Bir atəşdir
alovu var, külü yox…
Ömər Seyfəddin keçən əsrin əvvəllərində
yeni türk realist ədəbiyyatının inkişafında
xidməti olan sənətkarlardan biridir. Ömər
Seyfəddin 1884-cü ildə anadan olub. Öz
yaşıdlarından fərqli olaraq o, məktəbə 4
yaşında gedib və məktəbdə fəallığı
ilə seçilib. Ailələrinin
İstanbula köçməsi səbəbindən Ömər
Seyfəddin təhsilini “Məktəbi - Osmaniyyə’’də
davam etdirib. O, təhsilini Ədirnədə
tamamlayıb. Ömər Seyfəddin daha sonra “Məktəbi-hərbiyyə’’də
təhsil almış, ədəbiyyata da bu dövrlərdə
şeir yazmaqla gəlib. O, hərbi təhsilini Türkiyənin
müxtəlif şəhərlərində davam etdirib,
1906-cı ildə İzmir jandarm məktəbinə müəllim
təyin edilib. Ömər Seyfəddin bir
neçə müddət Bolqarıstanda müxtəlif vəzifələrdə
çalışıb. Balkanlarda gedən
antitürk hərəkatını müşahidə edib,
onlara qarşı mübarizənin iştirakçısı
olub.
Ömər Seyfəddin 1910-cu ildə əsgərlikdən
azad olunmuşdur. Bundan sonra isə “Gənc qələmlər”
birliyində çalışıb. Ömər
Seyfəddinin ilk mənzuməsi “Məcmuəyi-ədəbiyyə’’də
nəşr olunsa da, əsl ədəbi fəaliyyətə “Gənc
qələmlər” məcmuəsində çap etdirdiyi məqalələrlə
başlayıb. Qısa vaxtda o, Ziya
Göyalpla birlikdə bu təşkilatın nəzdində
“Türkçü Ədəbiyyat Cəbhəsi” yaradıb.
1912-ci ildə Balkan müharibəsi
başladığı üçün Ömər Seyfəddin
yenidən orduya çağırılıb. O,
Yunanıstanla aparılan döyüşlərin birində əsir
düşüb və Nafliyon qəsəbəsində bir il əsirlik həyatı yaşayıb. Əsirlikdən qurtulduqdan sonra Ömər Seyfəddin
İstanbula qayıdıb, “Türk sözü” məcmuəsində
baş mühərrir işləyib.
Ömər Seyfəddin mühərrir olduğu məcmuədə
Balkan müharibəsində və əsirlikdə şahidi
olduğu hadisələri özündə əks etdirən
bir çox əsərlər çap etdirib. Görkəmli
yazıçı “Türk sözü” məcmuəsində
çalışmaqla yanaşı, eyni zamanda müəllimlik
də edib. Onun İstanbul Kişi Müəllim
məktəbində müəllimlik fəaliyyəti xüsusi
diqqət cəlb edir.
Ömər
Seyfəddin yaradıcılığının 1913-cü il dövrü onun sənətinin yeni mərhələsi
kimi xarakterizə olunur. Bu mərhələdə
onun hekayələri ilə yanaşı, həm də sadə
dil uğranda mübarizəsini özündə əks etdirən
çoxsaylı yazıları maraq doğurur. Ömər Seyfəddinin rəhbərlik etdiyi “Bilgi dərnəyi”
adlı ədəbi qurum Türk dilinin saflığı
uğranda mübarizə aparır, “Sərvəti-fünun’’çulara
qarşı kəskin etiraz edirdi. Yaranmış ədəbi
təşkilat Türk dilini korlayanları, xüsusilə “Sərvəti-fünun”çuları
“ədəbiyyat zalımları” adlandırır, bütün
sağlam qüvvələri Türk dilinin düşmənləri
hesab etdikləri bu “zalımlarla” mübarizəyə səsləyirdi.
