Novruz bayramı və mətbəx mədəniyyətimiz
Zəngin mətbəxi
olan xalq - qədim tarixi, dövlətçiliyi, ciddi,
oturuşmuş mədəniyyəti olan xalq deməkdir
Azərbaycan mədəniyyəti olduqca zəngin ənənələrə
malikdir. Zənginliyimiz tariximizin qədimliyindən,
böyüklüyündən irəli gəlir. Bayram və mətbəx anlayışları bir-biri
ilə sıx şəkildə bağlıdır. Bayram xalqın bütün gözəl
duyğularını, düşüncəsini, ümidini,
yaşamağa, yaratmağa olan inadını,
başlıcası, inamını özündə yetkin şəkildə
birləşdirir. Bu zəngin
anlayışdan sonrakı sırada xalqın mətbəx mədəniyyəti
durur desək, səhv etmərik. İlk
baxışda adi görünsə də, bu, gerçəklikdir.
Ona görə ki, zəngin mətbəxi olan
xalq - qədim tarixi, dövlətçiliyi, ciddi,
oturuşmuş mədəniyyəti olan xalq deməkdir. Xalq hadisəsi ötəri, keçici bir hadisə
olmayıb, özündə əbədiliyi, bəşəri
keyfiyyətləri təsdiq edir.
Azərbaycan
Milli Kulinariya Mərkəzinin rəhbəri Tahir
Əmiraslanovun fikrincə, Novruz bayramında mətbəx
elementləri (paxlava, şəkərbura bişirmək, yumurta
döyüşdürmək, qonağa pay qoymaq, səməni
bişirmək və s.) götürülsə, şübhəsiz,
bayramın mahiyyəti itər və bu mətbəxin elementləri
tənəzzülə uğrayar. Yaşlı və
orta nəslin nümayəndələri gözəl xatırlayır,
sovet dövründə Novruz bayramı xüsusən kənd
yerlərində coşğuyla keçirilirdi. Bir ay öncədən insanlar ailəlikcə bayrama
hazırlaşırdılar. Evlər, həyətlər
təmizlənir, səliqəyə salınırdı. İnsanlar təbiətin yenidən
doğulmasıyla müşayiət olunan Novruzu bütün
gözəl istəklərə yetmək duyğusuyla
qarşılayırdılar.
Azadlıq duyğusunun, gerçəkliyinin mayasında hər
an məsuliyyət durmalıdır. Xalq ruhunun minillərin
sınağından keçib gələn məntiqi bizə
bunu deyir. Bu mənada əskidən bəri
milli ruhumuzun təməli üstə inkişaf etmiş mətbəx
mədəniyyətimizi ömrümüzdə, məişətimizdə
tam bərpa etmək, bu sahədəki adət-ənənələri
ardıcıl, yaradıcılıqla inkişaf etdirmək,
yaşatmaq qaçılmazdır. Y.V.Çəmənzəminli
yazır: "Novruz qədər əhəmiyyətli
bayramlardan biri də Azər (noyabr ayında) imiş. Novruz yazı, Azər bayramı da qışı təsdiq
edərmiş və hər kəs quzu və yağlı ət
kimi istilik gətirən yeməklər yeyərmiş".
T.Əmiraslanov
Azər bayramını Novruz kimi dini deyil, astronomik, təqvim
bayramı sayır, bildirir ki, bu, atəşpərəstlikdən
də öncə Asların, Azların, Az
adamlarının, Az ərlərinin təqvim bayramı idi. Onu
da deyək ki, çinlilərdə, yaponlarda, monqollarda, tibetlərdə
də qırovdüşmə ilə bağlı ayin və mərasimlər
var. Bu da Azər bayramının dinlərlə deyil, təbiətlə,
təbii hadisələrlə bağlı bayram olduğunu
göstərir. Azər bayramı Azər
ayında (indiki təqvimlə 21 noyabr - 21 dekabr) girərdi, Azər
ayının 9-cu günü bayram edilərdi. İndiki təqvimlə bu, 30 noyabr - 1 dekabra
düşür. Zərdüştilər
təzə ilin ilk ayının (21 mart-21 aprel) ilk gününə
Novruz deyərdilər. Bu təqvimlə Azər
9-cu ay olurdu, qışın ilkin çağına
düşərdi. Azər bayramından
sonra daha çox istilik gətirən qış yeməkləri
bişirilməliydi. Bu, artıq
qışa hazırlığın bayram edilməsi,
qışa acıq verilməsi, hədə-qorxu gəlinməsi
bayramı kimi də başa düşülə bilər.
