunlarının İrəvan xanlığına yürüşü zamanı yerli ermənilərdən lazımi qədər ehtiyat tapılmasına ümid edir və mən buna inanıram». Lakin bu ermənilərin növbəti yalanı idi. Onların məqsədi bu yalanı uydurmaqla rus qoşunlarının İrəvan xanlığına hücumunu tezləşdirmək idi. Rus komandanlığının ermənilər tərəfindən aldadılaraq ərzaq çatışmazlığından ağır vəziyyətə düşdüyünü və onlara olan ümidin boşa çıxdığını general adyutant Paskeviç də etiraf etmişdi. Onun 1828-ci il noyabrın 16-da yazdığı məxfi məktubda Benkendorfun dəstəsinin vəziyyətini belə təsvir edirdi: «Onu (Benkendorfu-E.T.) müşayət edən arxiyepiskop Nerses yürüşü sürətləndirmək üçün inandırmışdı ki, onun dəstəsi Eçmiədzin kilsəsində iki aylıq ərzaq ehtiyatı tapacaqdır. Lakin nə orada, nə də bütün xanlıqda heç bir taxıl ehtiyatı tapılmadı. Nerses tərəfindən aldadılmış bütün qoşun o dərəcədə aclıq keçirirdi ki, əsgərlər bitki kökləri ilə qidalanmağa başlamışdı...»

Daha sonra baş komandan erməni əhalisini qorxaq və yalançı adlandıraraq, onlara olan ümidin boşa çıxmasından bəhs edərək qeyd edirdi ki, «ancaq dağlıq mahalların bir neçə kəndində ermənilər şah qoşunu əleyhinə silahlı müqavimət göstərməyə cəsarət etmişdilər. İrəvan xanlığında bir neçə erməni bizim qoşuna qoşulmuşdu. Ümumiyyətlə, bütün əhali sərdar tərəfindən dağlara köçürülmüşdü. Belə ki, mən onlardan (erməni əhalisindən-E.T.) heç bir yardım görmədim». Erməni əhalisinin yardımına bəslənən ümidin boşa çıxması Paskeviçin başçılığı ilə əsas qüvvələrin aprelin 24-ə planlaşdırdığı İrəvan xanlığına yürüşün təxirə salınmasına səbəb oldu.

Bacarıqlı, uzaqgörən sərkərdə olan Hüseynqulu xan rus qoşunlarının tezliklə İrəvan xanlığına hücum edəcəyini bildiyindən əvvəldən müdafiə hazırlığı görmüşdü. İrəvan qalası daha da möhkəmləndirilmişdi. Bu məqsədlə ingilis mühəndislərinin məsləhətlərindən də istifadə edilmişdi. Xanın əmri ilə bütün taxıl ehtiyatı kəndlərdən qalaya daşınmışdı.

Qala qarnizonu daha da gücləndirilmişdi. Dövrün məlumatına görə, təkcə İrəvan qalasında olan qarnizonun sayı 5000-ə çatırdı. Qalada 26 top yerləşdirilmişdi. Yerli əhalinin bir hissəsi Arazın cənubuna köçürülmüş, bir hissəsi əlçatmaz dağlara çəkilmiş, digər hissəsi isə qalalara sığınmışdı. Xüsusilə, Qırxbulaq və Göyçə mahallarının əhalisi kütləvi surətdə Arazın cənubuna köçmüşdülər. Məlumata görə, təkcə İrəvan qalasına 18 min sakin köçürülmüşdü. Məhz bu səbəbdən rus qoşununun kəndlərdən ərzaq toplamaq cəhdi heç bir nəticə vermədi. Digər tərəfdən ayrı-ayrı çevik dəstələrə bölünmüş İrəvan qoşunu Benkendorfun dəstəsinə qəfl hücumlar edərək onlara itkilər verirdi.