Ömər Seyfəddin ömrünün sonlarında qəzetçilik
fəaliyyəti ilə daha çox məşğul olub. O, “Böyük məcmuə”
və “Zaman qəzeti” kimi nüfuzlu mətbu orqanlarında
çalışmışdır. Ömər
Seyfəddin yaradıcılığının ən məhsuldar
dövründə amansız xəstəliklə üzləşmiş
və 1920-ci ildə 36 yaşında vəfat edib.
Ömər Seyfəddin əsasən türk hekayə
janrının yeni tələblər zəminində
inkişaf etməsində misilsiz xidmətləri olan sənətkarlardan
biridir. Onun hekayələri ictimai-siyasi həyatın əksər
cəhətlərini özündə əks etdirib, türk
milli həyat tərzinin xüsusiyyətlərini göstərə
bilib. O da bir həqiqətdir ki, Ömər Seyfəddin
yaradıcılığında ictimai həyat gerçəkliklərinə
münasibət bildirilərkən tənqid çaları bir
qədər ön planda saxlanılıb. Heç
şübhəsiz, bu hal sənətkarın həyat həqiqətlərinə
olan düzgün münasibətindən irəli gəlib, onun
yaradıcılığının təsir dairəsini xeyli
artırıb. “Fərman’’, “İlk cinayət’’,
“Rüşvət’’, “Hər kəsin içdiyi su’’, “And’’, “Kəramət”
və s. hekayələri məhz bu mənada diqqəti cəlb
edib. Müəllif adı çəkilən
hekayələrdə müdaxilə olunan məsələləri
reallıq, zərurilik və ictimai-psixoloji baxımdan nəzərə
çarpdırıb. Ömər Seyfəddin
yaradıcılığının ən yüksək keyfiyyətlərindən
biri də bu sənətin milli dəyərlərinin
ölçüyəgəlməz dərəcədə
yüksək olmasından ibarətdir. Türk
birliyinin və turançılığın təbliği,
türk birliyinin gələcəyinə inam Ömər Seyfəddin
yaradıcılığının əsas qayəsini təşkil
edir. O, “Primo türk uşağı”, “Bic”, “Fon
Sadrişaynın oğlu” və s. hekayələrində millətçilik
və türkçülük ideyalarını təbliğ
edib. Sadə türk dili ifadəsi ilə adi
milli türk məişətindən tutmuş ən yüksək
ictimai-siyasi dəyərlərin əks etdirilməsi bu sənətdə
özünün birinciliyini təmin edə bilib. Lakin
onun yaradıcılığının milli məfkurəsi bəzi
məqamlarda düzgün dərk edilməyib,
“yaradıcılığının ilk dövrlərində
yazdığı “Lüzumsuz zülm” və “Hürriyyət
bayraqları” adlı hekayələri şovinist xarakterli” əsərlər
kimi qiymətləndirilib.
Ömər Seyfəddin yaradıcılığında
tarixilik və müasirlik paralel formada özünü göstərir. Bu səbəbdən
Ömər Seyfəddinin əsərlərində tarixi hadisələr
bugünkü prosesləri, müasirliyi bir növ özündə
əks etdirən mövzuya çevrilir. “Əshabi-Kəhfimiz’’,
“Bomba’’, “Gizli məbəd’’, “Əsilzadələr’’, “Bəyaz
lalə’’, “Başını verməyən şəhid’’,
“Qaç yerindən” və s. hekayələrində Ömər
Seyfəddin türk qəhrəmanlığının, milli-mənəvi
dəyərlərinin yüksəkliyinin bədii əksini təmin
edib. “Bomba’’, “Bəyaz lalə” əsərlərində
milli-əxlaqi xüsusiyyətlər fonunda türk qadın və
kişilərinin məişət tərzi, vətən, yurd
sevgiləri, təcavüzə qarşı mübarizələri
real tərzdə göstərilir.
Türkiyəyə qarşı yönələn
imperialist təcavüzün ifşası bu
yaradıcılıqda önəmli yer tutur. “Çanaqqaladan
sonra” adlı əsərində Ömər Seyfəddin
Türkiyə əleyhinə fəaliyyət göstərən
beynəlxalq qüvvələrə olan nifrətini gizlətmir.