Dünyanın qədim, zəngin mətbəxlərindən
olan Azərbaycan mətbəxinin milli ruhumuzu yüksək səviyyədə
ifadə etməsi sevindirici haldır. Azərbaycan mətbəxi dedikdə
yalnız xörəklər, onların bişirilmə
qaydaları deyil, həm də tarix, fəlsəfə, süfrə
psixologiyası, adət-ənənələr, xalqın etika,
estetikası və s. amilləri ahəngdar surətdə birləşdirən
mətbəx mədəniyyəti başa
düşülür. Azərbaycan mətbəxi Azərbaycan
Respublikası, Güney Azərbaycan, keçmiş İrəvan
xanlığı, Zəngəzur, Göyçə mahalı,
Borçalı başda olmaqla Gürcüstanın bir sıra
bölgələrində, Dərbənd başda olmaqla
Dağıstanda azərbaycanlıların
yaşadıqları ərazilərdə yaranıb. Mətbəxi yaradan, formalaşdıran
başlıca amil iqlimdir. Azərbaycanın
iqlimi flora və faunanın zənginliyini təmin edərək
özünəməxsus mətbəximizin yaranması
üçün şərait yaradıb.
T.Əmiraslanovun
fikrincə, zəngin mətbəx yaratmaq üçün
ovçuluq məhsullarından və qidaya yabanı bitkilər
əlavə etməkdən başqa həm də çoxlu mədəni
bitkilər tələb olunur: "Bunun üçün əhalinin
əkinçilik və maldarlıq sarıdan yüksək mədəniyyətə
malik olması gərəkli idi. Məsələn,
dənli bitkilərdən və xəmirdən mürəkkəb
xörəklər yalnız o zaman meydana gələ bilərdi
ki, məhsul istehsalı adi çörək və
çörəkəvəzi yeməklərin
hazırlanması üçün tələb olunan miqdardan
çox olsun. Təkcə çətənin
(aşsüzənin ibtidai növü) mövcudluğu dənli
bitkilərdən və xəmirdən bişirilən xörəklərin
tarixini bizim eradan 5-6 min il əvvələ
aparmaqla yanaşı, artıq bu dövrdə taxılın tələbatdan
çox istehsal edilməsini göstərir. Əsrlər
boyu Qafqaz bazarlarının əsasən azərbaycanlıların
istehsal etdiyi əkinçilik və maldarlıq məhsulları
ilə təmin edildiyi təkzibolunmazdır. Qafqazın ərazisində zəngin mətbəx
yarada bilən, bu mətbəxi yaşadan əsaslı xammal
bazasına malik xalq azərbaycanlılar idi. Azərbaycan
mətbəxi üçün səciyyəvi hal ondan ibarətdir
ki, başqa xalqlardan demək olar, çox az
şeylər götürərək özünə
uyğunlaşdırıb. Ərəb və
farslarla təmasda olmuş azərbaycanlılar bu xalqların
da mətbəxinə güclü təsir göstərib.
Həmin dillərdə işlənən xörək
adları və mətbəx terminləri bunu aydın sübut
edir.
Bu gün Azərbaycan mətbəxinin də
soraqlarına mənasız iddiaları ilə baş qatan ermənilərin
çabalarının əsassızlığı
ortadadır. İddia etmək yiyə sayılmaq deyil. Ermənilərin bütün sahələrdə
iddialarının əsassızlığını isə
tarix çoxdan sübuta yetirib. Fil.ü.f.d.