Erməni əhalisinin xəyanətini dərk edən Hüseynqulu xan Eçmiədzin kilsəsinə qarşı müəyyən tədbirlər görmüşdü. Rus qoşunu gələnə qədər kilsədə 400 nəfərdən ibarət qarnizon yerləşdirilmişdi. Lakin bu qüvvələr sonradan geri çəkilmişdi. Digər tərəfdən kilsədə bir neçə nəfər arximandr və rahib saxlanılmış, qalanları qalaya göndərilmişdı. Erməni din xadimlərindən çox az hissəsi qaça bilmişdi. Kilsədə olan bütün ərzaq ehtiyatı qalaya daşınmış, ətrafda yerləşən erməni kəndləri isə tamamilə qarət olunmuşdu.

Bundan əlavə, Hüseynqulu xan kömək üçün şah sarayına da müraciət etmişdi. Əvvəlcə şah hökuməti İrəvan qalasını müdafiə etmək üçün hərbi qüvvə göndərməyi qərara almışdı. Lakin Qacar komandanlığının rus qoşunlarının hücum istiqaməti haqqında məlumatı olmadığından, bütün qüvvələrin bir istiqamətdə cəmləşməsinin əleyhinə olaraq kömək göndərməmişdi. Beləliklə, irəvanlılar xanlığı öz qüvvələri hesabına qorumağa qərara aldı.

Eçmiədzin kilsəsində düşərgə salan rus qoşunu aclıqdan əziyyət çəkirdi. Bunun qarşısını almaq üçün general Benkendorf Sərdarabad qalasına hücum etməyi qərara aldı. General İrəvan xanlığının qərb hissəsində yerləşən bu qalaya hücum etməklə iki məqsəd güdürdü. Birinci, bu qalanı tutmaqla burada və onun ətraf kəndlərindən qoşun üçün ərzaq toplamaq, ikinci, bu hücum baş tutmadıqda, bu təlabatı Qars paşalığından əldə etmək ümidində idi.

Sərdarabad qalası xanlıqda İrəvan qalasından sonra ikinci ən böyük qala idi. General Benkendorf Sərdarabad qalasını qəflətən ələ keçirməyi qərara aldı. O, 1827-ci il aprelin 16-da səhər 5 alay və 4 topla Sərdarabad qalasına doğru hərəkət etdi. General Benkendorf rus qoşununun hərəkətini izləyən irəvanlıların diqqətini əsas qüvvələrdən yayındırmaq üçün Şirvan alayının üç bölüyünü İrəvan yoluna göndərdi. Lakin qala müdafiəçiləri rus qoşununun bu niyyətindən vaxtında xəbər tuta bilmişdi. Sərdarabad qalasından 10 verst aralı Həsən xan 1000 süvari dəstəsi ilə rusların ön dəstəsinə hücum etdi. Döyüş nəticəsində xanın dəstəsi məğlub olaraq qalaya doğru geri cəkildi. Bu döyüşdə irəvanlılardan 100 nəfər ölən və yaralanan olmuş, İsmayıl xan və kürd Hüseyn ağanın qardaşı oğlu əsir düşmüşdü.

Onları təqib edən rus qoşunu həmin günü axşam qalaya yaxınlaşdı. Lakin qala müdafiəçiləri toplardan atəş açmaqla onlara aman vermirdı. Planının baş tutmadığını görən Benkendorf qala rəisinin yanına könüllü təslim olmaq üçün elçi göndərdi. Qala rəisi Benkendorfun bu tələbini rədd edərək bildirir ki, «qalanı təslim etməkdənsə, onun dağıntıları altında dəfn olunmasına razı olardı». İrəvanlılardan rədd cavabı alan Benkendorf aprelin 16-dan 17-ə keçən gecə qalanı güclü top atəşinə tutmağa əmr etdi. Qala toplardan güclü atəşə tutuldu. Lakin qala müdafiəçiləri ruslara əks zərbə endirməklə lazımi cavab verirdi. Digər tərəfdən ətraf kəndlərdən ərzaq toplamaq cəhdi də boşa çıxdı. Hətta rus qoşunu su və odun belə tapmadı. Müdafiəçilərin əzimkarlığını görən rus komandanlığı səhəri günü aprelin 17-də Eçmiədzinə qayıtmağa məcbur oldu.