Türk xalqına, türk dövlətinə,
türk torpağına əskiklik gətirən sazişlərin
aradan götürülməsini təbliğ edir.
Ömər Seyfəddin I Dünya müharibəsinin
sonuna yaxın yazdığı əsərlərin əksəriyyətində
ağır vəziyyətə düşən Türkiyənin
problemlərinə toxunur, düşmənlərə nifrət
aşılayır, xalqı mübarizəyə səsləyir. “Hürriyyət
gecəsi” əsərində Ömər Seyfəddin haqlı
olaraq Türkiyənin bu günkü çətinliklərini
xalqın geri qalması, bir növ “qəflət yuxusunda”
olması ilə əlaqələndirir və konkret olaraq
xalqın qarşısında dayanan problemlərdən qurtarmaq
yollarını göstərməyə
çalışır.
Ömər Seyfəddin yaradıcılığında
dövrün sosial problemləri, bu problemlərin
doğurduğu mənəvi eybəcərliklər, cəmiyyətdə
özünü göstərən ədalətsizliklər
yaşadığı həyatın reallıqları kimi diqqəti
cəlb edir. Bir realist sənətkar kimi o, bu tipli əsərlərində
təkcə yaşadığı dövrün
qüsurlarını göstərmir, onu doğuran səbəbləri
aşkarlayır, ictimai bəla kimi tənqid atəşinə
tutur, haqqın, ədalətin hər şeydən
üstün olduğunu təsdiqləyə bilir. Bu vəziyyətdə sənətkar elə bir
mövqe tutur ki, münasibətləri havadan asılı
qalmır, əksinə cəmiyyətin içinə nüfuz
edir, nəyin pis, nəyin yaxşı olduğunu oxucu
şübhəsiz qəbul edir. “Məqul qərar”,
“Əcəba nə idi?” əsərləri sadalanan xüsusiyyətləri
əks etdirmək baxımından xarakterikdir. Hər iki əsərin mövzusu eyni cəmiyyətdən
götürülüb. Daha doğrusu,
müəllif eyni obrazın simasında cəmiyyətin
müxtəlif təbəqələrinə münasibət
bildirir. Əsərin baş qəhrəmanı
Cəbi əfəndi ruhi xəstəxanadan
çıxdıqdan sonra öz əvvəlki
yaşadığı yerə qayıdır. Yaşadığı yerdə zahiri baxımdan hər
şey əvvəlki kimidir. Evlər də, küçələr
də, bazarlar da, adamlar da və s. Cəbi əfəndinin bir
neçə il bundan əvvəl gördükləri
təsirindədir. Lakin Cəbi əfəndini
heyrətə salan başqa şeydir. O, nəyə
yaxınlaşırsa, nəyin qiymətini soruşursa təsəvvür
edilməz dərəcədə
bahalaşdığının şahidi olur. Bu
səbəbdən də heyrət edir və onun heyrəti Cəbini
çaşdırır. O, elə düşünür
ki, hələ sağalmayıb. Yoxsa cəmiyyətdə
bu qədər kəskin dəyişikliklər baş verə
bilməz. Ona görə həkimə gedərək
soruşur ki,” ya mən sağalmamışam, ya da cəmiyyət
xəstədir.”
Müəllif cəmiyyətdə mövcud olan eybəcərlikləri
göstərmək üçün Cəbini
yaşadığı məhəlləyə, ünsiyyətdə
olduğu adamların içərisinə gətirir. Cəbi
görür ki, uşaqlıqda, məktəbdə oxuyan
vaxtı ən fərasətsiz, sonralar oğru, möhtəkir,
vətənə xəyanət edən adamlar indi ən məsul
vəzifələrdə oturub, cəmiyyətin idarə
olunmasında aparıcı rol oynayırlar. Cəbi əfəndi indi isə məhəllədə
gözünə dəymədiyi namuslu adamlarla maraqlanır.
