İkinci Rusiya-İran müharibəsi
və İrəvan xanlığının işğalı
7-ci yazı
1827-ci il aprelin 25-də podpolkovnik Aristovun başçılığı ilə «Şirvan batalyonu» qalanın qərb tərəfində yerləşən «İrakli təpəsini» ələ keçirərək burada artilleriya quraşdırdı. Yerləşdirilmiş
toplardan qala güclü atəşə tutulmağa
başladı. Bombardıman nəticəsində qala
divarına və xanın sarayına zədə dəydi. Lakin
top gülləsindən zədələnmiş qala divarı
vaxtında müdafiəçilər tərəfindən
hörüldü. Eyni zamanda qala
müdafiəçiləri rus qoşununa dinclik vermirdi. Onlar da qaladan rus dəstələrini güclü
atəşə tuturdu. Günortaya yaxın
atəş səngidi, «Şirvan batalyonu»
düşərgəyə qayıdır, mayor Xamutskinin
başçılığı altında iki karabiner alayı
4 topla «İrakli təpəsi»ndə saxlanılır.
Tarix üzrə
fəlsəfə doktoru Elçin Qarayevin İrəvan
xanlığı ilə bağlı araşdırmasında
bildirilir ki, irəvanlılar müdafiyə olunmaqla
bərabər, imkan düşən kimi hücuma da
keçirdi. Aprelin 25-də saat 4-də qala rəisi
Cübhanqulu xanın başçılığı ilə
piyada və süvarilərdən təşkil olunmuş
qoşun şəhər bağlarında yerləşən
gürcü alayına hücum etdi. Qəflətən
yaxalanmış alay geri
çəkilməli oldu. Lakin tezliklə,
onlara əlavə kömək gəldi və döyüş
yenidən qızışdı. Nəticədə,
qala müdafiyəçiləri güclü itki
verərək geri çəkildi.
İrəvanın
şərq tərəfdən şəhər ətrafı
hissəsi açıq qalırdı. Burada
bazar, məscid və Zəngi çayına doğru uzanan
mülklər yerləşirdi. Aprelin
27-də şəhərin bu hissəsi də rus qoşunu
tərəfindən ələ keçirildi. Beləliklə, həmin gün qalanın
mühasirəsi başa çatdırıldı. İrəvan qalası hər tərəfdən
mühasirəyə alınmasına baxmayaraq,
irəvanlılar güclü müdafiə olunurdu. Onların inadkarlığını görən
general Benkendorf Hüseynqulu xanla və qala rəisi
Cübhanqulu xanla danışıqlara girməyə məcbur
oldu. V.Umudlu əsərində
danışıqların Həsən xanla getdiyini qeyd edir. Lakin bu vaxt Həsən xan qalada deyildi və
qalanın rəisi Hüseynqulu xanın qardaşı oğlu
və kürəkəni Cübhanqulu xan idi. Əvvəlcə general Benkendorf xanı pulla
ələ almaq niyyətində idi. Lakin
bunun mənasız olduğunu başa düşən general
ona şirnikləndirici təklif etdi. O, rus
komandanlığı adından söz verirdi ki, əgər
Hüseynqulu xan qalanı könüllü təslim etsə,
Rusiya hökuməti onu vəzifəsində saxlayacaq və
əvvəlki gəliri özündə qalacaqdır. Lakin İrəvan xanı rus qoşununu ağır
vəziyyətdən çıxarmaq üçün
generalın danışıqlar aparmaqla vaxt qazanmaq
niyyətində olduğunu başa düşürdü. Xan
qalanı mühasirəyə alan rus
qoşununun aclıqdan əziyyət çəkdiyindən
xəbərdar idi. Onda olan məlumata
görə, qoşun ərzaqsız idi və bitki
kökləri ilə dolanırdı. Belə
bir vəziyyətdə, Hüseynqulu xan rusların heç bir
təklifini qəbul etmədi. Hətta
qala rəisi ilə danışıqlar da nəticəsiz
qaldı.
