Qara Qarayevin 100 illiyi qeyd edilib
Müslüm Maqomayev adına Dövlət
Akademik Filarmoniyasında
Qara Qarayevin anadan olmasının 100 illiyi təntənəli şəkildə qeyd edilib.
Dövlət və hökumət rəsmlərinin, tanınmış
elm və mədəniyyət
xadimlərinin iştirak
etdikləri tədbirdə
qonaqlar əvvəlcə
Filarmoniyanın foyesində
görkəmli bəstəkarın
ömür yolundan bəhs edən fotosərgiyə baxıblar.
Mərasimdə baş nazirin müavini, xalq yazıçısı Elçin
Əfəndiyev dahi bəstəkarın 100 illiyinin
ölkəmizdə silsilə
tədbirlərlə qeyd
edilməsini tarixi hadisə adlandırıb:
“Qara Qarayev sənəti daim bizimlə bir yerdə olub, həyatın mənası
barədə, xislətin
qadir olduğu mərhəmət və qəddarlıq, sədaqət
və xəyanət barədə düşündürüb,
eyni zamanda, bu sənətin bəşəri mahiyyəti,
milli və coğrafi sərhədlər
tanımaması, irqindən,
dinindən asılı
olmayaraq, insanların qəlbinə və düşüncəsinə yol
tapması bizi həmişə olduğu
kimi fərəhləndirib,
qürurlandırıb. Mən
həyatımda Qara Qarayev qədər mütaliəsi olan, onun qədər kitabı, yəni mütaliəni sevən çox az
adama rast gəlmişəm. O, klassik
dünya ədəbiyyatına
da, müasir, yəni XX əsr ədəbiyyatına da dərindən bələd
idi, söhbətlərində
tez-tez Folknerə, Bulqakova, Mandelştama, Nazim Hikmətə, Remarka və bir çox başqalarına istinad edirdi. Heminqueyi xüsusi qeyd
edirdi, Sabiri və Mirzə Cəlili yüksək qiymətləndirirdi. Onun dünyagörüşü
olduqca geniş və zəngin idi. Biz tez-tez
bu məlum və haqlı fikirlə razılaşırıq
ki, “böyük sənətkarlar ölmür,
onlar həmişə
yaşayır” və bu mənada Qara Qarayev xoşbəxt
sənətkardır. Ancaq o, yalnız xoşbəxt sənətkar, xoşbəxt
bəstəkar deyil, həm də xoşbəxt pedaqoqdur.
O, yalnız öz əsərlərində yaşamır,
eyni zamanda, tələbələrinin Azərbaycanda
da, dünyanın bir çox səhnələrində, konsert
salonlarında səslənən
musiqilərində yaşayır
və bu, əlbəttə, onun ruhunu şad edir”.
Qara Qarayevin hələ yeniyetmə çağlarında
Azərbaycan xalq musiqisinin əsaslarını
Üzeyir Hacıbəylidən
öyrəndiyini, sonralar
Dmitri Şostakoviçin sinfində
təhsil aldığını
bildirən xalq yazıçısı deyib
ki, Qarayev sinfinin yetirmələri ondan aldıqları sənət estafetini sonrakı nəsillərə
ötürüblər və
ötürürlər. Həmin sənət
estafeti nəsillərdən-nəsillərə
keçərək, daha
artıq bəşəri
vüsət əldə
edir.
Yubiley mərasimində əməkdar
incəsənət xadimi Elşad
Bağırovun dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan
Dövlət Simfonik Orkestri
çıxış edib. Konsertdə Qara Qarayevin klassik Süita (4 hissədə),
2 saylı Simfoniya, violin
və simfonik orkestr üçün Konsert (3
hissədə) və Simfonik orkestr və xor üçün “Qoya”
simfoniyası (3 hissədə) səsləndirilib.
Xalq Cəbhəsi.- 2018.- 7 fevral.-
S.16.