Qulam Yəhyanın xatirələri

 

13-cü yazı

Birləşdirici konfrans öz işini müvəffəqiyyətlə başa vurdu. Sonra işin gedişatı və nəticəsi barədə elamiyə qəbul etdi. Bundan bir neçə vaxt sonra 1960-cı ilin oktyabr ayında ADF MK-nın plenumunu vahid hizbin əhəmiyyətini qeyd edərək, onun nə qədər böyük əhəmiyyətə malik olduğunu göstərərək, möhkəmləndirilməsi üçün bütün aktivin səfərbərliyə alınması barədə qərar qəbul etdi. Bu haqda qapalı hövzə iclasları keçirilməsi ilə yanaşı “Azərbaycan” ruznaməsində işin əhəmiyyəti, onun zəruriliyi, məzmun və mahiyyəti haqqında geniş məlumat verildi.

Birləşdirici konfransdan sonra Azərbaycan təşkilatı vəhdətin möhkəmləndirilməsi üçün bir sıra təsirli tədbirlər həyata keçirdi. Bir sözlə, vəhdətin əhəmiyyəti və onun möhkəmləndirilməsi üçün Azərbaycan təşkilatı bütün imkanlarını işə saldı. Hər halda hizbin başqa təşkilatlarında görülən işləri qənaətbəxş hesab etmək olmazdı. Bəziləri vəhdəti ADF-dən əl çəkmək, onun keçmiş fəaliyyətini dayandırmaq və sair bu kimi “tədbirlərdən” də dəm vurmağa başladılar. Biz bu haqda yeri gəldikcə bəhs edəcəyik. Lakin təkcə sıravi üzvləri deyil, hətta məsul və bəzən sabiqəli yoldaşlar nə isə çox yalnış mövqe tuturdular. Misal kimi təkcə bir faktı göstərmək istəyirəm.

Vahid hizbin İcraiyyə heyətinin üzvü Kiyanuri İcraiyyə heyətinin bir iclasında təklif edirdi ki, bir hizbdə iki elmi-nəzəri məcəllə ola bilməz və buna ehtiyac da yoxdur. Ona görə də “Azərbaycan” məcəlləsi ləğv edilsin. “Dünya” məcəlləsinin bəzi məqalələri tərcümə edilib, “Azərbaycan” ruznaməsində dərc edilsin. O sözünə davam edərək deyirdi ki, “Məsaili Hizbi”, “Dünya” məcəlləsi və “Mərdom” ruznaməsində bəzi məqalələri Azərbaycan dilinə tərcümə və nəşr edilsə, daha yaxşı olar. Onun təklifi İsgəndəri, Təbəri və Qasımi tərəfindən bəyənildi və ona tərəfdar olmalarını bildirdilər. Mənim “Azərbaycan” məcəlləsinin nəşrinin davam etdirilməsinin vacib olması haqqındakı təklifimi onlar federativ tədbir adlandırdılar.

Mübahisəni yekunlaşdırmaq istəyən Radməniş onların bütün təkliflərinə tərəfdar olmasını bildirməklə yanaşı dedi ki. yoldaş Danişian vəhdətə federativ bir cərəyan kimi baxır. Vəhdətlə ehtilafı biri-birilə qarışdırır. İndi bir ayrı məcəlləni nəşr etdirməyə ehtiyac yoxdur. Siz öz məqalələrinizi göndərin gəlsin “Dünya” məcəlləsində çap edilsin və “Dünya” məcəlləsini Azərbaycan dilinə tərcümə edib, buraxın. Yoldaşların söhbətlərinin məzmunu bu istiqamətdə davam etdi. Axırda mən çıxış edib, təqribən belə dedim: yoldaşların məsələni bu şəkildə qoymalarının düzgün olmamasına cavab vermək istəmirəm. Təkcə təəssüflə onu qeyd etmək istəyirəm ki, yoldaşlar qarşımızda duran əsas, zəruri və vacib məsələləri buraxıb, şəxsi və ya vəhdətə ziyan vura biləcək məsələlər ətrafında israr edirlər. Bu kimi yersizboş danışıqlar kimin xeyrinə tamam ola bilər? Söz yox ki, düşmənin. Orasını da deyim ki, yoldaşların çıxış və təklifləri heç bir təşkilatı üsulqaydaya düz gəlmir. Bu hansı prinsipə uyğundur ki, ADF-in öz ana dilində marksisizm-leninizm müddəaları əsasında mətbuatı nəşr edilməsin və ya sizin dediyiniz kimi buna ehtiyac olmasın.

Mən qəti bildirdim ki, ADF orqanı kimi “Azərbaycan” ruznaməsi və “Azərbaycan” məcəlləsi nəşr edilməlidir. Bir qədər dəlillər və faktlar gətirib, onların dediklərinin yanlış olmasını əsaslandırdıqdan sonra dedim ki, siz işin bir cəhətini də unutmayın ki, biz vahid hizb yaradarkən ögey-doğma qardaş kimi yox, əkiz-tay qardaş kimi birləşmişik. Ona görə də bizim özümüzün öz orqanımızın olmasına haqqımız var. Mən bir sıra qardaş partiyalardan misallar gətirib, dedim ki, bu hizblərin heç birində sizin dediyiniz kimi rəftar edilməyib.