Məlum olur ki, onların bir qismi müharibədə
ölüb, bir qismi dolana bilmədikləri üçün
başqa şəhərə köçüb, bir qismi xəstələnərək
dünyasını dəyişib və s. Sənətkar Cəbidən
vasitə kimi istifadə etməklə qarşısına
qoyduğu məqsədə nail olur, ən kəskin tənqid
yolu seçərək cəmiyyətdə mövcud olan əyinti
və ədalətsizlikləri göstərir.
Ömər Seyfəddin folklora, xalq
yaradıcılığına yaxından bələd olan və
ona böyük maraq göstərən şəxsiyyətlərdən
biridir. Demək olar ki, folklor nümunələri onun
yaradıcılığı üçün əsas istifadə
mənbəyi olub. Bu səbəbdəndir
ki, türk folklor nümunələri Ömər Seyfəddin sənətinin
aparıcı hissəsi olan hekayələrinin bir qismi
üçün mövzu obyektinə çevrilib.
“Qurumuş ağaclar’’, “Binecek şey” (miniləcək
şey), “Yüz akı” (üz ağlığı, təmiz
üz) və s. hekayələrinin mövzusu folklor nümunələrindən
götürülüb.
Ömər Seyfəddin yaradıcılığında
roman, dram nümunələri olsa da, o, əsasən hekayə
ustası kimi tanınmış və türk hekayə
janrının böyük nümayəndəsi kimi
şöhrət tapıb. Lakin Ömər Seyfəddin
həm də şeirlər yazıb, türk poeziya ənənələrinin
inkişafında xidmət göstərib. Onun
şeir yazmaq həvəsi uşaq vaxtlarına təsadüf
edir. Özünün xatırlamalarına
görə poeziya ilə ilk tanışlığı evlərində
olan divan nümunələrini oxumasından sonra
başlayıb. O lap əvvəllər qəzəllər
yazıb, lakin bu sahədə ustalığını
nümayiş etdirə bilmədiyindən qəzəl yazmaqdan
imtina edib, hətta sonralar həmin qəzəlləri çap
etdirməyi də məsləhət bilməyib.
Ömər Seyfəddinin ilk şeirləri 1905-ci ildən
etibarən “Uşaq baxçası” adlı məcmuədə
çap olunmağa başlamışdı. Qeyd
olunduğu kimi, şeirlərini ilk əvvəllər divan ədəbiyyatı
üslubu və əruz vəznində yazıb. Lakin 1914-cü ildən sonra milli şeir vəzni olan
heca vəznində yazmağa başlayıb. Buna ilk növbədə türk ədəbiyyatında
gedən proseslərin də təsiri olub. Yəni
“Gənc qələmlər” birliyinin ədəbiyyatı gəlmə,
yad, yabançı təsirlərdən qorumaq sahəsində
gördüyü işlər və Ömər Seyfəddinin
bu hərəkatın başında dayanması məqsədli
olaraq sənətkarı bu yola sövq edirdi.
Ömər
Seyfəddin milli şeir yolunu əsas hesab etdiyi
üçün birinci növbədə xalq şeir şəkillərinə
üstünlük verirdi:
Millətləri
oyandırır uyğudan,
Bir atəşdir alovu var, külü yox.
Xainlərin
ödü qopar qorxudan
Qurtulunca yayından bu atəş, ox.
...Məfkurə
bu, yoxmu, ey türk, xəbərin
Bu müqəddəs şeylə yanar içərin.
Aç
gözünü artıq oyan, həm gərin,
Burax çıxsın qəlbindən bu atəş, ox.
Bu parçalar onu deməyə əsas verir ki, Ömər
Seyfəddin şeirlərində xalq ruhu, milli şeir
ölçüləri əsas yer tutur, onun şeirləri
türk poeziyasının yeni ənənələr zəminində
inkişafına təsir göstərir.
Elman Quliyev
filologiya üzrə
elmlər doktoru, professor
Xalq cəbhəsi 2018.- 29 dekabr.- S.14.