Tezliklə, Sərdarabad
qalasından Həsən xanın
başçılığı ilə süvari
dəstəsinin İrəvan qalasına yaxınlaşması
xəbəri gəldi. Qala müdafiəçilərinə kənardan
hər cür köməyin rus qoşunu üçün pis
nəticə verəcəyini başa düşən general
Benkendorf Həsən xanı ciddi cəzalandırmağı
qərara aldı. Mayın 4-də baron Frideriksin
başçılığı ilə 2 gürcü qrenader
alayı, 1 topa malik qara dəniz alayına məxsus 200
dəstə Həsən xanın süvarilərinin
qarşısını almaq üçün Gərni
çayı tərəfə göndərildi. Lakin Naxçıvana gedən yolda rus dəstəsi
qəflətən irəvanlıların hücumuna məruz
qaldı. Qəflətən
yaxalanmasına baxmayaraq, ruslar qalib gəldi. Məğlub olan Həsən xan isə
dəstəsi ilə Sərdərabada geri çəkildi.
Məğlubiyyətə
baxmayaraq, dörd gündən sonra Həsən xan mayın
7-də 4 minlik qoşunla yenidən yürüşə
başlayaraq, Zəngi çayının Araza tökülən
yerdə düşərgə saldı. Bu
xəbəri eşidən general Benkendorf qəfl hücumla
Həsən xanın dəstəsini darmadağın
etməyə qərara aldı. İlk
növbədə poruçik Koçebu İrəvan
qoşunu haqqında məlumat toplamaq üçün
kəşfiyyata göndərildi. Özü isə
mayın 8-də axşam 1200 nəfərlik kazak süvarisi,
1 topa malik iki bölüklə gizli olaraq
irəvanlılırın düşərgəsinə
doğru hərəkətə başladı. Rus qoşunu səhər tezdən Zəngi
çayının mənsəbinə gəlib çatdı
və qəflətən İrəvan qoşununa hücum etdi. Qəflətən yaxalanmış Həsən xan
dəstəsilə Abaran çayının əks
tərəfinə keçməyə çalışdı. Lakin
rus dəstələri onları qabaqlayaraq irəvanlılara
böyük itki verdi. Vəziyyətin çıxılmaz olduğunu
başa düşən Həsən xan Sərdarabad
istiqamətində geri çəkilməyə məcbur oldu. Rus qoşunu onları qalanın 25 verstliyinə
qədər təqib edir. Döyüş
İrəvan qoşunu üçün acınacaqlı
qurtardı. Bu döyüşdə
Həsən xanın dəstəsindən 600 nəfər
öldürülmüşdü.Ölənlərin
arasında Qaradağ və Xoydan olan nüfuzlu əyanlar da
vardı. Kürd tayfa
başçısı Hüseyn ağa və qarapapaqların
rəisi Mürsəl xan itkin düşmüşdü. İrəvan süvarilərindən 53 nəfər
əsir götürülmüşdü. Onların arasında Hüseynqulu xanın
qaynatası da vardı. Lakin Şerbatov
əsərində İrəvan qoşunundan 300 nəfərin
öldüyünü və yaralandığını, 54
nəfərin əsir düşdüyünü qeyd
etmişdi. Rus qoşunundan isə 2
nəfər ölmüş, 2-si isə yaralanmışdı.
Zəngi çayı
ətrafında məğlubiyyətə düçar olan
Həsən xan Araz çayının cənubunda
yerləşən Bəybulaq kəndində
düşərgə saldı. O, yerli tayfalardan
süvari dəstələr toplayaraq qoşununun sayını
5000-ə çatdırdı. Məğlubiyyətdən
nəticə çıxaran Həsən xan ehtiyatlı
hərəkət edirdi. Onun
əmrinə əsasən, ayrumlar İbrahim ağanın
başçılığı ilə İrəvandan
Hamamlıya və Bəykəndinə gedən yolu
nəzarətə götürmüşdü. Ayrum dəstələri rus qoşununu ərzaqdan
məhrum etmək üçün taxıl zəmilərini
məhv edir. Eyni zamanda Həsən xan hər bir rus
əsgərinin başına 100 rubl (10
tümən-E.Q.), xəyanətkar erməni başı
üçün 50 rubl gümüş pul (5 tümən-E.Q.)