Mənim çıxışımın əsas hissəsi yəqin ki, İcraiyyə heyətinin surəti cələsəsində qeyd edilib. Ona görə də öz çıxışımı müfəssəl qeyd etmək fikrində deyiləm. Çıxışımın sonunda dedim ki, arxayin ola bilərsiniz ki, bizim mətbuatımızda dərc etdiklərimizin hamısı vahid hizbin məramnamə-nizamnaməsinə tam uyğun olacaq, yazılarımız vəhdətin möhkəmlənməsinə kömək edəcək. Azərbaycanda yetişmiş kadr əyintilərə yol verməz. Onlar ancaq hizbin və vəhdətin möhkəmlənməsinə çalışırlar. Ona görə də zorakılığa əl atmaq heç kəsin, o cümlədən sizin də xeyrinizə deyil.

Hər halda İcraiyyə heyətində göründüyü kimi, bir qədər əsəbi mühit yaranmışdı. Sonra İcraiyyə heyətində ADF geri oturması illətinin yoxlanılmasından söhbət gedərkən mən dedim ki, ümumiyyətlə, geri oturmağımızın səbəblərinin aşkara çıxarılması və öyrənilməsi gələcək nəslin təcrübələnməsi, bundan sonra mübarizə etmək üçün dərs almasından böyük əhəmiyyəti ola bilər. Bu, yaxşı təklifdir. Ancaq bu yoxlanış birtərəfli deyil, hərtərəfli yoxlanılmalıdır. ADF-nin geri oturma səbəblərilə birlikdə HTİ-nin        geri oturma səbəbləri öyrənilsin. Üumiyyətlə, İranda hərəkatın məğlubiyyət səbəblərini öyrənmək üçün bir səlahiyyətli komissiyon təşkil edək.

Bu təkliflə razılaşdılar, komissiyon yaradıldı. Lakin işə başlamamış, ləğv edildi. Bu söhbətimizdən sonra bir də ADF orqanlarının qalıb-qalmaması məsələsi müzakirə edilmədi. Yeri gəlmişkən, bir məsələni də qeyd edim ki, biz vəhdət etdiyimiz andan öhdəmizə düşən vəzifə və tədbirləri yerinə yetirməyə başladıq. O cümlədən vəhdət konfransından azacıq sonra hizbi kartlar əvəz edildi. İranda vahid hizbin yaradılmasının əhəmiyyətindən mətbuatımız ardıcıl yazmağa başladı və məhəlli təşkilatlarda onun əhəmiyyəti, zəruriliyi, bizim bu barədə vəzifələrimiz bunlara oxşar tədbirlər həyata keçirilməyə başladı. Hizbin nəşriyyələrinin yayılması işi qaydaya salındı, fars dili bilməyən yoldaşlar üçün həmin nəşriyyələrin məzmunu şərh edilir və əksər hallarda tərcüməsi çatdırılırdı.

Bu cələsədə hizbin İran söbəsinin məlumatı eşidildi. Yoldaşlar çıxış etdilər. Axırda mən çıxışımda dedim ki, Hizbin rəhbərliyi İranda gedən hadisələrin başında getmək əvəzinə arxasında sürünür. Bunun da əsas səbəbi rəhbərliyin vətəndə fəaliyyət etməli olduğu yerdən uzaqda olmasıdır. Uzaqdan, hətta 5-10 min kilometrlikdən təbliğat etmək olar. Lakin uzaqda təşkilat vermək olmaz. İrandakılara rəhbərlik etmək, daha doğrusu, təşkilat yaratmaq üçün rəhbərliyi ya vətəndə olmalı, ya vətənə çox yaxın yerdə olmalıdır. Bunun üçün hər şeydən əvvəl hizbin rəhbərliyində möhkəm birlik olmalıdır ki, bu da çox təəssüf, yoxdur.

Rəhbərlikdə tələb olunan təşkilati birliyin olmaması öz mənfi təsirini aşağı təşkilatlarda da göstərir. Biz bunun bariz nümunələrini Rumıniya, Çexoslovakiya, Bolqarıstan, Almaniya, Düşənbə və Moskva təşkilatında aydın görürük. Əgər həqiqətən təşkilatı bir təşkilat halına salmaq istəyiriksə, onda lap ilk növbədə hizbin, daha doğrusu, İcraiyyə heyətin etilafi vəziyyətdən çıxarıb, biri-birilə işləyə bilən yeni İcraiyyə heyətini seçmək lazımdır. Biz tezliklə bu işi etməsək, onda nəinki İrandakı, hətta mühacirətdəki təşkilatları da əldən vermiş olacağıq. Odur ki, şəxsi mənafelərimizi kənara qoyub, var güvvəmizlə ümumi işin xeyrinə çalışaq.