Sevinc Qasımova Novruz bayramının zəngin mətbəx ənənələrinin
bayramın yaradılış fəlsəfəsi ilə
bağlı olduğu qənaətindədir. Bayram yeməkləri bir qida olsa da, bayramda onlar
bayramla bağlı əlavə məna qazanır. Məsələn, “Yumurta boyamaq” adəti.
İnsanlar il boyu yumurta qaynadıb yeyirlər.
Ancaq Novruzda qaynanmış yumurtanı
boyayırlar ki, bunun da bayramla bağlı ayrıca mənası
var.
Fil.ü.e.d. Bəhlul Abdulla və Tofiq Babayev yazırlar
ki, yumurta boyamaq qədimlərdən adət olub. Buna müxtəlif
xalqlar öz dinlərinə, inam və etiqadlarına, həyat
tərzlərinə uyğun cavablar veriblər. Qədim azərbaycanlıların ilaxır çərşənbədə
və Novruz bayramı günlərində qırmızı
yumurta boyamaq adəti əcdadın və torpağın dirilməsi,
canlanması, bir sözlə, oyanma-dirilmə ayini ilə
bağlı olduğunu göstərir. Çiy
yumurta birbaşa həyatı, diriliyi rəmzləndirir. Yumurta döyüşdürmə oyunlarında onun
çiy olması şərtdir. Fil.ü.e.d.
Ramazan Qafarlının fikrincə, qalib yumurta yazı təmsil
edir. Yaz isə həyat deməkdir, burada
bişmiş yumurta işə yaramır. Yumurtanın
bişirilməsi onu qida ilə bağlı ayinlərə aid
edir. Novruzda bütün varlıq
ölür, yenidən dirilir. Bu halda yumurta
ölüb-dirilməni simvolizə edir. Burada
qurbanvermə adətinin izləri var. Qurbanvermə qədim ənənədə
totem heyvanın yeyilməsi mərasimidir. Yumurtanın
bişirilməsi onun öldürülməsi (qurban verilməsi),
yeyilməsi isə onu yeyən insanlara həyat verməsi deməkdir.
Fil.ü.e.d. Seyfəddin Rzasoyun fikrincə, yumurtanın
qırmızı olması hüdudu, keçidi bildirir. Novruz köhnə
dünyanın (kosmosun) ölməsi (xaos) və yenidən
dirilməsidir (kosmos). Əski təsəvvürlərə
görə, yeni həyatın yaranması yalnız
ölüb-dirilmə ilə mümkün idi. Elmdə kosmos həm də həyat, xaos isə həm
də ölüm mənasındadır. Köhnə
ildən (köhnə kosmosdan) yeni ilin (yeni kosmosun) yaranması
üçün o, hökmən ölməli, yəni xaos mərhələsindən
keçməli idi. Novruz süfrəsindəki
qırmızı boyanmış yumurta ölüb-dirilmə
xarakterli bayram ayini ilə bağlıdır.
Bu
yöndəki elmi fikirlə razılaşmaq olar, ola bilsin keçmişlərdə ilin dəyişməsi
mərasimində bişmiş yumurtanın yeyilməsi kimi
xüsusi mərasim olub. Ancaq bu, xüsusi mərasim
olmaya da bilərdi. Çoxlu yumurta
bişirilirdi ki, hamı ondan dadaraq yeni ilə – yeni dünyaya
keçə bilsin. Bişmiş
yumurtanın hər süfrədə, bayram xonçasında
olması bununla bağlıdır.
A.Xəlil yazır ki, yeddi növ yemək hazırlamaq
(yeddi löyün) və ya bayram süf¬rəsinə eyni hərflə
başlayan yeddi ədəd bayram nəməri qoymaq adəti
olub. Süfrəyə çörək, duz, üzərlik,
kömür, güzgü, su və yumurta kimi yeddi növ yemək,
nemət, əşya qoyulur. Bunların hər
birinin mənası var. 7 müqəddəs rəqəmdir,
dünyanın, kainatın birliyini, tamlığını ifadə
edir. Bunun 7 növ ərzaqla ifadə
olunması süfrənin, ümumiyyətlə, yeməyin
simvolikası ilə bağlıdır. Yəni
Novruz süfrəsi də bayramın yaradılış
ideyasına xidmət edir. Bayram süfrəsinə
qoyulan 7 nemət artıq mərasimi məna daşıyır.