vəd etmişdi. Bundan əlavə, xan qala
ilə əlaqə saxlamaq, onları rus qoşununun
vəziyyəti ilə məlumatlandırmaq üçün
gizli olaraq adamlarını oraya göndərirdi.V.Pottonun
yazdığına görə, 2-3 gün ərzində rus
əsgərləri qalaya girmək istəyən yeddi
xəfiyyə yaxalamışdı.
General Benkendorf
Həsən xanın cəsarətli fəaliyyətini rus
qoşunu üçün qorxulu hesab edirdi. Onun
əmrinə əsasən, bütün süvari
dəstəsi irəvanlıların
düşərgəsinə hücum edərək,
Həsən xanın qoşununu geri çəkilməyə
məcbur etdi. Həsən xanın
məğlubiyyəti ilə kənardan hər cür
köməkdən məhrum olan qala
müdafiəçilərinin vəziyyəti də
ürəkaçan deyildi və əhali ruhdan
düşməyə başlamışdı. Digər tərəfdən ermənilər
xəyanətkar əməllərindən əl
çəkmirdi. Onlar imkan
düşdükcə rus qoşununa köməklik
göstərirdi. Hətta qalanın
çətin vəziyyətdə olmasından istifadə
edən 150 nəfər erməni qaçaraq rus qoşununa
qoşulmuşdu. Lakin Hüseynqulu
xanın cəsarətli hərəkətləri qala
müdafiəçilərini ruhdan düşməyə
qoymurdu. Xan tez-tez qala
müdafiəçilərini hücuma
həvəsləndirməklə, bu
çaşqınlığın qarşısını
almağa və onları ruhlandırmağa çalışırdı. Onun göstərişi ilə bir dəstə
İrəvan qoşunu iyunun 6-da qaladan çıxaraq
«İrakli təpəsi»ndə mövqe tutmuş rus
dəstəsinə hücum etmişdi. Lakin bu cəhd uğursuzluğa düçar oldu.
Rus qoşununun
vəziyyəti daha acınacaqlı idi. Mühasirənin
uzanması, irəvanlıların güclü
müqaviməti, ərzaq çatışmazlığı
və havanın isti keçməsi general Benkendorfun
dəstəsini əldən salmışdı. Ayrı-ayrı çevik dəstələrə
bölünmüş irəvanlıların qəfl
hücumları nəticəsində rus qoşunu çoxlu
itkilər verirdi. Bu cür
vəziyyət general adyutant Paskeviçin
başçılığı ilə əsas
qüvvələrin İrəvana gəlişinə
qədər davam etmişdi.
Rus
qoşunlarının ön dəstəsinin acınacaqlı
vəziyyətə düşdüyü belə
vəziyyətdə baş komandan Paskeviçin
başçılığı ilə əsas
qüvvələrin cənub istiqamətində
yürüşü başladı. 1827-ci il mayın 12-də 500 nəfər
gürcü və erməni əyanlarının
müşayətilə general-adyutant Paskeviç güclü
qoşunla İrəvana doğru hərəkət
edərək, iyunun 8-də Eçmiədzinə gəlib
çatdı. Rus qoşununun sayı
15.000-ə çatırdı. Bu
qoşunun ardınca general-leytenant Krasovskinin
başçılığı ilə 20-ci piyada alayı
İrəvana gəldi. Rus qoşununun
tərkibində çarın razılığı ilə
Tiflisdə ermənilərdən təşkil olunmuş
ilk alay da fəaliyyət
göstərirdi. Mayın 17-də
Tiflisdən hərəkət edən bu alaya yolda ikən
çoxlu erməni qoşulmuşdu. Onların
sayı 1000 nəfərə çatırdı. İrəvana gələn baş komandan Paskeviç
Benkendorfun dəstəsini ağır vəziyyətdə
gördü. O, bütün artilleriyanı
İrəvan qalası ətrafına göndərdi. Sonra qala rəisi ilə danışıqlara cəhd
etdi. Lakin xan qala rəisilə
danışıqların mənasız olduğunu
bildirərək Paskeviçə yazırdı: «Əgər
Paskeviç rəislə qalanı təslim etmək
məqsədilə danışıq aparırsa bu
mənasızdır, belə ki, buranın xanı olan mən
qərara almışam ki, təslim etməyim».
