Tarix Muzeyində “Azərbaycan Şirvanşahlar dövləti” sərgisi açılıb  

 

Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyində “Azərbaycan Şirvanşahlar dövləti” sərgisi açılıb.

AZƏRTAC xəbər verir ki, tədbirdə mədəniyyət və incəsənət xadimləri, tarixçi alimlər, muzey əməkdaşları, muzeyin “Gənc muzeysevərlər və muzeyşünaslar klubunun üzvləri iştirak ediblər.

Açılış mərasimində muzeyin direktoru, akademik Nailə Vəlixanlı sərginin əhəmiyyətindən danışıb. Bildirilib ki, sərginin məqsədi tariximizin önəmli səhifələrindən olan Şirvanşahlar dövlətinin tarixini tamaşaçılara çatdırmaqdır.

Sərginin kuratoru, elmi-ekspozisiya və sərgilərin təşkili şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Səbuhi Əhmədov sərgi haqqında qonaqlara ətraflı məlumat verib. Diqqətə çatdırılıb ki, IX-XVI əsrlərdə mövcud olmuş Şirvanşahlar dövləti barədə sərgi Azərbaycan tarixində ilk dəfə təşkil edilir. Sərginin məqsədi orta əsr Azərbaycan tarixində xüsusi yerirolu olan Şirvanşahlar dövlətinin siyasi, inzibati, iqtisadi, hərbi xüsusiyyətlərini göstərmək, əldə etdiyi nailiyyətləri əyani göstərməkdir. Sərgidə muzeyin fondlarında qorunan 225 eksponat nümayiş olunur ki, onların böyük əksəriyyəti tamaşaçılara ilk dəfə təqdim edilir. Bakı, Şamaxı, Şabran və digər ərazilərdə aparılmış arxeoloji qazıntılarda aşkarlanmış materiallar muzeyin bərpa laboratoriyasında təmizlik-bərpa işləri aparılandan sonra sərgidə nümayiş olunur. Eksponatlar sırasında keramika məmulatı, mis, tunc, gümüşağac əşyalar, parçalar, silahlar, bir neçə hakimiyyət rəmzi diqqəti cəlb edir. Sərgidə nümayiş olunan 80 ədəd Şirvan pulu xüsusi qeyd edilməlidir. Belə ki, bu numizmatik material IX-XVI əsrlərdə Şirvanın müxtəlif şəhərlərində və müxtəlif şirvanşahlar adından zərb edilmiş pullarla tanışlığa imkan verir. Sərgi dövlətin daxilixarici həyatını nümayiş etdirən -“Şirvanşahlar dövlətinin inzibati quruluşu və dövlətçilik ənənələri”, “Hərb işi”, “Dənizçilik”, “Sənətkarlıq və ticarət”, “Şəhərlər”, “Elm və mədəniyyət” mövzuları əsasında qurulub. Sərgidə muzeyin sualtı arxeologiya tədqiqat qrupu tərəfindən Xəzər dənizində aşkar edilmiş eksponatlar da nümayiş olunur. Şirvanşahlar dövlətinin xüsusiyyətlərini izah etmək məqsədilə sərgidə 25 informasiya - məlumat paneli qurulub. Burada yazılı məlumatla bərabər sxemlər, rəsmlər təqdim edilir. Sərgidə qurulmuş monitorda dünya muzeylərində qorunanŞirvanşahlar dövlətinə aid edilən eksponatların fotoşəkilləri göstərilir.

Sərgi 2018-ci il mayın 15-dək davam edəcək.

 

Xalq Cəbhəsi.- 2018.- 24 fevral.- S.16.