E.Qarayevin İrəvan xanlığı ilə bağlı araşdırmasında daha sonra bildirilir ki, ümid ancaq Qars paşalığına göndərilmiş rus dəstəsinə qalırdı. Belə ki, general Benkendorf Sərdərabada yürüş qabağı knyaz Sevarsamidzenin başçılığı altında bir batalyon Şirvan alayını, 3 topa malik 2 tiflis bölüyünü və 1 kazak alayını ərzaq almaq üçün Osmanlı sərhəddinə göndərmişdi. Arpaçay çayı sahilində dayanan Sevarsamidze Qars paşasından ərzaq və mal-qara almaq üçün icazə istəmişdi. Lakin paşa Ərzurum sərəsgəri ilə məsləhətləşdikdən sonra knyaza cavab verir ki, o, sultanla əlaqə saxlamadan onlara icazə verməyə və hər hansı döyüşən tərəfə kömək etməyə hüququ yoxdur. Əslində rusların bu planını Hüseynqulu xan pozmuşdu. Belə ki, knyaz Sevarsamidzenin Arpaçay çayı istiqamətində yürüşünün məqsədindən xəbərdar olan İrəvan xanı Qars və Bəyazid paşalarına nümayəndə göndərərək onlara bildirmişdi ki, əgər rus qoşununu ərzaqla təmin etsələr İrəvan xanlığını təhlükədə qoyacaqlar. Hüseynqulu xanın vaxtında gördüyü bu tədbir öz bəhrəsini verdi. Beləliklə, Osmanlı paşalıqlarından ərzaq almaq ümidini itirən Sevarsamidze dəstəsi ilə əliboş geri qayıtdı.

Benkendorfun dəstəsi rus komandanlığının səyi nəticəsində tezliklə, ərzaq köməyi ala bildi. Aprelin 23-də Tiflisdən göndərilmiş ərzaqla dolu araba karvanı düşərgəyə gəlib çatdı. Lakin bu ərzaq rus qoşununu yalnız on gün təmin edə bilərdi. Beləliklə, müvəqqəti aclıq problemini həll edən general Benkendorfun dəstəsi İrəvan qalasına hücum etməyi qərara aldı. Qalanı mühasirə etmək niyyətində olan rus qoşunu müxtəlif dəstələrə bölünüb, aprelin 24-də Zəngi çayını keçərək cənub şərq istiqamətində yürüşə başladı. Bu xəbəri eşidən irəvanlılar rus qoşununun hücumunun qarşısını yolda ikən kəsməyi qərara aldı. Aprelin 24-də qaladan çıxan 500 nəfərlik süvari dəstə rus qoşununa doğru hərəkətə başlayır. Tərəflər İrəvana yaxın kəndlərdə üz-üzə gəldi. İrəvan süvarilərinin inadla döyüşməsinə baxmayaraq, daha yaxşı silahlanmış iki gürcü qrenader alayı onları geri çəkilməyə məcbur etdi. Qalaya yaxınlaşan bu alay onun cənub şərqində yerləşən «Müxənnət təpə» adlanan kurqanı ələ keçirdi. Lakin qala müdafiəçiləri onları güclü top atəşinə tutmaqda davam edirdi.

Hüseynqulu xan rus qoşunlarının irəlilədiyini görərək qalanın cənub və şərq qapıları tərəfində yerləşən bağları əldə saxlamaq üçün piyada və süvarilərdən ibarət iki sərbaz bataliyonunu oraya göndərdi. Əhalinin mülkləri burada yerləşdiyindən bu bağları əldə saxlamaq İrəvan qoşunu üçün çox vacib idi. Lakin rus qoşunu irəvanlıları buradan sıxışdırıb çıxarmaq üçün hücuma keçdi. Döyüş nəticəsində bağlar İrəvan qoşunundan təmizləndi. Məğlub olmuş piyada qoşun yenidən İrəvan qalasına sığınır, süvarilər isə Naxçıvan yolu ilə geri çəkildi. General Benkendorf iki karabiner alayını «Müxənnət təpə»sində, gürcü alayını isə bağlarda yerləşdirərək, özü digər dəstələrlə qalanın cənub hissəsində düşərgə saldı.

 

Elçin Qaliboğlu

 

Xalq Cəbhəsi.- 2018.- 28 dekabr.- S.13.