İrəvan xanından
mənfi cavab alan Paskeviç
qalanın mühasirəsini gücləndirməyi qərara
aldı. Onun əmri ilə hərbi
mühəndis, general-mayor Truzson İrəvan qalasını
güclü bombardıman etmək üçün onun
şimal hissəsində, Zəngi çayının
sahilində artilleriya üçün yer düzəltməyə
başladı. Lakin qala
ətrafını nəzərdən keçirən baş
komandan, tezliklə onu ələ keçirməyin
qeyri-mümkün olduğuna əmin olaraq bu işi
dayandırdı. Digər
tərəfdən qala müdafiəçilərinin
müqaviməti, havaların isti keçməsi
nəticəsində rus qoşununun itkisi
çoxalırdı. Paskeviç çara
yazdığı məktubda etiraf edirdi ki, «Mən
təəccüblənirəm ki, günü-gündən
qalanın mühasiryə alınması çətinləşir,
çünki beş gündür
burdayam, 400 nəfər xəstə Eçmiədzinə
göndərilib. Mən moldaviya kompaniyasının
təcrübəsindən bilirəm ki, xəstəlikdən
alayların sayı azalır, qorxuram qoşunun vəziyyəti
o dərəcəyə çata ki, mühasirədə
heç kim tapılmasın».
İrəvan qalasını
işğal edə bilməyəcəyinə əmin olan
Paskeviç Naxçıvana yürüş etməyi
qərara aldı. Baş komandan uzun müddət
İrəvan ətrafında ləngiməklə,
sələfləri Sisiyanov və Qudoviçin
səhvlərini təkirarlamaq istəmirdi. O,
mühasirənin uzanmasını rus qoşunu
üçün acınacaqlı nəticə
verəcəyini başa düşürdü. Digər tərəfdən, Paskeviç qala
müdafiəçilərinin Naxçıvandan və
Arazın cənubundan kömək alacağından ehtiyat
edirdi. Bu haqda çara yazırdı:
«Beləliklə, məni Arazın cənubuna getmək və
hər şeydən əvvəl Naxçıvanı
işğal etməyə məcbur edən səbəb
İrəvan qarnizonunu o tərəfdən hər hansı
kömək almaq imkanından məhrum etmək idi...» Baş
komandan cənuba yürüşdən əvvəl
mühasirəni gücləndirmək üçün bir
neçə göstəriş verdi. Mühasirə başçısı Benkendorf
general-leytenant Krasovski ilə əvəz olundu. Onun başçılıq etdiyi 20-ci piyada
diviziyası, sevastapol, krım piyada alayları, 39 və
40-cı yeger alayları, 6-cı batalyon 38 topla qalanın
mühasirəsində saxlanıldı. Qalan bütün qoşunlar İrəvandan 50 verst
aralıda yerləşən Gəmi çayın
ətrafında toplandı. Bir
neçə gün hazırlıqdan sonra iyunun 19-da
Naxçıvan xanlığı istiqamətində
yürüş başlayır. 1827-ci il iyunun 26-da
Naxçıvan döyüşsüz ələ
keçirildi.
Elçin Qaliboğlu
Xalq
cəbhəsi 2018.- 29 dekabr. - S.13.