Mən gizli metodu haqqında danışarkən keçmişdə dediklərimi (1961-ci, il mart-aprel) burada da yada salmaq istədim. Dedim ki, İranda təşkilati səhvlərimizin dalbadal təkrar olunması hizbi getdikcə nüfuzdan salır və rəhbərliyə qarşı geniş xalq kütlələri içərisində inamsızlığın artmasına səbəb olur. Bu inamsızlığı aradan aparmaq üçün biz keçmişdəki gizli işlərimizdəki qələt fəaliyyətimizi bir də nəzərdən keçirib, nöqsanlarımızı aşkara çıxarıb, bir də onların təkrarına yol verməyək. Bildiyim nöqsanlı cəhətin biriondan ibarətdir ki, İrana göndərilən şəxsin müzakirə edilib, təsdiq edilməsini 9 nəfərlik İcraiyyə heyətində müzakirə etməyimizdir. Gizli işə göndərilənlər çox məhdud adamların müzakirəsi və göstərişi əsasında olmalıdır. Məsələn, siz indi məndən bir yoldaşın gizli işə getməsini tələb etsəniz, onun burada yoxlanılmasını öz tərəfimdən inamsızlıq hesab edirəm.

Mənim bu sözümdən sonra Qasimi istehza ilə dedi ki, Danişian gizli qaydasını bizə öyrətsin. Ona cavab verdim ki, sizin adamları lova verməniz daha bəsdir, özünüzə ayrı tapın. O, mənə dediyinin cavabını aldığı üçün “sakitləşdi”.

Yoldaşlara açıq dedim ki, nöqsanı gizlətməklə aradan getmir. Əksinə, onu açıb göstərməklə, onun aradan aparılması üçün yollar aramaqla yoldan gedər. Eyni zamanda qeyd etdim ki, bizim əsas nöqsanlarımızdan biri də “yaxşı qərarlar” qəbul etməklə işimizi bitmiş hesab etməyimizdir. Lakin qərar o zaman yaxşı qərar olur ki, o icra edilsin. Biz həmişə yaxşı qərarlar qəbul edib, icrasını katibliyə tapşırırıq, o da icra olunmamış qalır. Siz belə hesab edirsiz ki, icranın yoxlanılması işlərimizi lova verə bilər. Mən isə əksinə, bu fikirdəyəm ki, işlərimiz birona görə lova gedir ki, biz icranın yoxlanılmasını vaxtı-vaxtında təşkil etmirik.

Gizli təşkilatların əmniyyət tərəfindən kəşf olunması illətini bir dəfə də olsun aydınlaşdırmamışıq. Hətta bu fikirdə də olmamışıq. Biz çox            tezliklə dediklərimi aydınlaşdırmalıyıq. Biz bilməliyik ki, gizli işdə olanlar ehtiyatsızlıq edirlər, ya polis zirəngdir və ya təşkilatlar qəsdən lova verilir. Dediklərimi nə qədər tez öyrənsək, ziyanımız bir o qədər az olar. Məsələn, İraq pərvəndəsinə yetişib, lazımi qərara gəlmək lazımdır ki, təsadüfi adamlardanya tanışlıqla gizli işə göndərilmə halları bir daha təkrar olmasın. Əfsər təşkilatı adı ilə nümayəndə göndərilməsi işi qeyri-təşkilati işdir. Bu işin kim tərəfindən təşkil edilməsinin indiyə qədər müəyyənləşdirilməməsi dözülməzdir. Bu işin Düşənbə təşkilatına nə qədər ziyan vurması haqqında məncə danışmaq artıqdır. Belə şəxslərin yenidən nümayəndə təyin edilməsi şəksiz vəhdəti pozmaq deməkdir.

Hizbidə sirlərin saxlanılması gizli üsulu üçün fövqəladə əhəmiyyətə malikdir. Halbuki siz burada hətta kimə neçə pasport alınması, harada qalması və başqa bu kimi deyilməsinə ehtiyac olmayan sirrləri ifşa edirsiz. Sirlərin qorunmasından danışarkən orasını da dedim ki, hizbin arxivi tək-tək adamların mənzillərində saxlanılır. Məncə, bu işə günü bu gün təcili son qoyulmalıdır. Arxiv ən möhkəm yerdə saxlanılmalıdır. Bu haqda məncə, növbəti plenum qəti qərara gəlməlidir. Mühacirətdəki təşkilatlara gəldikdə vəziyyət heç də yaxşı deyil. Çünki MK bu təşkilatlarla yaxından məşğul olmur. Əgər işlər belə davam etsə, olub qalan təşkilatlar da əldən gedər.

 

Hazırladı: Elçin Qaliboğlu

 

Xalq Cəbhəsi.- 2018.- 1 fevral.- S.14.