Bayramda
süfrəyə baş hərfi “sin” ilə başlayan yeddi
nemətin qoyulması, yeddi taxıl növünün
(buğda, darı, qarğı¬da¬lı, noxud, mərci, lobya və
s.) cücərdilməsi, bayram süf¬rəsinə
düzülməsi orta əsrlərdə Novruz
bayramının yeddi gün qeyd edilməsi və b. adətlərlə
bağlıdır. Novruz süfrəsindəki
şirniyyatlar da simvolik məna daşıyır. Novruzdakı bəzi şirniyyatlar (şəkərbura,
paxlava və s.) gü¬nəşlə ayı
simvollaşdırır. Bu mənada şəkərbura
ayın, qo¬ğal isə günəşin rəmzi
sayılır. Şirniyyatların
görünüşü, rəngi bunu deməyə əsas
verir. Novruz bayramı bişirilən
şir¬niy¬yatların hazırlanması zamanı ibtidai
insanların astral təsəv¬vür¬ləri nəzərə
alınıb.
Şə¬kər¬bura, badambura aypara şəklinə salınaraq ayı simvolizə edirsə, şəkərbura və qara bayram keçirilən evlərdə bişirilən şorqo¬ğalı¬nın girdə forması günəşə işarədir. Ayı simvollaş¬dı¬ran şir¬niy¬yatlar – badambura, şəkərbura sarı, günəşi simvol¬laşdıran simvollar: şorqoğalı, şəkərçörəyi isə sarı qırmızı rəng¬də olur. Paxlavada astral kultu əsasən ulduzları simvollaşdırır. Onun romb şəklində olması buna işarədir.
Novruz şirniyyatları mahiyyətcə bayramın ruhundan gələn yenilənməni, yaranışı ifadə edir. Qışdan çıxan zəifləmiş orqanizmə güclü kalorili yeməklər gərək idi. Novruz şirniyyatı bayram mətbəxinin ayrılmaz hissəsi kimi bu funksiyanı indi də gözəl yerinə yetirməkdədir. Novruzda yeyilən səməni halvasının bir başqa dadı var. Səməni yazın, yaşıllığın, əkin-biçinin rəmzidir. Uşaqlığımda buxarıda bişən səməni halvasını yeməyimi gözəl xatırlayıram. Bir neçə proses keçməklə cücərmiş buğdadan hazırlanan səməni halvasının ətri, doyumluğu, qida dəyəri çağımızda daha gərəklidir. Bu cür doğal yeməklər sağlığımızın qorunmasında əvəzsiz yardımçı ola bilər.
Novruz süfrəsində yerindən asılı olaraq müxtəlif çərəzlər (qoz, fındıq, fıstıq, ləbləbi, qurudulmuş meyvələr – meyvə qaxları, qovurğa, qovut, sucuq), bal, bamiyə, bayramçörəyi, duzlu kökə, qoğal, qurabiyə, şəkərçörəyi, şorqoğalı, nabat, Novruz balığı, səbziqovurma və s. olur. İstisnasız olaraq Novruz yeməklərinin şahı plovdur. Novruz mətbəximiz ulusal ənənələrlə zəngindir, hamısında Novruzun yaradılış fəlsəfəsi ifadəsini tapır.
Bütün bunlar onu göstərir ki, mayası düşüncədə, ömürdə yenilənmə olan Novruz xalqımızın ruh yaddaşını bütün çalarlarıyla yaşadıb, təsdiq edib. Özündə yetkin, bənzərsiz mətbəx mədəniyyətini yaşadan Novruz bayramı bütün çağlarda xalqımızın özünəməxsusluğunu bütün çalarlarıyla əks etdirib. Bu gözəl ənənənin yaşarı olması isə xalq olaraq əbədi təsdiqimizdir.
Elçin Qaliboğlu
Xalq Cəbhəsi.- 2018.- 2 fevral.-
S.13.